Səhəri gözləyək göyün üzündə - Elnarə Akimova - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 “Mən bənövşə vurğunu idim. Bənövşələrin yanında ağlayırdım. Niyə ağlayırdım, özüm də bilmirəm. Yayda yaylaqlara gedərək, çay qırağında köç salardım, ocaq çatardıq və mən o ocaq işığında çaya baxardım. Görərdim ki, dalğalar bir-birini qova-qova gedirlər. Ay da sularda üzür. Bu mənzərə ürəyimi titrədərdi. Məni şeirə bax, o yanında diz çöküb ağladığım bənövşələr, bir də Ay işığı gətirib”.

Onun pencəyinin gümüş düymələrində uçan kəpənəklər, sayrışan çiçəklər iz salmışdı. O, milli Azərbaycan poeziyasına da elə sinəsi dağ qoxulu, yovşan ətirli, bənövşəyə və Ay işığına aşina şair kimi daxil oldu. Bu poeziyada bütün üstün duyğular milli koloriti nişan verdi, hər şey bu koloritin içindən süzülüb keçdi. Zamana (insana) baxış koordinatları da məkanın (təbiətin) diktə elədiyi, müəyyənləşdirdiyi nöqtədən hədəfə götürüldu, bütün haçalanmalar bir nöqtədə təmərküzləşdi. İnsan-təbiət birgəliyində. Bu birgəlik o həddə idi ki, ölümdən yazanda belə şairin duyğularını saran, içinə çökən  kədərə qarışmış, daxilindəki təbiət başlanğıcının, dünyaya baxış səhmanın pozulacağından ehtiyat eləmişdi. Ona görə yazmışdı ki:

Öldüyümü deməyin heç kəsə,
Pencəyimin gümüş düymələrində
Uçan kəpənəkləri
Sayrışan çiçəkləri
Gözləməzlər bir də.
Elə bilərlər ürəyim
Dumanı sarğı dağları,
Alagöz bulaqları
Çürütməkdədir qəbirdə.
Nekroloq artıq,
Göz yaşı artıq!

Ömrün hansısa məqamında İnsana elə gəlir ki, bir də heç vaxt yaşadığı munis anların təkrar yaşantısı olmayacaq. Zaman almış, yel aparmış... Uşaqlıq yaddaşını qanadan xatirələr, təbiət gözəllikləri, kənd mənzərələri önündə keçirdiyi ilahi hiss... hamısı keçmişdə, dünəndə qaldı. Birdən kimlərsə gəlir, misralarının bir toxunuşu ilə hər şeyi dirildir. Bir tərəfə “dincə” qoyulan yaddaş lövhələri dil açıb danışır, ürəyini titrədir, sən cismindən ayrılıb bu misraların ardınca kölgə kimi addımlayırsan, bəlkə geridə qoyduğun nələrisə görəsən, götürəsən deyə. Həqiqi poeziya insanı yalnız ilahi lallığa çəkib aparan poeziya deyil, həm də sükutun bağrını yaran, onun səssizliyini darmadağın edən poeziyadı. Məstan Günər poeziyası kimi. Bu poeziya ilə baş-başa qalmaq insanı duyğular labirintinə çəkib aparır. Ağrı sevincin, kədər nəşənin önünə keçib hər addımda burda olduğunu bəlirtir. Bunun səbəbsiz olmadığını bütün fəhminlə hiss edirsən. Bilirsən ki, bu qarışıq duyğuların içini çulğamasına rəvac verən beyninin hansısa hüceyrəsində özünə əbədi yer eləmiş keçmişinin qəlpələridir. M.Günər şeirləri səni ilk dəfə dünya ilə təmasının başladığı anlara qaytarır, bu qədər zəngin kaloritin içində ruhunu saran saf duyğuların həzin oyanışı başlayır.

İllər də illəri haqladı necə!
Oğlanlar boy veib budaqlandılar.
Bulaqlar başına gedib gizlicə,
Gah buza döndülər, gah odlandılar.
Payızın durnalı gecələrində
atalar onlara saz öyrətdilər.

