Olduğu kimi görünən insan, yaxud mənim tanıdığım Nizami müəllim - Kərim Tahirov

 

Həzrəti Mövlana deyib ki, "Ey insan oğlu, ya olduğun kimi görün, ya da göründüyün kimi ol!" Dünyada ən kamil insanlar olduğu kimi görünən insanlardır desək, yanılmarıq. Belə insanların bir amalı, bir məsləki və bir qayəsi olur: bacardıqca hamıya yaxşılıq etmək, bacarmayanda isə, heç olmazsa pislik etməmək!

Mənim 20 ilə yaxın tanıdığım, dostluq və qardaşlıq etdiyim akademik Nizami Cəfərov məhz belə insanlardandır, belə bir yolun yolçusudur. Bu yol, bu amal onu cavankən ağsaqqal edib, sözün əsl mənasında "sanballı kişi" edib. O özü söz düşəndə xalq yazıçısı İsmayıl Şıxlıya "sanballı kişi" deyir, amma öz əməlləriylə, hadisələrə, insanlara münasibətilə o da "sanballı kişi" olub və özü də cavan yaşlarından!

Mənim, əslində, hamımızın tanıdığımız Nizami müəllim həm də ziyalılıq mücəssəməsidir, onun hərəkətlərindən, davranışından, ictimai həyatımızdakı mövqeyindən ziyalılıq, kamillik və mükəmməllik "tökülür" desək, yanılmarıq! Akademik Nizami Cəfərov təpədən-dırnağadək ziyalıdır, kamil insandır. Bu heç də "gəlişigözəl olan" söz, yaxud təşbeh deyil. Atalar gözəl deyib ki, "qardaşın necə adamdır?", cavab bu olur ki, "yol yoldaşı olmamışam!". Amma Nizami müəllimlə son 20 il ərzində dəfələrlə yol yoldaşı olmuşuq, xarici səfərlərdə olmuşuq və hər dəfə də o, mənim gözlərim önündə, sanki getdikcə möhtəşəmləşib, kamilləşib və daha da ucalıb; öz hərəkətləriylə, davranışı, oturuşu-duruşu ilə, insanlara münasibətilə! Bir dəfə onunla həmsöhbət olan, yol yoldaşı olan, ona "vurulur", onun duzlu-məzəli söhbətlərindən doya bilmir, ona valeh olur! Bir sözlə, "Nizami müəllimdən doymaq olmur"!

Mədəniyyətimizdə, ədəbiyyatımızda elə bir məqam, elə bir mütərəqqi addım olmur ki, Nizami müəllimin gözündən, qələmindən yayınsın. Nizami Cəfərov yeni nəşr olunan hər bir kitabı, yeni bir uğuru, yeni bir cəhdi hadisəyə çevirməyi bacaran cəsarətli bir alimdir və bununla da o, gənc müəllifləri, sənətkarları ruhlandırır, qanadlandırır və yeni-yeni uğurlara səsləyir.

Bu gün Nizami müəllim Azərbaycan ədəbi prosesinin önündə gedir, onun aparıcı qüvvələrindən biridir. Ədəbi prosesin fəal iştirakçılarının dərc olunan hər hansı əsərində xırda bir cücərti, müsbət bir meyil, mütərəqqi bir düşüncə bəhrəsi görürsə, dərhal ədəbi mətbuatda ona müsbət reaksiya verir, onun müəllifini daha böyük uğurlara ruhlandırır.

Mənə elə gəlir ki, Nizami müəllimin həm dilçilk elminin, həm də ədəbiyyatşünaslığın və ədəbi tənqidin sirlərinə yaxından bələd olması onun ədəbi-tənqidi prosesdə hadisəyə çevrilən sanballı çıxışlarının təməlini təşkil edir. Görkəmli alimin məqalələri, yazıları həmişə yersiz və şit təriflərdən, hədsiz şişirtmələrdən və məddahlıqdan uzaq olduğu üçün hamı tərəfindən rəğbətlə qarşılanır, alqışlanır. Onun neçə-neçə gənc müəlliflərin əsərləri haqqında yazdığı ədəbi-tənqidi yazıları onları daha sanballı əsərlər yaratmağa sövq etmişdir.

Azərbaycan dilçilik elminin inkişafında da akademik Nizami Cəfərovun xidmətləri danılmazdır. Onun Azərbaycan dilçiliyinin müxtəlif məsələlərinə dair çoxsaylı tədqiqatları dilçilik elmimizin ən qiymətli qaynaqlarından hesab olunur. Nizami müəllimin Azərbaycan televiziyasında uzun illərdən bəri apardığı "Azərbaycan dili" verilişi dilçiliyin müxtəlif problemlərinin müzakirəsində və çözülməsində əhəmiyyətli rol oynamışdır və oynamaqdadır. Bu verilişdə dilimizin lüğət tərkibinin zənginləşməsi, orfoqrafiyası, fonetikası və qrammatikası məsələlərinin görkəmli dilçi və ədəbiyyatşünas alimlərlə birgə müzakirəsi milyonlarla insanın mənən zənginləşməsinə bu gün də böyük təkan verməkdədir.

