Yaddaşımızın romanı - "Lo" - Elnarə AKİMOVA yazır

"Əjdər Ol"un bu yaxınlarda çap olunacaq "Lo" romanı haqqında tənqidçi fikri"

Elnarə AKİMOVA

 

Əjdər Olun "Lo" əsərini oxuyarkən, nədənsə, türk nasiri Mətin Kaçanın "Ağır roman"ını xatırladım. Bir fərqlə, Mətin Kaçan küçə, məhəllə insanlarının həyatının dramatik situasiyalarını nəsrə gətirir, cəmiyyətin problematikasına  çevirirdi, Əjdər Ol isə cəmiyyətin problemini nəsrə gətirməyə çalışır. Böyük bir epoxanın üstünə salınmış sükut buzunu əridib onu yenidən canlandırmaq istəyir.

"Lo" cəmiyyətin romanıdır, müharibə gerçəklərinin romanıdır, siyasi-tarixi aşamalardan keçmiş, xaotik proseslər yaşamış, müstəqilliyini qan, azadlığını can bahasına qazanmış böyük bir epoxanın romanıdır. Əsər 90-cı illər Azərbaycanının modelini ifadə edir, ictimai-siyasi, sosial mədəni hadisələr fonunda bizə yaşanmışları təkrar yaşamağa, gördüklərimizi təkrar görməyə imkan yaradır.

Bu qədər zaman kəsimindən sonra yenidən o illərə qayıtmaq, baş verən, həyatımızdan, gözlərimiz önündən keçən prosesləri yenidən oxumaq, etiraf edim ki, o qədər də asan deyil. Amma belə bir əsəri həm də gözləyirdik axı. Bəlkə daha çoxdan həm də. 90-cı illərdə o zaman ki, nəsrdə çox şeylər aydınlanmalı idi, daha da qəlizləşdi. Rəmzlər, simvollar önə çıxdı. Yaşadığımız fəci və dramatik proseslər dövrümüzün bir çox yazıçılarının qələmində nəsrə gətirilsə də, ümumən milli taleyimizdən keçənlərin siqlətli, geniş bədii təcəssümünə varılmadı, zamanın obrazını nəsrdən hasil edə bilmədik. Və düzü, bu qədər vaxtdan sonra çağımızın qarşımıza yuvarlatdığı sonsuz sayda problemlər içində az qala tarixə çevrilmiş 90-cı illər proseslərinin əks-sədasının prozanın diqqətinə çəkiləcəyini güman etməzdim. Hələ üstəlik, bu cür epik panoramlı təsvir kontekstində.

Şəxsən mən, bu məqamı - nəsrimizdə Azərbaycan obrazını görmək üçün darıxmışdım. Bura qədər obrazın hərəkət trayektoriyası necədir? Tənqidçi Tehran Əlişanoğlunun sözləri ilə desək, "Bir model olaraq, ədəbiyyatımızda son Azərbaycan obrazı 1960-80-ci illər təcrübəsi ilə bağlanır; müqayisə olsun deyə: həmin obrazı ötən əsrin əvvəllərində milli istiqlal və romantizm hərəkatının, adekvat olaraq romantik və realist ədəbiyyatın yetirdiyi Müstəqil Azərbaycan İdealı və daha sonrakı reallıqların mücəssəmi olan Sovet Azərbaycanı obrazından fərqləndirən cəhətlər var. Bu (yəni 1960-80-ci illər idealı): milli iftixar və modern həyat mündəricəsini özündə qapsayan bir obrazdır; müstəqillik arzularını eyni zamanda sosial ədalət və humanizm prinsipləri ilə uyarmağa maildir. 1990-cı illərin sərt həqiqətləri, müstəqillik uğrunda çarpışmanın gerçək durumu və çətinliyi milli həyatda həmin obrazın illüziyalarını da ortaya çıxardısa da, ədəbiyyatda hələ uzun zaman yaşayır; və əslində, 1990-cı illər ədəbiyyatı daha çox elə həmin idealın məhvi, iflas və ağrılarının təcəssümündən sıra tapır, o cümlədən ədəbiyyatımızda Qarabağ mövzusu da büsbütün bu müstəvi üzərində qərarlaşmışdır".

