"Qatarda" keçilən otuz illik yol - Əsəd CAHANGİR yazır

İsi Məlikzadənin "Qatarda" hekayələr kitabı haqqında qeydlər

 

Yeni Azərbaycan nəsrinin tanınmış isimlərindən olan İsi Məlikzadənin yaradıcılığıyla ilk öncə universitetin filologiya bölümünün birinci kursunda oxuyanda - 1987-ci ildə tanış olmuşam. Çağdaş ədəbi proses kursunu bizə o vaxt hələ cavan müəllimlərdən sayılan Tofiq Hüseynov tədris edirdi. "Teleqram", "Qanköçürmə stansiyası", "Truskavetsə kim gedəcək", "Park", "Əlaqə", "Gümüşü furqon", "Dalanda"... Bu adları ilk dəfə onun dilindən eşitmişəm. Tofiq müəllimin mühazirələri orta məktəb skamyasından ayrılıb, "nəhəng" universitet auditoriyasına düşmüş gənclərin qarşısında yeni düşüncə üfüqləri açırdı. Odur ki, hər dəfə dərsdən sonra universitetin Patris Lumumba küçəsində yerləşən kitabxanasına gedir və haqqında söhbət gedən yazıçıların kitablarını hökmən alıb oxuyurdum. İ.Məlikzadənin "Yaşıl gecə", "Quyu", "Dədə palıd"... əsərlərilə tanışlığım da o küçədən, o "gecə"dən başlayıb...

Maraqlıdır ki, o vaxtacan mən milli, türk, SSRİ xalqları və dünya nəsrinin ən ünlü təmsilçilərinin yaradıcılığıyla bu və ya digər dərəcədə artıq çoxdan, orta məktəb illərindən tanışıydım. İndi nəinki ikinci, hətta üçüncü liqa yazıçılar sayılan Ə.Hacızadə, Əfqan, S.Qədirzadə, Ə.Babayeva, Ə.Qasımov, X.Hasilova, R.N.Güntəkin, S.Ali, Y.Q.Qaraosmanoğlu, B.Polevoy, L.Leonov, R.Həmzətov, A.Qədiri, S.Ayni, A.K.Vestli və daha kimlərinsə kitablarını oxumuş, İsi Məlikzadədən isə heç nə oxumamışdım. Nə üçün? Yoxsa, bu istedadlı yazıçının indi olduğu kimi, o vaxtlar da reklamı olmayıb? Bəlkə, bu onun təvazökarlığı, yaxud yan-yörədəkilərin etinasızlığından irəli gəlirmiş? Bəlkə, bu yazıçının bir-birindən maraqlı əsərlərində indi adi görünən, amma o vaxtlar cəsarət tələb edən tənqidi-yumoristik ruha görəydi? Bəlkə, bu, sadəcə, bəxt, tale, yazı məsələsiydi? Bəlkə, səbəb bunların heç biri yox, tamam başqa məsələdə olub? Bilmirəm. İstənilən halda İ.Məlikzadə imzasına marağım Tofiq müəllimin mühazirəsindən başladı. Və onun povestləri, romanlarının ilk səhifələrini çevirdiyim andanca məni təəssüf qarışıq bir təəccüb bürüdü - bu qədər yenilikçi ruh və axıcı üsluba malik yazıçını indiyəcən niyə oxumamışam? Eyni hissi bir qədər sonra Sabir Əhmədli, Azər Abdulla kimi yazıçıların yaradıcılığı ilə tanış olanda da keçirəcəkdim. İnanıram ki, hər kəs nə vaxtsa, hardasa ən azı bir dəfə özünü "Noxud üstündə yatan şahzadə qız" filminin qəhrəmanı kimi hiss edib - bəzən gözümüzün qabağında olanları görmür, kiminsə, nəyinsə ardınca düzü-dünyanı dolaşırıq.

