Ustad publisistikası - Nizami CƏFƏROV yazır

Vidadi Babanlının yaradıcılığı biri digərindən ayrılmaz olan ən azı üç mühüm xüsusiyyətinə görə böyük ədəbiyyatın tələbləri səviyyəsindədir ki, onlardan birincisi həyat həqiqətinə sədaqətdir. Əlbəttə, sədaqət müxtəlif cür ola bilər... Vidadi Babanlının həyat həqiqətinə sədaqəti, hər şeydən əvvəl, öz analitizmi, hadisələrin mahiyyətinə dərindən varmaq istedadı, mürəkkəb ictimai münasibətlər spektrini zədələmədən təhlil (və təqdim) etmək məharəti kimi təzahür edir. Və onun ədəbi təcrübəsində həqiqət heç zaman uydurulmur, sxematik təfəkkürün gücünə qurulmur, gəlişigözəl metaforalarla bəzədilmir, əgər təbiri caizsə, bütün səciyyəvi tərəflərilə (və kifayət qədər təbii nəzər nöqtəsindən) məhz kəşf edilir.

Vidadi Babanlı yaradıcılığının ikinci mühüm xüsusiyyəti özünü heç bir yüngül, amorf liberalizmə güzəştə getməyən sərt humanizmində göstərir. Bu elə humanizmdir ki, yazıçı təxəyyülünün hansısa ənginliklərindən deyil, həyat gerçəklərindən doğulduğuna görə olduqca canlı, anlaşılan və inandırıcıdır. Şübhə yoxdur ki, bu, xarakteri etibarilə həyati olduğu qədər də milli tarixi əsaslara malik, mükəmməl (epik!) humanizmdir.

Vidadi Babanlı yaradıcılığının üçüncü mühüm xüsusiyyəti onun dolğun, ritmik (və ağayana!) təhkiyəsindən gəlir.

Əlbəttə, oxucular böyük qələm ustasını ilk növbədə nasir, romanlar müəllifi kimi tanıyırlar. Və dünyanın çoxlu dillərinə tərcümə olunub dəfələrlə nəşr edilmiş "Vicdan susanda" təkcə Azərbaycan ədəbiyyatının yox, dünya ədəbi-bədii təfəkkürünün hadisəsi sayıla bilər. Lakin nasirin poeziyada, dramaturgiyada olduğu qədər publisistikada da şəksiz uğurları barədə söhbət açmaq üçün hər cür əsas vardır.

Vidadi Babanlının oxuculara təqdim olunan yeni kitabı yazıçının müxtəlif illərə, hətta demək mümkündür ki, tarixin müxtəlif mərhələlərinə aid düşüncələrini əhatə edir. Həmin yazılar, bir tərəfdən, yarandığı dövrün sosial, siyasi, mənəvi mənzərəsini, digər tərəfdən, müəllifin fəal mövqeyini bütün miqyası (və dərinliyi) ilə əks etdirmək baxımından əhəmiyyətlidir. Əsas da odur ki, bu, yazıçı publisistikasıdır. Və mövzu rəngarəngliyi məhz yazıçı təfəkkürü mövqeyindən təqdim olunur. Elə yazılara rast gəlirik ki, qələmə alındığı dövrün sosial-siyasi problemlərinin müfəssəl təhlilini verir, elələri var ki, müəllifə doğma olan bədii yaradıcılıq məsələlərindən bəhs edir, elələri də var ki, bir növ, xatirə-portret səciyyəlidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "Unudulmaz üç görüş" aşağıdakı sözlərlə başlayır:

"Xatirələr şirin olur. Ömür dolaylarında yaddaşa hopmuş ibrətli görüşlər, hadisələr, əhvalatlar müəyyən zaman kəsiyindən sonra beyində yenidən oyanır. İnsan o anları xəyalən bir daha yaşayır...".

Üç görüşdən birincisi "1982-ci ilin qızmar avqust ayının axırlarına təsadüf edir". Bərdə rayonunda pambıq yığımı mövsümünün açılışı ilə bağlı keçiriləcək müşavirəyə dəvət olunan yazıçı böyük şəxsiyyətlə bağlı yaddaqalan müşahidələrini qələmə alır. Və göstərir ki, "əmək coşqunluğundan məmnun qalan Heydər Əliyev lap sonda alovlu yekun nitqi söyləyirdi. Adamları daha əzmlə çalışmağa səsləyir, bol məhsulu itkisiz və vaxtında yığmaqda uğurlar arzulayır, yeni-yeni qələbələrə ruhlandırırdı.

