Elnarə Akimovanın "Düşüncə zamanı"nda ədəbiyyat söhbətləri - Nizami Cəfərov yazır

Nizami CƏFƏROV

"Azərbaycan ədəbi tənqidi müstəqillik illərində", "Yeni təfəkkür və ədəbi tənqid", "Çağdaş poeziya və ədəbi təmayüllər" və s. kitabların, yüzlərlə məqalələrin müəllifi Elnarə Akimova bugünkü ədəbi tənqidimizin təkcə fəal nümayəndələrindən biri olmaqla qalmır, cəsarətlə deyə bilərik, artıq neçə illərdir ki, ədəbiyyat haqqındakı elmimizin maraq dairəsinin genişlənməsində, metodoloji keyfiyyətinin yüksəlməsində bilavasitə iştirak edir. Və tənqidçinin yeni kitabına - "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" - elmi redaktor Azər Turanın yazdığı ön sözdəki belə bir fikirlə ümumən razıyam ki, "hər şeydən əvvəl, Elnarə Akimova yazdıqlarının örnəyində XXI yüzil Azərbaycan ədəbiyyatşünaslığı üçün cərəyanlar dövrünün tənqidçi tipini yaratdı. Cərəyanların funksionallığının ədəbiyyatımızda nə vaxtdan müşahidə olunduğunu ilk dəfə kompleks halında və yeni ədəbi mətnlərin təhlilləri fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara nəzərən dəyərləndirən və bunu predmetləşdirən tənqidçilərimizdən biri də odur".

Əlbəttə, milli mənsubiyyətindən asılı olmayaraq hər bir ədəbiyyat əgər inkişaf edirsə, bir tərəfdən, həyatın mürəkkəb sosial-mənəvi əhval-ruhiyyəsinə çoxspektrli reaksiyasına, başqa tərəfdən, özünün ideya-estetik təkamül-diferensiasiya qanunauyğunluqlarına görə az və ya çox miqyasda cərəyanlaşma imkanlarına malikdir ki, kifayət qədər zəngin tarixi təcrübəsi olan Azərbaycan ədəbiyyatının da belə bir imkandan məhrum olduğunu düşünmək absurddur. Lakin dünya ədəbiyyatından bu və ya digər dərəcədə məlum olan müxtəlif cərəyanların təzahürlərinin bizdə də axtarılıb tapılmasına ("o əjdahadan bizdə niyə olmasın?") xüsusi cəhd göstərmək, yaxud birbaşa təqliddən gələn hadisələri ədəbiyyatın orqanik faktı kimi qələmə vermək də doğru olmazdı.

Elnarə Akimova öz sahəsinin kamil bir mütəxəssisi olaraq ədəbiyyatşünaslığın ümumi tipoloji məsələlərini (və ədəbiyyat nəzəriyyəsini) nə qədər dərindən bilsə də, onun müasir Azərbaycan ədəbiyyatındakı cərəyanlaşma probleminin həlli istiqamətindəki axtarışlarının əsas istinadgahı diskursdur ki, məhz mətn "alt qatı" ilə alındığına görə sadəcə görüntü yaradıb yoxa çıxmır, əksinə, ideya daşıyıcısı (və törədicisi!) funksiyasında təzahür etməklə haqqında söhbət açılması zəruri olan cərəyanın obyekti barədəki dumanlı təsəvvürü yox, bütün üzvi bədii tərkibi ilə obyektin özünü nümayiş etdirir.

Azər Turan yazır ki, "Akimova son yüz ildə - əvvəlcə sosrealizmin ifrat və təşkilolunmuş ateizmini, sonra Tanrı mövzusunda bir az örtülü, bir az mübhəm şəkildə irfana yönəlib dəyişən poeziyamızın rakurslarını, daha sonra ən yeni ədəbiyyatımızda "mərkəzdənqaçma tendensiyaları"nı... elə son yüzildə yaşanmış "qlobal miqyaslı çaşqınlığın" metafizik təzahürü olaraq səciyyələndirdi. 90-cı illər şeirimizdə müşahidə olunan çöküş ovqatına dekadans təyini daha çox onun adıyla bağlıdır... Və bunu da xatırlatmağı vacib sayır ki, "postmodernizmin çərçivəsində qapanıb qalmışıq".

