Nəsimi sözünün ecazkar vüsəti - Mahirə Quliyeva yazır

 

Ədəbiyyat tarixinə ümumi şəkildə nəzər salsaq söz sənətinin üç böyük tarixi mərhələ keçdiyinin şahidi oluruq. Birinci mərhələyə folklor və şifahi yaradıcılıq nümunələri daxildir. Bu halda söz sənəti öz sadəliyi, aydınlığı və axıcılığı ilə seçilir. Daha çox sadə təzad, cinas, təkrir, təşbih, məcaz və istiarələr işlənir. Yəni şair sözü, sözün hüsnilə yoğrulur.

İkinci və zəngin mərhələ klassik ədəbiyyatı əhatə edir. Bu dövrə xas ədəbi üslub bir neçə cəhətdən diqqəti cəlb edir:

1. Türk sözləri ilə yanaşı, ərəb və fars sözlərinin geniş işlənməsi;

2. Müxtəlif mənşəli sözlər arasında uzlaşma;

3. İslam mədəniyyəti ilə bağlı yeni anlam və düşüncə tərzi;

4. Ənənəvi motiv, mövzu və süjetlərin yeni təəssürat bağışlayan müxtəlif üslublarda təzahürü;

5. Sözlərin bədii-poetik baxımdan qəliblənməsi;

6. Şeir şəkilləri, obrazlar və bədii deyim və ifadələrin ənənəvi şəkil alması.

Qazi Bürhanəddinin əsərlərində həm Divan ədəbiyyatına xas zəngin şeir növü və şəkilləri, həm də bədiiyyat sisteminə aid poetik qəlibləri və ifadə vasitələrini müfəssəl şəkildə izləmək olar. Bununla belə, Divan ədəbiyyatı ənənələri bu hökmdar şairin yaradıcılığında tam oturuşmamış və təsbitləşməmiş halda qalır. Onun şeirlərində şifahi xalq yaradıcılığından gələn motivlər və ənənələr, həm də  yerli ədəbi ənənələr mühüm yer tutur. Eyni zamanda, Qazinin poeziyasında təsəvvüf motivləri də qabarıq deyildir. Bir sözlə, Qazinin bədii irsi qəliblənmiş Divan şeirinin bütün incəliklərini və dərinliklərini əhatə etmir. Bununla belə, milli ədəbi ənənələrin, dil-üslub xüsusiyyətlərinin klassik Divan ədəbiyyatında işlənməsi və onlara yeni həyat verilməsi baxımından Qazi Bürhanəddinin xidməti böyükdür.

Anadilli Divan ədəbiyyatında bədii dilin poetik baxımdan cilalanmasında, heç şübhəsiz ki, Nəsiminin xidməti  daha böyükdür, yəni o, anadilli şeirimizin yerli dil-üslub cəhətdən Divan poeziyası qəlibində təşəkkülü prosesini başa çatdırmışdır.

Nəsimi öz düşüncələrini son dərəcə səmimi və inandırıcı bir dil ilə qələmə almışdır. O, Azərbaycan dilində yaranan şeirin ölməz nümunələrini yaratmış, Orta əsrin ədəbi janrlarında gözəl əsərlər yazmışdır. Şairin bədii dili olduqca zəngin, söz ehtiyatı çoxdur. O, bir tərəfdən idiomatik ifadələrlə zəngin olan canlı danışıq dilinin imkanlarından bacarıqla istifadə edir, ikinci tərəfdən isə klassik şeir dilinin çox yayılmış bədii ifadələrini məharətlə işlədir, eyni zamanda ərəb, fars şeirinin ifadə vasitələrindən bəhrələnməklə şeir dilimizi zənginləşdirir.

Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində yaranan şeirin şəkli xüsusiyyətlərinin təkmilləşməsində də çox mühüm rol oynamışdır. O, hər şeydən əvvəl əruz vəzninin müxtəlif bəhrlərində və müxtəlif şəkillərində Azərbaycan dilində şeirlər yazmışdır. Nəsimi əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. Daxili qafiyələr yaratmaq, şeirin musiqisini təmin etmək istərkən, şair dilin təhrif edilməməsinə də diqqət yetirmişdir.

