Xalq şairi Qabilin "Nəsimi"si - Bahar Bərdəli

 

Şöhrət ordenli, Respublika Dövlət mükafatı laureatı, Xalq şairi Qabilin "Nəsimi" poeması onun poeziyasının zirvəsi hesab olunur. Poema on dördüncü əsrdə yaşamış filosov-şair İmadəddim Nəsiminin həyat və yaradıcılığından, fəaliyyətindən bəhs edir.

Yeri gəlmişkən qeyd eləyim ki, Nəsimi haqqında bir çox bədii əsərlər yazılmışdır. Nəsirdə ən böyük əsər İsa Hüseyinovun "Məhşər" romanıdır. Nəzmdə isə Əli Kərimin 1969-cu ildə yazdığı "Şəhidliyin zirvəsi" kiçik poeması, 1972-1973cü ildə Xalq şairi Rəsul Rzanın yazdığı "Son gecə" poeması və onlarca şeirlər ədəbiyyatımızda özünəməxsus yer tutmaqdadır. O dövrdə Azərbaycan Respublikasının Birinci Katibi olmuş Heydər Əliyevin də bu məsələdə böyük və danılmaz xidmətləri vardır. 1970-ci ildə Suriyada səfərdə olarkən Nəsiminin qəbrini ziyarət edən H.Əliyev məzarlığın abadlaşdırılması üçün göstəriş vermişdir. Məhz onun təşəbbüsü ilə Nəsiminin 600 illik yubleyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilmişdi. Bütün bunlardan sonra həm ölkə daxilində, həm də beynəlxaq aləmdə Nəsimiyə, onun yaradıcılığına, həyatına, fəaliyyətinə, təriqətinə maraq xeyli artmışdı. Haqqında tədqiqat xarekterli məqalələr, elmi əsərlər yazılmışdı.

Nəsimiyə həsr olunmuş poemalar içərisində Qabilin "Nəsimi"si həm həcminə (on iki min misradı), həm obrazlar qaleriyasına, həm də təsvir, tərənnüm olunan ərazi-ölkələr, şəhərlər baxımından çox fərqlənir. Akademik Bəkir Nəbiyev qeyd edir ki, "Əvvəlcə poema kimi düşünülmüş "Nəsimi" bu janrın hüdud və imkanlarını aşıb keçmiş, orjinal mənzum roman kimi ədəbiyyatımızın qiymətli nümunələri sırasına daxil olmuşdur".

Poema üç hissədən və altmış səkkiz başlıqdan ibarətdir. Əsər "Heyrət" adı ilə başlayır. Bu, on dördüncü əsr şairinin iyirminci əsr şairinə müraciətidir. Nəsimi heyrətlə, eyni zamanda minnətdarlıqla soruşur:

Tarixin tilsimli yollarıynan sən,

De görüm yanıma necə gəlmisən?

On dördüncü əsrin şairi öz əqidəsini də qısa şəkildə belə açıqlayır:

Mən özümdə tapdım öz allahımı,

"Ənəlhəq" söylədim gizlin, aşikar!

...Mən yollara çıxdım bu etiqadla,

"İnsanam - allaham", dedim inadla!

Əsər Nəsiminin saralıb batan Günəşindən sonra qızaran dan yeri, açılan sabahlarına çevrilərək onun əbədi yaşamasına işıq salır. Nəsimi bu əsərləhəm dəyeni və əbədi bir ömür qazanıb.

İkinci başlıq "Qiymət" adlanır və burada Qabil Nəsiminin heyrətinə elə heyrətləcavab verir:

Mənim şair babam, sənə qiyməti,

Bir nəfər verməyir, bir millət verir!

Sonrakı "Şahi Xəndan", "Hüseyini", "Mən tək qaldım" və s. birinci hissədə cəmi on iki başlıq altında Nəsimi öz uşaqlıq və mədrəsə illərindən danışır. Poema bəzi istisnalarla Nəsiminin öz dilindən söylənilir. Əsər eyni sujet xətti üzrə gedir. O, ata-anasını tez itirməsindən, uşaqlığından ona qardaşı Şahi Xəndanın baxmasından, lakin onun da tez ölümündən, tək qalmasından bəhs edir. Bütün bu çətinliklərə rəğmən Nəsimi dini təhsil alaraq mədrəsəni bitirir.