"Düşüncə zamanı" Elnarə Akimovanın son beş ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş, demək olar ki, əksəriyyətini qəzetdən oxuduğum məqalələri əhatə etsə də, kitab mənə bir monoqrafiya səviyyəsində olduqca bütöv, daxili vəhdətdə və mükəmməl təsir bağışladı. Və heç şübhə eləmirəm ki, bu, kitabın strukturu üzərində ciddi, məsuliyyətli və xüsusi zövqlə düşünülməklə yanaşı, müəllifin elmi-intellektual təfəkkürünün özünün təbii sistemliliyindən irəli gəlir: Elnarə Akimovanın müxtəlif illərdə - XXI yüzilin başlanğıcından bəri qələmə aldığı ən müxtəlif ədəbi-tənqidi məqalələr nə qədər pərakəndə, yaxud ixtiyari şəkildə ayrı-ayrı kitablara toplansa belə, əminəm ki, həmin kitabların heç biri eklektik görünməyəcək... "Düşüncə zamanı"nı bütövləşdirən konkret amillər də var ki, onlardan biri məqalələrin yazıldığı son beş il, o biri isə dərc olunduğu "Ədəbiyyat qəzeti"dir.

Söhbət nəsrdən başlanır. Və ilk olaraq özünün bütün poetik miqyası ilə məhz roman janrı müzakirəyə çəkilir:

"Bu gün bizdə roman janrı ilə bağlı aparılan polemikalarda daha çox şikayət, müqayisə fərqi ilə dünya və milli nəsri qarşı-qarşıya qoyub, üstünlüyü birmənalı şəkildə birincinin xeyrinə həll eləmək cəhdi öndədir. Dünya romançılığının çağdaş durumu və tarixi təcrübəsi hər halı ilə bu üstünlüyü çevrələyir".

Hər cür müqayisənin nöqsanlı olması barədəki məlum kəlamı hələlik bir tərəfə qoyub sözügedən müqayisənin təfərrüatına varsaq haqq-nahaq belə bir qənaətə gələcəyik ki, bizdə roman yaradıcılığı mədəniyyəti, ayrı-ayrı dəyərli təşəbbüsləri çıxmaq şərti ilə, elə də yüksək deyil. Və "Düşüncə zamanı"nın müəllifi bunun səbəbini ilk növbədə "məhz ötən əsrin 30-40-cı illərində meydana çıxan əsərlərə sərf olunmuş zəhmətin güdaza getməsi"ndə görür. Belə ki, "bu dönəmdə milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə getdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 30-cu illər romançılığı da bu janrla bağlı meydana bədii-estetik səviyyə baxımından uğurlu mətn qoya bilmədi". Müəllif dəfələrlə barəsində bəhs olunmuş belə bir mülahizəni bir daha xatırlatmağa məcburdur ki, "yazıçılar xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyə girişdilər. XX əsrdə (əslində, həmin əsrin əvvəllərində  - N.C.) başlanan hərəkat yarıda qaldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü... Milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 30-cu illər bu şüur hadisəsinə qarşı yönəlmiş planlı ədəbiyyat nümunələri meydana qoydu. Türk ordusu işğalçı kimi təqdim olundu, islam bir din olaraq müasirliyə zidd hesab edildi, "Müsavat" "Daşnaksütyun"a bərabər tutuldu".

Elə görünə bilər ki, Elnarə Akimova milli kontekstdə roman janrının taleyi diskursundan kənara çıxıb ümumən milli ədəbiyyatın (və hətta mənliyin!) tarixinin həll edildiyi bir dövrə daxil olur və bu lənətə gəlmiş dövrdən insanlıq adına nə salamat çıxdı ki, həmin illərdə roman kimi heç kimi maraqlandırmayan bir epik yaradıcılıq inersiyası da xələldar olmaya? Sovet ideologiyasının sonsuz ehtirasla öz romanını yaşamağa başladığı bir dövrdə başqa romana yer vardımı?..

"Düşüncə zamanı"nın müəllifi (və roman janrının tərcümeyi-halı) baxımından paradoksal olan odur ki, dövr bütün ictimai-siyasi kataklizmlərilə əsl roman dövrüdür, ancaq nə edəsən ki, janrın (və ədəbiyyatın!) missiyasını məhz ideologiya öz üzərinə götürür.

Yeri gəlmişkən, "milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır" müddəasının doğruluğuna XX əsrin əvvəllərindən sonrakı vəziyyət üçün olduqca böyük şübhə ilə yanaşmaq lazım gəlir. Ümumiyyətlə, XX əsrin əvvəlinə qədər bütün əsrlərin ictimai-siyasi hadisələrinin fövqündə olan Azərbaycan ədəbiyyatının (Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəlinin, Mirzə Cəlilin, Sabirin) həmin dövrdən sonra "əsrin əsiri" (Anar) olduğunu görmək o qədərmi çətindir?