Yollara baxdılar qızlar aynadan,
göz yola boylandı, tel yana axdı.
Pərişan döndülər göl kənarından.
yetişdi qızların söz dəyən vaxtı.
Gecələr həyətin aydöyərində
Analar onlara naz öyrətdilər.

Elə şairlər var ki, onlarla tanışlıq, onlarla təmas elə təbiətin özünə səyahət etmək deməkdir, misraların əli ilə gülün, çiçəyin ətrini ciyərlərinə çəkməkdir, dağına qalxmaq, yamacında dincini almaqdır. Məsələn, təbiətlə qol-boyun olan Musa Yaqub poeziyası oxucuda həmişə bu təəssüratı doğurub. Bu poeziya ilə ünsiyyətdən “mənən zəngin” ayrılmısan. Bir məqama da diqqət eləmişəm. Təbiətdən yazan şairlərin könül rübabı onu daim oynaq, çılğın hisslərlə vəsf edib. Budur, artıq ömür qüruba enib, M.Yaqub gəncliyinə çoxdan vida edib, fəqət onun lirik-romantik poeziyasında təbiət yenə də əvvəlki kimi canlı və qüdrətli obraz səciyyəsindədir. “İlhamını səndən aldı, mənim sazım, sözüm dağlar”...  S.Vurğun şeiriyyətinin də alt qatında olan pasionar enerjinin, qüvvənin mənbəyi elə bu ünvanlar idi. Demək ki, enerji, güc təbiətin özündədi. Ona nə qədər yaxın gedirsənsə, ona nə qədər məhrəmcəsinə yanaşırsansa, o, öz gücünü, şuxluğunu sənə qaytarmaqla mükafatlandırır. “Çiçək düzümüdür bədəndə qanım/Mən özüm bənövşə fəvvarəsiyəm”, - yazan M.Günərin də mənəvi dünyasının dayaqlandığı güc mənbəyinin adı təbiət idi.  Bu poeziyada ömrün son çağlarına qədər işıqlı deyim tərzi, əlvan təsvir ədası özünü qorumağa müvəffəq oldu.

Gecələr ağlımı aparan Aydır,
vadiyə gəlmişəm vadi bildimi?
Çiçəklər dərədə o tay-bu taydır,
çiçəklər dağlardan axan seldimi?

Göz gözü çağırdı, baxış baxışı, -
umdu həsrət əlim tər lalələrdən.
Üzdüm neçə-neçə qana batmışı,
gördüm aydınlıqda çıraqbanam mən.

Burda oyanmışam qız yerişindən,
küsdürən gözəllər könlümü almış.
Burda süd əmmişəm ana döşündən,
vadidə anamın süd ətri qalmış.

Son vaxtlar “səmimiyyət” ifadəsini az qala söz açdığımız bütün şairlərin boyuna biçirik. Halbuki çox şairlər bu ifadədən ya uzaqdır, ya da biz gerçək səmimiyyətin nə olduğunu bilmirik. Bu o şeydir ki, sən böyüdüyün torpaqla, doğulduğun kəndinlə, onun insanları, dili, məişəti, adət-ənənəsi ilə qürur duyasan, ona bağlanasan, keçib gəldiyin kənd yolları səndən ötrü heç vaxt uzaqlaşmasın, qəribləşməsin, o yola səni qarşılamağa gələn Ananı görmək ümidi ilə çıxıb, gözlərinə sevgilinin xumar baxışını yığıb geri dönəsən. M.Günər milli poeziyamızda kənd məfhumuna, etnoqrafiyasına, yaşamına bəlkə də bütün varlığı ilə tapınan şairlərdəndir. Ona görə onun şeirə gətirdiyi obrazlar bütöv, canlı görünürlər və bu dipdiri obrazlar, dil materialı, bədii təsvir və ifadələr sistemi ilə M.Günər əslində, poeziyanı bir başqa şəkildə sevməyə, təbiəti başqa şəkildə qavramağa kömək edir. Bu səmimiyyətdə bir “özünəqayıdış” çaları, sirri, müəmması da gizlənir, məqamı düşdükcə qat altından qat verən fəaliyyətində təfəkkürümüzün üfüqlərini genişləndirir. Özünə qayıdan ruhun qarşısındakı maneələri dəf etməyə, ilkinliyinə qayıtmağa daha çox gücü çatır. Yaxud əksinə, özünəqayıdış üçün nələrdənsə vaz keçməli, maneləri aşmalı olursan. Bu mənada M.Günər şeirləri insanla təbiət arasında mediumdur.