Odur ki, İ.Məlikzadənin Azərbaycan Yazıçılar Birliyi rəhbərliyi, özəlliklə də, Rəşad Məcidin təşəbbüsü ilə "Qanun" nəşriyyatında işıq üzü görən "Qatarda" hekayələr kitabını yazıçının yeni nəsil oxuculara təqdimi yolunda konkret və vaxtında atılmış bir addım kimi səciyyələndirmək lazımdır. R.Məcidin kitaba yazdığı "İndi hanı o dağlar" adlı informativ və analitik məzmunlu ön sözdəki fikirlər də bunu göstərir: "Bu il İsi Məlikzadənin anadan olmasının 85 illiyi tamamlanır. Azərbaycan Yazıçılar Birliyində yaradıcılığının təbliği bir qədər diqqətdən kənarda qalmış ədiblərimizin kitablarının nəşri ilə bağlı müzakirələr zamanı qərara gəldik ki, Əli Kərim və İsi Məlikzadənin kitablarını mütləq çap edək. Yeni nəslin bu iki sənətkarın yaradıcılığına daha dərindən və ətraflı bələd olması üçün onların kitablarını latın qrafikasında nəşrə hazırlayaq. Bu təşəbbüs AYB-nin sədri, xalq yazıçısı Anar tərəfindən təqdirlə qarşılanıb dərhal dəstəkləndi".

Budur, yazıçının 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən ta 90-cı illərə qədər yazdığı qırx üç hekayəni özündə birləşdirən kitab oxucuların ixtiyarına verilib. Amma hamının bir nəfər kimi pamukları, dilanları, yelinekləri, kimləri, kimləri və daha kimləri oxuduğu bir vaxtda, gəlin görək, biz dəbin əleyhinə çıxıb, axının əksinə üzüb, nə üçün İ.Məlikzadəni oxumalıyıq?

Bunun bir neçə səbəbi var. Bunlardan birincisi onun nəsr dilinin folklordan və xalq ruhundan gələn təbiiliyidir ki, özəlliklə də bədii yaradıcılığa yeni başlayan gənclər ondan çox şey öyrənə bilərlər. Bunu görmək üçün onun bəzi hekayələrinin eləcə adına baxmaq yetərlidir: "Neçə ilin qonşuları", "Dağlarda quzu mələr", "Bu dağlar qoşa dağlar"... Lakin əsas məsələ sadəcə başlıqlar yox, bu hekayələrin məzmunu və ən ümumi ruhundadır. İ.Məlikzadə 20-50-ci illərin tipik sovet yazıçılarından fərqli olaraq xalq deyimlərini bədii mətnə paltarın üstünə etiket kimi vurmur. O öz hekayələrini 60-cıların bəziləri kimi yalnız müəyyən bölgə üçün səciyyəvi olan dialektoloji elementlərlə yükləmək və bununla da "ağır oxunan" yazıçı olmaq iddiasından da uzaqdır. Ümumən hər cür aşırı sınırlara varmaqdan yan keçərək ədəbi dillə xalq dili arasında təbii və ideal tarazlığa nail olmaq! Onun nəsr dilinin əsas g(ö)zəlliyi bundadır. Bu anlamda o, qızıl ortanı ən yaxşı tutan nasirlərimizdən biridir. Bu məsələdə hara qədər getmək və harda dayanmaq lazım olduğunu fitri dil duyumu özü ona diktə edir:

"Hamı dedi ki, əhsən Nəsirə. Nəsir kişidir, kişi oğludu, qohum yolunda malından da keçər, canından da. Sonra məsləhət belə oldu ki, Nəsiri Bakıya tək buraxmasınlar - bəlkə kömək-zad lazım oldu ona - Abdullanın yeddinci sinifdə oxuyan oğlu Əlibalanı da qoşdular Nəsirə. Sonra da "yol gedəcəksiniz" deyib təzəcə dəmlənmiş aşdan ikisinə də "partladım" deyincə yedizdirdilər".