İndi, yazıçı Əjdər Ol obrazını yaratdığı 90-cı illər reallıqlarının inikasını verməklə zamanın çarxını geri fırladır. 90-cı illər hamının həyatına siyasətin, cəmiyyətin nizamının pozulduğu dönəm kimi gəldi. "Lo" romanı bizi ağır olsa da, o illərə aparır ki, orada ancaq televizor ekranının qarşısında əyləşərək günün yenilənən xəbər dalğasını tutmağa çalışıb baş verənlərdən agah olmağa can atırdıq. Bu mənada, "Lo" hər bir azərbaycanlının tərcümeyi-halının romanıdır. Bunu, ilk növbədə, müəllifin özü etiraf edir: "Ölkənin tərcümeyi-halı mənim tərcümeyi-halım idi. Bakıda, Azərbaycanda baş verən hər bir hadisə həyat romanımın süjet xəttinə daxil  olurdu".

Yazıçı "Lo" romanında ayrı-ayrı personajların taleyini deyil, bütöv vətənin taleyini bütün ziddiyyətli və fəci durumunda çözməyə, dinamikliyini göstərməyə çalışır. Əsərin adına diqqət çəkmək istəyirəm. Lo! Bizim dildə bir "lo salmaq" ifadəsi var. Dialektoloji anlamına baxsaq, qarışıqlığı, kataklizmi, hay-küyü ehtiva edir. 90-cı illər də bizim tarixi taleyimizdən keçən "lo"dur. Romanda bu barədə danışılmasa da, bu ifadə-rəmzin semantikasını açan mətləblər sayəsində söz öz içindəki mənaya çatır. Burda digər məsələ adın ehtiva elədiyi simvolik tutumdur. Ki, daşıdığı aksioloji məqama deyil, simvolikasına varmağı, diqqətli olmağı labüdləşdirir. Belə ki, "Lo" tərsinə oxunduqda Əjdər Olun öz adını ifadə edir. Bu baxımdan düşündürür həm də. Müəllif öz adının, öz həyatının, tərcümeyi-halının romanını yaratdığına işarə etməyə də yer saxlayır əsərdə. 

Romanda proseslər 80-ci illərin sonlarından başlayaraq ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zamanın proseslərini ehtiva eləyir. Millətin sınağa çəkildiyi zamanın içinə sığan, sığdırılan hadisələr bir deyil, bəlkə beş roman ağırlığı daşıyır özündə. Fraqmentar roman üslubunda yazılan "Lo" əsərində müəllif ictimai-siyasi kataklizmlərlə zəngin həmin dağınıq prosesləri, məmləkətin hər tərəfinə səpələnmiş problem, ağrı çeşidini daxili bağlılığı Azərbaycan olan bir məqamda yan-yana gətirir. Əsər boyu ikili, binar səciyyə nəzərdən qaçmır. Müəllif ailə-məişət problemlərindən çıxış edib xalqın problemlərinə enir, ordan da qlobal ünvanlara hədəflənir. Əvvəl, sanki hər şey dağılmağa, parçalanmağa doğru gedir, ölkə "tüstü və duman içində boğulur", sonda isə parçalanan qəlpələr bütövlənməyə başlayır.