Gəzdiyimiz bütün kolxozlarda, briqada və manqalarda bu hal eynən təkrarlanırdı. Amma çox qəribə idi ki, Heydər Əliyev heç yerdə özünü təkrarlamırdı. Bir dəfə dediyini dönüb bir də demirdi. Onun tükənməz söz ehtiyatına, səlis natiqlik qabiliyyətinə heyran qalmaya bilmirdin".

Vidadi Babanlının bu sözləri nə qədər istedadlı olsa da, yalnız bir yazıçının deyil, həm də peşəkar bir dilçinin müşahidəsinin məhsuludur. Əks halda, hər cür "bitmiş bir fikrin" kağızdan oxunduğu bir dövrdə Heydər Əliyevin geniş xalq kütlələri ilə sovet formalizminin (və hər şeyin bitdiyi barədəki sovet "mif"inin) fövqünə yüksələn bu demokratizmini bu həssaslıqla ifadə etmək mümkün deyil.

İkinci görüş üç il sonra - 1985-ci ildə Moskvada, Kremlin Qurultaylar Sarayında, üçüncüsü çox sonralar - 1997-ci ildə Bakıda yazıçının yetmiş illiyi keçirilən günlərdə baş tutur... Bu dəfə telefonla...

Heydər Əliyevin İsmayıl Şıxlının dəfninə gəlişini Vidadi Babanlı, yəqin ki, heç bir kinolentinin təqdim edə bilməyəcəyi bir emosional dəqiqliklə tarixə yazır:

"Vida iclası təyin olunmuş vaxtdan çox gec başladı. Hamı Heydər Əliyevin gəlişinə müntəzir idi. Göstəriş vermişdi ki, mərasim onsuz başlamasın... Aeroportdan saat beş radələrində qayıtdı. Son dərəcə üzgün olsa da, fəxri qarovulda dayandı. Hərarətli çıxış etdi. İsmayıl Şıxlının ruhuna özünün hörmətini büruzə verdi.

...Onun hər hərəkəti, hər davranışı həyat dərsidir...".

Vidadi Babanlının keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində yazıb çap etdirdiyi "Mənim xalqım", "İç yanğısı", "Ziyalı miqyası", "Ruhları incitməyin", "Eloğlularıma tövsiyəm" və s. məqalələri dövrün ictimai-siyasi ovqatını bütün emosionallığı, polemik məqamları ilə birlikdə ümumən obyektiv əks etdirir. Məsələn, 1992-ci ilin dekabrına aid "Cəmiyyət yetimləşir" məqaləsində deyilir:

"...Ziyalıların, xüsusən də yaradıcı ziyalıların onsuz da pis güzəranı indi lap pisləşmişdir. Onların bir paraları artıq dilənçilik həddindədirlər, heç yerdən zəhmət haqqı almırlar... Mən bu acınacaqlı hal barədə dəfələrlə yazmışam. Mətbuat vasitəsilə iqtidarda olan bəyləri dözülməz dolanışığımızdan hali etməyə çalışmışam... Min təəssüf ki, hələ də nə harayımızı eşidən, nə də dərdimizə çarə qılan var. Görəsən, köhnə bürokratlarla hazırkı demokratların fərqi nədə imiş?".

Vətənpərvər yazıçı Vətənin dar günlərində qazanc, gün-güzəran dalınca xarici ölkələrə "köçən", vəziyyətin "düzəlməsi"ni gözləyən, yaxud Vətəndə qalıb ucuz şan-şöhrət üçün hər cür yolu özünə rəva görən, "cüvəllağı ziyalılar"dan da bəhs etməyi unutmur... İstər konkret faktlara münasibətdə, istərsə də kifayət qədər zəngin həyat (və yaradıcılıq) təcrübəsindən irəli gələn ümumiləşdirmələrində onun "haram-halal" tərəzi-mizanı həmişə düz çəkir. Yazıçı, bir tərəfdən, düşmən əlinə keçmiş ərazilərimizin xaraba qoyulduğundan hiddətlənirsə, digər tərəfdən, öz əlimizin də dinc durmadığından gileylənir:

"...Ətraf mühitə biganəlik, sərvətlərimizə sahibsizlik böyük bəladır. Bu bəlanın sonu fəlakətdir. "Qarayazı meşəsi"nə qəddar münasibət həmin sahibsizliyin bir təzahürüdür. Meşə qabaqkı hüsnünü, gözəlliyini itirməklə bərabər, sərin bulaqları, axar suları da qurumuşdur".

