Hər bir yaradıcılıq mahiyyət etibarilə duadır - Sərvaz Hüseynoğlu

 

Loğman Rəşidzadənin "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk" adlı monoqrafiyasını oxuyuram. Təəssüratlarım Nobel mükafatı laureatı T.Eliotun görkəmli ingilis yazıçısı Kiplinqin yaradıcılığı barədə söylədiyi fikirləri yadıma salır. Eliot "Kiplinqin əsas keyfiyyəti insanları başa düşməyə məcbur etmək olmuşdur" - deyirdi. Doğma vətəni Kiplinqdən ötəri hər şeydən üstün idi. Kiplinqin nəzərində bəşəriyyət ucsuz-bucaqsız ingilis plantasiyaları üçün ancaq gübrə idi. Bu fövqəladə münasibət, coşqu və vurğunluq duyğusunu, vətəndaş münasibətini haradasa eynilə tanınmış yazıçı-publisist Əli İldırımoğlunun da yaşamına və dünyagörüşünə şamil etmək olar. Bu dünyagörüşün və yaşamın ana xəttini doğma Azərbaycanımıza, böyük Türk dünyasının milli-mənəvi dəyərlərinə hədsiz sevgi, əsl vətəndaşlıq duyğusu təşkil edir. Monoqrafiyada da qeyd edildiyi kimi, "Onun əsərlərində milli-mənəvi özünüdərklə humanizmin vəhdəti belə bir ümumi nəticəyə gətirib çıxarır ki, onların hər ikisinin son məqsədi şəxsiyyəti hərtərəfli inkişaf etdirmək, milli-mənəvi dəyərləri qorumaq, Azərbaycan insanının qabiliyyətini və potensialını açmaq, ona özünütəsdiq imkanı yaratmaqdır".

Bu düşüncələr ilk növbədə Azərbaycan xalqının, Azərbaycan torpağının, Azərbaycan insanının varlığına, Azərbaycan ailəsinə hədsiz heyranlıq, sonsuz güvənc müstəvisində təqdim edilir. Əli İldırımoğlu xatirə ovqatlı lövhələrində eşitdiyi hər yarpaq xışıltısında, su axışında, ata-ana səsində, ildırım çaxışında vətən torpağının sonsuz, cazibədar varlığını hiss edir, o səsə tapınır. Və ona elə gəlir ki, "bu səs ulu göylərin intəhasızlığından, gecə-gündüz həmsöhbət olduğu Xəzərin dərinliklərindən, son məskənimiz olan torpağın dərin-dərin qatlarından gəlir". Əli müəllim bu ilahi səslərin qovuşağında unudulmaz atasının illərdən bəri yoxa çıxmış səsini-sədasını arayır. Bu səsi əsirlikdə inildəyən Qubadlı dağlarnın o üzündən qopub gələn fəryad kimi dinləyir. Bütövlükdə, Ə.İldırımoğlunun məsum uşaq yaddaşında haqlı olaraq, çox vaxt ifrat təsiri bağışlayan vətənçilik duyğusu ön plandadı. Doğma vətənə, milli adət-ənənələrə, mənəvi dəyərlərə hörmət hissini qılınc kimi qoyubdu nəfsiylə öz arasına. Elə tanınmış jurnalist və ədəbiyyatşünas Loğman Rəşidzadə də kitabında Əli müəllimin bu unikal təbiətindən, bənzərsiz xarakterindən bəhs edir. Tutarlı arqument və dəlillərlə onun yaradıcılığının ən ümdə, spesifik filoloji və fəlsəfi cəhətlərinə diqqət yönəldir. Bu maraqlı tədqiqatda yazıçının əsərlərində başlıca motiv olan milli-mənəvi özünüdərk, Vətən və doğma torpaq anlayışı rakursundan insan psixologiyasının rəngarəng keçidlərinə nəzər salır. Annotasiyada deyildiyi kimi, yazıçının əsas ideya və aparıcı məqsədlərindən biri olaraq milli-mənəvi özünüdərk həm tarixi proseslərin gedişi fonunda, həm də müasir mənəvi-əxlaqi və intellektual müstəvidə araşdırılır. Monoqrafiyada Ə.İldırımoğlunun bədii yaradıcılığı və nəzəri-estetik görüşləri kompleks halında tədqiqata cəlb edilib. Bütün bunlar yazıçının əsərlərinin bədii, estetik, fəlsəfi, kulturoloji və filoloji cəhətdən tam açılmasına kömək edir. Loğman Rəşidzadə haqlı olaraq qeyd edir ki, milli-mənəvi dəyərlər Ə.İldırımoğlunun bütün əsərlərində əsas leytmotiv, aparıcı xətdir: "Onun əsərləri, əsasən, avtobioqrafik janrdadır. Adətən, gördüyü, bildiyi, başına gələn hadisələri yazır... Onun yaradıcılığında milli-mənəvi özünüdərk, humanizm, demokratizm, insanın daxili azadlığı kompleks şəkildə üzvi vəhdətdədir. Ədəbiyyatın ən cəlbedici ideyalarından (və mövzularından) olan bu xüsusiyyətlər birbaşa insan amilinə xidmət edir, bəşəriyyətin ən ali varlığına qayğı göstərmək, onun həyat şəraitini yaxşılaşdırmaq, tələbatını daha dolğun ödəmək, istedadını reallaşdırmaq üçün stimul yaradır. Bu anlayışların əsas qayəsi insana vasitə kimi deyil, məqsəd kimi yanaşmaq, dəyərlər toplusunda insan şəxsiyyətini ucaltmaqdır".