Yazıçı baş qəhrəmanın həyatını 90-cı illər gerçəkliyinin - dövrün paradoksları və xaotik məzmunu ilə iç-içə  təsvir etməyə çalışır. Bu təsvirlər müxtəlif rakurslu mövzuları içinə almaqla bir neçə istiqamətə şaxələnir. Əsərin süjet trayektoriyası qəhrəmanın olduğu bütün yolların istiqamətini cızır. Ümumiyyətlə, romanın ümumi ruhu, ritmi, düşüncə sırası yol simvolikasına tabedir: qəhrəmanın Çernobıl qəzasında şüalanıb Rusiya xəstəxanasında müalicə alan qardaşı Qaranın yanına yollanması, sonra kəndə dönüşü, ordan Bakıya yollanması, təkrarlanan iş-ev-küçə-meydan-rayon istiqamətində gəzişmə və s. Bu simvolikanın öncüllüyü, eləcə də qəhrəmanın həyatının lövhə-lövhə, an-gün-ay-il boyunca oxucu üçün sərgilənməsi, zahiri görünüş detallarından tutmuş hadisə-təfərrüat boyunca incələnməsi baxımından "Lo" əsəri Seymur Baycanın "Quqark" romanı ilə səsləşir. Həmin əsərdə də "ümummilli eyforiya dövrü" olan 1990-cı illər, həmin dövrə xas səciyyəvi görüntülər - həm siyasi-ictimai, həm də psixoloji çalarları ilə təsvirini tapmışdı. Bir-birini əvəz edən tarixi dövrlərin insan talelərinin yaşantısında doğurduğu gərgin emosiyalar hiss edilirdi. Burada da müəllif sadəcə ömrünün anılarına əsaslanıb, həmin anıları öz təhkiyəsində ipə-sapa düzüb süjet xətti yaratmışdı. Amma həmin əsərdən fərqli olaraq, "Lo" əsərində müəllifin mürəkkəb və fəci hadisələrin səbəblərini, köklərini göstərməyə cəhd var, hansısa amal və mübarizə əzmi uğrunda insanların savaş ruhunun şəkli var və bir də sozalmayan ümid işığı!

Müəllif baş verən hadisələri demək olar ki, ardıcıllıqla çatdırmağa çalışır.  Çernobıl hadisələrinin təsviri ilə başlanan romanda hadisələrin ritmi, axarı qəfil dəyişir və sonadək vətən torpağımızda qabaran problemlər çeşidinə ayna tutulur: 80-ci illərin sonlarında ermənilər tərəfindən başlanan münaqişələr, alovlanan Qarabağ iddiaları, meydan hadisələri, 20 Yanvar faciəsi, ard-arda itirilən torpaq acıları, 20 noyabr vertolyot qəzası, Xocalı soyqırımı, SSRİ-nin dağılma siyasəti, milli müstəqilliyin qazanılması, Elçibəy hakimiyyətinin süqutu, Heydər Əliyevin rəhbər gəlişi və xilaskar missiya! Bəli, bu həm də ümummilli lider Heydər Əliyevin qurub yaratdığı Azərbaycandır. Onun obrazına müvafiqdir. 90-cı illərin xaotik proseslərindən yol alan hər şey Heydər Əliyev dühasında, müdrik siyasətində həm bitir, həm də yenidən start götürür, yeni məcraya qovuşur, dirilik və nüfuz tapır.

Əjdər Olun qələminin  toxdaqlığı, təmkinli və təfərrüatlı üslubu  sayəsində böyük epoxal dəyişikliklərlə müşayiət olunan dönəmin proseslərini addımbaddım izləmək oxucuda  nostalji hisslər doğurur. Açıq publisistik qabartmaların əsərdə dominantlıq təşkil etməsi də bu səbəbdəndir. Tarixin sənədləri, həqiqətləri, gerçəkləri, xatirələri daha öndədir. Əjdər Ol yazıçı fəhmi ilə həmin illərin xaotik obrazını prozaik dillə təsvir etməyə çalışır: "Azərbaycanda ölüm ucuzlaşmışdı. Bütün ölkə boyu hər kənddə, hər şəhərdə eyni vaxtda neçə-neçə yas çadırları qurulurdusa, daha gözdə yaş qalardı? Hər on yas çadırından səkkizi-doqquzu Qarabağda şəhid düşənlərinki idi. Aqil Abbasdan eşitmişdim: "Evdə arvad qabağıma çay gətirəndə də, çaşıb "Allah qəbul eləsin!" deyirəm. Nə qədər yasa getmək olar, axı?".

