Məhəmməd Hadi: Əfsanələrin sirr pərdəsi, yaxud dəniz kimi köpürən... - Cavanşir YUSİFLİ yazır

 

İş elə gətirib ki, indiyə qədər Məhəmməd Hadinin daha çox taleyindən bəhs ediblər, həm də nakam və məhkum həyatından, məzarından və güman edilib ki, onun bütün külliyyatı, yaradıcılıq sirri elə bu həyatın, vərəqləri cırılıb künc-bucağa, dünyanın ən uzaq, güman gəlməyən yerlərinə səpələnmiş ömür mətninin içindədir. İndi də kimsə bunun əksini düşünmür. Daha doğrusu, həmin o nakamlıq və məhkumluq duyğusu buna imkan vermir ki, vermir.

Zənnimizcə, onun yaradıcılığını araşdırmağa "imkan verməyən" tale sərgüzəştlərindən yayınıb təsadüfi yox, içdən gələn fəhmlə bir şeirini seçib, onun misraları arasına səpilən toxumları incələsəniz hər şeyin, təkcə Hadinin yox, bütün insanların və insanlığın başına gələn fəlakətlərin ən dürüst səbəbini tapa bilərsiniz. Yəni bütün şairlər, qələm adamları kimi, Məhəmməd Hadinin də şair tipini müəyyənləşdirmək, mətninin diktə etdiyi, ərəb-fars izafətləriylə açıq-aydın söylədiyi, sırf bizim sözlərlə gizlətdiyi, yalnız bəzi işarələrlə kifayətləndiyi mətləbləri fəhm etmək zəruridir.

Məhəmməd Hadini fəlakətdən fəlakətə sürükləyən, ona bu ağrılı, fəryad dolu şeirləri yazdıran hansı qüvvə idi? Belə bir qeydi yadda saxlamaq lazımdır ki, həyatını bu kimi təlatümlərdə yaşamayan, qəlbinin səsinə qulaq asıb, qeybdən gələn nəfəsini dinləyib bədii mətn yaradan istənilən şair də Hadi kimi qeyb ola, öldürülə, bir xəstəxana küncündə taleyin ümidinə buraxıla bilər və taleyin bu kimi zərbələrini onun yazdığı şeirlərin yanında təsəvvür etdikdə dərin bir ziddiyyət, yaxud anlaşılmazlıq yarana bilər. Yəni həyatı təlatümlər içində keçən şairin şeirlərindəki bu "sakitlik" nədir? Amma bir də var, şeirin taleyə çevrilməsi, şairin həyatına təsir edib onu ən dəhşətli fəlakətlərə sürükləməsi. Bizim ədəbiyyatşünaslıqda Hadiylə bağlı həmişə belə bir mübahisə aparılıb ki, doğrudanmı o, bəlli türk romantik şairlərinin güclü təsiri altında olub. Mübahisə o qədər qızışıb ki, Hadinin özünün T.Fikrətə "ərməğanı" unudulub. Təsir şübhəsiz ki, var, olub, bu təsirdən qaçmaq mümkünsüz idi, daha doğrusu, ədəbiyyatda təsirsiz keçinmək, işlənmiş, az qala son bürcü də fəth edilmiş mövzulara qayıtmamaq mümkün deyildir. Hadi həmin türk romantikləri və o dövrün yaxşı bələd olduğu, ara-sıra tərcümə etdiyi dünya ədibləri kimi qlobal mövzulardan yazırdı, daha doğrusu, yerdə gördüklərini bəşərin başının üstünü almış qaçılmaz fəlakət "reyestrində" göstərməyə cəhd edirdi. Yəni bir şair kimi M.Hadinin böyüklüyü heç şübhəsiz ki, bundadır.

