Türkçülüyün, Azərbaycançılığın yeni paradiqmaları “İdrakın üfüqləri”ndə... - Tahir TAİSOĞLU

Nizaməddin Şəmsizadənin«İdrakın üfüqləri» kitabı haqqında

 

İnsanı "Allah əmanəti olan Ruhun daşıyıcısı" hesab edən filosof-tənqidçi, nəzəriyyəçi, ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin "İdrakın üfüqləri" adlı ("Şərq-Qərq" nəşriyyatı. Bakı. 2019) ədəbi-tarixi mövqeyimizi, türkçülük, azərbaycançılıq, ana dili, şəxsiyyət, müstəqillik dövrü ədəbi proseslərin tədqiqini əks etdirən kitabı ərsəyə gəlmişdir. Əsasən novatorluq cizgiləri ilə bədrlənmiş bədii əsərlərin, ədəbi olayların araşdırmaları çərçivəsində və son zamanlar ədəbi-fəlsəfi narrativlərdə öz ərazisini genişləndirən müəllif qələmə aldığı yazılarının kökündə milli mənlik məfkurəsini modern fikir və düşüncə paralelləri boyu təhlil edib oxucunun diqqət mərkəzinə gətirir. Tənqidçi alim Nərgiz Cabbarlının elmi redaktorluğu ilə nəşr olunan bu kitabın ədəbi-bədii və elmi-fəlsəfi tərəflərində bir müddət gəzib, dolanıb, düşüncələr aləmində, müəllifin bəlirtisi ilə yaxın-uzaq yollara çıxdım. Gördüm ki, ədəbi-bədii elmi-fəlsəfi hadisələrin analogiyasını araşdıran Nizaməddin Şəmsizadə bu kitabda dörd aktual mövzunu: Türkçülük, İdrakın üfüqləri, Tənqiddə meyarsızlıq sindromu və Ədəbi-fəlsəfi mülahizələr - başlıqlı, müasir ədəbi tənqidin estetik, üzə çıxarılası problemlərini özünəməxsus, yeni düşüncənin çalarları, öz orijinal parametrləri ilə simvolizə edir. Deterministik ilgilərdə yozuma gələn, geniş diapozona bağlı, diqqətli və həssas yanaşmaların semiotik çözümündən damcı-damcı süzülüb (bir bərni şəffaf təmiz su qismində!) kitab halına düşən bu elmi, fəlsəfi, ədəbi, həm də bədii düşüncələr toplusu artıq qanadlanıb yeni, dəyərli əsərlər düzümünə, uzaqlara istiqamət götürən durna qatarlarının cərgəsinə qoşulmuşdur.

Biz ən çox birinci hissədə, "Türkçülük" adlanan fəsildə daha obrazlı məna və dərin ekzistensial fəlsəfi dəyərlərlə oxucunu öz arxasınca apara bilən həmin yazı üzərində dayanacağıq. Adını çəkdiyimiz həmin hissənin "qanın"dakı, "canın"dakı yetkin, ucaman bir türk sevdası, açıq, tendensiyalı, həm də çoxqatlı düşüncə konuları ilə səsləşən maraqlı və fəlsəfi interpretasiyalar üçün, xırman yeri kimi dolu, urvatlı münbit mənbə olduğunu desək, güman ki, yanılmarıq. Həmin bu kontekstdən yanaşsaq, "Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir" deyən filosof-tənqidçinin "Dünya ona görə gözəldir ki, orada türklər yaşayır" deyimi ilə üz-üzə, nəfəs-nəfəsə dayanır. Hər iki deyimin ilıq, isti hənirtilərində başqa bir möhtəşəm, poetik bir deyim də boy göstərir: "Mən türkəm!" - demək and içməkdir!".

Nizaməddin Şəmsizadə indi bəzi mətbuat səhifələrində hər yerə basqı edən, ölçülü-biçili, ütülənmiş fikir və düşüncələr cəngəlliyindən qaçaraq konkret yeni söz söyləmləri ilə öz fərqliliyini göstərir, dünyayabaxış fonunda türk eposuna zaman kontekstindən, həm tarixi-fəlsəfi, həm də bədii forma kamilliyinin yüksəkliklərindən, intuitivlik bir pillələrinin ideallığından baxaraq yazır: "Türk demokratizmi bütün dünyaya nümunədir. Onun əsasında azadlıq təşnəsi olan könüllərin arzusu dayanır. "Türklərdə "Ana haqqı - Tanrı haqqı" deyimi vardır. "Xanımların ətrafında namusdan çəpər çəkilmişdi, türk qızı öz ruhunda və vücudunda zərifliklə qəhrəmanlığı birləşdirdi", - deyə sözünü davam etdirir.