Hələ ağır yaralananların müsibəti. Onların sayı şəhidlərinkindən qat-qat çoxdur. Onlar haçan, nə şəkildə sağalacaqlar?  Kiminin qolu yox, kiminin qıçı, kiminin hər ikisi. Gözü və yaxud gözləri kor olan, çənəsini güllə, mərmi aparan, bədəninə qəlpə dolan, beli qırılan, başına hava gələn, eh, hər çür zədə növü taparsan. Cəbhəyanı bölgələrdə xəstəxanalar hərbi hospitala çevrilib. Bakının, Gəncənin, sərhədyanı rayon mərkəzlərinin xəstəxanaları yaralılarla doludur".

Mən o illəri dumanlı xatırlayıram. Amma bütün proses, sanki gözümün qabağında olub. Biz o çaxnaşmaların içindən keçən nəsilik. Qısa zaman kəsimində ilğım kimi gəlib keçən proseslər oldu. Hadisələr o qədər sürətlə ötüb-keçir və biri digərini əvəz edirdi ki, baş verənlərin mahiyyətinə varmaq çətin idi. Biz, sadəcə, yuxarılarda gedən oyuna baxmağa məhkum edilmişdik. Tarixin sükanı isə taleyimizin müqəddəratını deyil, vəzifə hərc-mərcliyinə qarışan bir kəsimin əlində idi: "Yuxarıdakılar aşağılarda dərisinə sığmayıb baş qaldıranları, şuluqluq salıb onların işini qurdalayanları sakitləşdirmək, ələ almaq, öz tərəfdarına çevirmək üçün vəzifə paylayırdılar. Elə bil, ölkə ucuz mallar mağazası idi. Həyasız, gözdən tük qapan, kəmfürsət adamların meydanı genişlənmişdi. Münasibət pərdələri səhnə pərdələri kimi yuxarı qaldırılırdı. Hamı açıq-aydın görünməkdə idi".

Müharibə gedən bir məmləkətin portretini yaradır Əjdər Ol. Və bəlkə bu da yazıçı ustalığıdır ki, milli həyatımızın son dərəcə təlatümlü hadisələrindən bəhs edərkən nasir sayıqlığını və təhkiyəçi təmkinini itirmir. Təfərrüatlı natural təsvirlə psixoloji oyaqlıq iç-içədir, müəllifin hadisələrə baxışında, analiz verməkdə rasionallıq və dəqiqlik öndədir. Yazıçı meydana atılmış Qarabağ müharibəsi mövzusunu da qlobal yanaşma kontekstində çözməyə çalışır: "Ermənilərlə bizim döyüşümüz qladiator döyüşüdür. Böyük dövlətlərin siyasəti, marağı, həzzi üçün arenaya çıxarılmışıq. Səncə, qladiator silahı əlindən atıb qaça bilərmi? Biz də, ermənilər də vuruşmağa məhkum edilmişik. Onlar da, biz də öldürülməmək üçün öldürməliyik. Başqaları üçün vuruşsaq da, qalib gəlmək istəyirik. Necə ki, qladiator rəqibindən canını qurtarmaq üçün son nəfəsinə qədər vuruşur. Ən pisi odur ki, münaqişə bizim Qarabağda gedir".

Müəllif romanı əvvəldən sonadək baş qəhrəmanın - özünün düşüncələrindən, yaşantılarından, xatirə və gerçəkliyindən qurur. Yazıçı ömrünü tam çılpaqlığı ilə prozanın predmetinə çevirməkdən çəkinmir. Ümumiyyətlə, Əjdər Olda canlılıq, təəssürata əsaslanaraq yazmaq yaxşı alınır. Şeirlərində də belədir, Rafiq Tağı, Namiq Abdullayev, Adil Mirseyid haqqında portret hekayələrində də. Həmin oçerklərdə həyat yaşantılarını prozaik detallara keçirə bilən, adicə detalı canlı əhvalatlar şəbəkəsinə qoşmağı bacaran nasir səriştəsi var. Şahid olduğu hadisələri, tanıdığı insanların obrazını məharətlə mətnə çevirməyin ustasıdır Əjdər Ol. 90-cı illər Bakısının həqiqətinə açılan sərt mənzərələr, hər yaşanılan, baş verən məqamların öz boyasında təsbiti də Əjdər Olun bundan əvvəl yazdığı hekayə və portret yazıların təcrübəsini əks etdirir. Və əslində, romanda müəllifin bu səriştəsi ilə bərabər zamanı ömründən keçirmiş yazıçı yaşantılarının, taleyindən izlərin özü danışır.

