Əlahəzrət elmin sevimlisi... - Daniya Zaqidullina

"Yalnız gümrah qaynar coşqunluqda, doğma ölkəyə hərarətli sevgidə, cəsarət və qətiyyətdə qələbə doğulur. Və təkcə ruh yüksəkliyində deyil, bütün qüvvələrin inadla səfərbərliyə alınması şəraitində, dağları yerindən oynadan, əsrarəngiz dərinlikləri kəşf edən və onları gün işığına çıxaran həmin tədrici və dönməz, daimi yanmaqda qələbə əldə edilə bilər". - Mixail Lomonosov

Daniya Zaqidullina - Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti

Onun kimi insanlar haqqında talelərinin hökmdarı olduqlarını söyləyirlər... Meqapolislərdən uzaqda doğulub ərazisini, mühitini qlobal miqyasda genişləndirməyi bacardı. Kiçik vətənində - Naxçıvanda, öz həmyerliləri və qohumları arasında özünü heyrətamiz dərəcədə rahat hiss edirdi. O, bütün Azərbaycanda ictimai xadim və müəllim kimi, İsa muəllim kimi, elmin yüksək zirvələrinə çatan, elmi və təşkilatçılıq fəaliyyətindəki uğurlarına görə tanınan və hörmət edilən biridir. Onu izlədikdə, eşitmək, anlamaq və lazım olduqda məsləhət və ya işi ilə kömək etmək, səmimi sevinmək və həmkarlarının uğurları ilə fəxr etmək, hətta kiçik nailiyyətlər üçün tabeliyində olanlara dəstək və tərif sözləri demək üçün maraq göstərməsinə və istəklərinə çox təəccübləndim. Əsl ideya və fikir yaradıcısı, zəhmətkeş və tədqiqatçıdır!

İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan xalqının milli xüsusiyyətlərinə uyğun yaşayır və Vətəninə xidmət edir! Bu səbəbdən də Azərbaycanda onun istedadı və əməyi yüksək qiymətləndirilir: əsl təşkilatçı və yaradıcı şəxsiyyət olan İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisi Elm və təhsil komitəsinin sədri, AMEA-nın akademiki, profilli qurumlar arasında ən nüfuzlularından olan - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi, Azərbaycanın və türk dünyasının bir sıra yüksək mükafatlarının laureatıdır.

Ölkə xaricində - Türkiyə və İranda, Çində, Hindistanda və Pakistanda, Qazaxıstan və Özbəkistanda, Moskva və Kazanda, İjevskdə və Dubnada... fövqəladə bir insan, etibarlı bir iş ortağı, əsl alim nüfuzuna sahibdir, onu Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin şərəfini yüksəklərə qaldıran görkəmli bir alim-vətəndaş kimi tanıyırlar.

Deyirlər ki, yetkinlik yaşına çatana qədər insanı ailə və vətəni formalaşdırır. İsa Əkbər oğlu biliyə və ağıla dəyər verən, övladlarının yaxşı təhsil alması üçün əllərindən gələn hər şeyi edən bir ailədə doğulub böyüyüb. O, uşaqlıqdan hörmətli və nəcib bir şəcərədən olduğunu yaxşı bilirdi. Onun bir alim - ədəbiyyat nəzəriyyəçisi və tarixçisi, elm və təhsil təşkilatçısı və ictimai xadim kimi formalaşması tələbəlikdən rektora qədər yol keçdiyi Naxçıvan Dövlət Universiteti ilə əlaqədardır. Gözəl müəllimləri, əhatəsində olan insanlar onun istedadına, qabiliyyətinə inandılar və dəstək verdilər.

