Hadinin dil(sizliy)i - İlqar Fəhmi yazır - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Məhəmməd Hadidən danışarkən, adətən, ilk eşitdiyimiz fikir həmişə bu olub - Hadi çox qəlizdi, anlaşılmazdı, mürəkkəbdi...

Müəyyən mənada haqlı, lakin müəyyən mənada da yanlış fikirdir. Haqlılığı ondadır ki, müasir sıravi oxucumuz həqiqətən də Hadinin şeirlərinin içində anlaya biləcəyi bir misranı tapmaqçün, etiraf edək ki, xeyli əziyyət çəkməlidir... Ancaq bunun qəlizliyə, mürəkkəbliyə heç bir dəxli yoxdur... Azərbaycan ədəbiyyatı tarixində həqiqi mürəkkəblik, fikir qəlizliyi, əslində, nadir hadisədir. Əsasən Xaqani Şirvani yaradıcılığında və "Səbki-hindi" üslubunda Saib Təbrizinin qəzəliyyatında müşahidə olunur.. Füzulinin divanında da sözün həqiqi mənasında mürəkkəb qəliz qəzəllərə rast gəlmək mümkündür...

Hadi yaradıcılığının qəlizliyi isə sadəcə fars və ələlxüsus ərəb kəlmələrinin, izafət və tərkiblərin bolluğu ilə bağlıdır ki, bunları bilən oxucu üçün Hadi şeirləri çox sadə, səmimi, aydın təsir bağışlayır...

Misalçün, Hadinin ən qəliz sayılan və məşhur bəndlərindən birinə diqqət edək...

Mən bir günəşəm, yerdə əyandır ləməatım,

Şerimdə parıldar duruyor çöhreyi zatım,

Yoxdur zərəri, keçsə də fəqr ilə hayatım,

Kim olduğumu bildirəcək bil ki məmatım,

Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,

Lakin gözümü dəsti-əcəl bağlayacaqdır...

Mən elə bir günəşəm ki, parıltılarım, şüalarım yerə düşür, əsl mahiyyətim şeirimdə görünür, həyatım fəqirliklə keçsə də eybi yoxdur, öləndən sonra kimliyim bilinəcək, bütün xalq ağlayacaq, lakin xeyri olmayacaq, çünki artıq əcəlin əli gözümü bağlamış olacaq... Təxminən bu cür... Və heç kim burda hansısa qəliz fikrin, mürəkkəbliyin olduğunu deyə bilməz...

Bəs belə olan halda təbii olaraq belə bir sual ortaya çıxır - Niyə? Niyə məhz bu cür? Məgər eyni fikirləri ərəb-fars tərkiblərini minimuma endirərək demək mümkün deyildimi? Ən azından Hadinin yaşadığı illərdə belə nümunələr çox idi. Bəs niyə o, məhz əks yolu tutdu? Sadələşdirmək yüngülləşdirmək əvəzinə, bir qədər də ağırlaşdırdı... Məgər görmürdü ki, bu yol onu XX əsrin geniş oxucu kütlələrindən uzaqlaşdırır?

Şəxsən mənimçün bu addımın psixoloji tərəfi daha maraqlıdır, çünki yeniyetməlik dövrlərimdə şeir yazmağa təzə başlarkən, birbaşa dil problemlərinin içinə düşmüşdüm və ümumən müasir ədəbiyyatımız üçün bu məsələ artıq çoxdan öz aktuallığını itirsə də, sırf əruz şairləri arasında hələ də mübahisə mövzusu idi və bu mübahisələrin içində Hadinin adı çox hallanırdı... həmin vaxtlarda əruz mühitində bir canlanma vardı, artıq müstəqillik dövrünə qədəm qoymuşduq, klassik ədəbi janrların təbliğinə meydan daha da genişlənmişdi. Ancaq bu geniş meydana çıxış əsas iki problemi ortaya çıxarmışdı - dil və mövzu istiqaməti...

Bir qisim şairlər əruz şeirinin yalnız ilahi-irfani mövzularda olmağını təkid edir, digərləri isə realizmə tərəf gəlməyi tövsiyə edirdi. Dil baxımından da bir qisim əruz şairləri qəzəlin dilini adi danışıq dilinə uyğunlaşdırmağı, digərləri isə əksinə, bir qədər də qəlizləşdirmək yolu tuturdular... Məhz bu məqamlarda Məhəmməd Hadi yaradıcılığı çox nümunə gətirilirdi və həqiqətən zamandan üstün duran, dövrün tələbləri səviyyəsinə düşməyən, öz ali ədəbi səviyyəsini saxlayan şair olaraq Hadi təqdim edilirdi... Lakin bu "ali ədəbi səviyyə" dediyimiz məfhum müəyyən qədər ziddiyyətli fikirlər və mübahisələr də doğururdu...