Yaz çağı gilənar çiçəkləyəndə
zirvədən vadiyə ağ duman enir.
Təmiz dağ havası gətirir kəndə,
tayalar şehlənir, çör-çöp nəmlənir.

Xanım qovaqları bölür ortadan,
onun süd selindən örtülür çəmən.
Elə bil dərədə ağ sudur duman,
çinarlar boylanır göllər içindən.

Xoşlanır, nazlanır ağ naxışından, -
ağlağan söyüdlər ağ donlu qızdır.
Asıb beşiyini ürək başından.
onları sevməyə bir ömür azdır.

M.Günərin bütün yaradıcılığından keçən Ana obrazı şair üçün elə başlanğıca bağlılıq, saf, əxlaqlı düşüncələrin məxəzi kimi dəyərlidir. Bəlkə bütün sevgilərin adı, bütün dəyərlərin zirvəsi sayıldığı üçün ana məqamına həssas olan bu şeirlərdə incə lirizm dərin ümumiləşdirmənin bəhrəsi kimi təzahür edir. Oxuyan hər kəs o misralarda həm də öz anasını görür, bərk darıxır, onu hava kimi, nəfəs kimi hiss eləməyə, yoxluğunun ardınca qoşmağa çalışır.  Bu yalnız hamıya bəlli xüsusiyyətlərin obrazda sıxılıb yığılması deyildi. M.Günər öz axar-baxarlı, tükənməz enerji ilə süslənmiş Dil materialı vasitəsilə yaratdığı obraza çələng hörə bilirdi. 

Səndən ötrü qəribsədim,
a saçları yovşan anam.
Yaş ötdü, yaşın hökmünə
öyrəşən, uyuşan anam.

Sellər ilə süpürləşən,
çətin günlərdə kürləşən,
göyçək əli kömürləşən
birçəyi qarlaşan anam.

Nə inciyən, nə kin bilən;
ürəyini tez-tez silən,
ağladığı dəmdə gülən,
küsüb, tez barışan anam.

“Ürəyi tez-tez silmək” necə olur görən? Bunu M.Günər bilir. Bütün pislikləri unutmaq, kini-pası süpürüb atmaq mənasını verən bu ifadəni dünyada təmənnasız sevməyi və yaşamağı bacaran Ana obrazına yaraşdırır. Bu günsə bu ifadə sevgidən, munis hisslərdən uzaqlaşan poeziyamızın çox nümunələrinə tablamaq üçün kara gələn vasitəyə çevrilir. Hər cür bayağılıqdan bezib yorğunluğunu - gözlərinin acısını, ruhunun dincini almaq istəyəndə M.Günər şeirlərindəki qatqısız təmizliyin ürəyindəki təlaşı, beynindəki əsəbi yox etməyə gücü çatdığını hiss edirsən. Hələ başdan-başa orijinal bədii təsvir və ifadə vasitələri ilə süstlənən sevgi şeirləri...

Demirəm tel qara, gözlər qapqara;
o gözəl bədəndə nə çatmır nigar?
Bircə kipriyini qoyub kənara,
tək onun başına dolanmaq olar!