"Cehiz güzgüsü" hekayəsindən gətirdiyim bu parçanı xüsusi olaraq seçməmişəm. Çünki belə seçimə ehtiyac yoxdur. İ.Məlikzadənin demək olar ki, istənilən hekayəsinin dili məhz bu cür - canlı, təbii, "ozan dili kimi çevik, at ayağı kimi yüyrək"dir. Vurğunu qüvvətləndirən təkrir (...kişidi, kişi oğludu...), fikrin sərrast və lakonik ifadəsinə xidmət edən formul (...malından da keçər, canından da...) nağıl-dastan dilinə məxsus təbii keçid (sonra məsləhət belə oldu ki...), qrammatik söz sırasını təbii qaydada pozan inversiya (...Əlibalanı qoşdular Nəsirə...) təhkiyəyə elə bir axıcılıq verir ki, elə bil, sazını sinəsinə sıxıb, nəsə bir əhvalat danışan aşığı dinləyirsən. "Doyunca" yedizdirdilər" kimi ədəbi şablon əvəzinə canlı dildən gələn "partladım" deyincə yedizdirdilər" ifadəsi isə istər hadisənin yumoristik mahiyyəti, istərsə də baş qəhrəman Nəsirin tragikomik xarakteri ilə gözəl səsləşir. Bu ifadəyə nə İ.Məlikzadədən öncə, nə də sonra başqa bir nasirdə rast gəlməmişəm.

Eyni təbiiliyi yazıçı təkcə leksik yox, sintaktik planda da saxlayır. İ.Məlikzadəni sözün maksimalist mənasında "üslub yazıçısı" (Flober və ya Çexov kimi) adlandırmaq, yəqin ki, düz olmazdı, çünki onun bədii sintaksisi ifrat süni cilalanmadan uzaqdır. Amma bu sintaksis öz ağırlığı və pintiliyi ilə oxcunu yormur da. Məncə, o, cümləni necə qurmaq konusunda çox da baş sındırmayıb, çünki buna zəruri ehtiyac duymayıb. Canlı danışıqda olduğu kimi onun nəsrində sözlərin cümlədə, cümlələrin mətndəki sırası öz-özünə müəyyənləşir. Ona görə biz onun mətnlərini sadəcə oxumur, həm də eşidirik. Səsli, danışan, audiomətnlər kimi onların hər hansı loqopedə ehtiyacı yoxdur. "Qatarda" hekayəsindən gətirdiyim aşağıdakı parçada vaqon və kupe yoldaşlarına özünü yalandan vəzifə sahibi kimi təqdim edən Dadaşovla samosval sürücüsü Qasım kişi arasındakı dialoq bu yöndən səciyyəvidir:

"Dadaşov Sabit Mirzəylə qabaq-qənşər oturub, dalğalı saçını barmaqlarıyla daraqlaya-daraqlaya arıq kişidən soruşdu:

- Adın nədir, əşi?

Kişi:

- Adım Qasımdır, - dedi.

- Yatanda səsin çıxmır ki?

Kişi başa düşmədi:

- Nə buyurdunuz?

- Deyirəm, yatanda xoruldamırsan ki?

Kişi Sabit Mirzənin üzünə baxıb, günahını boynuna alan adam kimi dedi:

- Deyilənə görə, hərdən xoruldayıram... yorğun olanda...

Dadaşov nəzərlərini kişinin hülqumlu, nazik boğazına dikdi:

- Yorğun niyə olursan? Daş-zad daşımırsan ha.

Kişi utancaq uşaq təki gülümsədi:

- Elə daş daşıyıram, - dedi, - sement daşıyıram, qum daşıyıram... Tikintidə işləyirəm... Samosval sürürəm... Gedirəm Bakıdan təzə samosval gətirməyə.

Dadaşov başını buladı:

- Bu can-cəsədnən samosvala gücün necə çatır? Səni samosval bu günə salıb, ay yazıq. Səhər-səhər bal ye, qaymaq ye, nehrə yağı ye. Skeletə oxşayırsan lap".