Əgər Hadi həmin dövrdə Qərbdə yaşayan modernist-dekadans sənətkarlar kimi tam real həyatdan, sosial mühitdən aralanıb özünün fərdi abstrakt poetik dünyasını yaratmış olsaydı, "sənət üçün sənət" ideyasını təbliğ etsəydi, onu müəyyən qədər başa düşmək olardı. Ancaq onun yaradıcılığındakı mövzular və ağrı-acılar sosial mühitlə, xalqın cəhalətiylə, ictimai problemlərlə sıx bağlı idi. Belə olan halda şeirlərin dili niyə sosial mühitin, sadə xalqın dilindən bu qədər aralı idi? Mövzuları aşağı salıb dili yuxarı qaldırmaq nə dərəcədə düzgün addım idi?

Bu sual yüz il əvvəl də, indi də bir çox ziyalılarımızı düşündürüb, bunun ictimai-sosial səbəblərini tapmağa çalışıblar...

Mənsə bu məsələyə bir qədər fərqli aspektdən yanaşmaq istərdim. Hərçənd ki, bütün bu fikirlər mənim sırf subyektiv fikrim olacaq...

Dünya mədəniyyət tarixinə nəzər salsaq görərik ki, sənətin iki mənşəyi var - səmavi və dünyavi...

Qərb alimləri bunun birinə şərti olaraq zadəgan sənəti (elitar), birinə isə rəiyyət sənəti (kütləvi) adını qoyur... Təbii ki, burda məsələ sənət əsərinin hansı təbəqəyə məxsus yaradıcı adamlar tərəfindən ərsəyə gəlməsində deyil, ümumilikdə sənətə münasibətdədi...

XX əsrin əvvəllərində yazıb yaratmağa başlayan Azərbaycan şairləri, təbii ki, Şərqin klassik əruz poeziyasının yetirmələri idilər və müəyyən mənada, elitar sənət istiqamətini təmsil edirdilər... Şeirin qayda-qanunlarını klassik kanonlar əsasında öyrənirdilər. Lakin artıq dövr dəyişirdi. Qapalı irfan ədəbiyyatı öz yerini mətbuata, publisistikaya verirdi. Və dar çərçivəli qapalı irfan ədəbiyyatı üzərində poeziya qaydaları öyrənən bu təbəqə birdən-birə geniş xalq kütlələriylə üz-üzə qalmış olurdu... paralel olaraq, Rusiya, Avropa və Türkiyədən gələn yeniliklər... Təbii ki, belə bir şəraitdə hər bir gənc yaradıcı şəxsin psixikası sərt təzyiqlərlə üzləşmiş olurdu - bir tərəfdən, dəyişən zamanın tələbləri, digər tərəfdən, onu özündən buraxmayan minillik ənənə...

Kimlərsə zamana uyğunlaşmadı. Əksinə, bu təzyiqlərin qarşılığında bir az da özlərinə qapandılar, ətraf aləmə göz yumdular, tısbağa kimi qınlarına çəkildilər. Topların mərmilərin dövründə, telefon-teleqraf zəmanəsində yenə güldən-bülbüldən, meydən-meyxanədən, yardan-əğyardan yazdılar... Bir qisim isə klassik ənənəyə tam arxa çevirdi, üzünü Qərbə tutdu. Lakin Məhəmməd Hadi öz həmfikirləri olan milli romantizm nümayəndələri kimi orta yol tutmağa çalışdı - ənənəvi Şərq poeziyasının təntənəli ritmini, vəznini saxlayaraq, mövzuları müasirləşdirmək, dövrün tələblərinə uyğunlaşdırmaq...

Lakin bu, o qədər də asan iş deyil. Şairin psixologiyası, ümumiyyətlə şeirə münasibəti sındırılır, yenidən qurulur. İlk olaraq Şərq poeziyasının elitarlığı, dünyavi (sosial-ictimai) mübahisələrdən daha da yuxarıda dayanaraq, yalnız səmavi-ilahi məqamlara diqqət yönəltmək prinsipi sındırılıb dağılmalıdır. Sən bu gün "insan-Tanrı" münasibətlərindən yazırsansa, sabah artıq millətin təhsilə olan həvəssizliyini, maarifə olan laqeydliyini göstərməlisən, insanın ictimai hüquqlarından yazmalısan, cəmiyyətdəki çatışmazlıqları tənqid etməlisən... İlk baxışdan birinci mövzu nə qədər ali və səmavi mənşəyə malikdirsə, digər mövzular konkret zamanın və məkanın real problemləridir... Və hər iki mövzu istiqamətinin öz dili var - biri təntənəli, ali, ağır və simvolik, ikincisi sadə, asan və anlaşıqlı olmalıdır...