Yuxarıdakı fikrimizə qayıdaq. Şeir, şairin ürək qanıyla yazdığı mətn taleyə çevriləndə nə baş verir? Bu təsadüfdə onun həyatı, yaşam tərzi, ölümü belə əfsanə tülünə bürünür və ondan sonra bu dünyada kimsə o çox nazik tülün "qapısından" içəri keçə və mövcud işarələri aça bilmir. Şairin taleyinə əfsanələr sirayət (müdaxilə-!) etdikdə qabaqcadan yazılan, bəlli olan yazının sözləri arasında yuva qurmuş sirlər pardaqlanır, insan taleyi bölünüb-parçalanır, hər şeydən arınıb elə sonda hər şeyi özündə cəmləyir, dünyanı güzgü qırıqları kimi əks etdirir, dünyanın ən fərqli, güman gəlməyən yerlərində. Hadinin ölümü haqqında ən müxtəlif versiyalar təkcə o dövrün qarışıqlığı (Gəncə üsyanı baş vermişdi), əsrin ritminin pozulması ilə bağlı deyildi (versiyaların birində şair şəhərə daxil olan bolşeviklərin atlarının ayaqları altında qalır, başqa versiyaya görə, üsyançıların qarşısına çıxıb "öldürün bu kafirləri, onlar bizim milli hökumətimizi yağmaladılar" deyib, sonra əsir alınaraq sorğusuz-sualsız güllələnir, yenə başqa bir versiyaya görə, Gəncə üsyanı baş verdiyi zaman kiçik bir xəstəxanada yatırmış, baxımsızlıqdan və aclıqdan ölür və sair...), əsas məsələ ona şeir yazdıran ruhunun sərgərdanlığında idi. Bunu onun şeirlərindən də görmək mümkündür. Əfsanə tülü toxuna-toxuna gəlirdi...

Sənin həyatının dibinə çökən nakamlıq və məhkumluqdan qaçış yoxdur, bu elə bir şeydir ki, səni ən uzaq nöqtələrdəki insan mənzərələrini fokus nöqtəsinə gətirib canlandırmağa məcbur edir, ən kiçik, iynə ucu boyda olan problemləri də o qlobal fəlakətlərin yanında təsəvvür edib, hər şeyi bir damın altında yerləşdirir, nəfəs almağa yeri olmayan bu məkanda əbədiyyəti də bir an kimi görə bilirsən. Ən uzaq məsafələrdəki insan mənzələri sirr deyil ki, ən uzaq keçmişdəki qovğaları da ardınca çəkib gətirir, o dövrlərdə baş vermiş faciələrin sonucları yazdığın mətnlərə hopur, sən bunu bilməsən də, qəlbinin ən çox ağrıyan yeriynən bunu hiss edirsən.

"...Bir bölük xalq dəniz kimi köpürür,

Bir bölük xalq dalğa-dalğa səcdədə,

Bir bölük xalq qılınc kimi savaşır,

Bir bölük xalq qanımızı içmədə..."

Bu parça Hadiyə aid deyil, onun qələmindən süzülməyib, ancaq Hadinin istənilən şeirində Ruminin bu parçası gizli şəkildə, şifrələr içində yaşayıb nəfəs alır.

İşıq və kölgənin, alov və zülmətin oynadığı (əsdiyi...), bir-birini sürətlə əvəz etdiyi ən məşhur bir şeirini alaq:

Mən bir günəşəm, yerdə əyandır ləməatım,

Şeirimdə parıldar duruyor çöhreyi-zatım,

Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım,

Kim olduğumu bildirəcək, bil ki, məmatım.

Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,

Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.

Əvvəlcə bunu deyək ki, hər bir şeirdə bəlli, görünən obrazlardan başqa, görünməyən, o şeiri, necə deyərlər, yoxdan var edən, hardasa sütun rolunu oynayan bir obraz da olur. Real, görünən obrazlar şeirdən-şeirə keçdikcə dəyişir, müəllifinin nəfəsinin bütövlüyünü əks etdirmək üçün yeni-yeni libaslarda meydana çıxır. Ancaq adıkeçən "görünməyən", irreal obraz şeiri yaradan nəfəsin işarəsi, xəlvət aləmində "təmsilçisi" (casusu-!) kimi bəzən şairin bütün yaradıcılığını izah və şərh etmək funksiyasını yerinə yetirir. Zənnimizcə, Məhəmməd Hadinin bu şeirinin və bəlkə də bütün yaradıcılığının əsasında duran, onu yaradan əsas simgə şam obrazıdır. Bu obrazla o, Füzuli, Şəms, Şərq romantik ədəbiyyatı və Qərb poeziyası ilə ruhən birləşir. Hər bir şairin yaradıcılığının "görünməsinə" səbəb olan bədii-fəlsəfi obraz zaman boyunca (təkcə yazıldığı dövrdə yox, zaman boyunca-!) qəlpə-qəlpə onun hər bir şeirinə səpələnir, orda, misralar arasında zühur edir və bədii mətni diqqətlə oxuduqda həmin obrazın ən müxtəlif ölçülərdə şəklini, varlığını hiss etmək mümkündür. Yuxarıdakı şeir parçasında hər şeyi şöləsi ilə görünən edən bədii obrazın hənirtiləri hiss ediləndir: Mən bir günəşəm, yerdə əyandır ləməatım // Şeirimdə parıldar duruyor çöhreyi-zatım, sonra həyatım zillət içində keçsə də, bir gün məmatım - ölümümü hər şeyi ortaya çıxaracaq. Şamın soyuq, heç isinməmiş bir hücrədə zülmlə yanması, bütün hirsin, acı və fəryadın bir nöqtəyə cəmlənməsi, qələmin (şam obrazının əkizi) ucundan başına qədər ağrıyla dolması.., ağrı elə bir həddə çatıb ki, o qələmdən bir damcı da yerə düşmür, əsrlər keçməli, qərinələr ötməlidir ki, başa gələn faciələrin dumanı seyrəlsin...  Əlac nəyədir? Şamın yanması üçün sən naqilə çevrilməsən, bütün ağrı-acını, fəlakət və faciələrin doğurduğu zülmləri canından keçirib susmalısan. Şair də elə bunu deyir.