Müəllifin fikrincə, "İnsan yerlə göyün - səmanın sərhədində yaşayır, insan göylərə - Allahın bərqərar olduğu yeddinci qata sitayiş etməsə, yaşaya bilməz".

Yeni bədii - fəlsəfi-estetik çalarlarla sürəkli yola çıxan, həm açıq, həm də üstüörtülü təhkiyə predmetləri əsərdə turançılıq ideologiyası ilə bütövləşir, dərin bir profil üzərində bərqərar olaraq sualtı gəmilər kimi gah dərinliklərdə qərq olur, gah da öz üslub dərinliyi və önəmli məntiq çevrəsi ilə təzədən üzə çıxır. Bu çarpazlaşmaların incə, zəngin konstruksiyasında Nizaməddin Şəmsizadə söz xiridarı kimi özünü incələyərək ruhunun atası yenə də, bir daha yenə də söz olduğu şövqlə təsdiqləyir. Tanınmış, görkəmli alim Nizaməddin Şəmsizadə maraqsız, bozumtul adamlara üz çevirərək deyir ki, türkün gözü qıyıq olsa da, gözü dar, qıpıq (!) deyil, türklər heç bir çağlarda gözükölgəli, gözüqıpıq olmamışlar, çünki türk igidləri, ərdəmləri at üstündə, yəhərdə doğulmuşlar!

"Vətən əxlaqı"ndan (Z.Göyalp) bəhrələnib torpağını qoruyan, sevən, əkib-becərən insanlar - türklər həqdən qopub gələn bu nur parçaları olmuşlar. Kitabda toplanmış dörd fəslin hamısına nəzər salanda həmin araşdırmaların ictimai-siyasi və milli məna çiləsindəki əsas mahiyyət - elmi-konseptual düşüncə tərzində beləcə bütövləşir: "Bəli, türklər tarixin izi ilə getmədilər, öz tarixlərini - türk tarixini yaratdılar, türkün ruhu tarixə, sümükləri Yer kürəsinə dayaqdır!". Əslində, təkcə elmi-nəzəri səpkidə deyil, həm də poetik çalarlarla, duyğusal və şeirsal ruhda qələmə alınmış əsərin "Türkçülük" hissəsində bütün türk dünyasının mücahidi olan Əli bəy Hüseynzadə ilə bağlı üçlü düsturunun qədirbilən, alizövqlü insanlar üçün yeni üfüqlər açdığını, həmin düsturun şərhində özünü göstərir: "Türkləşmək, islamlaşmaq, avropalaşmaq!".

XX əsrin əvvəllərində türkçülər Əli bəyi peyğəmbər səviyyəsində qəbul etdilər, - deyə müəllif fikrini davam etdirir, yazır ki, o zaman Məhəmməd Hadi, Hüseyn Cavid isə turançılığın ideoloqları idi. Hər üç mütəfəkkirin - Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin, Məhəmməd Hadinin türkçülük məfkurəsi ilə bağlı yazıb yaratdıqlarının ərazisi, miqyası tarixi-milli dəyərlər baxımından indi də qürur mənbəyimizdir.