Bu dialoqda istər Dadaşov, istərsə də Qasım kişi o qədər canlıdır və bu üzdən biz onları o qədər aydın eşidirik ki, hətta hekayə əsasında hazırlanmış eyniadlı məşhur teletamaşadan gələn səslər də mətndən gələn səsləri batıra bilmir. Hekayəni oxuyanda Dadaşovun sözlərini bu rolun ifaçısı Yaşar Nurinin səsində eşidə bilirsən. Çünki aktyor öz qəhrəmanını məhz müəllifin nəzərdə tutduğu kimi dilləndirir, necə deyərlər, notdan kənara çıxmır. Amma eyni sözləri Qasım kişi rolunun ifaçısı Hamlet Xanızadə haqqında demək olmur. Ümumən götürəndə istedadlı aktyor olan olan H.Xanızadənin Qasım kişi rolunda xaric səsləndiyini hələ səksəninci illərdə tamaşaya ilk dəfə baxanda hiss etmişdim. Hekayəni oxuyanda buna bir daha əmin oldum. Yazıçının başlanğıcda Dadaşova etiraz etsə də, öz əyri işlərindən dolayı ifşa olunacağından qorxub, finalda ram olan və səsini kəsən Qasımından fərqli aktyor bizə mərd, sözünü axıracan deyən sadə zəhmət adamı obrazı təqdim edir. Amma indi mənim məqsədim hamımızın baxdığı və sevdiyi bu ünlü tamaşada aktyor oyununa təhlil vermək deyil. Demək istəyirəm ki, hətta bu qədər baxılan və sevilən tamaşadan gələn xaric səslər belə, hekayədən gələn səsləri eşitməyə mane ola bilmir. 

"Qatarda" hekayəsindən gətirdiyim bu sitat yazıçının portret yaradıcılığı ilə də bağlı səciyyəvi bir cəhəti üzə çıxarır. Birincisi, o, personajın portretini hökmən təhkiyəçinin diliylə təqdim etməkdən adətən, imtina edir. Digər tərəfdən isə portretin təqdimi üçün mətndə özəl yer ayırmır. Personajın portreti, sanki müəllif iradəsindən kənar, süjetin təbii gedişi, yaxud dialoqlarda "öz-özünə" meydana çıxır. Yəni biz Qasım kişinin "hülqumu", yaxud "nazik boğazı" haqda məlumatı birbaşa təhkiyəçinin dilindən eşitməyib, bunu Dadaşovun gözüylə görür ("Dadaşov nəzərlərini kişinin hülqumlu, nazik boğazına dikdi..."), onun cansız-cürəfəsiz olmasını yenə də Dadaşovun dilindən eşidirik ("Dadaşov başını buladı:.. Skeletə oxşayırsan lap").

Bu təqdimat üsulu təkcə "Qatarda"ya deyil, yazıçının istənilən hekayəsinə aiddir. Məsələn, "Ağrı" hekayəsində məktəbli Şərifin portretinə də eyni qaydada - atası Feyruzun gözüylə baxırıq: "Feyruz kişi çəkilib oturmuşdu fındıq kisəsinin üstündə, tərəzinin dalında dayanmış Şərifə fikirli-fikirli baxırdı. Baxırdı və elə bil indicə görürdü ki, oğlu o qədər də yaraşıqlı deyil. Şərifin başı da, ağız-burnu da bir balaca yekə idi".

Yazıçı təkcə insan yox, təbiətin də portretini eyni üsulla təqdim edir. O, təbiət təsvirlərinə özəl yer ayırmayıb, buna yeri gəldikcə ara-sıra işarələr edir və peyzaj bütün hekayə boyu səpələnir. Bu üzdən onun hekayələri bir qayda olaraq peyzaj yox, bədii intriqaya birbaşa işarəylə başlayır və bütün süjet son cümləyə qədər bu sualın açılışına həsr olunur:

"Görəsən, bu uşaq harda qaldı?

Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:

- Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?

Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi:

- Bilmirəm, kişi, bilmirəm.

- Bəs, niyə xəbər almırsan?

- Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram".

Bu sitat yazıçının "Oğul" hekayəsindən gətirilib. Onun əksər hekayələri kimi, bu hekayəsinin də nüvəsində insan və onu sınağa çəkən hadisə dayanır. Və bu zaman zahirdə cərəyan edən hadisə sadəcə bir fon rolu oynayır. Yazıçı diqqətinin fokusu isə daha çox insanın mənəvi aləmi, yəni daxili hadisənin açılışına yönəlir. İnsanın əsl kimliyi də məhz daxili-psixoloji hadisənin gedişində addım-addım müəyyənləşir. Belə bir durum 20-50-ci illər ədəbiyyatından fərqli olaraq, 60-cı illərdə ədəbi-bədii fikrin insanın daxili aləminə yönəlməsi kimi ümumi bir proseslə bağlıydı və bu illərdə yaradıcılığa başlayan İ.Məlikzadə də bir yazıçı kimi, təbii ki, bilavasitə bu prosesdə formalaşırdı. Odur ki, bir çox ədəbi nəsildaşları kimi, onun da hekayələrində konflikt daha çox daxili xarakter daşıyır, açılış isə psixoloji planda baş verirdi. Yəni bu hekayələrdə əsas problem insanın nəyisə etməsi yox, dərk etməsi idi. Elə ki, bu dərketmə aktı baş verirdi, konflikt öz həllini tapır, açılış gedir və hadisə öz finalına çatırdı.

Bu fakt 60-cı illərdə təkcə Azərbaycan yox, ümumən bütün ümumittifaq ədəbiyyatı miqyasında gedən metodoloji inqilabın - sosrealizmin öz yerini psixoloji realizmə verməsi prosesinin alt yapısında dururdu. "Oğul" hekayəsinin əsl mahiyyətinə də məhz bu proses daxilində varmaq mümkündür. Hekayənin qəhrəmanı sosializmin qələbəsi yox, valideynlərinə kömək üçün gecə işləyib, gündüz oxumaq kimi ağır yükün altına girir. O, zərbəçi fəhlə, sosialist əməyi qəhrəmanı yox, qayğıkeş oğul, yaxşı övladdır. Ata isə bu həqiqəti - övladının kim olduğunu yalnız finalda başa düşür. Bilir ki, oğlu nəinki onun düşündüyü kimi gecələr "bəzi işlərin" dalınca getmirmiş, əksinə, valideynlərinə (xüsusən də, infarkt keçirmiş atasına) kömək üçün onlardan gizli gecə növbəsində işə düzəlibmiş. Əsl həqiqəti ata-ana ilə birlikdə oxucu da yalnız finalda bilir və novella finalı hekayəyə bir gərginlik, dinamizm gətirir. Odur ki, finlada təkcə oğul atadan yox, oxucu da müəllifdən gözlənilməz "sillə" alır və bu, hekayədən alınan təsir gücünü önəmli dərəcədə artırır.

Hekayədə diqqəti çəkən daha bir məqam başlığın iki məna qatına malik olmasıdır. Evə gec gəldiyi üçün xəstə atasından sillə yeyən oğul fiziki, yanıldığını anlayıb dərin peşmançılıq çəkən ata isə mənəvi ağrı keçirir. Fiziki ağrı cəmi bir neçə dəqiqə, mənəvi ağrı isə bütün ömür boyu çəkir. Ata özünün dünyaya gətirdiyi və tərbiyə etdiyi, illərlə bir damın altında yaşadığı doğmaca oğlunu niyə belə qəfil tanımalı, oğlunun sözün mənəvi anlamında "harda" olduğunu niyə bilməməlidir? Hekayənin alt qatından boylanan müəllif sualı budur.