Mən solmalıyam, ta ki, açılsın da baharım,

Mən sönməliyəm, şəşəələnsin də nəharım.

Mən ölmədən əvvəl vətənim oldu məzarım,

Ərbabi-zəka düşmənidir indi diyarım.

Söndükcə zəka əhli-vətən ağlayacaqdır,

Göz incisi - yaşlar o zaman parlayacaqdır.

Bu bənd həmin fikri müəkəmməl şəkildə əks etdirir. Məhəmməd Hadi bu mətləbi -Mən solmalıyam, ta ki, açılsın da baharım // Mən sönməliyəm ki, şəşəələnsin də nəharım...// bilmədən, fərqinə varmadan, taleyi kimi səsləndirir və romantik poeziyanın atribut və fiqurları tam fərqli şəkil alır. Yeri gəlmişkən deyək ki, dünya çapında romantik ədəbiyyatın, xüsusən poeziyanın tədqiqinə külli miqdarda əsər həsr edilsə də, onun dəqiq, dərindən öyrənilməsi məsələsi aktual olaraq qalır. Bunun ən əsas səbəblərindən biri, həmin poeziyaya və romantizm mədəniyyətinə tendensiyalı münasibətdir, ikincisi, məlum postulatların necə gəldi tətbiqi. Yəni romantik poeziyanı hansısa postulatlara görə yox, məhz bədii mətni "dinləməklə" daha dərindən araşdırmaq lüzumu yaranır. Romantiklərə görə, "bütün mövcud olan varlıqlara qanunları məhz insan ruhu diktə edir, dünya isə onun əsəri, sənətidir". Romantizmin ideal dünya konsepsiyası insan ruhunun doğurduğu həyatın sintezinə əsaslanır. Yuxarıda nümunə gətirilən şeirin intonasiyasına, deyiliş, səslənmə tərzinə fikir verin, bütün mətləb bir misra, bir nəfəs kimi gəlir, deyilir və bitib-tükənmir, hər şey, dünyadakı bütün varlıqlar bir araya gətirilir, onların cəmi bu mətləbin ətrafında ən dərin, nəfəsləri yandıran yanğıyla ifadə edilir. Romantik poeziya ilə bağlı belə bir fikri xatırlatmaq burda yerinə düşür: "Poeziya həm başlanğıc, həm də sondur..., məhz poeziya sonsuz ilahi varlığı dünyaya gətirir". Nəticədə hər şey - fəlsəfə, din və incəsənət - bu heç bir məqamda birləşməyən nəsnələr poeziyanın sirli mənbəyinə axışır və orda çulğaşırlar. Bu isə əvvəlki poetik dövrlə müqayisədə dünyanın yeni yozumu və dərkidir. Fikir vermisinizsə, Hadinin poetik parçalarında sonsuz sayda bəyanlar var, yəni ədəbiyyata tam yeni və fərqli nəfəsin gəlməsi varlığa, gerçəkliyə münasibətdə yeni nüansların açılmasını şərtləndirirdi. 

Ulduzlar əməl, leyli-həyatımda dirəxşan,

Dilbər kimidir xəndeyi-məcrur ilə xəndan,

Gəh-gəh açılır, gəh oluyor pərdədə pünhan,

Bir işvə verir, can alıyor, sonra gürizan.

Ol afəti-can, bir gün olur, ram olacaqdır,

Dil bülbülü həmbəzmi-güləndam olacaqdır.