Elnarə Akimovanın "Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi" bu sözlərlə başlayır:

"İsa Hüseynov Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı... Təsadüfi deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə (əslində, diskurslarda - N.C.) İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir".

Və "Düşüncə zamanı"nın müəllifi bir daha roman zamanının əvvəllərinə qayıdır:

"İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedərdi... Amma məsələ bununla qapanmırdı ki... Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir (artıq qeyd etdiyimiz kimi, bu, bütün eksperimental tərəflərilə məhz ictimai-siyasi epoxa idi, xalqın içindən gəlmədiyinə görə nəinki ədəbi epoxaya çevrilə bildi, özünün ən humanist təzahüründə belə, antiədəbi olaraq qaldı - N.C.), digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı".

Nə qədər haqlı olub-olmamasına münsiflik etmək çətin olsa da, Elnarə Akimova təsadüfən demir ki, "Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii təcəssüm predmetinə çevirəndə İsa Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri qabardıb ictimai düşüncəyə təsir göstərməyə nail oldu... Odur ki, ədəbiyyatın milli düşüncəyə təsiri məsələsi XX əsrin əvvəllərindən sonra ilk dəfə İsa Hüseynovun əsərlərilə start götürməyə başladı".

Lakin "Düşüncə zamanı"nın müəllifi aşağıdakı mülahizələrində nəinki tamamilə haqlıdır, eyni zamanda böyük yazıçının yaradıcılığının ideya-estetik (və sosial-ideoloji) mahiyyətini anlamaq üçün çox sərrast bir retrospektiv "diaqnoz" müəyyən edir ki, "İsa Hüseynov güvənilən insanların pozulan mənəviyyatından, onlara verilən imtiyazların artırılması ilə getdikcə cəmiyyət üçün daha təhlükəli olmasından, bu insanların milli hiss, milli düşüncədən uzaqlaşmasından, azğınlaşmalarından ilk dəfə yazmağa başladı... Dünənə qədər mühitin qəhrəmanları olanlar İsa Hüseynov nəsrində artıq antiqəhrəmanlara çevrildilər".

Müəllif Azərbaycan nəsrində "itirilmiş zaman" sonra başlayan "özünəgəlmə zamanı"nın daha bir mühüm faktı kimi İsmayıl Şıxlı yaradıcılığına (və "Dəli Kür"ə) müraciət edir. Lakin romanın tarixi bədii dəyəri üzərində çox dayanmayıb keçir müstəqillik illərinə:

"Müstəqillik dönəmində yazılan əsərlərdə "Dəli Kür" romanının hansı təzahürlərini seçmək mümkündür?" Və verdiyi sualın "qəribəliy"indən özü də təəccüblənirmiş kimi ona maraqlı bir "anticavab" verir:

"Zənnimcə, müqayisə oxşarlıqdan daha çox fərqliliyə rəvac verən faktlara yol açır. Çünki bu dönəmin nəsri artıq fərqli hadisədir".

İkinci sual da ("Çağdaş romanşünaslığımızda "Dəli Kür"dəki hansı dəyərlərin qorunması, prosesə ötürülməsi faktı ilə üzləşirik?") birinci qədər "anticavab"a gətirib çıxarır:

"Son dövrün nəsr nümunələrinə dayaqlansaq, bizdə öz yaşam qanunları ilə seçilən milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri də milli yaddaş daşıyıcıları kimi, sanki tarixə dönmüş, funksionallıqlarını dondurmuşlar".

Və belə məlum olur ki, "Dəli Kür" mövzusu "o zaman təsvirə çəkilir ki, cəmiyyətdə xaos nizamı, disharmoniya harmoniyanı əvəz edir. O zaman nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin, ünsürlərin qovuşmasına etiraz edir".

Əlbəttə, "Düşüncə zamanı"nın müəllifinə irad tutmaq olar ki, o, "Dəli Kür" diskursunda cavabdan daha çox suallar verir, hətta demək olar yalnız suallarla kifayətlənib əsaslı bir mövqe üzərinə gəlmir. Ancaq belə bir irad verilən sualların doğurmalı olduğu o əsl cavabdan biri ümumiyyətlə məhrum edərdi.