Romanın girişində müəllif underqraunda yönəlir, həyatın dibində olan insanların ağır həyatlarına fokuslanır, sosial-etnoqrafiq mənzərənin dəqiq və analitik təsvirini verir: nəşə, türmə, kriminal yaşam.  Onu da deyim ki, yazıçının romanın içinə yerləşdirdiyi bəzi hadisələr ayrıca gözəl bir hekayə motividir. Məsələn, əsərdə Səmədağanın Qönçəni zorlaması səhnəsi prozaik qələmlə, psixoloji nüans səhihliyi ilə təsvir olunmuşdur. Eləcə də Fərəh xətti, qəhrəmanın ona bəslədiyi, roman boyu refren kimi təkrarlanan həzin, melodramatik yaşantı mətndəki ağırlığın içində işıqlı fonu təşkil edir. 

Əsərdə diqqəti cəlb edən digər məqam müəllifin etnoqrafik üsluba meyilliyi ilə bağlıdır. Təsvir edilən bir çox məkanların etnoqrafik, hətta deyərdim dəqiq topoqrafik təsviri verilir. Türk nasiri Orxan Pamukun əsərlərində olduğu kimi,  şəhərin obrazı, onun adət-ənənəsi, arxitektura özəllikləri əsərin içinə məharətlə köçürülür. Digər bir məqam da var, müəllif bəhs etdiyi, toxunduğu hər məkanın tarixiliyinə varmağa çalışır. Bakı-Tiflis dəmiryolu vağzalının binası, məktəb binası, İçərişəhərin ecazı və s. hər biri əsərdə tarixləşir, Bakı əsərdə etno mədəniyyət daşıyıcısı olan obyekt kimi təsvir olunur.

Daha çox postmodern nəsr üçün səciyyəvi olan bir məqama, müəllifin öz iştirakına da rast gəlirik əsərdə. Məsələn,  "Oxucular, keçmişə uçuruq! Kəmərləri möhkəm bağlayın! Çox uzağa getmirik. Səkkiz-doqquz illik məsafəmiz var. Uçuş müddəti ... Tələsməyin"! Müxtəlif tipoloji bölgülərə əsasən təsnifatlandırarkən sinkretizm, belletristiklik, intertekstuallıq, reminissensiyalar, geniş kulturoloji kontekst və s. xüsusiyyətlərin hər birinin mətndə bu və ya digər dərəcədə mövcud olduğunu görmək mümkündür. Əjdər Olun yazıçı gəzişmələrinin özü də maraqlıdır. Əvvəlcə ailə münasibəti fonunda başlayan romanı getdikcə məhəllə, rayon hüdudlarına çıxararaq sonucda paytaxt Bakının taleyi üzərinə gətirir və sonadək bu məcrada - fərdi məqsədlərdən yola çıxaraq bütöv bir türk xalqının həyatını təsvirlə qapayır. Ölkəni bürüyən təhlükə sayəsində həyata başqa nəzərlərlə baxmağa məcbur olan qəhrəmanın mənəvi yaşantıları Bakı həyatının dəyişilməsi ilə həmahəng verilir: "Gecələr günboyu dünyada baş verənlərdən xəbər tutduqlarımı xatırlayıb olayları bircə-bircə təhlil eləməyə girişirdim. Görəsən, ölkə başçısının, onun yan-yörəsindəkilərin də fikirləşməkdən başları şişmişdi? Bəlkə, öz taleyim üçün qorxurdum? Günü-gündən elə bil adamların şəxsi həyatı cəmiyyət üçün yüzüncü dərəcəli bir məsələyə çevrilirdi. Hansı məsələdən ötrü bir idarənin, təşkilatın qapısını döysəydin, soyuq, həvəssiz qarşılanardın. Baxışlarda laqeydlik, dağınıqlıq görəndə elə bilirdim ağzımı açan kimi deyəcəklər ki, keçi can hayındadır, qəssab piy axtarır".

