"Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz" - Vaqif YUSİFLİ yazır

"Köhnə kişilər" silsiləsindən

 

Otuz il bundan əvvəl dünyasını dəyişən xalq şairi Süleyman Rüstəm qətiyyən unudulmayıb, onun 90, 100 və 110 illik yubileyləri təntənə ilə qeyd olunub, adına Bakıda küçə var, televiziya və radio da onun haqqında verilişlər hazırlayıb, bir neçə dəfə kitabları da çap olunub, xanəndələr, muğam ifaçıları Süleyman Rüstəmin qəzəllərini oxuyurlar. Süleyman Rüstəmi xoşbəxt sənətkar da hesab edə bilərik. Partiya-sovet məkanında Süleyman Rüstəmsiz keçinə bilmirdilər. O, qurultaylarda, ən vacib təntənəli iclaslarda çıxış edirdi, partiya qərarlarını dəstəkləyirdi. Bir neçə dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi, uzun müddət Azərbaycan Ali Sovetinin sədri vəzifəsini aparmışdı. 1945-ci ilin sentyabrında Səməd Vurğunla birlikdə Azərbaycan SSR Dövlət Himnini yazmışdı. Dövlət Akademik Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru vəzifələrində çalışmışdı. Xidmətlərinə görə üç "Lenin" ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdu. Azərbaycan SSR Dövlət Mükafatı laureatı idi. 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü.

Bir sözlə, xalq şairi Süleyman Rüstəm Azərbaycanın sovet dövrünün ən populyar şairlərindən biri idi. Onun yaradıcılığında Kommunist Partiyasına, Leninə, Stalinə, komsomola aid xeyli şeirlər var və qətiyyən bunları inkar etmək olmaz. Vaxtilə bir müsahibəsində etiraf etmişdi ki, o, bütün bu şeirləri ürəyinin səsiylə yazıb, heç kim ona sifariş eləməyib. Haqlı idi. Çünki Süleyman Rüstəm yeni quruluşun yetirməsiydi, komsomol sıralarında boy atmışdı. Sonralar bədii yaradıcılığı ilə sübut etdi ki, o öz ideallarına sadiqdir.

Süleyman Rüstəmin partiyalı şeirləri artıq unudulub, amma Azərbaycana, onun təbiətinə, gözəlliklərə həsr etdiyi şeirləri, "Cənub şeirləri", gözəl qəzəlləri hələ də dillər əzbəridir. Üçüncüsü, Süleyman Rüstəm Azərbaycan sovet poeziyasının banisi idi, bunu A.Fadeyev də, S.Vurğun da etiraf etmişdilər. A.Fadeyev Süleyman Rüstəmi "Azərbaycan sovet poeziyasının pioneri" adlandırmışdı. 1947-ci ildə Səməd Vurğun yazmışdı ki: "Biz Sovet Azərbaycanının bütün şairləri Süleyman Rüstəm yoldaşa borcluyuq, o, xalqımıza yabançı olan ədəbi cərəyanlara qarşı şiddətli və mürəkkəb mübarizədə birinci olaraq atəş xəttini yarmışdır. Süleyman Rüstəm həqiqətən, şeirimizin Mayakovski tipli tribunudur".

Ümumiyyətlə, hər hansı bir şairi sosializmdə yaşadığı və Leninə, Stalinə, sovet beynəlmiləlçiliyinə şeirlər yazdığı üçün günahlandırmaq olmaz. Əlbəttə, otuzuncu illərin çox mürəkkəb hadisələri, kommunist ideologiyasından gələn bir sıra ifrat hallar, milli mentalitetə zidd olan təmayüllər Süleyman Rüstəm yaradıcılığından da yan ötməmişdi. Gizlətmək lazım deyil ki, fəal kommunist olan şair Süleyman Rüstəm müsavatçıları, yaxud Məhəmməd Əmin Rəsulzadəni tənqid edən şeirlər də yazmışdı. Bunu təkcə dövrün, zəmanənin günahı kimi izah etmək doğru olmazdı, bunu, ilk növbədə, gənc şairin inamı və əqidəsi ilə yoza bilərik. Amma özünün etirafına görə, Süleyman Rüstəm repressiyanın tüğyan etdiyi illərdə heç bir yazıçını güdaza verən sənədə qol qoymamışdı. Mikayıl Müşfiqə görə ona təklif etmişdilər ki, bir sənədə qol çəksin, o isə bundan qəti imtina etmişdi: "Anam Müşfiqin qarşısına duz-çörək qoyub, məni bu işə qarışdırmayın". Elə otuzuncu illərdə milli musiqi alətlərinə qarşı hücum kampaniyası başlayanda S.Rüstəm də tarın əleyhinə bir şeir yazmışdı: "Kəs səsini, kəs səsini, kifayətdir, sus ey tar, İstəməyir proletar səndə çalınsın "Qatar"". Amma vaxtında da öz səhvıini başa düşdü: "Yox, yox, buna qane oldum, tarı səsə qoymaq olmaz, Onun doğma ahəngindən doymaq olmaz, doymaq olmaz!".