Nəsimi bir sıra şairlərdən fərqli olaraq şeirin qafiyəsinə xüsusi əhəmiyyət vermiş, hər üç dildə yaratmış olduğu şeirlərdə Orta əsr poetikasının tələblərinə uyğun olaraq müvəffəqiyyətli qafiyələr işlətmişdir. Şair qafiyələrinin təkrar edilməməsi üçün rədif qafiyələrə daha çox fikir verir. Bəzən misranın yarıdan çoxu rədif kimi təkrar edilir. Məsələn:

Üzünü məndən nihan etmək dilərsən, etməgil,

Gözlərim yaşin rəvan etmək dilərsən, etməgil.

 

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,

Aşiqi bixaniman etmək dilərsən, etməgil.

 

Qaşların qövsündə müjganın xədəngin gizləyib,

Ey gözü məstanə, qan etmək dilərsən, etməgil.

Sona qədər eyni ahənglə davam edən bu şeirdə misranın yarısından çoxunu "etmək dilərsən, etməgil" rədifi tutur. Rədiflərdən belə çox istifadə etmək şairi qafiyə yeknəsəqliyindən qurtarır.

Şairin eyni şəkildə başqa bir qəzəli də vardır:

Zülfünü ənbərəfşan etmək dilərsən, etməgil,

Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil.

Yuxarıda qeyd edilən ümumi mülahizələrdən aydın olur ki, Nəsimi anadilli şeirimizin istər forma və şəkil, istərsə də məzmun cəhətdən təşəkkül və təkamülündə önəmli yer tutmuşdur. Ancaq burada bizim məqsədimiz Nəsiminin hər şeydən öncə sözə münasibətini və bununla bağlı onun klassik söz sənətində yaratdığı bir sıra özünəməxsus cizgiləri konkret nümunələrlə ortaya qoymaqdır.

İlk növbədə qeyd etməliyk ki, Nəsimi sözə tam mənası ilə hakim olan qüdrətli sənətkardır və onun poetikası daha cilalı və daha zəngindir. Xilqətin əsasını sözdə axtaran Nəsimi düşüncənin də əsasını sözdə görür. Nəsimi üçün söz hər şeydir və eyni zamanda hər şeydən üstündür. Söz eyni zamanda müqəddəsdir, Allahın kəlamı da sözlə öz ifadəsini tapmışdır. Bu fikir öz əksini şairin "Sözü rəhmanir-rəhim, məcmui-Quran göstərir", - misrasında da tapır. Nəsimidən öncə də müsəlman Şərq mədəniyyətində sözün məqamını uca bilmişlər və bu səbəbdən onu inciyə, dürrə, saf suya bənzətmişlər, hətta sözü bütün dəyərli seylərdən üstün hesab etmişlər.

Nəsimi böyük bir məktəb keçmişdir. Təsadüfi deyil ki, XIV-XVI yüzilliklərdə hürufilik ideyalarının geniş yayılması Nəimi və Nəsiminin adı ilə bağlıdır. "Ey Nəsimi - "Cavidani-namə"dir Həlli-əşkari-cəmü-müşkilat", - beytini yazan Nəsimi, Fəzlullah Nəiminin "Cavidannamə", "Növnamə" ("Yuxu haqqında kitab"), "Əsrarnamə" və "Vəsiyyətnamə" əsərlərinin sayəsində hürufiliyin elmi əsaslarına yiyələnmişdir. Aşağıdakı beytlər söylədiklərimizin Nəsimi sözündən qaynaqlandığını şairanə şəkildə təsdiqləyər:

Elmi-hikmətdən bilirsən bir bəri gəl, ey həkim,

Sən Nəsimi məntiqindən dinlə, Fəzlullahı gör!

***

Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən,

Olma məlul, ayıtma kim, bəndü həsar içindəyəm.

***

Hər ki, Nəsimitək sücud Fəzli ilahə qılmadı,

Div kimi bu gün anı bəlkə bu yolda dayinə.

***

İrmiş idi Nəsimiyə Fəzlin inayəti,

Kövnü məkanü sübh ilə şam olmadan hənuz.

***

Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,

Həm ayinə, həm nuri-həq,

                         həm Fəzli-yəzdan olmuşam.

***

Favü zadü lamdır Fəzli-ilah,

Fəzlinə qurban edəlim canımız.