Xalq şairi Nəriman Həsənzadə "Hünərin tərənnümü" adlı məqaləsində yazır: "Şair Qabil İmamverdiyev belə bir çətin mövzunun poetik tədqiqinə girişdi, xalqımıza qiymətli hədiyyə verdi. On il bu əsər üzərində işlədi." Demək, Qabil bu əsəri yazmaq üçün tarixi məxəzlərnən yanaşı, Şamaxıdan başlamış Nəsiminin keçdiyi bütün yolları, əraziləri - şəhərləri, ölkələri,qalaları, qəsrləri qarış-qarış gəzmiş və bu yerlərə Nəsiminin gözüylə baxmış, onun diliylə təsvir-tərənnüm etmişdir.

Əsərin ikinci hissəsi "Şair sariban" adı ilə başlayır və Nəsiminin Şamaxıdan Bakıya gəlişini, burada Xanəgah - hürufi mərkəzini açmasını, onun fəaliyyətini əks etdirir.

İkinci hissənin sonu "Səməndər quşu" adlanır. Bu başlıq altında yüksək şeriyyətlə təsvir olunmuş hadisələr əsərin ən çox oxunaqlı, qürurverici və heyrətediləcək hssəsidir, desək, yanılmarıq. Təbrizin Şəhadət meydanı insan seliylə dolub daşır. Meydanın mərkəzində tonqal çatılıb.Tonqalın bir tərəfində əl-qolu bağlı Fatimə, yanında da nişanlısı Cavid dayanıb. Bir tərəfində isə cəlladlar - Qazi Nurullah, əlində fərman olan axund, əmir Zülfiqar və başqa ruhanilər qövsvarı düzülüblər.

Nurullahın təhqirli çıxışından, ölüm hökmünü oxuyandan sonra Fatiməyə son söz verilir. Fatimə çox sakit, qürurla, fəxrlə çıxış edir. Sanki öz toyunda tost deyir:

Yanımdadır nişanlım, meydan - toy otağımız...

Gəlinlik şamlarımdır hər şöləsi tonqalın.

Niyə sakit baxırsız, ay bizim qonağımız?

Qəhqəhə çəkin bax belə, durun, oynayın, çalın...

Elə bu zaman iki əl Fatiməni qaldırıb tonqala atır. Lakin qızı havada tutan əllər onun tonqala düşməsinin qarşısını alır. Meydanda hürufi fədailəri ilə dövlət adamları arasında böyük qarşıdurma yaranır:

Yarıldı meydan, qırıldı zəncir,

Kərən sındırar gücü birliyin.

Atlılar  atından salındı bir-bir,

Yaman olurmuş öcü birliyin!

Demək, Nəsiminin xahişi, təşəbbüsü ilə Fatiməni tonqaldan xilas edən gənc hürufçu Fəda idi. Şair onları dərhal gecə ikən Ərdəbilə yola salır, özu isə dərviş paltarında Rum elinə yola düşür.

Akademik Bəkir Nəbiyev əsərin oxunaqlı olmasını belə izah edir: "Əsərin əsas müfəvəqiyyəti, heç şübhəsiz, orta əsrlərdə yaşamış böyük Azərbaycan humanisti, mübariz şair, cəfakeş insan İmadəddin Nəsiminin bədii surəti ilə bağlıdır. Qabilin Nəsimisi xalqın həyatı, ənənəsi, arzuları ilə qırılmaz tellərlə bağlı olan mütəffəkkir, ana dilli şerimizi yüksək mərhələyə qaldıran bənzərsiz sənətkardır." Əlbəttə, əsərdə söhbət böyük Nəsimidən, onun bənzərsiz şeirlərindən, bütün qüvvəsilə xalqı, vətəni üçün bacardığını etməsindən, bununçün həyatını da təhlükəyə atmasından gedir. Lakin Qabilin də burda istedadı, bacarığı, əzmkarlığı, şeriyyəti danılmazdır. "Allah Qabili elə bil məxsusi bir missiya ilə insanlar arasındakı nəcib, xeyirxah münasibətlərin generatoru, təşkilatçısı xəlq etmişdir."-deyir akademik.