“Qara gözün limanı”, “ümidin sabahkı cövlanı”, “günəşi qaytaran güzgü”,  Belə maraqlı bənzətmələr bəlkə bir çox sevgi şeirlərində var. Ancaq M.Günər poeziyasında bu ifadələr ona görə sirayətedici qüvvəyə malik idi ki, onlar sevən bir qəlbin yanğısı, yaşanmış eşq dastanının təzahürü olaraq doğulurdular. Bu şeirlərdəki hisslər o qədər duyumlu şəkildə ifadə olunur ki, müəllifinin sevmək bacarığı qarşısında heyrət etməkdən başqa çarə tapmırsan. M.Günərin bütün şeirləri bütövün, tamın hissələri kimi oxunur və ən əsası, bəhs etdiyi predmetə kompleks münasibətin nəticəsi kimi ərsəyə gəlirlər. Onun demək olar ki, bütün şeirlərində uğurlu, heyrətamiz misralara, poetik tapıntılara rastlaşmaq mümkündür, amma M.Günər poeziyasının özümlü xüsusiyyətlərindən biri həmin fərqli nəfəsin  onun şeir məkanını başdan-başa çevrələməsindədir. Buna görə M.Günərin şeirlərinin əksəriyyəti demək olar ki, poema səciyyəsindədir. Onlarda  bəzən bütöv bir hadisənin təfərrüatları təsvir olunur, lirik “mən”in duyğular aləmi dərindən incələnir. Bu mənada, keçmişdə qalmış həyat hekayətlərinin nəql  olunduğu bir çox şeirlərdə montaj effekti aydın nəzərə çarpır. M.Günər poeziyası üçün əhəmiyyətli məqam elə budur: şairin bütün epik təsvirlərində, nələrisə nəql etdiyi situasiyalarda belə poetik mexanizm bütün gücüylə işləyir. Həm də hiss edirsən ki, bu, yəni şairin qurduğu süjet poetikasının zənginliyi yazı mexanizminin mükəmməlliyinə deyil, alt qatda, şair təfəkküründə sıxılıb bərkimiş mifoloji, etnoqrafik zənginliyə, folklor motivlərinə əsaslanır, bu qatdan bəhrələnib tuğyan edən təxəyyülün çeşməsi öz qafiyələr, obrazlar, təşbehlər polifonizmi ilə fərqli bir nağıl dünyası yaradır. Qəribədir, mən M.Günərin şeirlərini oxuduqca uşaqlıqda dəfələrlə baxdığım, indi də baxış marağını qoruyub saxlayan “Ögey ana”, “Qızmar günəş altında”, “Böyük dayaq”, “Görüş”filmlərini xatırlayırdım. Hansı dövrdə ərsəyə gəlməsindən asılı olmayaraq bu filmlərdə Azərbaycan xalqının saf, nəcib keyfiyyətləri, məişət həyatı, əlvan təbiət gözəllikləri və ən əsası, kənd kultu əsas yer tutub. M.Günər poeziyası ilk növbədə, bu kulta bağlılığı və onu bütün ölçülərdə poetik müstəviyə gətirməsi baxımından bitkindir.