Və  məqalədəki suallar üzərində düşünə-düşünə məndə də belə bir sual yarandı: Doğrudanmı, "Dəli Kür"ün baş qəhrəmanının - Cahandar ağanın özündən sonrakı Azərbaycan nəsrində az-çox mükəmməl "paradiqma"sı yoxdur?..

Hər nə isə...

"Bu gün tarixi roman janrına diqqət ön plandadır. Yalnız tarixi roman janrında deyil, çağdaş romanlarda (təbii ki, söhbət müasir mövzulu romanlardan gedir - N.C.) belə, əsas istiqamətverici fonu tarix təşkil edir, hətta bir neçə zamanı bədii təcəssüm predmetinə çevirmək meyli əsəri roman içində roman kimi təqdim edir oxucuya"... Elə isə tariximiz niyə qəhrəman yarada bilmir?.. "Tarixin yeni kontekstdən oxunuşu"nun doğurduğu (və hər cür fundamentalizmi darmadağın edən) "analitizm"ə görəmi?.. Daha dərinlərə varmaq sövqünün gətirib çıxardığı mifik-kosmik düşüncənin ardınca gələn dərin absurdluqdanmı?.. Yoxsa ruhumuzun etnos (və epos) damarının boşalmasından?.. Elnarə Akimova hər halda bu qənaətdədir ki, "Dəlü Kür" dəyərlərin dəyişdiyi bütün zamanlar üçün yazılmış əsərdir. Əsərin bu gün tarixi missiyasını davam etdirməsi fikrimizin sübutudur". Nə inanmağa əsas var, nə də inanmamağa? "Dəli Kür"ün "Su sərgisi" ilə müqayisəsi də mənə çox müəmmalı göründü... Həmişə cavabları ilə fərqlənən ədəbiyyat analitikinin bu dəfə suallar xaosunda dolaşması da bir cür axtarışdır. Və hər söyləm cümləyə (hökmə!) çevrilmədiyi kimi, hər diskurs da özünün mətn təzahürünü tapmır axı... "Alt qat"ın "üst qat"dan, "iç struktur"un "dış struktur"dan, mahiyyətin hadisədən nə xəbəri?..

Müstəqillik dövrü Azərbaycan romançılığının iki böyük əsəri çox geniş müzakirələrin mövzusu oldu ki, onlardan biri "Göz muncuğu", ikincisi "Baş" idi. "Düşüncə zamanı"nda hər iki əsər yüksək peşəkarlıqla təhlil edilir. Lakin hərəsi bir rakursdan... Anarın "Göz muncuğu"nun təhlilində, tamamilə təbii olaraq, sosioloji üsuldan imtina olunur. Çünki "burada zaman və insan amili ümumən, bütün - ictimai-siyasi, mədəni-tarixi, fəlsəfi-psixoloji səviyyələrdə özünün Varlıq məqamına tabedir və elə bu məzmun, məziyyətlə də ciddi ədəbiyyat faktı kimi həmişə düşündürəcək..." Elçinin "Baş" romanında isə "tarixi gerçəkliyin sərbəst interpretasiyası" hakimdir. Və burada fon nə qədər şərti-mifoloji səciyyə daşısa da, söhbət tarixin bilavasitə sosiologiyasından gedir.

"Baş" romanı çıxar-çıxmaz onun barəsində onlarca kifayət qədər maraqlı məqalələr yazıldı, ancaq Elnarə Akimovanın yazısı mənə elə ilk mühakimələrindən daha analitik gəldi:

"Tarix... hara qədər görünə bilər, hansı səciyyəsi ilə funksionallıq kəsb edə bilər kimi suallar Elçinin prozasında həmişə öz önəmini itirib və tarixdə olmuş hər hansı fakt elə bədii illüstrasiyada təqdim edilib ki, daha çox bədii mətn olaraq yaşamaq səlahiyyəti qazanıb".

"Baş" romanını "tarixə yönəlmiş, onu dirçəltmiş yeni missiyanın" məhsulu hesab edən tənqidçı-ədəbiyyatşünasla mübahisə eləmək bir də ona görə çətindir ki, doğrudan da, "Elçin Bakının kəndlərindən, koloritindən yaza-yaza nəhayət, onun tarixinə vardı, geniş və dərin bədii nüfuzun göstəricisi olaraq vardı və bu yolla, əslində, XIX əsr Azərbaycanının mənəvi və siyasi reallığına, bir qədər də dərinə getsək, milli-genetik boşluqlarımızın qatlarına varmağa müvəffəq oldu".