"Oğul" hekayəsi öz övladlarının harda olduğunu bilməyən valideynlərin oğul axtarışına çıxdığı "Əhməd haradadır?" filmiylə təxminən eyni vaxtda üzə çıxıb və yəqin ki, bu üzdən daxili qatda onunla səsləşir. Bir vacib fərqlə ki, filmdə təkcə valideynlər övladın yox, övlad da valideynlərinin "harda" olduğunu bilmir. Odur ki, təkcə ata-ana yox, oğul da qınaq hədəfinə çevrilir və hər iki tərəf finalda öz "payını" alır. Hekayədə isə oğul həqiqəti nəinki bilir, hətta bu həqiqətin yaradıcısıdır və odur ki, finalda dərs alan yeganə tərəf valideynlərdir. Bu ondan irəli gəlirdi ki, filmin müəllifi Adil İsgəndərov artıq ahıllıq yaşına dolmuşdu, hekayənin müəllifi isə hələ gənclik çağlarını yaşayırdı.

Müharibələr bir qayda olaraq düşüncədə radikal inqilabi dəyişikliyə səbəb olur və tarixdə təzə səhifə açır, yeni düşüncə və insan doğurur. Özü də ola cavan savaşı! 60-cıların bütün təmsilçiləri kimi, İ.Məlikzadə də İkinci Cahan savaşı, onun yaratdığı radikal düşüncə inqilabından doğulmuşdu. Bu fakt onun yaradıcılığının sözün ən geniş və ümumi anlamında məhək daşı idi. Müharibə dövrü uşaqlarının bədii ədəbiyyatdakı təmsilçisi kimi, o, yeni düşüncəni təmsil edirdi. Bu düşüncənin təmsilçiləri köhnə qaydada yaşamaq istəmirdi və burdan da atalarla oğullar arasında qaçılmaz konflikt yaranırdı. "Oğul" hekayəsində də məhz atalar-oğullar problemi əks olunub. Sadəcə, yazıçının atası Abbas kişi sadə zəhmət adamı (bərbər) olmasına baxmayaraq, namaz qılan, oruc tutan nüfuzlu bir el ağsaqqalı, zahirən nurani, daxilən mülayim adam olduğundan və oğluna da eyni tərbiyəni verdiyindən yazıçı hekayədə konflikti antoqonist həddə çatdırmamış, onu həlli mümkün anlaşılmazlıq kimi səciyyələndirmiş, final akkordunu "happy end"lə vurmuşdu. Realist-psixoloji yazıçı kimi İ.Məlikzadə yaşadığını yazır, gördüyünü çağırırdı.

Təsadüfi deyil ki, İ.Məlikzadəyə həsr etdiyi "Sözün ömrü qədər" adlı məqaləsində tənqidçi Vaqif Yusifli yazır: "... İsi Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar arasında güclü doğmalıq var. Sanki o, ömrünün ayrı-ayrı aylarını, illərini obrazlarına paylayıb. İsi bütün əsərlərində özünü yaradıb". Bəlli bir tənqidçi maksimalizmini çıxmaqla, bu, dəqiq müşahidədir. Daha dəqiqini isə yazıçının qızı Xatirə xanım müsahibələrindən birində deyir: "Onun az qala bütün qəhrəmanlarını tanıyıram. Həmişə özündən və yaxın ətrafından yazırdı".