Ortaq türk dilinin və ədəbiyyatının, öyrənilməsi, tədqiqi və təbliği sahəsində də Nizami müəllimin xidmətləri böyükdür. 90-cı illərin əvvəllərində türk dilində danışan xalqların ortaq əlifbasının yaradılması ideyasının ilk müəlliflərindən biri də akademik Nizami Cəfərovdur. Hətta bu fikri reallaşdırmağa çalışan ilk beynəlxalq yaradıcı qrupun fəal üzvlərindən biri kimi 90-cı illərin ortalarında türkdilli ölkələrin dilçi alimlərinin sırasında ortaq bir əlifba layihəsini də işləyib hazırlamışdılar. Təəssüf ki, sonralar bu layihəni reallaşdırmaq mümkün olmamışdır. Böyük alim müasir türkologiyada sayılan, seçilən söz sahiblərindən biridir və Türk dünyasında onun fikirləri ilə hesablaşır, böyük hörmətlə yanaşırlar.

Nizami müəllim xalqımızın ulu öndəri Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda Atatürk Mərkəzini yaradan və uzun illərdən bəri ona böyük müvəffəqiyyətlə rəhbərlik edən görkəmli ictimai xadimdir, sözün əsl mənasında əsl türkçü-turançıdır. Onun rəhbərliyi ilə Azərbaycanda Atatürk Mərkəzi bir sıra uğurlu layihələr həyata keçirmiş və böyük uğurlara imza atmışdır. Bu Mərkəzin müvafiq mövzuya dair nəşr etdirdiyi cild-cild kitablar və digər nəşrlər müasir türkologiya elminin ən dəyərli və sanballı mənbələri sırasında öz yerini tutmuşdur və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanır.

Nizami müəllim çox təvazökar insandır, uşaqla uşaq kimi, böyüklə böyük kimi danışmağı, davranmağı bacarır. O, heç vaxt öz uğurları, nailiyyətləri ilə öyünməyi sevmir, onlara adi fəaliyyətinin məhsulu, nəticəsi kimi yanaşır. Bu 20 il ərzində heç bir vaxt onu "mən, mən", "bunu mən eləmişəm", "bunu mən ortaya qoymuşam", "bu fikir, bu ideya mənə məxsusdur" deyən görməmişəm. O bu məsələlərdə həmişə "bar verən ağac, başını aşağı dikər" prinsipi ilə hərəkət edib və bu cəhət də həmişə onu insanların gözündə, elm aləmində, ictimaiyyət arasında ucaldıb, dahiləşdirib! Öz ustadlarına, müəllimlərinə, ağsaqqallarına sayğı, hörmət də həmişə onu hamımıza sevdirib, bütləşdirib, ləyaqət, qədirbilənlik timsalına çevirib.

İnsanlara əl tutmaq, kömək etmək, gəncləri irəli çəkmək Nizami müəllim üçün həyat amalına çevrilib. Hələ gənc yaşlarında Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı işlədiyi vaxtlardan o, tələbələrin ən yaxın dostu olub, neçə-neçə tanımadığı tələbəni universitetdən "qovulmaqdan xilas edib", kasıb balalarına təqaüd verilməsinə kömək edib. Neçə-neçə gənc mütəxəssisin əlindən tutub elmin "hamar yollarına çıxarıb". Ən başlıcası isə elədiyi bu təmənnasız yaxşılıqlardan özü də ləzzət alıb! Nizami müəllim həmişə təmənnasız insan olub, ona müraciət edən insanlara böyük qayğı ilə yanaşıb, onlara kömək etməyə çalışıb, hətta özünə aid olmayan işlərdə belə, onların qabağına düşüb gedib və çox qapılar açıb.

Nizami müəllim Azərbaycanın ictimai-siyasi həyatında həmişə fəal rol oynayıb və bu fəaliyyətini bu gün də böyük uğurla davam etdirir. Bir neçə çağırış Milli Məclisin deputatı seçilən, uzun müddət Parlamentdə Mədəniyyət Komitəsinin sədri olan Nizami müəllim mədəniyyət sahəsinin qanunvericilik bazasının formalaşmasında da səmərəli fəaliyyət göstərib və mədəniyyət, ədəbiyyat, incəsənət və digər yaradıcılıq sahələrinin hüquqi-qanunvericilik bazasını təşkil edən mühüm qanunların qəbul olunmasında yorulmadan çalışıb və bu gün də çalışmaqdadır. Milli Məclisin deputatı kimi mütəmadi olaraq seçildiyi ərazinin sakinləri ilə görüşən Nizami müəllim ona müraciət edən seçicilərin problemlərinin həllində də onlara yaxından köməklik göstərməyə çalışır və bunun üçün müxtəlif təşkilatlara gedərək onlara fəal yardım göstərir.