Lakin məsələ romanın yalnız ideya-məzmun təhlili ilə bitmir. Və məqalə müəllifi çox dəqiq bədii struktur analizi də təqdim edir:

"Baş" romanında bütün obrazlara məxsus diskursların bədii təhkiyə şəkli Başın yaddaşıdır, hər şey onun yaddaşından keçən informasiyada nəql olunur, ya da sadəcə, hər mühit, hər kəs öz yaddaşını, hekayətini, keçmişini nəql edir. Nəhayətində nə baş verir: belə kiçik yaddaş xatirələri birləşərək mətnin özünü tarixin yaddaşına ehtiva edən obraza çevirirlər".

Başlanğıcdan üzvi vəhdətdə olan bu diskursu davam etdirsək görəcəyik ki, hər cəhətdən (!) zəngin tariximizin "Baş"da açılan, yaxud açılan kimi də üstü örtülən XIX əsr qatı əlaqəli və ya zahirən əlaqəsiz çoxlu sayda yarımqatdan ibarətdir ki, hər biri öz izahını tələb edir... Əks-təqdirdə, Rüstəm Kamalın "aqoniya" fəlsəfəsi özünün "mürtəce" aktuallığını heç zaman itirməyəcək.

Elnarə Akimova "Göz muncuğu" ilə "Baş"ın  doğurduğu ideya-estetik təəssüratlardan ayrılmamış müsahibini, əgər belə demək mümkünsə, müstəqillik dövrü nəslinin roman yaradıcılığı eksperimentləri barədəki söhbətə dəvət edir: müzakirə obyektləri Mirmehdi Ağaoğlunun, Şərif Ağayarın, Zahid Sarıtorpağın, Sərdar Aminin romanlarıdır... Və səciyyəvi haldır ki, "Düşüncə zamanı" müəllifi söhbətə yeni nəslin roman barədəki təsəvvürünə ən azından zahirən ciddi görünən bir iradla başlayır:

"Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə" əsərini oxuyub bitirən kimi öncə onun niyə roman adı ilə təqdim olunması təəccübləndirdi məni. Bu ki roman deyil, povestdir, hətta təqdim olunan hekayət nə qədər roman yükü, roman ağırlığı daşısa belə... Roman daha əhatəli, daha artıq insan taleləri, zaman və  məkan çevrilmələrini, çeşidli bədii materialı qapsayan janrdır və mənim üçün roman, ilk növbədə, yazıçının məlum hədd-zirvə məqamı seçib ondan aşağını seyr edirmiş kimi, əsərindəki insan və ona aid nə varsa, onu dəyərləndirməsidir".

Hekayədən romana (hətta epopeyaya) qədər nəsr janrlarının iyerarxiyasını müzakirəyə çıxarmaq tək bizdə yox, çox xalqların ədəbiyyatında (və ədəbiyyatşünaslığında) maraq doğurur, lakin təcrübə göstərir ki, bu cür müzakirələr nə qədər maraqlı başlanırsa, o qədər də maraqsız bitir, yəni heç bir nəticə hasil olmur... Elnarə Akimovanın roman üçün müəyyənləşdirdiyi (və janrın "klassik tərif"indəkindən də bir az tələbkar) kriteriyaya gəldikdə isə, nəyi nəzərdə tutduğunu daha konkret aydınlaşdırmaq istəyirsə, gərək barmağını bir mətnin üzərinə qoyub göstərsin ki, mən bunu deyirəm.

Saf-çürük elədiyi yeni nəsil romanlarına münasibətdə tənqidçi-ədəbiyyatşünasın peşəkar tələbkarlığı ilə bərabər, istedadlı qələm sahibinə, az-çox uğurlu tapıntılara (hətta uğur vəd edən axtarışlara) son dərəcə humanist, qayğı ilə yanaşması da göz qabağındadır. Və mənə xoş gələn bir də odur ki, Elnarə Akimova təqdim etdiyi əsərə (və müəllifə) kənardan baxmır, onu dərindən, hərtərəfli görməyin bütün məsuliyyətini öz öhdəsinə almaqla dediyi tənqidçi sözünə bəri başdan böyük nüfuz, səmimi etibar qazandırır... Ədəbi marağını da gizlətmir...

