Dünyaya günah üzündən baxanda - Məti Osmanoğlu yazır

Taleh Mansurun «Cənnətlik günah» kitabı haqqında

 

"Ulduz" jurnalının "#ulduzlu nəşrlər" layihəsinin oxuculara təqdim etdiyi "Cənnətlik günah" Taleh Mansurun ilk nəsr kitabıdır (bundan əvvəl oxucular onun şeir kitabı ilə tanış idilər).

Kitabın yaratdığı əsas təəssürat budur ki, "Cənnətlik günah"dakı hekayələrin əksəriyyəti "şair nəsrinin" nümunələridir. Taleh hekayələrində tale, alın yazısı, sevgi, vicdan, vicdan əzabı, günah, peşmanlıq, ölüm kimi əbədi mövzuların obrazlarını canlandırmağa, onları əyaniləşdirməyə cəhd göstərir və mənə elə gəlir ki, müəllifin bu cəhdləri, əsasən, alınır. Taleh ən çətin işin - "şeirin dilini" "nəsrin dilinə" çevirməyin, şeirlə nəsr arasında tarazlıq yaratmağın, şeir obrazlarını nəsr detallarına çevirməyin öhdəsindən gəlməyi bacarır. "Yaşadığı həyatı yanağındakı xala bənzəyirdi: qara və tənha", "Könülsüz avtobus hər gün keçdiyi yollarla şütüyür, "könüllü" sərnişinləri getdikləri mənzillərə çatdırıb, onları ölümə bir az da yaxınlaşdırırdı", "Şəhərin bütün dilənçilərinin səsini batırardı onun səssizliyi", "Xirtdəyəcən günah içindəydilər. Boğazlarına günahlardan toxunmuş zəncir keçirmişdilər", "...uşaqlığımın xarabalığının hər daşının altından bir xatirə çıxır" kimi... 

Sonuncu sitat "Banan qoxulu alma" hekayəsindəndir. Bu əsər müəllifin nəsr yaradıcılığı haqqında daha dolğun təsəvvür əldə etmək baxımından maraqlıdır. Hekayə uşaqlığı yaddaşında şairanə boyalarla oyanan təhkiyəçinin xatirəsini, uşaqlıqdan özü ilə böyütdüyü peşmanlıq hissini, vicdan əzabı ilə ilk "tanışlığını" əks etdirir.

Hekayədə təqdim olunan hadisə ötən əsrin sonlarında, sıxıntılı  illərdə baş verib. Müəllif təhkiyəçinin dilindən ayrı-ayrı bədii detallar vasitəsilə həmin illərin uşaq yaddaşında qalan mənzərəsini və qoxusunu canlandırır. Hekayə boyunca təhkiyəni müşayiət eləyən banan iyi o illərin məhrumiyyətinin qoxusu kimi qavranılır. "Bizə elə gəlirdi ki, bayramda süfrəmizdəki meyvəqabını bir cüt sarı banan  bəzəməsə, o bayram bizim üçün qara gələcək". Mətndə verilmiş bu psixoloji detal əvvəlcədən əsaslandırıldığına görə uşaq "maksimalizmi" göydəndüşmə təsir bağışlamır. Hekayədəki hadisələr elə bir zamanda baş verir ki, valideynlərin uşaqlara ürəklərinin istədiyini alıb yedirtmək imkanı yoxdur. Banan bayram təmtərağının aksesuarıdır. Di gəl ki, uşaqlar heç bayramda da bu "meymun yemini" bütöv yeyə bilmirlər. Süfrədəki meyvəqabını bəzəyən qoşa banan bayramın sonunda doğranır və uşaqlar öz dilim paylarını alırlar...

Hekayədəki tək uşaq personajını müəllif bizə o illərin  "uşaqları" kimi təqdim edə bilir. O illərin uşaqları üçün bananın dadı qədər qoxusu da sehrli, mistik bir gücü nişan verir. Uzaqlardan gətirilmiş həmin mistik enerji uşağı bir dəfə oğurluğa təhrik eləyir. Uşaq məhəllə dükanında bananın özünü deyil, banan ətri gələn almanı oğurlayır. Əslində, uşağın almaya ehtiyacı yox idi: onların süfrəsindəki meyvəqabında həmişə öz bağlarından dərdikləri alma olurdu. 