İsa Həbibbəylinin seçdiyi elm yolu yalnız daim çalışan, yorulmadan və sədaqətlə ona xidmət edənləri mükafatlandırır. İsa Əkbər oğlunun mindən çox elmi əsərin müəllifi olması, bunlardan təxminən otuza qədərinin monoqrafiya, dərslik və tədris vəsaiti olması faktı bunun sübutudur. Onun ədəbiyyat elminə verdiyi töhfələr: Azərbaycan ədəbiyyatşünaslığı metodologiyasının inkişafına, orada təqdim olunan müxtəlif janr və metodlar baxımından milli ədəbiyyat nəzəriyyəsinin xüsusiyyətlərinin dərk edilməsinə, Azərbaycan klassik ədəbiyyatı tarixinin və bütövlükdə müasir ədəbi prosesin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin fərdi üslub və poetikasının öyrənilməsinə ayrı-ayrı dövrlərin ədəbi prosesinin bədii xüsusiyyətlərinin təhlil edilib qiymətləndirilməsinə dair tədqiqatları insanı heyrətləndirir.

Görkəmli bir elm adamı kimi İsa Əkbər oğlunun elmi maraq sferası geniş və rəngarəngdir, təkcə humanitar elm sahəsi ilə deyil, həm də vətənin taleyi ilə sıx bağlıdır. Onun Azərbaycanın keçmişi, bugünü və gələcəyi ilə bağlı elmi-publisistik, fəlsəfi, siyasi düşüncələri ayrıca müzakirə obyektidir. Elmin inkişaf perspektivləri, milli mədəniyyətin taleyi, müxtəlif şəxsiyyətlərin xalq tarixindəki rolu ilə bağlı düşüncələri və qaldırdığı bir çox problemlər bu yaradıcı insanın düşüncə ekssentrizmindən, emosional dərinliyindən, qayğıkeşliyindən danışır.

Hər bir insanın öz əhatəsi, hətta bir deyil, bir neçə çevrəsi var. İsa Həbibbəyli kimi ünsiyyətcil və səmimi şəxsiyyətlər, mövqelərinə görə hər gün bir çox insanla müxtəlif mövzularda ünsiyyət qurmaq məcburiyyətindədirlər. Mən onlardan birinə - Azərbaycan humanitar elminin digər elm sahələri ilə qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi sahəsindəki həmkarları, həm də İsa Əkbər oğlunun şəxsi elmi nailiyyətləri ilə əlaqəli olanlarla münasibətlərinə toxunmaq istəyirəm.

İsa Həbibbəylinin müxtəlif elmi məktəblərinin nümayəndələri ilə ünsiyyətini, Rusiya Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, Tatarıstan Elmlər Akademiyası və ya Başqırdıstan Elmlər Akademiyası, Udmurtiya Elmi Mərkəzi və digər respublikaların fərqli formatlı tədqiqat institutları ilə əlaqələrini izləməklə, bir insanın həyat yolunun bəzən taleyindən çox, dünyanın qovuşma mərkəzinə çevrildiyi qənaətinə gəldim. İsa Həbibbəyli özü də bu geniş əlaqələrin yaradıcısı və təqdimatçısıdır. Səbəbi sadədir: o, başqalarının nailiyyətlərini dəyərləndirmək və həvəsləndirmək, yaxud dəstək olmaq üçün sınanmış münasibətləri qurmaq bacarığına malikdir. Bu şəxsiyyət beynəlxalq elmi mühitlə güclü elmi əlaqələr qurmaq üçün həlledici rol oynayır.

Ancaq məsələ təkcə bunda deyil. Aydındır ki, heç də bütün təşkilatçılar yox, yalnız bir neçə nəfər elmlə məşğul olmağa və öz elmi məktəbini yaratmağa qadirdir. Bunun üçün perspektivləri görmək və öz sahəsinin əsl peşəkarı olmaq lazımdır. İsa Həbibbəylinin vaxtı qabaqlayan elmi uğurları, təcrübə mübadiləsi, ümumi layihələrin planlaşdırılması, elmi əlaqələr yaratmaq təşəbbüsləri ilk növbədə türk xalqları arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin oldu. Bunu təsdiqləmək üçün bir neçə misal çəkmək istərdim.