Abbas əl-Əzzaviyə görə, "... Nəsimi ustadı Fəzlullahdan daha çox səs salmış, hürufilik yoluna sapanlar arasında yüksək mövqe qazanmışdır. Heç kimin etmədiyini o etmişdi. Nəsimi olmasaydı, hürufilik sönər, batardı".

Nəsiminin dövründə hürufilik bir məslək, əqidə, dünyagörüşü kimi geniş yayılmışdır. ... Öz kökü ilə xalqa bağlı olan bu təriqət xalqın ruhunu, ictimai-siyasi görüşlərini, həyata münasibətini əks etdirirdi. Nəsimi yazır:

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,

Məndən uludur ayətim, ayətə, şanə sığmazam.

Nəsimi sözü öz mənşəyini bu qaynaqlardan əxz etdiyi üçün şair sözün məqamına məhz elə bu baxımdan yanaşır. Əlbəttə, hürufilikdə söz və hərfə xüsusi münasibət vardır və şair həmin firqənin ideologiyasını daşıdığı üçün sözü dəyərləndirərkən Fəzlullahın ideoloji doktrinasının təsiri altında qalır. Bu fikir yuxarıda qeyd etdiyimiz şeirlərdə bir daha şairin dili ilə təsdiqini tapır.

Nəsiminin söz sənətinə münasibəti onun həm də sözə olan sevgisindən qaynaqlanır. Buna görə sözü bacardığı qədər cilalayır və ürəyəyatımlı şəklə salır. Söhbət tək-tək sözlərdən deyil, söz düzümündən, sözlərin ahəngdar  sıralanmasından, söz və məna arasındakı əlaqədən, sözlərin poetik mətndə kəsb etdiyi fərqli və rəngarəng məna incəliklərindən gedir.

Qeyd edək ki, Nəsimi klassik Şərq poetikasını dərindən bilən usta sənətkardır, belə ki, o, əruz və qafiyə ilə yanaşı, bəlağət  kateqoriyalarını mükəmməl mənimsəyən şairdir. Həmin kateqoriyaların "Quran" bəlağətindən qaynaqlandığını nəzərə alsaq, deyə bilər ki, bu deyilənlər onun söz sənətində geniş şəkildə və məharətlə işlənmişdir.

Söhbət Nəsimi sözünün ecazkar bəlağətindən gedirsə, bir məqamı da qeyd etməyi zəruri hesab edirik. Nəsiminin sənətkarlıq xüsusiyyətlərini dövrün ab-havası, şair sözünün ehtiva etdiyi məna tutumu və Şərq poetik sistemi bucağından 1990-cı ildə filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva tədqiq etmişdir.

Onun "Nəsiminin lirikası" adlı dissertasiyasında Orta əsrlər Şərq poetikası əsərlərinə istinadən təşbeh, eyham, istiarə, müraatün-nəzir, epitet, hüsni-təlil, irsalül-məsəl, cinas kimi fiqurların Nəsimi şeirlərindəki funksiyası açıqlanmışdır.

Nəsimi şeirlərinin klassik Şərq poetikası işığında təhlili üçün iki mühüm cəhət diqqət mərkəzində dayanır. Bunlardan biri və birincisi:

1. Şairin şeirlərində əruz  və qafiyə ilə yanaşı, ahəngdar nizam yaradan digər poetik vasitələrin geniş işlənməsi.

Həm Lövhü Tovratü Zəbur, İncilü Quranü sühəf,

Həm mən kəlami-natiqəm,

                        həm cəm'i Quran gəlmişəm.

***

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,

Rəfiqim, həmdəmim, ömrüm,

                         rəvanım, dərdə dərmanım.

Əslində, burda bir məqamı da qeyd etmək istərdim ki, irfani şairlərin yazılışında, zənnimcə, ilk və son nöqtə, sözün geniş mənasında, Nəsimiyə məxsusdur.

Məlum olduğu kimi, Nəsiminin qəzəllərininin əsas üslubi xüsusiyyətlərindən biri təkrarlar üzərində qurulan təntənəli ifadə tərzidir ki, bu da onun qəzəllərinə xüsusi ahəng və ritm zənginliyi bəxş edir:

Mən mülki-cahan, cahan mənəm, mən

Mən Həqqə məkan, məkan mənəm, mən.