Süleyman Rüstəm sözsüz ki, XX əsr Azərbaycan ədəbiyyatının öndərlərindən biridir. O, poeziyamızı elə şedevr əsərlərlə zənginləşdirib ki, bu əsərlər çap edildiyi gündən bu çağa qədər neçə nəslin yaddaşında yaşayır. Bir anlığa fikirləşək ki, Süleyman Rüstəm olmasaydı XX əsr Azərbaycan poeziyasında hansı boşluqlar və çatlar yaranardı. Axı, Cənub həsrətini, ikiyə bölünmüş Azərbaycanın dərdini, harayını, fəryadını kim Süleyman Rüstəm qədər böyük yanğı və poetik ustalıqla əks etdirə bilərdi? Cənub mövzusunda S.Rüstəmdən sonra da nə qədər gözəl şeirlər, poemalar yazılıbsa, bütün bunlar S.Rüstəm şeirinin cazibəsindən yaranmışdır. O illərdə S.Rüstəm Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi. Onu Təbrizdə, Sərabda, Ərdəbildə yaxşı tanıyırdılar. 1941-ci ilin oktyabrında təbrizli Məhəmmədli Əbbasi "Vətən yolunda" qəzetində yazmışdı: "Süleyman Rüstəm duzlu və ürəyə yapışan şeirlərlə Təbriz əhalisinin ruhi dərdlərinə dərman verib çox bir məhəbbətli qardaş kimi onların dərdinə şərikdir". Söhrab Tahir isə deyirdli ki, Süleyman Rüstəmi bütün Təbriz əhalisi tanıyırdı. Küçəyə çıxan kimi hamı onun pişvazına çıxırdı". Süleyman Rüstəmin Cənub şeirləri təkcə həsrət-ayrılıq motivlərini ifadə eləmir, həm də bütövlük arzusunu, Azərbaycanın o tay-bu tayının birləşmək duyğularını əks etdirir. İndi Cənubi Azərbaycana - Təbrizə, Ərdəbilə getmək heç bir problem doğurmur, amma o illərdə tikanlı məftillər təkcə əraziləri - doğma torpaqları bir-birindən ayırmırdı, həm də qardaşları, bacıları bir-birindən uzaq salmışdı.

Araz! Hər yaz, çəmən birdir,

                        o sahildə, bu sahildə,

Qərənfil, yasəmən birdir,

                        o sahildə, bu sahildə.

Bilirsən ki, suya xəncər,

                  bıçaq vursan da ayrılmaz,

Ürək birdir, bədən birdir,

                        o sahildə, bu sahildə.

Süleyman Rüstəm Cənubi Azərbaycanda çox hadisələrin şahidi olmuşdu, şeirlərində də buna kəskin reaksiyalar bildirirdi, ilk növbədə, doğma Azərbaycan dilinə xor baxanları bağışlamırdı:

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyin gülümə dəymə!

"Təbrizim" şeiri ilə başlanan bütövlük, vahid Azərbaycan idealı ömrünün ixtiyar çağlarında yazdığı "Şəhriyara məktub" şeirində bir daha böyük yanğı ilə səslənir:

Qoy söyləyim ürəyimin sözünü,

Bir kərə də görməmişəm üzünü,

Nigaranam, yetir mənə özünü,

Məhəbbətin bağrımdadır, Şəhriyar,

Mənim ürək ağrımdadır, Şəhriyar!

Çox təəssüf ki, Azərbaycanın bu iki böyük şairinin görüşü baş tutmadı. Şəhriyar Bakını, Süleyman Rüstəm isə Şəhriyarı və bir də Təbrizi görmək həsrətiylə dünyadan köçdülər.

Süleyman Rüstəmin istər Böyük Vətən müharibəsi illərində, istərsə də sonrakı onilliklərdə yazdığı onlarla şeirlər haqqında ürəkdolusu danışmaq olar. Amma buna ehtiyac duymuram. "Gün o gün olsun ki..","Ana və poçtalyon", "Qarabağ" şeirləri, "Azərbaycana gəlsin" və onlarca digər şeirləri, xüsusilə Xəzərə həsr etdiyi şeirlər poeziyamızın inciləridir. O, Dağlıq Qarabağ hadisələri zamanı ilk etiraz səsini ucaltdı:

Qoymaram yad əli dəysin

                        bağının güllərinə,

Mən Süleyman səninəm,

                 sən də mənimsən, Qarabağ!

Vətənimsən, Vətənimsən,

                        Vətənimsən, Qarabağ!