Şair Əlağa Kürçaylı isə əsərin oxunaqlı olmasını belə izah edir: "Qabilin rəvan şeriyyətlə təsvir və tərənnüm etdiyi hadisələr, fikirlər ona görə oxucunu fövrən öz təsiri altına sala bilir ki, hər misra , hər bənd, hər fəsil şair qəlbinin odu, atəşi ilə isinmiş, cilalanmışdır." Eyni zamanda Ə.Kürçaylı haqlı olaraq həm də göstərir ki, "Məzmuna görə forma seçmək, formaya görə ifadə vasitələri tapmaq bacarığı "Nəsimi" poemasında Qabilin sənətkarlıq imkanlarını açıq-aydın nümaiş etdirir.

Əsərin üçüncü hissəsi Nəsiminin Konya səfəri ilə başlayır. Burada şəhərin təsviri xüsusilə diqqəti çəkir. Şair Konyanı Təbrizlə, Bakı ilə müqayisə edir:

Təbriz enişidir elə bil eniş,

Konya dirsəklənib dağ ətəyinə.

Qala divarları görünür diş-diş,

Bakıya dönürəm elə bil yenə.

Poemanın "Qalada bir quyu var", "Məhkəmə" başlıqları altında son fəsillərində Nəsiminin Hələbdə həbs edilməsi və məhəkəmə prosesi təsvir olunub. Həbsdən sonra qırx ərşin quyuda saxlanılan Nəsimi özü - özünə burda - quyunun dibində bir "məhkəmə də qurur" :

Necə sığdın quyuya bəs,

Ey cahana sığışmayan?

Məkan oldu sənə məhbəs,

Ey məkana sığışmayan! 

Əsərdə oxucunu heyrətə salan səhnələrdən biri Nəsiminin məhkəmədə verilən suallara dəqiq, qəti və aydın cavablarıdır. "Sən allahın varlığını danıb, insana allah deyirsən!"- Niyə? Ruhanilərin iradına şairin cavabı:

Allaham, insana həyat verən mən,

Allaham, insana nicat verən mən.

İnsanam, insana gərək olan mən,

İnsanam, insana kömək olan mən!

Məlumdur ki, məhkəmədə Nəsimini edam etmək üçün tutarlı fakt tapa bilmirlər. Ruhanilərin canfəşanlığına baxmayaraq yerli hakimlər ona nə cəzası verməyi belə müəyyən edə bilmir. Əmir Yaşbək üzünü şairə tutaraq soruşur ki, tövbəyə izin verilsəydi onun cavabı nə olardı?  Şairin cavabı  yenə qəti və aydındır:

Oğurluq edənlər tövbə eləyər,

Səhv yola gedənlər tövbə eləyər,

Yaxşıya pis deyənlər tövbə eləyər,

Qızıla mis deyənlər tövbə eləyər,

Quru böhtançılar tövbə eləyər,

Qara yalançılar tövbə eləyər...

Bəs mənim tövbəmin nə olsun adı?

Hansı xəta çıxıb əlimdən, deyin?

Qəbul elədiyim bir etiqaddır,

Zorla hökm edirəm sizə mən, deyin?

Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı "İyirminci əsr Azərbaycan poeziyasında Nəsiminin bədii obrazı" adlı məqaləsində bu səhnəni Rəsul Rzanın "Son gecə" əsərində təsvir olunmuş eyni səhnə ilə müqayisə edir və göstərir ki, hər iki əsərdə cavablar eynidir. "R. Rza Nəsiminin daxili yaşantılarını, düşüncələrini, duyğularını təqdim etməklə həm də onun əzəmətini təqdim edirdi."- deyir alim.

R. Rzanın "Son gecə"sindəki Nəsimiyə eyni sözü zindan gözətçisi deyir: "Tövbə et, günahlarından keçsinlər!" Nəsiminin cavabı burda bir qədər fərqlənir:

- Qoca!

Böyük həqiqətə,

Doğru sözümə tövbə deyimmi?

Hər yanda zülmü, səfaləti

Görən gözümə tövbə deyimmi?

...Mən deyirəm Allahın

Canlı təbəssümü

Sənsən, mənəm.

Allahın damlası insan özüdür,

İnsan düşüncəsi, doğru sözüdür...