"Qəhrəmanı qadın olan əsərləri oxumağı sevirəm. Müəllifin hansı cinsdən olmasının önəmi yoxdur. Əsas olan qadının iç nəzərlərindən açılıb təhlilə cəlb olunmasıdır. Bizdə bu kontekstdə yazılan mətnlər azdır. Xüsusilə, yeni dövr qadınının obrazını yaratmaq cəhdləri şeirimizdən fərqli olaraq nəsrdə o qədər də funksional deyil. Çağın yeniləşməsinə uyğun, dəyişən yeni qadın qəhrəmanın prozaya adlamasının vacibliyini yazılarımda sırası gəldikcə vurğulayıram".

Deyəsən, mətləbdən uzaq düşürük... Mətləb isə ondan ibarətdir ki, "Düşüncə zamanı"nın müəllifi yeni nəsil ədəbiyyatında özünün müəyyənləşdirdiyi kriteriyaya müvafiq roman nümunələri göstərə bilir, ya yox?.. Bəlkə, yanılıram, ancaq mənə elə gəlir ki, Elnarə Akimova təhlil elədiyi roman mətnlərində nə qədər ciddi məziyyətlər qeydə alsa da, Elçinin məşhur ifadəsilə desək, bir küll halında onların heç birini, məsələn, "Dəli Kür", "Göz muncuğu", "Baş" kimi əsl roman hesab etmir.

Hekayə janrının bugünkü imkanlarına gəldikdə isə, görünür, nikbin olmaq üçün daha çox əsas var: bir tərəfdən, zəngin klassik ənənə, digər tərəfdən, heç vaxt təravətini itirməyən intensiv yaradıcılıq axtarışları. Və əslində, janrın təbiəti də bizə daha doğmadır. Xüsusilə ən müxtəlif mənalarda manevr imkanlarının genişliyinə görə...

Poema diskursunda ilk narahatlıq "indi poema janrına müraciət azalıb"dan ibarətdir... Çünki "bu gün gənc yazarlar bir neçə şeirdən sonra özlərini daha iri forma olan poema janrında deyil, birbaşa nəsrdə, özü də nəsrin daha geniş (bu sözün yerinə nəzərdə tutulan mənanı vermək üçün daha uğurlu bir ifadə tapmaq lazım gəlmirmi? - N.C.) janrı sayılan romanda sınayırlar... Bu gün poema janrına müraciət edən şairlər əsasən orta və qocaman yaş senzinə mənsub olanlardır".

Elnarə Akimova müstəqillik dövrü poemalarının bir neçə uğurlu nümunələrini təhlilə cəlb etsə də, janrın "qocalması" qənaətinə gəldikdən sonra belə, "lakin bu, janrla bağlı pessimizmə qapılmağa imkan verməməlidir. Gözlədiyimiz əsər bir gün ortaya qoyulan çoxsaylı nümunələrin içərisindən doğulub görünəsidir. Yetər ki, şairlərimiz janrı yaşatmağa israrlı olsunlar" desə də, aydın görünür ki, poema janrının taleyində nə isə çox ciddi hadisələr baş verir... Bu hadisələrin mahiyyətini daha dərindən anlamaq üçün, əlbəttə, araşdırmanın miqyasını genişləndirmək, üzərindən keçilən həqiqi sənət hadisələrini layiqincə tədqiq etmək lazım gəlir.

"Düşüncə zamanı" müəllifinin poeziya barədəki düşüncələrinin xronologiyasına nəzər yetirsək sxolastik müntəxabatçı mövqeyindən aydın seçilən bir fraqmentallıq və ya impulsivlik görərik: cümhuriyyətə gedən yolun şairi Məhəmməd Hadi, yeni düşüncə aspektlərilə Cavid yaradıcılığı, şair ola bilərdi, professor oldu - Mikayıl Rəfili, Rəsul Rza moderni, yaxud şəklin müəllifi - Zaman, Ağ bir zanbaq kimi açıldı səhər (Əli Kərim), Bir kəs ki, onun qibləsi yalnız Vətən oldu (Bəxtiyar Vahabzadə), Səhəri gözləyək göyün üzündə - Məstan Günər... Lakin bu fraqmentallıq və ya impulsivlikdə tənqidçı-ədəbiyyatşünasın maraq dairəsinin, yaxud ədəbi zövqünün diktə etdiyi bütövlüyü də nəzərdən qaçırmaq olmaz. İlk növbədə o baxımdan ki, Elnarə Akimova müasir Azərbaycan poeziyasının tanınmış tədqiqatçısı kimi onda həmişə yeniləşmə meyillərinə həssas olub. Və məsələ onunla da bitmir ki, bu meyillər nə dərəcədə davamlı, yaxud epizodikdir... Doğrudan da, bizdə poeziya nəsr kimi öz təbiəti etibarilə "ağır-səngin" deyil - sözünü realist başlayıb romantik qurtara bilir, yaxud əksinə. Ona görə də Azərbaycan şeirində stabil poetik cərəyanlardan daha çox ümumən cərəyan axtarışlarından və ya tendensiyalarından danışmaq meyli güclüdür... Elnarə Akimovanın diqqət mərkəzində dayanan şairlərin - Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Şəhriyar Del Gerani, Ümid Nəccari... əksəriyyəti özündə bu və ya digər modernist cərəyanın, yaxud modernizmin bütövlükdə kompleksini nümayiş etdirir.