       90-cı illərdən bəri şeirimizdə güclənən modernist başlanğıclar, bir-birini əvəzləyən forma axtarışları, ideya-bədii müxtəliflik nəticəsində milli poeziyamız çoxyönlü təbəddülata uğradı. Bütün yenilik cəhdlərinin qarşısına Məstan Günər poeziyası milli poeziyanın kələnəklərinə sadıq qalaraq – hecalı şeirin ən gözəl nümunələrini, qoşmasını, gəraylısını yaradaraq çıxdı. Bu yalnız ona görə baş vermədi ki, yeniliklərə yetməyə M.Günər poeziyasının potensialı yox idi, əksinə, onun 2000-ci illərdən başlayaraq yazdığı sərbəst şeirlərdə də eyni estetik mündəricə ehtiva olunur, şair düşüncə kontekstini başqa vəzndə də ifadə etməyə nail olurdu. Dəyişən forma idi, şeirdəki ruh, kolorit isə onillərin o tayından süzülüb gəlirdi. Bu şeirlərdə müasir təfəkkür xalq şeirindən, folklorundan gələn ovqatla, hava ilə qaynayıb-qarışır, poeziyasına məxsus üslub, daşlaşmış linqvo-poetik sintaksis, lirik-fəlsəfi düşüncənin hakim olduğu məqamlarda belə yan keçilməyən yaşam kredosu – ilkinliyə bağlılıq M.Günərin şair fərdiyyətinin sübutu kimi mənalanırdı. Amma bu fərdiyyət öz havasına “kökləndiyi” məqamlarda - milli şeirin min il yol gələn bədii təcrübəsini yaşatmaq, onu qorumaq, bu təcrübəyə inanaraq onun sıradan çıxmasına yol verməmək mühafizəkarlığında daha bariz üzə çıxırdı. Çünki şeir duyumu olan bir çox ədiblər kimi M.Günər də anlayırdı ki, hansı formada meydana çıxmasından asılı olmayaraq həqiqi şeir öz oxucusu ilə dil tapacaq, ona qovuşmağı bacaracaqdır. N.Hikmət demiş, “Şeiri istər qışqıraraq, istər bağıraraq yaz, istər pışıltıyla yaz, istər xalq şeiri üslubunda yaz, istər hissələrə bölüb yaz, istərsə də qədim əruzda yaz, nə fərqi, təki ortalığa əsl sənət əsəri adlana biləcək bir poeziya gətir.”

M.Günərin son dövr şeirlərində belə naturallığın duyumu öz qüvvəti ilə seçilir, ənənəvi deyim tərzinin bariz nümunərindən biri kimi prosesdə yaşarılığını davam etdirir. Hətta yaşın yorğunluğu, ötüb getmiş sevgi qatarı, həyatın faniliyi ilə bağlı düşüncələrini bölüşərkən belə şairin köməyinə cavanlıq çağlarının nikbin və çılğın məqamları çatır. Şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqinda meditativ düşüncələrini bölüşərkən belə, bu gündən keçmişə deyil, dünəndən bu günə boylanır. Ona görə şairin sadəcə həyatın faniliyi, ömrün varlıq-yoxluq məqamı ilə bağlı düşüncələrin sirayət etdiyi ovqat - hansı ki, M.Günər bunu da özünəməxsus müdrikliklə bədii sözün predmetinə çevirir - şəxsi kədər və ağrı çərçivələrini dağıdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonluğudur, yaşanılan ömrün halallıq səviyyəsidir, amma ölümə gedən yolda ona yoldaşlıq edən,  ruhdan düşməyə qoymayan əbədi sevgidir ki, var.

Gəl bir az aldadaq öz-özümüzü,
təzədən üfürək
qor olan közü,
yaşadaq nağıla çəkilən günü.
Qaytaraq gəncliyin xoş nəfəsini,
əllərin üşümək bəhanəsini,
əlim əllərinə bükülən günü.

Gəl zümrüd quşuna döndərim səni,
sakit gecələrin süd dənizində.
Aç qanadlarını iki ay kimi
səhəri gözləyək göyün üzündə.

   M.Günərin ölümü onun yoxluğuna inandırsa belə, biz hələ də uçan kəpənəkləri, sayrışan çiçəkləri gözləməkdəyik. Hətta bu əlçatmaz mənzərəni gözləmək sevdasının özündə belə təbiəti sevmək, bağrına basmaq imkanları açılır. Bu imkanı bizə şairin möhürünü, imzasını daşıyan şeirlərin sonsuzluğa yol alan yürüşü qazandırır.  Çünki bütün yaxşı şairlər kimi M.Günər poeziyası üçün də ölüm son yox, başlanğıc nöqtədir, “salam ellər, şair Məstan mənəm, mən - /sözlü dilim təzə-təzə açılır”, - yazan  şairin yenidən doğuluşu, təbiətdə əbədi yaşam haqqıdır. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!