Görkəmli alman yazıçısı Henrix Mann da eynilə Əli İldırımoğlu kimi düşünür, Höte və Volteri - hər iki dahini müqayisə edərkən belə yazırdı: "Höte idrakın əzəmətli qəsrindən baxarkən hər şeyə istehza edir, Volter isə xarabalıq və tüstü-duman içində insanlıq üçün vuruşur. Bu baxımdan Volter daha maraqlı və cəlbedicidir".

Loğman Rəşidzadə haqlı olaraq Ə.İldırımoğlunu yazıçıların humanist nəslinin nümayəndəsi kimi təqdim edir. Vurğulayır ki, bu tip yazıçılar, adətən, ən sərt həyat həqiqətlərində, ən arzuolunmaz, suçlu insan xislətində belə, gözəllik, insanpərvərlik, ideallıq axtarır. Ə.İldırımoğlu yaradıcılığının qayəsi, doğrudan da, yazıçının bütün yaradıcılığı üçün səciyyəvi olan humanizm, insanpərvərlik və bəşəri ideallardır: "Onun milli-mənəvi özünüdərk konsepsiyası da bu bəşəri ideallarla qovuşuqdur". Loğman Rəşidzadə belə yazır və təbii ki, bu qədər əminliklə ifadə edilən fikirlərin arxasında onun Ə.İldırımoğlu yaradıcılığının bədii-estetik, tərbiyəvi qatlarına yetərincə bələdçiliyi dayanır. Tədqiqatçının istinad etdiyi yaradıcılıq faktını zaman-zaman, özü də xüsusi qədirbilənlik duyğusu ilə izlədiyi göz qabağındadır. Əlbəəl hiss olunur ki, müəllif araşdırmaya cəlb etdiyi əsərləri daxilən dönə-dönə yaşayıb, özünü bu əsərlərdə baş verən hadisələrin çarpaşıq, ziddiyyətli yaşamında hiss edib. Əli müəllimin ədəbi qəhrəmanlarının, sadə və səmimi obrazlarını özünə bir köynək yaxın bilib. Yazıçının milli-mənəvi özünüdərklə azadlığın sıx qarşılıqlı əlaqəsini yaradıcılığında qabarıq göstərə bilməsinin oxucu məmnunluğunu duyub. Sevinib (və təqdir edib) ki, Əli müəllimin qəhrəmanları azad düşüncəli, özünə hörmət edən, cəmiyyətdə, sosial sferada öz yerini bilən, ən sərt məqamlarda qeyri-adi, fövqəladə qərarlar qəbul etməyə qadir, vətənpərvər insanlardır. O, işıqlı gələcək üçün yazır. Milli-mənəvi özünüdərk məqamında Əli müəllimin qəhrəmanlarının daxili aləmi son dərəcə zəngin və nümunəvidir. Bu deyilənlər ilk növbədə yazıçının özünün malik olduğunu yüksək şəxsi keyfiyyətlərdən irəli gəlir: "Ə.İldırımoğlunun yüksək şəxsi keyfiyyətləri, sosial mövqeyi, cəmiyyətdə özünütəsdiq potensialı milli-mənəvi özünüdərklə vəhdətdədir və bu cəhətlər özünü onun yaradıcılığında da göstərir. O, bütün bunları qələmə aldığı müxtəlif janrlı əsərlərində həyatın rəngarəng lövhələri vasitəsilə əks etdirir". L.Rəşidzadənin təkzibolunmaz qənaətləridi ki, Əli müəllimin yaradıcılığında milli-mənəvi özünüdərkin xüsusiyyətləri barədə mülahizələr yürüdəndə, heç şübhəsiz, bu cəhətləri özündə ehtiva edən bədii-estetik atributlardan insan haqları, azadlıq, humanizmlə yanaşı, sosial ədalət prinsipi, onun uğrunda mübarizə, həqiqət, bütövlük, müqəddəslik aşılayan, təlqin edən təzahürünü də unutmamalıyıq. Monoqrafiya müəllifi haqlıdır ki, həqiqətən də, həyatın özündən gələn bu müdrik yazıçının irili-xırdalı bütün əsərlərində cəmiyyətdə ədalət uğrunda mübarizənin ayrı-ayrı bədii çalarları ilə rastlaşır, bu ideyanın təntənəsi naminə müəllifin həm özü, öz daxili aləmi, həm də cəmiyyətdə müşahidə edilən problemlərlə qovğaya çıxdığına şahidlik edirik.