Klassik Şərq poetikasında da diqqəti çəkən əsas cəhətlərdən biri - təkrarlar sistemidir. Söhbət sadəcə sözlərin adi təkrarından deyil, onların mətndə yaratdığı ecazkarlıq və işlənmə yerinə görə yaranmış olan növlərindən gedir. Əslində, təkrirdən danışarkən bir məqamı qeyd etməyi vacib bildik. Belə ki, beyt və ya qəzəl boyu yerdəyişmə yolu ilə işlədilən hər söz təkrir olmayıb, məzmuna incəlik qatan "raddus-sadr aləl əcz" və onun əks növüdür:

Dutdu gülzari-cəhani əbri-gövhərbar bar,

Bar-darəd əbri-neysan yüz şəqayiqvar var.

Söhbət təkrirdən gedərkən, təkrar üstündə sözlərin  deyil, ifadələrin şeirə gətirilməsi nəticəsində yaranan və bununla da şeirin ritmik ahənginə əsrarəngiz gözəllik qatan "əks", "təbdil və tədvir"in adını da çəkmək lazımdır.

Şeirin düzən və ahənginə ecazkarlıq gətirməklə yanaşı, seçilən ifadənin əks versiyasının daha qüvvətli səslənməsi, şairdən hər cür bacarıq və zəka tələb edir:

Cana, Nəsimini gör, gör Nəsimini cana,

İstin qamudan sözü, sözü qamudan istin.

Təkrarlarla bağlı əsas məqamlardan biri də türk dillərində, o cümlədən Azərbaycan dilində təkrarlar sisteminin poetik dilin, üslub işlətmələrinin başlıca stimullarından biri kimi çıxış etməsidir. Bu sayaq mətnlərdə ritmiklik, şeir əlamətləri güclüdür. Əslində, qədim türk şeiri bu sistemə söykənir.

Nəsimi yaradıcılığının zəngin məxəzlərini göstərmək üçün bir məqamı da qeyd etməyi vacib hesab edirik. Məlum olduğu kimi, folklor və klassik dövr ədəbiyyatı yerli-milli ənənələr üzərində təşəkkül tapıb. Bir tərəfdən folklor və klassik dövr ədəbiyyatının milli ənənələr üzərində təşəkkülünü, digər tərəfdən, təkrarlar sisteminin Azərbaycan dilinin poetik dil və üslub işlətmələrinin başlıca istiqamətlərindən olduğunu nəzərə alsaq, əlavə heç bir fikir söyləmədən, İmadəddin Nəsimi yaradıcılığının klassik ədəbi irsin müştərək əsasları ilə yanaşı, milli-yerli ənənələr və mənsub olduğu poetik sistemə xas özəllik və kateqoriyaların vəhdət mehvəri olduğunu görürük. Nəsimi şeirlərinin klassik Şərq poetikası işığında təhlili üçün mühüm olan cəhətlərdən biri də aşağıda qeyd etdiyimiz məqamdır:

2. Nəsimi şeirlərində işlənən poetik vasitə və qəliblərə gəlincə, onlar həm Şərq poetikasının bəyan bölməsinə aid obrazlar sistemini, həm də bədiiyyat bölməsinə daxil olan mühüm söz və məna gözəlliklərini əhatə edir.

Nəsiminin işlətdiyi təşbihlər, istiarələr, kinayə və məcazlar demək olar ki, Divan ədəbiyyatına xas ənənəvi motivləri ifadə edir, ancaq bunlar arasında şairin öz fərdi zövq və üslubundan irəli gələn, yüksək sənətkarlıqla cilalanan  zərif deyimlər daha çox diqqəti cəlb edir. Şairin ənənəvi motiv və qəliblərə gətirdiyi yeniliklər həm söz və həm də mənanı əhatə edir.

Nəsiminin işlətdiyi bədiiyyat sistemi zəngin və gözəldir, şair hər sözü, ifadəni, ibarə və deyimi yerli-yerində işlətməklə yanaşı, söz və məna oyunu qurmaqda da öz məharətini ortaya qoyur.