Bəs Hadi yaradıcılığı (həmin "şam" obrazı) ona həsr edilən şeirlərdən necə görünür. Bir cəhəti qeyd edək: ithaf şeirləri nə qədər dəqiq nöqtələrə vursa da, ən mükəmməl variant, fikrimizcə, onu, yəni şairin yaradıcılığını, şeirinin sirrini çox fərqli bir müstəvi üzərində araşdırmasıdır. İthaf mətnlərinin hansı məqamdasa şairin yaradıcılığına qoşulması, hətta ən qabarıq həyat, tale epizodlarının üstündə şairin yaradıcılığına qoşulması heç nəyi izah və şərh etmir. Musa Yaqubun "Məhəmməd Hadinin şeir bazarı" şeirində şam obrazının özülü - onun sönmənin son məqamında gur alovla yanması, yaxud əksinə, alov "şülüzlərinin" tüstü şəklinə düşməsi.. bütün ayrıntılarıyla görünür. Və Hadinin ürəyindən keçirib dilinə gətirmədiyi sözlər misralara dönür:

Mənim sevda bazarında

Alverim var, xeyrim yoxdur.

Bir ürəyi ovundurub

Ona təsəlli verməyə

sehrim yoxdur.

Rəsul Rzanın miniatür biçimli şeirində Məhəmməd Hadi yaradıcılığının əsas qayəsi, gündəlik çabalarının arxa planı, buraya hər gün sızan ağrıların, dərdin özü əksini tapıb. Rəsul Rza bu parçada "Hadinin şeir bazarından" yan keçərək başqa bir mətləbə güzgü tutub. Bu da Hadinin hər gün ürəyindən keçirib heç zaman dilinə gətirmədiyi sözlərə dönür.

Şeir yaza bilmirəm.

Nə ürəyim göynəyir,

nə sözlər yandırır dodaqlarımı.

Ağrısız, göynəksiz şeir olarmı?!

Əli Kərimin şeirində isə (bu şeir də miniatür biçimlidir və zənnimizcə, belə olması (həm də R.Rzanın şeirinin) təsadüfi deyildir) yuxarıda deyildiyi kimi, Hadinin bütün yaradıcılığının mahiyyətini bəlləyən obrazın başqa bir görüntüsü fokus nöqtəsinə gətirilir. Yəni Hadiyə şeir həsr edən hər bir müəllif istər-istəməz həmin görünməyən obraza istinad etməyə çalışır. Onu duyur və məhz bu nöqtədən işaran məğzi vermək istəyir.

Həqiqət it şəklindəsə -

yalan ceyran şəklində,

Olma iti madonnatək sevəcəyim şəkkində...

Hadinin portretindəki sərtlik, xasiyyətinin tündlüyü və digər xarakterik cəhətləri onunla bağlı xatirələrdə də əksini tapıb. Manaf Süleymanovun məşhur kitabında yer alan nöqtələrə diqqət edin: "...İyirminci il may ayının ilk günlərində "Çanaq Qala" kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik, kofe içdik. Birlikdə çıxıb Nikolaysk küçəsinə tərəf gedəndə xalq ədliyyə komissarı Əliheydər Qarayevə rast gəldik. Ayaq saxlayıb bizimlə görüşdü, Hadidən hal-əhval xəbər aldı.

Hadi: "Belə inqilabi kəbirdən sonra mən də hamı kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam, - dedi".

"Ağakərim oğlu Əliheydər, tarixi bəşərdə baş vermiş bütün qovğa, məğlubiyyət və qələbələrdə heç bir zaman, heç kəs şərabı qadağan etməmişdi. Siz bolşeviklər qadağan etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə. - Azca fikirləşib əlavə etdi. - Heç yerdə şərab tapılmır. Amma - əlini qoltuğuna salıb araqla dolu balaca bir şüşə çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib içəcəyəm, hər şeyi unudacağam. Mənzil dedikdə, güman etmə ki, sizin burjuylardan müsadirə etdiyiniz təmtəraqlı kaşanalardandır. Xeyr! Quba meydanında, karvansaranın bir küncündəki "qapıdan" zorla yanakı keçə bildiyim kahadır".

Yazının sonunu Eldar Baxışın "Yox" adlı şeirinin misralarıyla bitirmək istərdik:

Rəhmətlik Sabir,

rəhmətlik Məhəmməd Hadi,

rəhmətlik Hüseyn Cavid

küçəyə, bazara çıxardıb

sabunlarını satdılar,

tiyanlarını satdılar,

köynəklərini satdılar,

əlyazmalarını satdılar,

ömürlərini satdılar,

günlərini satdılar,

nələri var satdılar,

özlərini,

ruhlarını yox!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!