Kitabda "Azərbaycan poeziyasında yeni təfəkkür kultu - modernizm" başlığı altında üç yazı verilir ki, bu yazıların hər birində modernizmin poetik təfəkkür üçün nə demək olduğu sualına cavab axtarılır. Və görünür, müəllifin ən aktual qənaəti bundan ibarətdir ki, "müstəqillik dövrünün poeziyasındakı yeniliklərdən bəhs etmək müəyyən hallarda etirazla qarşılanır: Avropa cərəyanlarının milli şeirimizə süni şəkildə tətbiqinin civarında yeni poeziya yarandımı ki? Zənnimcə, yarandı... Müstəqillik dönəminin poeziyası öz keçmişi, gələnəkləri, zəmin aldığı fəlsəfi-psixoloji notlara qədər yeni xarakterli poeziya idi".

Əlbəttə, mübahisə eləmək olar... Hətta belə bir fikrə də gəlmək mümkündür ki, tənqidçi-ədəbiyyatşünas müstəqillik dövrünün poeziyası barədəki gerçəklikləri təsbit eləmək əvəzinə, görmək istədiklərini, arzularını bəyan edir.

Ancaq düşünəndə ki, bu, riyaziyyat deyil, ədəbiyyatdır, heç proza da deyil, poeziyadır, onda müəlliflə bəri başdan razılaşmaq, ona haqq qazandırmaq meyli üstün gəlir... O tənqidçi ki, şeirdən danışanda bir az da şair olmadı, onun düz sözünün də təsiri olmaz...

"Ən azı bu poeziyadakı obrazın yaşamları, keçıb gəldiyi gerçəklər, fəci yaşantılar sırası, içinin təbəddülatları, əzabları başqa idi və o, poeziyaya yeni bir dünyanın insanı kimi qədəm qoyurdu. Ədəbiyyat isə bütün hallarda yeni insanla təzələnir".

Elnarə Akimova çağdaş Azərbaycan postmodernizmindən bəhs edərkən onun sosial-mənəvi köklərini "keçid dövrü kimi xarakterizə olunan 90-cı illər"dən alır. Və yazır:

"Üstündən iyirmi beş ildən çox zaman kəsiminin keçməsinə baxmayaraq o dövrə xas olan xüsusiyyətlər - cəmiyyətə, varlığa pessimist baxış dəyişməyib, bədbin ruh poeziyamızda yenə də üstünlük təşkil edir".

Şübhəsiz, bu da şairi əvvəl Tanrı dərgahına aparır, sonra da postmodernizm axtarışlarına...

Yeri gəlmişkən, bizim ədəbi-ictimai təfəkkürümüzdə qərarlaşmış köhnə bir paradoksu yada salmaq istəyirəm: sovet ideologiyasının mənəm-mənəm deyən vaxtları belə bir təsəvvür yaradılmışdı ki, guya Qərb dünyası mənəvi krizis keçirir, bu dünyanın insanı həyatın hər cür nikbin təzahürlərinə inamı itirib, elə bir ruhi-psixoloji çıxmaza qapılıb ki, gecə-gündüz intihar barədə düşünür və s. və i. Antisovet ədəbiyyat, xüsusilə poeziya üçün Qərbin həmin "üstünlüy"ü də olduqca cazibədar (və estetik!) göründüyü 60-cı, 70-ci illərdə Azərbaycan poeziyasında da bir "intiharçılar" cərəyanı peyda oldu. Və məsələ burasındadır ki, tanımadıqları Qərbə tanıdıqları ideologiyanın təbliğatı, daha doğrusu, əks-təsiri altındakı "vurğunluğ"un, çox keçmədi (məhz 90-cı illərdə!) ki, hər cəhətdən əsassızlığı meydana çıxdı - məlum oldu ki, Qərb dünyası bizdən qat-qat nikbin imiş. Və o olayı ki biz özümüzə dərd edib mənən "zənginləşirik", onlar həll edirmiş...

