"Günəşə baxan insan". Mirzə Məhəmməd Axundzadə. Biblioqrafiya - Təhminə BƏDƏLOVA

Bu günlərdə ədəbiyyatşünas, yazıçı-dramaturq, tərcüməçi, publisist, müəllim Mirzə Məhəmməd Axundzadənin biblioqrafiyası nəşr olunub. Kitabın tərtibçisi və Ön sözün müəllifi yazıçı-publisist, kinorejissor, kinodramaturq Nazim Rza İsrafiloğlu, elmi redaktoru tarix elmləri doktoru, professor Elmira Muradəliyevadır.

XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatında tez-tez rast gəlinən imzalardan biri də Mirzə Məhəmməd Axundzadə (və ya ədibin gizli imzaları) idi. Tariximizin ən mürəkkəb dövrlərindən birində Vətəninə və xalqına ədəbiyyatşünas, dramaturq, yazıçı, publisist, müəllim və tərcüməçi, dövlət xadimi kimi xidmət göstərən Mirzə Məhəmməd Axundzadənin bədii və elmi yaradıcılığı bu günün prizmasından baxdıqda çox aydın görünən boşluqların doldurulmasında mühüm rol oynamışdır.

Mirzə Məhəmməd Axundzadə 1875-ci il avqustun 9-da qədim Gəncə torpağında Yelizavetpol klassik kişi gimnaziyasının şəriət və tatar (türk) dili müəllimi Mirzə Kərim Axundzadənin ailəsində dünyaya göz açmışdır. İlk təhsilini atasından alan Məhəmməd daha sonra Gəncə mədrəsəsində məşhur müdərris Mirzə Xəlil Şeyxzamanovun şagirdi olmuş, ərəb və fars dillərini, İslam tarixi və "Qurani-Kərim"i dərindən öyrənmişdir. Mədrəsəni bitirdikdən sonra Gəncə klassik kişi gimnaziyasına daxil olan Məhəmməd burada rus dilini də mükəmməl mənimsəmişdir. 1896-cı ildə gimnaziyanı bitirmiş və elə oradaca müəllimlik vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 1908-1915-ci illərdə çar xüsusi xidmət orqanlarının tələbi ilə gimnaziyada dərs demək hüququndan məhrum edilsə də ("Difai" firqəsindəki siyasi fəaliyyətinə görə 1908-1913-cü illərdə həbs və sürgündə olmuşdur), xeyli ciddi-cəhddən sonra öz vəzifəsinə bərpa edilmiş və 1918-ci ilədək Gəncədə, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdükdə xalq maarif nazirinin müavini kimi məsul vəzifədə çalışmasına baxmayaraq, Bakıda, 1920-ci il aprel çevrilişindən sonra isə yenidən Gəncədə pedaqoji fəaliyyətini davam etdirmiş, ömrünün sonunadək məsləkinə sadiq qalmışdır. M.M.Axundzadə Azərbaycan müəllimlərinin 15 avqust 1906-cı il tarixli I və 25 avqust 1907-ci il tarixli II qurultaylarının fəal iştirakçısı olmuşdur.

M.M.Axundzadə pedaqoji fəaliyyətlə yanaşı, geniş elmi maarifçiliklə də məşğul olmuşdur. 1896-cı ildə yenicə müəllimliyə başlamış 21 yaşlı Mirzə Məhəmmədin "Sərfi-türki" kitabı Tiflisdə Kamal Ünsizadənin mətbəəsində çapdan çıxmışdı. Bu, M.M.Axundzadənin ilk kitabı idi və məktəblərdə dərs vəsaitinə olan böyük tələbatı qismən də olsa, ödəmək məqsədilə yazılmışdı.

M.M.Axundzadənin əsasən gimnaziya şagirdləri üçün dərslik kimi nəzərdə tutulan, eyni zamanda geniş oxucu kütləsinin faydalana biləcəyi kitablarından biri də müsəlmanlıq əqidəsindən, İslamın qayda və qanunlarından bəhs edən beşcildlik "Əqaidül-müslimin"dir. Burada namaz, zəkat, həcc ziyarəti və İslam dini ilə bağlı digər məsələlər anlaşıqlı şəkildə izah olunmuşdur. 