Təhkiyənin növbəti mərhələsində uşaq fərdiləşdirilir və öz vicdanı ilə baş-başa buraxılır. Meyvəqabındakı almaların yanına qoyduğu oğurluq almanı tez oradan götürən uşaq özünə yer tapa bilmir, oğurluğunu gizlətməyə yol axtarır. "Bəlkə vicdan əzabının dadını duymaq üçün oğurlamışdım o almanı?" - deyən təhkiyəçinin obrazını hekayədə iki zamanda - yaşadığımız günlərdə və keçən əsrin sonunda görürük...  

"Cibindəki almanın rəngi üzünə çıxan" uşaq oğurluğun izini itirmək üçün həmin almanı yeyir və cecəsini bağda torpağa basdırır. Bununla o öz günahını dəfn etmək istəyir. Ancaq torpaq günahı gizlətmir, uşaq üçün vicdan əzabı "bitirir": uşaq həmin yaz bağda cecəni basdırdığı yerdən alma tumunun zoğ verdiyini, alma fidanının cücərdiyini görür. Hekayədə bu detal uğurla mənalandırılır: "Bilirdim ki, bu dırnaq sədəfi boyda zoğ elə-belə baş qaldırmayıb. Baş qaldırıb ki, unutmağa çalışdığım vicdan əzabıma təzədən baş çəkim...". 

Bu hekayəni məktəb dərsliyində görmək istərdim: düşünürəm ki, bu cür mətnlər uşaqların həm mənəvi, həm də estetik tərbiyəsinə müsbət təsir göstərə, ən əsası da onlara bədii sözün sehrini, qoxusunu və dadını hiss etdirə bilər.

Kitabda diqqəti cəlb eləyən hekayələrdən biri də  "Bir cib günah"dır. Bu hekayədə qoyulan "kimdir günahkar - əyri yola düşməyə məcbur olan köməksiz insan, yoxsa onu əyri yola getməyə məcbur edən cəmiyyət?" sualı ədəbiyyatın əbədi dilemmalarındandır. 

"Banan ətirli alma" hekayəsi kimi, bu hekayənin qəhrəmanı da həyatının ilk oğurluğunu edir. Oğlanın cibinə girən qız fahişə olmaqdansa, oğurluq eləməyi üstün tutduğunu bildirir. Ancaq "Banan ətirli alma"dan fərqli olaraq, bu hekayədə bədii əsaslandırmaya ehtiyac qalmır. Böyük sualın cavabını kiçik bir hekayədə vermək üçün Talehin köməyinə şairliyi gəlir. Avtobusdakı basırıqda oğlanın cibinə girən qızın günahının tarixi, onu bu yola gətirən ictimai proseslərin bədii təsviri  deyil, bir anın psixoloji lövhəsi yaradılır və həmin lövhə hadisənin kökləri barədə düşünməyi, qərar çıxarmağı oxucunun öhdəsinə buraxır...

Avtobusdan düşən qız yolu keçmək istəyəndə yandan qəfil çıxan "BMW" onu vurub qanına bələyir. Hekayədə qəza anının təfərrüatı verilməyib: bu, intihar da ola bilərdi...

"Ürək ağrısı, çiçək oğrusu" hekayəsində də "kimdir günahkar?" ritorikasına cavab axtarılır. Bu hekayədə sevdiyi qadına sevgililər günündə bir dəstə çiçək almağa imkanı olmayan oğlan da Talehin o biri qəhrəmanları kimi, çıxış yolunu oğurluqda tapır. Gecə çiçək mağazasına girir və burada qarşılaşdığı mühafizəçini öz istəyindən asılı olmayaraq öldürür. Əvvəl azadlığını, sonra da həyatını itirir... 

"Narciso Readriquez" hekayəsi Talehin usta təhkiyəçi potensialını, magik realizm elementləri ilə real insanların həyatını bir araya gətirə bilmək qabiliyyətini üzə çıxarır. Bununla belə, Talehin və onun təmsil etdiyi gənclərin yaradıcılığında aparıcı olan bir motiv burada da diqqətdən yayınmır: hekayənin qəhrəmanı - "Füzuli" soyuqdan öləcəyini bilə-bilə dərin yuxuya getmək istəyirdi, özü də vaxt itirmədən. Düşünməyə qorxurdu. Ya qorxularına güc gəlib düşünməliydi, ya da heç nə düşünmədən şirin bir yuxuya getməliydi. Əbədi şirin yuxuya. Dünyanın ən şirin intihar yuxusunu seçməli idi"...