Təbii ki, belə məqamda yazarın içində, sanki hüceyrələrin bölünməsinə bənzəyən bölünmə-ikiləşmə prosesi gedir - birincisi, "arif oldur bilməyə dünyavü-mafiha nədir" deyən "Səma şairi", ikincisi isə "yox millətimin xətti bu imzalar içində" deyən "millət şairi"...

"Səma şairi" yerdən aralanıb İlahi yüksəkliklərə qalxmağa çalışarkən, "Millət şairi" gözlərini göylərdən ayırıb ətrafındakı insanların yaşadığı iztirablara, zülmlərə yönəlir, sosial ədalətsizliklərə, cəhalətə zillənir...

Və şairin içində "millət şairi" obrazı nə qədər güclənirsə, əvəzində təhtəlşüurundakı arxetip kimi məğlubedilməz olan "səma şairi" kiçildikcə daha da qəzəblənir, təsiri daha da iti olur... "xəyanət, xəyanət" deyə bağırır... Şairi az qala "İlahi səmalar"a xəyanətdə ittiham edir...

Və belə məqamda Məhəmməd Hadinin içində, sanki qəribə bir proses baş verir ki, bunu birbaşa dil müstəvisində müşahidə edirik...

Şair məzmun baxımından "millət şairi" obrazına yaxınlaşdıqca, poetik dili onu zorla əks tərəfə - "səma şairi"nə tərəf çəkir... Mövzular sosial mühitə yaxınlaşıb sadələşdikcə, şeirlərin dili daha çox ağır, təntənəli olur, sanki göylərə qalxır...

Yazarın təhtəlşüurundakı minillik "səma şairi" arxetipi, sanki bu yolla ondan qisas almış olur, sanki bəyan edir ki, sən mənim məzmunumdan qurtulmağa çalışsan da, "məşum dil" səni hörümçək toru kimi daha çox saracaq, xilas olmaq istədikcə bu tora daha çox bürünəcəksən... Və bu da "səma şairi" arxetipindən qaçıb "millət şairi" olmağın qan bahasıdır... Sən millətin dərdiylə yanan, onu cəhalətdən xilas etməyə çalışan "millət şairi" ola bilərsən, əvəzində bu millətin böyük hissəsi səni başa düşməyəcək, yazdıqların əksəriyyət üçün anlaşılmaz qalacaq... Çünki sənin ağzındakı dil bu mühit, bu cəmiyyət üçün deyil - arada getdikcə dərinləşən uçurum var. Və budur dəhşətli cəza - Bu mühitdə, bu xalqın içində sən "dilsiz"sən...

Hadinin bu məşum "dilsizlik" cəzası onun ölümündən sonra da şairi təqib etməkdədir... Öz xalqının, millətinin dərdinə bütün varlığı ilə yanan şair dili getdikcə sadələşən millətdən daha da ayrı düşdü, Hadinin şair dühasını duya bilən oxucuların sayı durmadan azaldı... İndi az qala barmaqla sayılacaq qədərdir... "Səma şairi" arxetipi çox qəddardır, ona arxa çevirib aşağı boylananları bağışlamır. Bu Səma cənnətindən qaçmaq Adəm üsyanına bərabərdir... Cəzası da məşumdur...

Məhəmməd Hadinin şair ruhu hələ də bu cəzanın altında inildəməkdədir... Hələ də bu cəza Hadini minlərin, milyonların sevməsinə mane olur, hərçənd ki, sırf mövzu və məzmun baxımından, Məhəmməd Hadinin şeirləri XXI əsr Azərbaycanı üçün bəlkə ötən yüzildən daha aktual, daha müasirdir... Əgər bu cəza olmasaydı, bəlkə də bu gün milyonların sevimlisi olan "əbədi müasirimiz" Sabirin yanında "əbədi cəfakeşimiz" Məhəmməd Hadinin də portretini görərdik...

Budur, onun təvəllüdünün 140 ili tamam olur, gələn il də ölümünün 100 illiyidir. Lakin Xaqani Şirvanidən sonra öz vulkanabənzər gurultusu ilə Azərbaycan ədəbi düşüncəsini silkələməyə qadir olan ilk şair olsa da, Hadinin bu vulkan enerjisi "dilsizlik" soyuğunda üşüyür, alov püskürə bilmir...

Amma Hadi unudulmayacaq. Onun, hətta o cəza qəfəsindən sızılan və müasir oxucular üçün anlaşılan olan azsaylı şeirləri belə kifayətdir ki, poeziya sevərlərimizin yaddaşına əbədi həkk olunsun. Bu məşum "dilsizlik" cəzasının isə nə vaxt başa çatacağı yalnız və yalnız taleyin hökmünə bağlıdır...

24 noyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!