"Lo" romanı Əjdər Olun ciddi tədqiqatçılıq əzmini də meydana qoyur. Müəllifin SSRİ-nin dağılması ilə bağlı ciddi qaynaqlara, tarixi sənədlərə istinadən yazdıqları mətnin ən tutumlu hissələrindəndir. 1979-cu ildən başlayaraq dünya siyasətində aparılan planlı siyasət -  Böyük Britaniyanın baş naziri Marqaret Tetçerin, Almaniya Federativ Respublikasının kansleri Helmut Kolun, Fransa prezidenti Fransua Mitteranın, Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələn Ronald Reyqanın birgəliyi sayəsində kommunist sisteminə qarşı başlanan mübarizə və SSRİ-nin süqutunu labüdləşdirən pərdəarxası ssenari - Marqaret Tetçerlə Qorbaçovun iş birliyi, "Xalq Cəbhələri"nin yaranma ideyası, Moskvada aparılan iyrənc oyunlar, ölkədaxili hərc-mərcliyin təşkili məsələləri romanda əhəmiyyətli məxəz rolunu oynayır. Və bu sırada insanların aldanış faktoru - SSRİ illüziyasının puçluğu, süqutu ilə bağlı kədərli düşüncələrə dalan personajın etiraz ruhlu, bədbin ricətlərə gəlib çıxan sonluğu da dövrün tarixləşən mənzərələri sırasına daxildir: "Gör hansı dövrə gəlib çıxdıq, əzizim! Sən cavansan, özümdən danışıram. Nə qədər insanların ömrü hədər getdi. Sovet hökumətinin  yolunda nə zəhmətlər çəkildisə, hamısı havaya uçdu. Otuz yeddinci ildə atamı güllələyib, anamı dul, qardaşlarımla məni yetim qoyanda da bu hökumətin ətəyindən bərk-bərk yapışmışdıq. Xoşbəxt gələcəyə inanırdıq. Deməli, aldana-aldana yaşamışam. Qorbaçov hamını qızışdırıb salıb ortalığa. İndi Moskvadakılar, burdakılar bar-bar bağırırlar ki, keçmiş rəhbərlərimiz, görkəmli ziyalılarımız, qabaqda gedənlərimiz hamısı əliəyri, saxtakar, fırıldaqçı, zalım, qaniçən, yelbeyin, xəyanətkar, satqın olublar. Hamısı silahdaşına, əqidə, məslək, qələm yoldaşlarına kəf gəlib, torba tikib, ayağının altını qazıb. Gör kimlərə inanmışıq? Lap tutaq ki, indi hamının iç üzü açılıb, ayılmışıq, ağı qaradan seçirik, bəs keçən ömrümüzü bizə kim qaytaracaq? Bəs rejimin imkanları, qanunları, qadağaları üstündə qurulmuş həyatımızı necə davam etdirək?".

Əjdər Ol romana retrospeksiyanı da  yerləşdirir. Müəllif 90-cı illər Bakısı ilə eyni mənzərəni ehtiva edən tarixi prosesləri yanaşı gətirir. 1804-cü ilin Bakısı, rus generalının və qoşunlarının Bakıya hücumu, eləcə də 1920-ci illərdə Rusiyadan gələn XI Qızıl Ordunun işğal planları əsərdə tarixi konteksti təşkil edir. İrəli-geri dönümlər müəllif təhkiyəsi əsasında reallaşır.