Görkəmli ispan şairi Migel Ernandes barəsində yazırlar ki, bu yazıçı özünün pak, bakirə və sərt xarakteri, hər addımında duyulan və ramolunmaz həyati gücü ilə insan əli dəyməmiş bir qayaya bənzəyirdi. Onun poeziyasında ispan cənubunun bol rənglər, rayihələr, səslər dünyası özünün güclü və comərd xarakteri ilə qovuşmuşdu. Onun üzü ispaniyanın surətiydi. Günəşin yandırdığı, qırışların zəmi kimi şumladığı bu surətdə, sanki çörəklə torpağın birliyi duyulurdu... L.Rəşidzadənin "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk" monoqrafiyası hər bir halı, ehtiram duyğusu ilə məhz Migel Erandes simasının tam oxşarı olan,  müdrik yazıçı Əli İldırımoğlunun obrazını göz önünə gətirir. Əli müəllim də öz ispan həmkarı kimi, doğma Azərbaycanın, unudulmaz və doğma Qubadlı  torpağının rənglər, rayihələr, səslər dünyasını özünün güclü və comərd xarakteri ilə qovuşdura bilən müdrik bir söz adamıdı. Onun cismani və mənəvi varlığı Qubadlı, eyni zamanda da Kəlbəcər, Laçın bölgələrinin əzəmətli, bənzərsiz surəti kimidi. O da öz müdrik həmkarları kimi, yazıçının həyatın hakimi, stimulyatoru olduğunu anlamaqdan və anlatmaqdan gəlir. O da öz müdrik həmkarlarıyla eyni fikirdədi ki, zaman insanı ümidsizliyə qərq edəndə, onu tabe olmağa, fəaliyyətsizliyə sürükləyəndə yazıçı öz mənəvi zəhməti və varlığı ilə enerji, mətinlik, daxili azadlıq, rəşadət timsalına çevrilməlidir.

Əli İldırımoğlu həyatın özündən aldığı detallar mövzuları, real yaşantıları heyrətamiz ustalıqla əsərlərinə gətirir. Bu prosesdə dəqiq və zəngin yazıçı dili onun başlıca yardımçısıdır. O, həyat həqiqətlərinin ifadəçisi olan hər bir əsərini doğma xalqının səsinə çevirməyi bacaran müdrik bir sənətkardır və Loğman Rəşidzadə də oxucu diqqətinə təqdim etdiyi monoqrafiyada daha çox bu məsələlərdən söz açır.

Onun öz ədəbi qəhrəmanları ilə çoxdanın doğması kimi qaynayıb-qarışmasının gətirdiyi uğurdan bəhs edir. vətəndaş mövqeyinin ucalığı, hadisələrə fəal münasibət, insan talelərinə qayğı və diqqət Ə.İldırımoğlu üçün əsas estetik amillərdən biridir. L.Rəşidzadə haqlıdır ki, Əli müəllim müdrik söz ustası kimi iqtisadi, sosial problemləri, mənəvi-psixoloji yaşantıları, nəhayət, ən mürəkkəb siyasi prosesləri ustalıqla bitkin ədəbi nümunələrə çevirə bilir. "O, daim həqiqət axtarışındadı və bu yolda, bu mücadilədə öz parlaq realizminə güvənir. Realist düşüncə bədii həqiqətin və hətta ədəbi fantaziyanın üfüqlərini genişləndirməkdə ona kömək edir... Onun əsərlərində millətin özü, onun yaşam tərzi, keçdiyi tarixi yol, düşüncə və mənəviyyatı ətraflı təqdim olunur. Sosial sferada insanın özünüdərki onun bədii dünyasında milli-mənəvi özünüdərk kimi öz ifadəsini tapır".

İ.Brodski "Hər bir yaradıcılıq mahiyyət etibarilə duadır, - deyirdi, - hər bir yaradıcılıq Tanrının qulağına yönəlir. Sənətin mahiyyəti belədir...". Bu mənada Loğman Rəşidzadənin "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk" monoqrafiyası müdrik bir yazıçının yaradıcılığı kontekstində xalqımızın milli-mənəvi özünüdərk potensialı, tarixə sadiqlik və tarixi yaşatmaq, milli kimliyi ifadə etmək çabaları önündə edilən səmimi dua kimi oxunur. Müəllif fərqindədi ki, milli-mənəvi özünüdərk gerçəkliyin, cəmiyyətdə gedən proseslərin azadlıq mövqeyindən qiymətləndirilməsində son dərəcə vacib məsələdir. Bu barədə olan dolğun (və zəruri) fikirlərini o, Əli İldırımoğlunun çoxşaxəli və hər məqamı milli dəyərlərimizə yüksək vəfadarlıq duyğusu ilə qələmə alınan yaradıcılığı fonunda sərgiləyir. Əli İldırımoğlu yaradıcılığı müəllifə bu mövzuda olan düşüncələrini əhatəli və duyğusal şəkildə sərgiləmək üçün gözəl fon, istinad nöqtəsi verib. Necə deyərlər, o, Əli İldırımoğlu yaradıcılığı şəxsində "qayalarla, dağlara" söykənib. Bu müstəvidə isə milli kimliyə, əxlaqi dəyərlərə, vətənçilik anlayışına bitib-tükənməyən, sonsuz, əbədi bir sevgi, ehtiram var.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!