M.M.Axundzadənin maarifçilik fəaliyyətinin bir qolu da "Molla Nəsrəddin" satirik jurnalı ilə bağlıdır.

M.M.Axundzadə Gəncədə "Cəmiyyəti-xeyriyyə", "Nəşri-maarif" və "Dram" cəmiyyətlərinin, 1899-cu ildə şəhərdəki "Hüseyniyyə" məscidində A.S.Puşkinin anadan olmasının 100 illiyi münasibətilə açılmış Puşkin Kitabxanasının türk bölməsinin təşkilində və sonrakı fəaliyyətlərində bilavasitə iştirak etmişdir.

M.M.Axundzadə tərcüməçilik işi ilə də məşğul olmuşdur. Onun tərcüməçilik fəaliyyəti istər kəmiyyət, istərsə də keyfiyyət baxımıdan maraq doğurur. Firdovsinin "Şahnamə" əsərinin tərcümə edilmiş 1354 beytinin M.M.Axundzadəyə məxsus əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Onun nəşr edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Ədib bundan başqa, məşhur türk yazarı Namiq Kamalın "Vətən, yaxud Silistrə" dramını da Azərbaycan dilinə çevirmiş, pyes 1907-ci il noyabrın 26-da Bakıdakı "Nicat" Maarif Cəmiyyətinin teatr truppası tərəfindən səhnəyə qoyulmuş və elə həmin ilin dekabrında ayrıca kitab şəklində çap olunmuşdur. M.M.Axundzadə daha sonra böyük ingilis dramaturqu Vilyam Şekspirin "Venedikt taciri", "İki veronalı", rus yazıçısı N.V.Qoqolun "Evlənmə", Bədrəddin Həsən və Məhəmməd Rüfətin "Nədamət" pyeslərini də Azərbaycan türkcəsinə tərcümə etmişdir. Onu da qeyd edək ki, "Nədamət" pyesi 1910-cu ilin dekabrında Gəncə "Dram Cəmiyyəti" tərəfindən tamaşaya qoyulmuş, 1911-ci ildə isə Səmərqənddə oynanılmışdır.

M.M.Axundzadənin dramaturgiya yaradıcılığı da yetərincə zəngindir: 1899-cu ildə Gəncənin mədəni həyatında əhəmiyyətli bir hadisə baş verdi, şəhərdə ilk professional teatr açıldı. Teatr sənətinin gələcək inkişafı üçün dramaturgiyanın böyük əhəmiyyət kəsb etdiyini yaxşı dərk edən M.M.Axundzadə öz qələmini bu sahədə də sınamaq qərarına gəldi. 1902-ci il yanvarın 4-də o, özünün ilk səhnə əsərini -  "Məhəbbətsizliyin nəticəsi, yaxud ata və ananın təqsiri" komediyasını yazıb başa çatdırmışdı. Elə həmin il fevralın 20-də Tiflisdə Rusiya imperatorunun Qafqaz canişininin senzurası tərəfindən pyesin Qafqazda fəaliyyət göstərən teatrların səhnələrində tamaşaya qoyulmasına icazə verilmişdi. M.M.Axundov bundan başqa,  tarixi mövzuda yazılmış "Səd Vəqqas", yaxud "Fəthi-Qüdsiyyə" (1908), "Hər nə əkərsən, onu biçərsən" (1909), "Analıq" (1913), "Sonrakı peşmanlıq səmərə verməz" (1914) pyeslərinin də müəllifidir. Ayrı-ayrı mənbələrdə verilən məlumatlara görə, "Hiyləgər Əbdül", "Aldanmış cavan", "Müsibəti-Xosrov bəy" (əsər bitməmişdir) dramları, "Yaşına-yaşına, çıxdı ocaq başına" operetta librettosu da onun qələminə məxsusdur.