Nəsimi sənətkarlığının özünəməxsusluğu özünü həm də şairin bir poetik formanı digər poetik forma üstündə nəzmləşdirməsində də göstərir. Belə ki, Nəsimidə /Bir üzü gül, qönçə ləb dildar derlər, iştə sən; Sən gülə bülbül kimi bir zar derlər, iştə mən / hüsnül-mətləsi ilə başlayan qəzəlində "təfriq" sənətindən istifadə edən şair, sən və mən obrazlarının səciyyəvi tərəflərini birinci yerdə, obrazların özünü isə ikinci yerdə şeirinə gətirir, yəni inversiya yolu ilə verir. Bununla da bir növ təfriq sənətini, düzəni baxımından iki və daha artıq anlamı bir obrazda birləşdirən cəm sənəti ilə müəyyən anlamda səsləşdirmiş olur.

Qəzəlin özəl cəhəti bir də sən və mən obrazlarının hüsnül-mətlədə misra daxilində, qəzəlin mabədində isə beyt boyunca təfriqlənməsinə bağlıdır.

Son dərəcə orijinal şəkildə yazılan bu qəzəl həm dilinin, həm məzmununun, həm bədii ifadə vasitələrinin özəlliyi ilə diqqət çəkir.

Araşdırmalar əsnasında maraqlı bir məqamla üzləşdik. Belə ki, Rəfii İmadəddin Nəsiminin özəlliklərini qabarıq şəkildə göstərmək üçün "təfriq" sənətindən istifadə etmişdir:

Ol Nəsimi - rəhməti-fəzli-xuda,

Ol İmadəddin - sirri- Mürtəza.

Ol şəhidi - eşqi-fəzli- zülcəlal,

Bəndü - zindanlarda yatan mahü sal.

Ol bəladan ahü əfğan etməyən,

Söyləyən əsrarı, pünhan etməyən.

Sanki Nəsiminin bir çox formalara olan xüsusi sevgisi, ona da ayan olmuşdur.

Şərq nəzəri sisteminə həsr olunmuş kitablarda "mutabaqa" haqqında məlumat verilmədiyini nəzərə alaraq, bu poetik formanın Nəsimi yaradıcılığında tutduğu önəmli yeri göstərməyi vacib bildik. Dil ilə bədiiyyat arasında körpü duran "bəyan" elminə daxil edilmiş "təzad", əslində, "mutabaqa"nın növüdür. "Təzad" sözə həm məna, həm də bədiiyyat baxımından gözəllik və özəllik qatan bədii ifadə vasitəsidir. Araşdırdığımız nəzəri mənbələrə əsasən "təzad" "mutabaqa"nın növüdür. Birincisində sözlərin leksik mənaları təzadlı şəkildə qarşılaşdırılırsa, mutabaqada misralar bir-birilə müqabilləşdirilir, sintaktik paralel aparılır.

Yeri gəlmişkən bir məsələni də qeyd edək. "Mutabaqa" sənəti Nəsimi yaradıcılığında Həllac Mənsurla bağlı mövzuların şairanə əksində özünü daha qabarıq şəkildə göstərir:

Zülfünün darində, şaha, asılan Mənsur idi,

Hər ki, Mənsur olmadı, zülfündə bər-dar olmasın.

***

Gər ənəlhəq söyləməkdən darə asılmış nə qəm,

Bunca Mənsurin asılmış başı bər-dar üştə gör!

Nəsimi şeirə musiqi ovqatı, ahəngdarlıq qatmağı sevən şairdir. Bu anlamda onun yaradıcılığında məzduc - sözlərin qoşa və qafiyəli işlənməsi də önəmli yer tutur.

Səcdən fərqi, qoşa sözlərin arasında digər tərkib və sözlərin işlədilməməsidir. "Şərq poetikasının əsas kateqoriyaları" (Bakı, 2010, s.161) kitabında bu bədii ifadə vasitəsi öz açıqlamasını tapıb.

Orta əsr nəzəri qaynaqlarında "məzduc"un yeni bir növü ilə rastlaşdıq. Cütləşmiş həmahəng sözlərdən fərqli olaraq, bu növə fikir, arzu, əməl və s.-nin bir-birində qovuşması, birləşməsi, birinin digəri üzərinə tərtibi özünü göstərir:

Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,

Könlümün dildarı sənsən, özgə dildar istəməz.