Əsərin əsas məziyyətindən biri ondakı yumor hissinin güclü vurğusundadır. Bu mənada deyim ki, təsvir olunan  gərgin hadisələr, situasiyalar içində nikbin bir xətt varsa, o da müəllifin özüdür. Bütün hallarda bəhs etdiyi obrazın, situasiyanın bir addımlığında müvazinətini itirmir. Müəllif romana məhz bu kontekstdən daxil olur, çeşidli hadisələr daxilində nə ahəngini dəyişir, nə də həyata olan ümid işığını. "Lo" əsərinin kökləndiyi estetik qayə də bu: ümid həmişə var! Odur ki, "Lo" əsəri böyük tarixi epoxanın proseslərinə ayna tutsa da, dinamik təhkiyə və çevik təsvirə malik olduğu üçün oxucunu bədbin əhval-ruhiyyəyə kökləmir. Həyatın hər üzünü görüb yaşamış yazıçı acıları dəf etmək reallığını roman materialından, bəhs etdiyi proseslərin içindən keçirib meydana qoyur. Hətta deyim ki, romandakı ironik modus, yumor hissinin güclülüyü də burdan doğur. Əslində, məzmun qatında ironiyaya yer yoxdur, nədən ki, ağır halda olan cəmiyyət həyatının gerçəkləri ciddi rakursu labüdləşdirir. Yumor, ironiya müəllifin üslub planında, yazıçı platformasında təzahür edir. Məsələn, belə: "Bizim Baş idarənin baş mühasibi Anna Makarovna da həmin "Bakınets"lərdən idi. Qışda ayda bir dəfə, yay mövsümündə hər həftə Yaradıcılıq Evinə baş çəkirdi. Əli müəllimə və mənə yovuşmurdu. Saçdüzümü, görünüşü XIX əsr rus zadəgan xanımlarını yada salırdı və hər dəfə təşrif buyuranda bir anlıq mənə elə gəlirdi ki, nərmənazik xanımı I Nikolay şəxsən Peterburqdan bizi yoxlamağa göndərib".

Bu mövqe bəlkə də, müəllifin özünün çıxış yoludur. Həyatındakı insanların aqibət və yaşam reallığını göz yaşı içində gülüşlə bədii təcəssüm predmetinə çevirir. Diqqət edək: bu insanlar mübarizənin, Bakıda və cəbhədə gedən proseslərin ən qaynar xəttindədir: qəhrəman, qardaşı Qara, nişanlısı Lalə və bir də Fərəh. Amma onların heç birinin şəxsi həyatı yoxdur əsərdə. Qaranın həyatı Çernobıl qəzasında zədələnib, Fərəhin həyatı isə həyat yoldaşının və atasının ölümündən aldığı mənəvi-psixoloji zərbə, özünün cəbhədə aldığı güllə yarası sayəsində fərəhini itirir.

Müəllif, sanki içindəki gərginlikləri, psixoloji travmanı bu ironiya və yumorun gücünə dəf etməyə çalışır. Bu həm də bunca zaman fasiləsini adlamış yazıçı ruhunun diktəsidir. Hadisələrə analitik baxışın sürəti artdıqca içəçəkilmə başlayır, sualtı, səssiz axın labüdləşir.