Mən istər tənqidçi, istərsə də yazıçının qızından məhz bu məqamda təsadüfən sitat çəkmədm. Çünki "Oğul" hekayəsi əsərlərinin yumoristik ovqatı, gülüş ruhuyla seçilən İ.Məlikzadənin həyatının ən ağrılı məqamlarından biriylə bağlıdır... İ.Məlikzadə ailənin beşinci uşağı, yeddi bacının bir qardaşı olub. Hər hansı bir azərbaycanlı ailəsi üçün bunun nə demək olduğunu özəl izaha, yəqin ki, ehtiyac yoxdur. O, valideynləri, bacıları və çoxsaylı bacısı uşaqlarının ümid və and yerinə çevrilib. Şəhərdə təhsil alan oğlanlarının yolunu gözləyən valideynlər ona çiy kərpicdən ikimərtəbəli ev də tikiblər. Sevimli övladlarının şəhərli qızla evlənib, Bakıda qalması belə, onların bu barədəki ümidlərini qıra bilməyib. Evin tək oğlu kimi ata yurduna qayıtmağın vacibliyini gənc İsi özü də yaxşı başa düşürmüş. O, ata-anasının ümidlərini doğrultmaq üçün, hətta bir ara Ağcabədiyə qayıdıb. Amma dünyaya göz açdığı yerdə rastlaşdığı ədalətsizlik, özlərini kiçik feodallar kimi aparan rayon məmurları ilə düz gəlməməsi, digər tərəfdən, yazıb-yaratmaq eşqi onu yenidən Bakıya dönməyə məcbur edib. Lakin ata-anasının gözlərini yolda qoymaq, onların etimadını doğrultmamaqdan doğan ağrı ("Kafka kompleksi") yazıçıya bütün ömrü boyu daxili rahatlıq verməyib. Yəqin, bu narahatlıqdan xilas olmaq, yüngülləşmək üçün o "İki günün qonağı" adlı avtobioqrafik məzmunlu bir əsər yazaraq, kəndə qayıda bilməməsinin səbəblərini açıqlamalı olub.

Ata ocağına qayıdış problemi özünün daha genişmiqyaslı əksini yazıçının "Şehli çəmənlərin işığı" hekayəsində tapıb. Əsgəri xidmətini başa vurub rus qızıyla evlənən və Rusiyada qalan Mirzə vətənə arvadı dünyasını dəyişəndən sonra - ahıl vaxtında, ölməyə qayıdır. Lakin gözlədiyinin əksinə vətən torpağı ona yaşamaq əzmi, həyat eşqi verir. Yazıçının bilavasitə şəxsi həyatı ilə səsləşən hekayənin az qala hər cümləsi qeyri-adi emosional təsir gücünə malikdir:

"Çamadanın ağırlığından bir çiyni əyilmiş, qaşları ağ kişinin həyətə girdiyini görəndə Güldəstənin qıçları sözünə baxmadı - başladı titrəməyə - havası çatmayan adam təki gözləri dirəndi.

Ağqaş kişi, dodaqları səyriyə-səyriyə gülümsədi:

- Niyə belə baxırsan? - dedi. - Qardaşınam də... Mirzə.

Dizləri bükülhabüküldə Güldəstə: "Ay qardaş!" - deyib bir cikkə çəkdi ki, Mirzənin başının tükləri biz-biz oldu.

Beşcə dəqiqədən sonra qonum-qonşuya düy vuruldu ki, rəhmətlik Salmanın oğlu Mirzə gəlib".

Hekayənin bu hissəsinə çatanda Mirzə kimi, mənim də başımın tükləri biz-biz oldu. Görəsən, niyə? Yazıçının qızı Xatirə xanımın danışdığı bir olay bu epizodun əsl mənası və qeyri-adi təsir gücünü başa düşməyimə bələdçilik elədi... Vəfatından bir neçə il öncə Ağcabədiyə gələn İ.Məlikzadə iflic keçirir və qırx gün yataqdan qalxmır. Böyük bacısı Fizzə - "İlahi, qardaşım yerisin, dizin-dizin sürünüb, onun ayağı dəyən yerlərdən öpəcəm" - deyə əhd edir. Qırx gündən sonra çətinliklə olsa da, yataqdan qalxan yazıçının qolundan tutub evdən həyətə çıxarırlar. Bacı verdiyi vədə əməl edir, dizin-dizin sürünərək evdən ta həyətin ortasına qədər əziz qardaşının ayağı dəyən yerləri duz kimi yalayır... Əlbəttə, o bunu geri dönüb baxa bilməyən qardaşından gizli eləyir, çünki görsə, buna heç vaxt razı olmayacağını yaxşı bilir...