Nizami müəllim həm də sədaqətli bir dostdur. O, dost qazanmağı, dost olmağı və dostluğu qiymətləndirməyi, həm də  təmənnasız dost olmağı sevir. Onun dostları onu qiymətləndirməyi bacarır və onu sevirlər. Nizami müəllimin dostları təkcə ölkəmizdə deyil, digər ölkələrdə də, xüsusilə türkdilli ölkələrdə də çoxdur. Mən Türkiyədən, Qazaxıstandan, Tatarıstandan tutmuş Çuvaşıstana, Xakasiyaya və Tuvayadək bütün türk dünyasında onun necə sevildiyinin, necə hörmətlə qarşılandığının şəxsən şahidi olmuşam və belə bir dahi şəxsiyyətlə, böyük insanla dost olmağımla həmişə fəxr etmişəm!

Nizami müəllim hansı ölkədə olur-olsun, hansı bir elmi konfransda, elmi simpoziumda iştirak edirsə-etsin, həmişə xalqımıza, elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza başucalığı gətirib. Onu dinləyən hər bir vətənpərvər azərbaycanlı onunla eyni soykökə malik olduğu ilə fəxr edib!

Nizami müəllim harada olur-olsun, heç vaxt hansı xalqın övladı olduğunu unutmayıb, həmişə və hər yerdə mənsub olduğu xalqa, millətə, dövlətə başucalığı gətirməyə çalışıb və həmişə də buna nail olub - desək, məncə, yanılmarıq!

Nizami müəllim mənsub olduğu xalqın mədəniyyətinin və milli-mənəvi dəyərlərinin, xalqımızın mütəfəkkir oğullarının ədəbi irsinin bütün dünya miqyasında təbliği istiqamətində də böyük işlər görmüşdür və görməkdədir. O, harada, hansı tədbirdə olur-olsun, minilliklər boyu xalqımızın yaratdığı ədəbi mirası, onu yaradan dahi simaları - böyük Nizamidən, Nəsimidən, Füzulidən, Şah İsmayıldan tutmuş Axundzadəyə, Sabirə, Səməd Vurğuna, Vaqifə, Bəxtiyar Vahabzadəyə, İsmayıl Şıxlıya qədər olan dahi şəxsiyyətlərimizi böyük şövqlə və məhəbbətlə təqdim və təbliğ edir, onlardan böyük fəxarətlə danışır. Bu da onun xalqını, millətini və dövlətini böyük məhəbbətlə sevməsinə dəlalət edir.

Nizami müəllim böyük ürəkli insanlardandır, o, hansı bir işlə məşğul olur-olsun, ora öz ürəyini qoyur və ürəyinin, qəlbinin səsi, odu ilə həmin işlərə yanaşır ki, bu cəhət də onu daha böyük uğurlara gətirib çıxarır. Nizami müəllim nə yazırsa və nədən yazırsa, onu ürəkdən yazır, yanaraq yazır. Bu insan üçün "boğazdan yuxarı, yarımçıq, yaxud alayarımçıq iş" yoxdur. Bu xüsusiyyət də yalnız kamil insanlara məxsus olur. Bu da Nizami müəllimin kamil bir şəxsiyyət olmasından xəbər verir.

Mən yazımın əvvəlində dedim ki, Nizami müəllim "olduğu kimi görünən insandır". Çünki o, konyunkturaya uyub yarımçıq söz danışan alim deyil. O, bir mövzu, məsələ haqqında ya böyük ürəklə yazır, ya da heç yazmır! Onun üçün yarımçıq bir şey yoxdur, "yazmaq xatirinə nə isə yazmaq" onun üçün yaddır, qəbulolunmazdır. Bu da şəxsiyyətin bütövlüyünə, şəxsiyyət olmasına dəlalət edir.

Nizami müəllim hələ gəncdir, 60 yaş nədir ki, onun ömrünün məhsuldar, yazıb-yaradan çağlarıdır. Amma onun bu biblioqrafiyasını tərtib etdikcə düşünürsən ki, 1300 məxəz-kitab və məqalə bu yaş üçün çox deyilmi? Ancaq onda təskinlik tapırsan ki, bunlar hamısı geriyə baxmadan yazıb-yaradan barlı-bəhrəli bir ömrün naxışlarıdır, palitrasıdır. Nizami müəllimin alim, ziyalı ömrünün bar-bəhər gətirən çağları, illəri hələ irəlidədir. Biz onun yaxın dostu olduğu Milli Kitabxananın kollektivi Nizami müəllimi bu yubileyi münasibətilə ürəkdən təbrik edirik, uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!

Yorulmaq bilmədən yazıb-yaradan, xalqını, vətənini, elini, obasıni böyük məhəbbətlə sevən ürəyin, qəlbin var olsun! Yüz yaşa, qardaşım!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!