M.M.Axundzadə Azərbaycan şifahi xalq yaradıcılığının toplanması və nəşri işinə də öz töhfəsini vermişdir. Onun 1910-cu ildə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr etdirdiyi "Məclis yaraşığı" adlı kitabında üç yüzdən artıq müxtəlif məzmunlu lətifə toplanmışdı. Tədqiqatçıların fikrincə, onların arasında tərtibçinin özünün də qələm məhsulları az deyildi. 1926-cı ildə Bakıda "Azərbaycan ədəbiyyatı cəmiyyəti" tərəfindən çap edilmiş "Bayatılar və manilər" kitabına yazılmış "Bir-iki söz"dən də məlum olur ki, kitabdakı materialların toplanmasında Mirzə Məhəmmədin də xidmətləri olmuşdur.

M.M.Axundzadənin 1909-cu ildə Gəncədə "Dram cəmiyyəti" tərəfindən nəşr edilən "Teatro nədir?" əsəri azəri türkcəsində teatr haqqında yazılmış ilk kitab idi. Müəllif əsərdə teatrın, dramaturgiyanın elmi-nəzəri əsaslarını işləmiş və bir teatrşünas kimi çıxış etmişdir.

M.M.Axundzadənin fəaliyyəti mətbuatla da sıx bağlı olmuşdur. Onun bir şair kimi formalaşmasında qüdrətli ədəbi məktəbə malik "Molla Nəsrəddin" jurnalının əvəzsiz rolu olmuşdur. 1996-cı ildən ömrünün sonuna qədər jurnalın fəal əməkdaşı olan Axundzadə öz yaradıcılığında əsas etibarilə onun mövqeyində dayanmışdır.

M.M.Axundzadə şeirlərini, adətən, "Hatif" təxəllüsü ilə imzalayardı. Lakin onun başqa imzaları da vardı: "Nadi", "Mollapərəst", "Yoncasatan", "Hacıkəndli", "Həvvaz", "Hatifi-Gənceyi", "Gəncə şairi", "Qeybi", "Tamrançı", "Gözü ilə görən", "Molla Zoru", "Zalıbəy", "Köhnə şair". Bu imzalara "Şərqi-rus", "Həyat", "İrşad", "Açıq söz", "Yeni həqiqət" kimi qəzetlərdə və xüsusilə də "Molla Nəsrəddin" dərgisində tez-tez rast gəlinirdi.

Avamlığa, cəhalətə, dini xurafata, habelə cəmiyyətdə mövcud olan və onu tərəqqidən təcrid edən digər neqativ təzahürlərə qarşı mübarizədə elmin, maarifin olduqca gözəl, təsirli silah olduğunu yaxşı dərk edən M.M.Axundzadə 1910-cu ildə "Nəşri-maarif" cəmiyyəti tərəfindən H.Həsənzadə mətbəəsində nəşr olunmuş elmi-publisistik "Röyam, yaxud həqiqətə təsadüf" kitabında yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafının, yüksək təhsil almasının, çağdaş elmin sirlərinə dərindən yiyələnməsinin tərəfdaşı və təəssübkeşi kimi çıxış etmişdir.

M.M.Axundzadə, eyni zamanda, xalqının azadlığı uğrunda hər cür mübarizədən çəkinməyən vətənpərvər bir ziyalı idi. O, Gəncədə gizli şəkildə fəaliyyət göstərən "Difai" firqəsinin yaradıcılarından və ən fəal üzvlərindən biri olmuş, çar hakimiyyəti devrildikdən sonra Milli Komitənin, "Türk Ədəmi-Mərkəziyyət - Müsavat" partiyasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmiş, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında yaxından iştirak etmiş, yeni yaradılmış hökumətdə maarif nazirinin müavini vəzifəsində çalışmışdır.

Mirzə Məhəmməd Axundzadənin xidmətlərindən biri də qələmə aldığı "Şeyx Nizami" monoqrafiyasıdır. Əldə olan məlumatlar Mirzə Məhəmməd Axundzadənin kitabının Azərbaycandan kənarda da yayıldığını göstərir.