Uzun sözün qısası, ədəbi əlaqələrin, birtərəfli (və dünya ədəbiyyatının qədimlərdən bir vəhdət, bütöv kimi mövcudluğundan irəli gələn çoxtərəfli) təsirlərin stimulverici əhəmiyyətini danmamaq şərtilə belə bir əsaslı qənaətə gəlmək olar ki, modernizm kimi postmodernizmin də hər bir ədəbiyyatda, o cümlədən Azərbaycan ədəbiyyatındakı kökləri bizim təsəvvür elədiyimizdən daha dərin qatlara gedib çıxır... Keçid dövrünün - 90-cı illərin yaratdığı "bədbin ruh" barədəki təsəvvür isə çox üzdəki təəssüratlar olmaqla yanaşı, ədəbiyyatın, xüsusilə poeziyanın hərəkatını, proseslərini anlamaq üçün bilavasitə tətbiqində vulqar sosiologizm təhlükəsini hiss etdirməyə bilməz.

"Düşüncə zamanı"nın müəllifi ədəbiyyatın elmindən də söhbət açır: fikir həyatımızda İsa Həbibbəyli, tənqidi-ədəbiyyatımızın (ədəbiyyat tənqidimizin - N.C.) isti qanı Vaqif Yusifli, tənqidçi imzası - Tehran Əlişanoğlu, ən gözəl tale adamı Cavanşir Yusifli, zaman və yaddaş mətnləri ilə Məti Osmanoğlu, ədəbiyyat dili ilə Rüstəm Kamal və ədəbiyyatla cənnətə uçan Ülvi Babasoy...

Bu söhbətlər həm də ona görə maraqla oxunur (və az qala hər detalı ilə yadda qalır) ki, həm elmi dəqiqliyi var, həm publisistik vüsəti, həm də səmimi romantikası... Hər biri də öz miqdarında, nə az, nə də çox...

"Düşüncə zamanı" ilə birlikdə "Müstəqillik ədəbiyyatı müzakirə diskursunda" da işıq üzü gördü ki, mən ikincini də birinci qədər Elnarə Akimovanın kitabı hesab edirəm. Əvvəla ona görə ki, "Ədəbiyyat qəzeti"ndə aparılan həmin müzakirələrə moderatorluğu birbaşa o edib, ikincisi isə, mövzuların, sualların seçimində, eləcə də müzakirələrin geniş polemik miqyas alması ilə yanaşı, mətləbdən uzaq düşməməsində onun peşəkarlığı həlledici olub. Nəhayət, burada moderatorun elə replikaları, yaxud analitik mülahizələri var ki, hər biri bir məqalə tutumunda.

Və bu kitabın da elmi redaktoru, həmçinin ön sözünün müəllifi Azər Turanla razılaşmalı olacağam ki, "Azərbaycan ədəbiyyatının problemləri iyirmi beş ildən çoxdur ki, heç bir mənada və heç bir halda belə geniş və qapsamlı şəkildə müzakirə obyektinə çevrilməyib... Bu kitab Azərbaycan ədəbiyyatşünaslığının ayrıca səhifəsi kimi bundan sonrakı dövrlərdə də mütəxəssislərin diqqətini cəlb edəcək, ona müstəqillik dövrü ədəbiyyatımızın mənzərəsini və palitrasını yansıdan ciddi ədəbiyyatşünaslıq faktı kimi yanaşılacaqdır".

Həm "Düşüncə zamanı"nda, həm "Müzakirə diskursu"nda, həm də ümumiyyətlə, Elnarə Akimovanın ədəbi mülahizə, mühakimə və qənaətlərini bu dərəcədə mükəmməl (və milli təfəkkürün yaratdığı ədəbi mətnin kamilliyi naminə hər cür məhsuldar diskursa açıq!) edən nədir sualının cavabını heç bir tərəddüd etmədən onun peşəkarlığından irəli gələn güclü məntiqilə mənəvi zənginliyinin ifadəsi kimi ortaya çıxan (və məntiqindən heç də az güclü olmayan) daxili inamı arasındakı dialoqun zühurunda axtarardım...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!