Göründüyü kimi, müəyyən fərqlər də yox deyil. Qabilin Nəsimisi  şəxsən özündən danışır. R.Rzanın Nəsimisi isə cəmiyyətdə gördüklərindən də bəhs edir.

Aygün Bağırlı məqaləsində başqa bir məsələni də xatırladıb, yada salır: "Biz Nəsimi haqqında yazılmış bədii əsərləri nəzərdən keçirdikcə şairin həm əfsanələşmiş, həm də gerçəkləri ifadə edən bədii obrazını görürük. Bəzi məqamlarda yalnışlıqlara da rast gəlindi ki, bu da sovet ədəbiyyatşunaslığının ictimaitə təqdim etdiyi Nəsimidir... XX əsrin bədii ədəbiyyatındakı Nəsimi elmi ədəbiyyatdakı Nəsimidən bir boy ucadır".

İndi dərc edilən bir çox məqalələrdə qeyd edilir ki, guya Nəsiminin diri-diri soyulması həqiqəti əks etdirmir. Xeyr, bu həqiqətdir. Çünki bu dövrün cəza qanunları yuxarıda sadaladıqlarımdır, onun da birini - diri-diri soyulmağı Nəsimiyə tədbiq ediblər.

Bir də bəzi məqalələrdə göstərilir ki, guya Nəsimi edam edilərkən kəlmeyi-şəadətini söyləyib. Bu fikir də məntikli deyil. Dini qanunlara, ruhanilərin özbaşınalığına qaşı çıxan, insanı qul adı ilə alıb-satan, onu istədiyi kimi işlədən, alçaldan, məhv edən, insanlığı öldürən qaydaları yüksək səslə kənd-kənd, şəhər-şəhər, ölkə-ölkə gəzib tənqid edən mütəffəkkir şair bunu etməzdi. Əgər edə bilsəydi elə əvvəldən, ona təklif olunanda ki, tövbə et, səni bağışlasınlar, onda bunu edərdi. Tövbə nə demək idi? Yəni səhv eləyib dini qanunlara qarşı çıxıb, indi onları olduğu kimi qəbul edir. Bu isə Nəsimiyə xas çəhət, xarakter deyildi.

Daha bir məsələ, tədqiqatçıların bir çoxu qeyd edir ki, şairin məşhur  "Zahidin bir barmağını kəssən, dönüb həqdən qaçar" adlı şeiri ona məxsus deyil. Guya sonradan onu sevənlər-müridləri tərəfindən yazılıb. Çünki şeiri şair soyulduğu an, edam vaxtı söyləyib. Bu da, təbii ki, həmin vaxt yazılması mümkün deyildi. Amma şerin dəsti-xəttindən , üslubundan Nəsimiyə aid olduğunu bizdən əvvəl subut eləyiblər. Onda bu necə ola bilər? Gəlin məsələyə başqa yöndən yanaşaq. Axı Nəsimiyə qədər də yüzlərlə insan bu cəzanı almışdı, yəni dərisi soyulmuşdu. Şair bu qəzəlini özünə yox, məhz o insanlara həsr eləmişdi. Taleyi elə gətirdi ki, eyni cəzanı ona da verdilər. Bəlkə də, şairə məhz bu cəzanın verilməsində şerin də müyyən qədər rolu, təsiri olmuşdu?!

Bildiyimiz kimi, əsəri Ulu Öndər yüksək qiymətləndirib və poema 1976-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Qabilin 70-illik yubileyində çıxış edən Heydər Əliyev deyir: "Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o, çox böyük iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət Mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlə dolu olan mənzum roman yazmaq həradamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".

"Nəsimi" poemasının sonu "Eheyy" adlanır və bu Hələbdə Qabilin Nəsimi ilə xəyali görüşündən bəhs edir.Şair dünənki Hələblə bu günkü Hələbi müqayisə edir və arada olan böyük fərqi qürurla göstərir. Bu günkü Hələb sanki keçmişindən utanaraq onların yerinə Nəsiminin ruhundan üzr istəyir və onu qoynynda, qucağında beləcə əbədi olaraq saxlayır.       

Hələb! Məkkəm mənim, mədinəm mənim!

Səndə Azərbaycan əmanəti var!

Deyə şair də bu isti, səmimi, xoş niyyətli Hələbi eyni səmimiliklə ürəkdən alqışlayıb və ona öz təşəkkürünü bildirir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!