M.M.Axundzadənin "Şeyx Nizami" kitabı Nizami irsinin Azərbaycanda öyrənilməsinə bir növ yeni təkan verdi və tədqiqatçının gördüyü işlər, apardığı araşdırmalar sonrakı dövrlərdə şairin yaradıcılığının ayrı-ayrı problemlərinin etibarlı mənbələr əsasında daha dəqiqliklə çözülməsi işində ilk və sayalı addım oldu. Buna görədir ki, Nizaminin tədqiq tarixindən, nizamişünaslığın inkişaf yollarından bəhs edən tədqiqatlarda M.M.Axundovun "Şeyx Nizami" kitabı hörmətlə anılmışdır.

Mirzə Məhəmməd Axundzadənin zəngin irsi ədəbiyyatşünas alimlər tərəfindən yüksək qiymətləndirilmiş, ədibin əsərləri toplanaraq transliterasiya edilmiş və müasir Azərbaycan əlifbası ilə nəşr olunmuş, haqqında məqalələr, monoqrafiya yazılmışdır. Bu işdə ən böyük xidmətlər isə onun nəvəsi kinorejissor Nazim Rza İsrafiloğluna məxsusdur. "Mirzə Məhəmməd Axundzadə" monoqrafiyasının müəllifi olan Nazim Rzanın, babası və xalqı qarşısında növbəti xidməti isə Mirzə Məhəmməd Axundzadənin biblioqrafiyasının nəşridir. Nəfis şəkildə nəşr olunan Biblioqrafiyanın ön sözü də ona məxsusdur. Tərtibçi və ön sözün müəllifi Mirzə Məhəmməd Axundzadənin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.

Kitabda ədibin ayrı-ayrı vaxtlarda mətbu orqanlarda dərc edilmiş, yaxud ayrıca kitab şəklində nəşr olunmuş irsi biblioqrafik mənbənin tələblərinə uyğun şəkildə işıqlandırılmış, qaynaqlar dəqiq göstərilmişdir.

Təqdirəlayiq haldır ki, altı fəsildən ibarət olan Biblioqrafiyada Mirzə Məhəmməd Axundovun özünün sağlığında və ölümündən sonra nəşr olunan əsərlərinin, ona həsr edilmiş məqalə və kitabların göstəriciləri ilə yanaşı, ədibin həyat və yaradcılığından bəhs edən yazıların tam mətnləri, sənədlərin, kitabların üz qabıqlarının fotosurətləri, onun yaradıcılığı ilə bağlı Azərbaycan radiosu və televiziyasında gedən verilişlərin siyahısı da yer almışdır. Rus dilindəki mənbələr ayrıca göstərilmişdir. Qeyd edək ki, "Mirzə Məhəmməd Axundzadənin yaşam və yaradıcılığının başlıca tarixləri", "Köməkçi göstəricilər", "Mirzə Məhəmməd Axundzadənin əsərlərinin əlifba göstəriciləri", "Dövri mətbuatda, kitablarda, dərgilərdə çap olunmuş yazıların əlifba göstəricisi", "Haqqında yazılmış yazıların əlifba göstəricisi" bölmələri kitabın elmi dəyərini bir daha artırır.

Kitabın redaktoru tarix elmləri doktoru, professor Elmira Muradəliyeva "Biblioqrafiyanı" oxuculara belə təqdim edir: "Mirzə Məhəmməd Axundzadənin ömür yolunu və yaradıcılığını incələyən "Günəşə baxan insan" biblioqrafik kitabı çox gizlinlərə, unudulanlara, unutdurulanlara, çağdaş oxucuya bəlli olmayan yazılara, ədəbi söz yiyələrinin, tanınmış bilim adamlarının yazdıqları sözlər, söylədikləri düşüncələrlə yaxından tanış olacaqlar" (Elmira Muradəliyeva. Redaktordan. // Nazim Rza İsrafiloğlu. Günəşə baxan insan. Bakı, "Zərdabi nəşr" MMC, 2019. Səh.35).

Tərtibçi-müəllif sonda kitabın ərsəyə gəlməsində köməklərini əsirgəməyən ziyalılara təşəkkürünü bildirməyi də unutmamışdır.

İnanırıq ki, Mirzə Məhəmməd Axundzadənin yeni nəşr olunmuş biblioqrafiyası həm tədqiqatçılar, həm də həvəskar oxucular üçün qiymətli mənbələrdən olacaqdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!