Vidadi Babanlı publisistikası Vətənin həm maddi, həm də mənəvi nemətlərinə istehlakçı, dağıdıcı münasibət göstərənlərə qarşı çıxır. Və bu, Vətənin vətəndaşlardan ümid gözlədiyi dar gününə təsadüf edəndə yazıçı, sadəcə, qarşı çıxmaqla kifayətlənməyib belə hallara (və insanlara) müharibə elan etməkdən çəkinmir:

"Hamı, uşaqlı-böyüklü alğı-satqıya qurşanıb. Hərə özünə bir kiçik müəssisə yaradıb, dükan açıb. Bir paraları da küçədə, tində stol qoyub üstünü xırdavatla, spirtli içkilərlə, xarici siqaretlərlə doldurub soyuqda, şaxtada gözlərini döyə-döyə müştəri gözləyir.

...Sizli-bizli papağımızı qabağımıza qoyub fikirləşməliyik. Həyəcan təbili çalmalıyıq. Meşələrimizi də, gəncliyimizi də göz bəbəyi kimi qorumalıyıq. Biri mühitimizin gözəllik və sağlamlıq mənbəyidir, digəri millətimizin sabahı, əbədi mövcudluq zəmanətidir".

Vidadi Babanlının xalq şairləri Osman Sarıvəlli, Hüseyn Arif, xalq yazıçısı İsmayıl Şıxlı, görkəmli jurnalist Nəsir İmanquliyev haqqındakı portret yazıları müəllif müşahidələrinin nə qədər dərinliyi, dəqiqliyi ilə seçilirsə, bir o qədər də canlılığı, təravəti ilə diqqəti çəkir. Məsələn, "İyirmi dörd il ötdü" məqaləsində deyilir:

"İsmayıl Şıxlı bizim yüksək mənəviyyatlı, böyük daxili aləmi olan nadir ziyalılarımızdan idi. Təkrarolunmaz şəxsiyyət idi. Artıq iyirmi dörd ildir, o, aramızda yoxdur. Vacib iclas və yığıncaqlardan, mühüm toplantılardan həqiqi kişilərə məxsus səsi gəlmir...

...İsmayılda irsi, əsil-nəsildən gəlmə bəyzadəlik var idi. Gözü, nəfsi tox idi. Əksər həmyaşıdları - qələm yoldaşları kimi hər addımdan istər maddi, istərsə də mənəvi gəlir ummurdu"...

Və bu sətirlərin müəllifinin ümumən Azərbaycan ziyalılığı haqqında danışarkən İsmayıl Şıxlını örnək alması tamamilə təbiidir. Bununla belə, o da təbiidir ki, Vidadi Babanlının publisistikasında onun öz şəxsiyyəti də nəinki pərdə arxasında qalır, əksinə, bütün məğrurluğu ilə önə çıxıb mövqeyini, hadisələrə münasibətini təfsilatlı bir cəsarətlə təqdim edir... "Düzlüyün çətin yolu", "Etiraf cəsarəti", "Tənqidçilərə sözüm", "Özüm barədə son açıqlamalar", "İnsafı mürgüləmişləri mürvətə çağırış" və b. məqalələri bu baxımdan xüsusi maraq doğurur. "Özümlə müsahibəm"ə gəldikdə isə burada yazıçı özünü heç bir tənqidçiyə müyəssər olmayacaq bir miqyasda təhlil edir.

Ümumiyyətlə, Vidadi Babanlı bütün publisistik yazılarında peşəkar olduğu qədər səmimi, səmimi olduğu qədər peşəkardır... Və əsas da odur ki, bu yazılar yalnız yaxın keçmişin tərcümanı olaraq qalmır, uzaq gələcək barədə də düşünməyə sövq edir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!