Kitabın yeni elmi və təzə estetik bir profil yanaşmaları ilə yazılması, alliterasiya, məna, söz sıxlığı baxımından araşdırılan mövzulara yeni sferalar üzərindəki obyektiv təhlil diqqət cəkir. Filologiya üzrə fəlsəfə doktoru Azər Turanın "Azərbaycan bədii düşüncəsində modernizm dalğası ilk dəfə Əli bəy Hüseynzadənin yazılarında qabarmışdır" deyiminə qarşılıq, professor Nizaməddin Şəmsizadə turançılıq ideologiyasının banisinin - Əli bəyin modernizmlə bağlı bir xatırlatmasını da önə cəkir: "Nə qədər ki, biz Avropanı beynimizdə həzm eləməmişik, o çağadək avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq". Hər iki alimin həm Nizaməddin Şəmsizadənin, həm də Azər Turanın bir-birilə baxışan, düşüncə və məna baxımından bir-birinə isinişən bu saf-qatqısız fikirlərinin mənəvi müvazinətləri biri digərinə dayaq durur. Azərbaycançılıq ölkəmizdə millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqəsi müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsi kimi təqdim olunur. Göstərilir ki, Azərbaycançılıq türk əsil Azərbaycan xalqının milli ideologiyasıdır. "Yeri gəlmişkən, bu mənada Anarın da Azərbaycançılıq düşüncəsi türk tarixinin ən dərin qatlarına və türk coğrafiyasının ən ucqar guşələrinə qədər saxələnir və yayılır" (Azər Turan. "XX əsr - Fəryadın metafizikası". "Elm və təhsil" Bakı. 2017. )

Haqqında bəhs etdiyimiz kitabda türk epos mədəniyyətinin dünya tərəfindən hələ də kifayət qədər öyrənilməməsi ilə bağlı ədəbi qınaq vurğusu yapan müəllif, bu eposun həm tarixi-fəlsəfi, həm də bədii forma kamilliyi, zənginliyi baxımından tükənməz, bitməz bir xəzinə olduğu da göstərilir. Türkün düşmənlərinə, türkləri köçəri adlandıranlara cavab olaraq əsərin ümumi ruhundan bir sual şölələri tez-tez yanıb sönərək diqqət işarələri ilə soruşur: - Köçərilər tarixdə on yeddi imperiya yarada bilərdimi? Bu bir. İkinci: dörd min ildən artıq sürəkli tarix boyunca türklər öz vətənlərinin o başından, bu başına - Sibirdən, Orta Asiyadan, Ural - Altaydan, İtil boyunca keçə-keçə Mancuriyadan, Macarıstana kimi böyük səfərlər etmiş bir xalq köçəri ola bilərdimi?!

Türk yürüşləri, səfərləri, torpaq genişləndirmək, (N.Şəmsizadə onu da qeyd edir ki, torpaq (!) qədim türklərin simvolu olmuşdur) yer, ərazi artırmaqla bağlı deyildi, onun mahiyyətində, əsas cövhərində möhtəşəm bir çöl mədəniyyətinin özəllikləri, şaxələri dururdu. Nizaməddin Şəmsizadə tarixi gerçəkliklərə bel bağlayaraq yazır: "Türklər torpaqlarını artırmaq üçün yürüş - köç etmirdilər, daha çox mədəniyyətlərinin, idraklarının üfüqlərini, modernizm estetikası ilə dolu düşüncələrini yaymaq üçün köç edirdilər. Türk yürüşlərinin tarixi və təcrübəsi göstərir ki, onlar Avropanı fəth etməyə getmir, Avropaya mədəniyyət aparırdılar".

Attilanın saraylarında isə əcnəbi qonaqları, hətta onların gəlişinin məqsəd və məramını bilməmiş onların duz-çörəklə, balla, hətta ansamblla qarşılanması da tarixi reallıqlar sırasındadır. "İdrakın üfüqləri"ində üzə çıxan, oxucuya təqdim edilən maraqlı bilgilərdən biri də "Türkün silahı və sərvəti - türkün dilidir" kimi şərəfli, müqəddəs mehraba üz tutmaq, baş qoymaq düşüncəsi, haqqında danışdığımız mətləbin, söhbətin mərkəzinə gətirilir: Ana dili... Azəri türkcəsi...

"Harda türkcə danışan səs eşidirəm, dönüb ora salavat çevirirəm, türkün səsi gələn səmt mənim qibləmdir", yazır kitabın müəllifi. Yada doktor Nərimanovun XX əsrin əvvəllərində böyük bir eşqlə yazdığı bü sözlər düşür: "- Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyyət, qəlbi oyandıran bir kəlmə! Nə qədər möhtəşəm nə qədər əzəmətli bir qüvvə! Ana dili!" - amacıyla türk dilini o dünyanın ən şirin və zəngin bir dil olduğunu tarixin səhifələrinə, yaddaşına nəqş etdirmişdir. Türk təfəkkürünə rəğmən Göylə Yerin əbədi vəhdətini dərin duyum, fikir övkəsi ilə ilahiləşdirən Çingiz Aytmatov isə bu dili - türk dilini, sülh dili adlandırmışdır.