Kafka kompleksi müharibə məsələsindən sonra İ.Məlikzadə yaradıcılığının alt yapısında duran ikinci amildir. Odur ki, "Oğul", "Şehli çəmənlərin işığı" hekayələrini tam anlamaq üçün onlara məhz bu kompleks prizmasından baxmaq lazımdır.

***

İ.Məlikzadənin hekayələrini bir küll halında oxuyanda iki sonuca varırsan. Əvvəla, o, əllinci illərin sonunda yazdığı "Həsrətin sonu" hekayəsindən 90-cı illərin əvvəllərindəki hekayələrinə qədər romantizmdən sərt, güzəştsiz realizmə doğru 30 illik bir yol keçib. Arada "Təzə məskəndə iki nəfər" tipli sosrealist hekayələr yazsa da, bu, yazıçının yaradıcılığında müəyyənləşdirici rol oynamayıb və ötəri səciyyə daşıyıb. İ.Məlikzadə öz yaradıcılıq metoduna görə psixoloji-realist yazıçıdır.

İkincisi, onun gənclik illərində yazdığı hekayələr üçün səciyyəvi olan romantik ovqat öz yerini tədricən şən komizm, o da öz növbəsində tragikomizmə verərək 90-cı illərə doğru açıq tragizmlə əvəzlənməyə başlayıb. Bu, əlbəttə, yazıçının sadəcə yaşının artması, şəxsi həyatındakı olaylarla bağlı olmayıb, həm də işıqlı kommunist ideallarına inamın zamanla aradan qalxması ("Bu çayın suyu lilli"), zamanın üfüqlərində ilk işartıları görünən kapitalizmin canavar qanunlarının insan mənəviyyatına vurduğu zərbələr ("İlk qazanc"), demokratiyanın anarxiya kimi anlaşılmasından doğan total şüursuzluq və bunun yaratdığı vahimə ("Yaşasın demokratiya!"), Qarabağ olaylarını öncəgörəliklə duymaq ("Bir göyün altında") və sair kimi sosial-mənəvi və siyasi-tarixi amillərlə bağlı idi. C.Oruellin diliylə desək, gələcəyə dair ancaq bəd xəbərlər gəlirdi və bu, hətta İ.Məlikzadə kimi optimist yazıçının belə, yaradıcılığına öz pessimist təsirini göstərirdi.

***

İ.Məlikzadənin hekayələrnin əsas məkanı 60-90-cı illərin Azərbaycan kəndi, əsas qəhrəmanları sadə kənd adamları, şəhərdən kəndə gələn ziyalılardır. İ.Muğanna, S.Əhmədli və digər ünlü kənd nəsri yaradıcıları sırasında onun öz yeri, öz mövqeyi var. Onun hekayələri müharibənin dağıntılarından çıxmış kənddəki güzəran sorunlarının doğurduğu mənəvi aşınmalar, əxlaqi təbəddülatları bir güzgü kimi göstərir. Özü də burda söhbət tarix dərsliklərindən fərqli olaraq hadisələri zahirdən yox, daxildən əks etdirən, onun mahiyyətinə nüfuz edən güzgüdən gedir. Aristotelin dediyi kimi, tarixi hadisələri ədəbiyyat tarixin özündən daha dərin əks etdirir. Hadisə və insanların daxili aləminə nüfuz etməklə şərtlənən bu sadə dərinliyi "Qatarda" kitabındakı əksər hekayələrdə gördüm. Odur ki, bu "Qatarda"kı yolçuluğumdan məmnun qaldım. İnanıram ki, onun sərnişini olsanız, siz də məmnun qalacaqsınız.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!