İmadəddin Nəsiminin əksər qəzəllərinin "Hüsnül-məqtə" hissəsində yazdığı beytlər /Peyğəmbər sözüdür, həm Tanrının kəlamı/, /Nəsiminin sözü həqdir.../, /Həqdən gələn kəlamın möcüzdür.../, /Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu quş dilidir, bunu Süleyman bilir ancaq/ və s. misra və beytlər şairin "Quran"a bağlılığına, ondan geniş şəkildə bəhrələndiyinə nümunədir. Bu anlamda Nəsimi yaradıcılığında "Quran"dan bu və ya digər şəkildə Azərbaycan ədəbiyyatında istifadənin poetikası - təzmin, işarə, həll və s. geniş yer verilib.

Nəsiminin maddi-mənəvi irsi, zəngin bədii-estetik və əqli-mənəvi dünyası dərin bir dəryaya bənzəyir və bu dəryanın içindəki inciləri çıxarmaq üçün klassik ədəbiyyatın qəvvası olmalısan. Nəsiminin zəncirvari poetik sistem üstündə yazılan, onun bədii-estetik və mənəvi dünyasını açıqlayan qəzəllər, onun iç dünyasının nəzmə çəkilmiş tərənnümüdür. "Xoş ol kimsəyə kim, vardır həbibi, səntək məhru, Şəkər göftarü gülrüxsarü miskin xalü ənbərbu", - mətləli qəzəli bu silsilədəndir.

Qəzəldə tənsiqüs-sıfat, ləff və nəşr, təfriq kimi poetik vasitələrdən istifadə edilib. Onu da qeyd edək ki, bir neçə bədii ifadə vasitəsinin birgə işlədilməsi klassik Şərq nəzəriyyəsində zəncirvari poetik sistem deyil, ibda' adlanır. İbda' - bədii sənətlərin bir çoxunun bir cümlədə və ya şeirdə işlədilməsidir.

Nəsimi sənətkarlığı bir dəryadır. Onun bir zərrəsinə sahiblənmək üçün müəllif sözünün ehtiva etdiyi məna və bu mənanın təqdim poetikası bucağından çıxış etmək lazımdır. Ecazkar bəlağət dolu bu sənəti müəllifin öz sözü ilə bitirək: "Həqdən gələn kəlamın möcüzdür, ey Nəsimi!".

Sonda tövsiyə xarakterli bir məqamı da qeyd etmək istərdik. Şərq ədəbiyyat tarixinə nəzər salsaq, IX əsrin əvvəllərinə qədər ədəbiyyatın yeniləşmə mərhələsinə böyük önəm verildiyinin şahidi oluruq, IX əsrin üçüncü onilliyindən etibarən "ənənələrə qayıdış"a ehtiyac duyulur və X əsrin əvvəllərinədək bu dönəmə üstünlük verilir və hətta X əsr "Müsəlman intibahı" dövrü adlanır.

Azərbaycan ədəbiyyatının tarixinə nəzər salsaq, bu "ənənələrə qayıdış" ifadəsinə rast gəlmirik. Çünki ədəbiyyatın müxtəlif ədəbi cərəyanlar, dövrləşmə dönəmində yaşamına baxmayaraq, ənənəvi ədəbiyyatın qorunub saxlandığının şahidi oluruq. Düzdür, müxtəlif dönəmlərdə ənənəvilik, bir növ, zamanla səsləşmə baxımından zamanın çərçivəsi daxilində (rəmzlər, simvollar, məcazlar və s.) və hətta yaşadığımız həyatın özü qədər real şəkildə, zamanın fövqündə belə, öz yaşamını davam etdirmişdir.

Möhtərəm Prezidentimizin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" kimi elan edilməsi - İmadəddin Nəsimiyə, onun şəxsiyyət və sənətinə verilən qiymətdir. Mən deyərdim ki, ümumilikdə Azərbaycan mədəniyyət və ədəbiyyatına verilən yüksək dəyərdir.

Bizim payımıza, bir ziyalı olaraq, ənənələri qoruyub saxlamaq, onu nəfis şəkildə yaşatmaq düşər. Bu isə müəllif sözünə, müəllif mətninə bağlıdır. Unutmayaq ki, "yazılan söz yadigardır".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!