"Ruh düzündə intihar", "Ürək ağrısı, çiçək oğrusu", "Bahadır və Sona" hekayələrindəki hadisələrin və təhkiyənin bir ucu ümidsizliyə, çarəsizliyə, intihara bağlıdır.

Talehin hekayələrində və şeirlərində, eləcə də onunla eyni nəsli təmsil edən gənclərin yaradıcılığında ümidsizlik və həyatdan əl üzmək motivi zamanın real gerçəkliyinin bədii sözdə ifadə olunan izləri kimi qiymətləndirilə bilər. Sanki müxtəlif üslublarda yazılmış, bir-birinə bənzəməyən yazılara zaman eyni yükü, eyni şələni yükləyir...

Xose Orteqa-Qassetin janrlar haqqında maraqlı bir fikri var: "Necə olur-olsun, sənətin əsas mövzusu həmişə insandır. ...Janrlar mahiyyətcə insanın ən mühüm cəhətlərinin baxıldığı geniş baxış bucaqlarından başqa bir şey deyildir. Hər bir dövr özü ilə insanın əvvəlki zəmanədə olduğundan əhəmiyyətli dərəcədə fərqlənən yeni yozumunu gətirir... Elə buna görə də hər bir dövrün öz sevimli janrı  olur". Mənə elə gəlir ki, bu fikri bədii ədəbiyyatda müxtəlif dövrlərdə fəallaşan mövzulara, təkrarlanan motivlərə də aid etmək olar. Tariximizin ayrı-ayrı dövrlərində yaranmış bədii əsərlərə nəzər salanda hər zaman üçün müəyyən motivlərin aparıcı olduğunu görürük. Bu, ayrı-ayrı yazıçıların fərdi istedadından və üslubundan asılı olaraq müxtəlif səviyyələrdə təzahür edir.

Taleh Mansurun yaradıcılığına şeir texnikası, zamanın şairanə dərki və təqdimi üstünlüklər verdiyi kimi, müəyyən məhdudiyyətlər, xüsusilə mövzu qıtlığı gətirir. Çoxsifətli dünyaya yalnız günah üzündən baxmağın, eyni ictimai problemin çevrəsində qapanıb qalmağın gətirdiyi ən böyük məhdudiyyət isə bədii düşüncədə yeknəsəqlik, düşüncənin ifadəsində monotonluq yaratmasıdır. 

Talehin hekayələrində Tanrıya tez-tez müraciət olunması da şeirin bir qədər gecikmiş təcrübəsindən gəlir. Filologiya elmləri doktoru Elnarə Akimova "Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət" adlı məqalələr silsiləsində "postmodern epoxasının özü ilə gətirdiyi yeni dünya modelinin nizamsızlığı"nı araşdıraraq bunu yeni epoxanın düşüncədə, əxlaqda, sənət meyarlarının dərkində gətirmiş olduğu çaşqınlıqlarla bağlayır.

Hekayələrində real dünyadakı problemlərin həllini dünyanın özündə axtarmaq əvəzinə, insanın ümidini yeri gəldi-gəlmədi gözəgörünməzə bağlaması gənc nasirin üslubunun hüdudlarını daraldır və həm mətnlərin məzmununa, həm də yazıçının idealına qeyri-müəyyənlik gətirir.

Taleh Mansur istənilən həyat faktını, real müşahidəsini bədii mətnə çevirməyə qadir nasirdir. Bənzərsiz insani keyfiyyətləri, ömrünün son illərində ədəbi həyatda - müxtəlif mövzulu tədbirlərdə, yubiley və təqdimat məclislərində özünəməxsus fəallığı ilə seçilən Oqtay Rzanın son söhbəti əsasında hazırladığı yazı bu fikrimizi təsdiqləyir: müsahibə maraqlı hekayə kimi oxunur...

Ümid edirəm ki, Talehin nəsr yaradıcılığı qapalı çevrədən, intihar kəndirinin ilgəyindən qurtulacaq, təzadlarla dolu ucsuz-bucaqsız həyatın bədii təhlilinə üstünlük verəcək. Bunun üçün ən böyük zəmanət isə Talehin istedadıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!