Deyirlər ki, qəzəl janrı Füzuliylə zirvəyə çatdı, Əliağa Vahid isə Füzuli yadigarı kimi qəzəl şeirinin son ustadı oldu. Bu fikirlə mübahisə etmirik, şeirimizdə Füzuli, Nəsimi, Seyid Əzim ənənələri yeni məcrada inkişaf edirsə, ustadlara min rəhmət! Amma XX əsrdə Vahidlə bir sırada Süleyman Rüstəm də qəzələ yeni bir ahəng gətirdi:

Gələndə məclisə mey əldə lalə şəklində,

Nigarım Aytək olur, mən də halə şəklində...

...Sevin, sevin ki, Süleyman, əlində cananın,

Bu qan olan ürəyindir piyalə şəklində.

Bu, XX əsrin qəzəlidir. Dil sadəliyi, füzuliyanə obrazlı təfəkkür tərzi qəzəlin ruhuna hopub. 1943-cü ildə Rəsul Rza "Süleyman Rüstəmin qəzəlləri" adlı bir məqalə yazmışdı. O məqalədə Süleyman Rüstəmin qəzəllərində təkcə eşq lirikası axtarmırdı, həm də bu qəzəllərdə ictimai-siyasi xəttin də aparıcı olduğunu nəzərə çarpdırırdı.

"Ələmdən nəşəyə" şairi kimi tanınırdı, yeni proletar şeirinin gənc bayraqdarına çevrildiyi illərdə Qorkinin, Mayakovskinin, Nazim Hikmətin Bakıya gəlişi onun sənətkar kimi püxtələşməsində böyük rol oynadı. Bu xüsusda onun xatirələrinə müraciət edək: "1927-ci ildə Mayakovski Bakıya gəlmişdi. Akademiyanın akt zalında onun oxucularla görüşü təfərrüatı ilə yadımdadır. Mayakovski yorulmadan şeirlər oxuyur, suallara cavablar verirdi. Həmin şeir gecəsində böyük şairimiz Cavid də iştirak edirdi. Axırda o, dözə bilməyib mənə sarı əyildi və dedi: "Canım, bu necə adamdır, necə tab gətirir, dözür belə şeylərə. Niyə hər suala cavab verir?". Proletar Yazıçıları Cəmiyyəti oxucularla birlikdə Maarif Evində Mayakovskinin gecəsini təşkil etmişdi. Mayakovski bizə bir neçə şeir oxudu. Böyük şair bütün salonu əlinə aldı. Sonra hamıya müraciətlə: "Hər kim mənim oxuduğum şeirləri başa düşməyib oxuya bilmirsə, əlini qaldırsın" - dedi. Arxadan yalnız bir əl qalxdı. Mayakovski bu adamı səhnəyə çağırdı. Bu, bir gənc texnik idi. Mayakovski kitabını ona verib oxumasını rica etdi. O, hıqqana-hıqqana bir şeiri oxumağa başladı. Mayakovski onu saxladı: "Sən əvvəlcə savadsızlığını ləğv etməli, sonra da şeir oxumalısan" - dedi. Texnik qızardı, camaat əl çaldı... Son görüş çox acı, çox kədərli oldu. Aprelin 14-ü idi. Saat on bir radələrində Moskvada adını unutduğum bir meydançada iki gənc həvəskar yazıçı məni saxladı: - Bilmirsən ki, deyirlər Mayakovski özünü öldürmüşdür? - Əvvəlcə mən bu sözü ciddi qəbul etmədim. Onlar məni inandırmağa çalışırdılar. Onlarla bərabər bir həyətə girdik. Bir qapı ağzında təcili yardım maşını dururdu. Qapıda bir neçə şair də vardı. Onların siması tutqundu. Mayakovskinin dəfnində Səməd Vurğun, Mikayıl Rəfili, Osman Sarıvəlli, Əli Nazim də iştirak etdilər".

İyirmi səkkizinci ilin 31 may günündə Qorki xaricdən Vətənə qayıtdı. Çox keçmədi ki, Bakıya gəldi, bir həftə respublikamızın paytaxtında qonaq qaldı. Bakıda olduğu günlərin birində Qorki "Qızıl qələmlər" Cəmiyyətinin üzvləriylə də görüşdü. Üzünü gənclərə tutub dedi ki, yeni ədəbiyyatı siz yaradırsınız, ancaq gərək özünüz də dünya mədəniyyətindən bəhrələnəsiniz. Qorki Azərbaycan dilində bir şeir oxumağı xahiş etdi, mən Sabirdən əzbər dedim. Sonra Abbas Səhhətin tərcüməsində Qorkinin bir şeirini dedim".

Süleyman Rüstəmin türkün böyük şairi Nazim Hikmətlə tanışlığının və sonra dostluğunun tarixi də iyirminci illərin sonlarından başlayır. S.Rüstəm Nazim Hikmətin "Günəşi içənlərin türküsü" şeirlər kitabını çap etdirdi. Onların dostluğu əllinci illərdən sonra daha da sürəkli oldu.

Beləcə, ustadlardın öyrənə-öyrənə Süleyman Rüstəm ədəbiyyatda, Azərbaycanın ictimai həyatında özü də ustada, ağsaqqala çevrildi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!