Romanda dövrlə bağlı səciyyəvi faktlardan tutmuş ən xırda nüanslara qədər hər incə məqam mətnin predmetinə çevrilir, süjet məkanında baş verən hadisələr arasında ustalıqla bağ yaradılır: M.S.Qorbaçovun hakimiyyət başına keçməsi, yenidənqurma siyasəti, AXC-nin yaranması, Sumqayıt hadisələrinin baş verməsinin təfərrüatları, Gəncə hadisələri, ölkədəki milli azlıqların yaratdıqları münaqişələr; yaradılan obrazlar qalereyası - siyasətçilər M.S.Qorbaçov, Raisa Qorbaçova, Kamran Bağırov, Ayaz Mütəllibov, Ə.Vəzirov, Əbülfəz Elçibəy;  ziyalılar Xudu Məmmədov, Hamlet Hacızadə, Xeyrulla Əliyev, Xəlil Rza Ulutürk, Arif Acalov, Mirəli Seyidov, Anar, Sabir Rüstəmxanlı və b.; ölməz ruhuyla şəhidlik zirvəsinə ucalan mərd oğullarımız;  ölkədaxili dramatik situasiyalar - Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını istəməyən qüvvələr, əks təbliğatlar, bu yöndə Vaksberq imzalı müəllifin yazdığı qarayaxma dolu məqalə, kitabxananın səfirliyə verilməsi təhlükəsinin qarşısının alınması, Elçinin "Vətən" cəmiyyəti, Yaqub Zurufçunun "Ayrılıq" mahnısı, Zori Balayanın "Ocaq" kitabı və s. Dövrün insanının haçalanan düşüncəsində bunların hamısına yer vardı: "Fikrim gah Kremlə qarışırdı, gah Stepanakertə, gah Yerevana... Bakı da öz yerində, Bakı, beynimin paytaxtı idi".

Bu əsər həm də Heydər Əliyevin böyüklüyünü anlamağa, onun hansı çətin şərtlər, ağır, məhrumiyyətli dönəmlərdə hakimiyyətə gəldiyini, millətin və dövlətimizin xilas ünvanı olmasını anlamağa dərk və həzm imkanı yaradır. Ümummilli liderin ehtiva etdiyi Xilaskar obrazı romanın səhifələrində yığcam, tutumlu boyalarla meydana qoyulur. Bu məqamda qeyd edim ki, əsərdə Əbülfəz Elçibəy adına da sayğı ilə yanaşılır, onun adı romandan sadəlik, saflıq rəmzi kimi keçir, amma müəllif deyək ki, Heydər Əliyevin müdrik, tədbirli siyasəti ilə müqayisədə onun gücsüzlüyü və iradəsizliyi faktını əks etdirməyə çalışır.

"Lo" romanında nəzərə çarpan çatışmazlıqları da gözardı etmək olmaz. Əsərdə bəzi məqamlarda, janr materialının bəzi fraqmentlərində bədiilik çatışmır, çılpaq təsvir mövqeyi qabarıqlaşır. Bəzi hallarda prozaik qələmin yazdıqları danışır, bəzi hallarda isə nəsr mexanizmi yetərincə işləmir, sanki prozaik ifadənin gücü azalır, publisistik münasibət daha önə keçir. Məsələn, mitinq hərəkatının təsvir olunduğu hissələrdə daha çox çılpaqlıq, yalınlıq var. Yazıçı sxematikliyə meyil edərək romanı danışır. Yaxud 20 Yanvar, Xocalı ilə bağlı təsvirlərin yer aldığı hissələrdə müəllif təhkiyəsi eyni lad üstündə gedir, güclü insan ağrısı duyulmur. Zənnimcə, bu hissələrin təsvirinə və faciə müqyasına daha həssas olmaq lazım idi. Bunun əksinə, müəllif şəhidlərin dəfni təsvirlərini təsirli yaradır, eləcə də baş qəhrəmanın öz qardaşı Qaranı ölülərin arasında axtarması səhnəsi usta şəkildə təqdim olunur. Bu sırada Bəxtiyar Vahabzadə ilə Dubinyak ixtilafının, o ağır günlərdə Bakıya gələn Oljas Süleymenov həssaslığının yeri, məqamı da əsərin içinə uğurla yerləşdirilir.

Hər bir halda "Lo" cəmiyyətimizin romanı, müstəqilliyimizin romanı olmaq gücünü ehtiva edir. Çünki hər şeydən əvvəl yaddaş romanımızdır. Əsərin başlıca məziyyəti də budur. Baş verən proseslərin nədən qaynaqlandığını bilmək, öyrənmək baxımından bu əsər ilk növbədə, informativ baza statusunu daşımaqla yanaşı, müstəqilliyə aparan çətin yolun bələdçisi kimi əvəzsiz bədii mənbə rolunu oynayacaqdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!