Yeri gəlmişkən: Bir halda ki, söz sözü çəkdi, onu da deyək ki, qədrini hələ indi az bildiyimiz doktor Nərimanov hələ 1922-ci ildə Bakıda "Latın əlifbasına keçid" komitəsinə sədrlik etmişdir. Ondan iki il sonra isə Moskvada türk yazısı üçün latın şriftləri assosiasiyası yaradılmışdı. 1921-ci ilin son günlərində - dekabrın 30-da Darülmüəllimin salonunda şura ziyalılarının ümumi iclasında türk əlifbası ilə əlaqədar keçirilən iclası da Nərimanov özü açmışdı və həmin toplantıya sədrlik etməyi Hüseyn Cavidə taşırmışdı (Azər Turan. "XX əsr - Fəryadın metafizikası". "Elm və təhsil". Bakı. 2017.).

Artıq neçə illərdi ki, biz latın qrafikasının içindəyik, Allah hər ikisinə - N.Nərimanova da, H.Cavidə də rəhmət eləsin.

Nizaməddin Şəmsizadə həmin kitabında bütün türk dünyasının böyük aydını Mehmet Fuad Köprülüdən bir ixtibas gətirmişdir: "Türk ədəbiyyatlarının bütün əsərləri tərəzinin bir gözünə, "Kitabi-Dədə Qorqud" digər gözünə qoyulsa, "Kitabi-Dədə Qorqud" tərəfi ağır gələr". Beləliklə, Azərbaycan eposunun zirvəsi, əslində, şah əsəri - ana kitabı "Kitabi-Dədə Qorqud" dastanıdır. "İdrakın üfüqləri" əsərinin müəllifi yazır ki, Moskva yaxınlığında, Ximki şəhərinin arxivində saxlanılıb qorunan bir arxiv mənbəsində göstərilir ki, eramızın II əsrində Bizansdan türklərə bir nümayəndə gəlmiş özləri ilə yazılı müqavilənamə də gətirmişdir. Türklər də buna cavab olaraq Bizansa başqa bir müqavilə göndəriblər. Bu sənəd Oğuz türkcəsi ilə yazılıbmış. Deməli, II əsrdə türk dili rəsmi dövlət dili idi. "Kitabi-Dədə Qorqud" eposunun əsas ideyası isə türk tayfalarını - 24 Oğuz tayfasını vahid xalq, bütöv dövlət halında birləşdirməkdən ibarət olmuşdur. Həmin fəslin əsas qayəsində "Kitabi-Dədə Qorqud" eposunda türk dövlətçiliyi möhkəm ideologiyaya - türkçülüyə əsaslanan hərbi güc üzərində qurulan monolit sistemin haqqında dəyərli mülahizələrdir.

Müəllif qeydlərini nikbin notlarla yekunlaşdırıb yazır ki, "Türkün tarixi zəngin, bu günü şərəfli, gələcəyi parlaqdır. Bu gün dünyanın ən böyük milləti olan türk törədən Turana gedir".

"İdrakın üfüqləri" kitabının müəllifi " Türkçülük" hissəsindəki mövzu ilə bağlı geniş informativliyi kontekstində qədim türk eposu ilə "Kitabi-Dədə Qorqud"dakı müdriklik bilinci ilə zirehlənmiş Dədə Qorqudun özünü, Qazan, Beyrək, Basat, Qanturalı kimi qorxmaz oğullarımızı, Qaraca Çobanı - el igidini, Burla xatun, Banıçiçək timsallı namus çəpərinin içində zərifliyi və qəhrəmanlığı birləşdirən xanımı, igidlər igidi Dəli Domrulu İstanbul ərdəmləri ilə identifikasiya edərək ruhən bir daha yaxınlaşdıraraq, eyniləşdirərək ideal bir istinaq mərkəzində tərənnüm etmək istəyinə nail olmuşdur. Onsuz da tarixi köklər baxımından bütün parametrləri ilə indi "bir millət - iki dövlət" - (ümummilli lider Heydər Əliyev) olan Türkiyə və Azərbaycan tarix üzərində yenə də qələbəyə doğru birgə irəliləyir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!