İsa Həbibbəylinin elmi potensialını ortaya qoyan ilk mövzu romantizm problemi oldu. Tədqiqatının əhəmiyyəti və orijinallığı sovet ədəbiyyatşünaslığında uzun müddət romantizm və müxtəlif modernist hərəkatların keçmişin izi sayılması ilə müəyyən edilmişdir. Bəzi romantik əsərlər, hətta realistik istiqamətlərdə araşdırılırdı. Belə bir vəziyyətdə İsa Həbibbəylinin 1970-ci illərin sonlarında yazdığı məqalələr, "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" adlı namizədlik dissertasiyası, "Romantik lirikanın imkanları" monoqrafiyası (Bakı, 1984) Azərbaycan ədəbiyyatında romantizmin yerini müəyyənləşdirmək üçün nəzəri əsas oldu, bu ədəbi cərəyanın inkişafının vahid mənzərəsinin canlandırılmasına töhfə verdi. Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqalarının əsərləri əsasında alim romantik tipli bədii yaradıcılığın bütün sahələrinin məna və poetik xüsusiyyətlərini müəyyənləşdirə bildi, XX əsrin əvvəllərində romantik poeziyanın və o dövrün ədəbi prosesinin ayrı-ayrı nümayəndələrinin janr və üslub xüsusiyyətlərini qiymətləndirdi. Bu araşdırma digər türkdilli ədəbiyyatşünasların, xüsusilə də tatarların elmi axtarışları ilə uyğun gəlir və beləliklə, türk ədəbiyyatında bədii yaradıcılığın romantik qanadı haqqında fikirləri elmə "qaytarmağa" imkan verir.

Məlumdur ki, ədəbiyyatın özündə romantizm realizmlə və ya neoklassik mədəniyyət növləri ilə paralel olaraq inkişaf edir. Birini vurğulayıb, digərini görməmək mümkün deyil. 1985-ci ildə İsa müəllim yaradıcılığın tərbiyəvi və real paradiqmalarını nəzərdən keçirən "Ədəbi inkişaf" (Bakı) kitabını nəşr etdirdi və beləliklə realizmə dair də ilk araşdırmalarını meydana qoydu.

Seçilən istiqamət növbəti elmi mövzunu, bəlkə də alimin filologiya elmləri doktoru (1996) adını gətirən əsas tədqiqat obyektini əvvəlcədən müəyyənləşdirdi. "Cəlil Məmmədquluzadə" (Bakı, 1987), "Cəlil Məmmədquluzadə və ədəbi mühit" (Bakı, 1990), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyaları buna sübutdur. Cəlil Məmmədquluzadənin və müasirlərinin əsərləri İsa Əkbər oğluna ədəbi prosesin, Azərbaycan nəzəri və ədəbi düşüncəsinin inkişafının bütün mənzərəsini bərpa etməyə, XIX əsrin sonu - XX əsrin əvvəllərində onun təkamülünün əsas istiqamətlərini və mərhələlərini müəyyən etməyə imkan verdi.

Bu tədqiqatın ən vacib nəticəsi mədəniyyətin dərin diaxronik dəyişiklikləri fonunda "tənqidi realizm", "maarifçilik" anlayışlarının müəyyənləşdirilməsi idi. Maarifçilik hərəkatının başında duran bir sıra görkəmli Azərbaycan mütəfəkkirlərinin həyatının, fəaliyyətinin və yaradıcılığının dərindən araşdırılması, o dövrün ictimai-siyasi və ictimai-mədəni vəziyyətinə aid əvvəllər məlum olmayan materialların elmi dövriyyəyə gətirilməsi nəticəsində məlum oldu ki, Azərbaycanda maarifçilik Avropa və ya rus mədəniyyətindəki mənasından fərqli məzmunla mənalandırılır; o, bir çox digər türk xalqlarının intibahına güclü təkan verir. Bu fikir İsa Həbibbəylinin tədqiqatlarında bir vaxtlar bir çox türk xalqları, o cümlədən tatarlar üçün sosial-mədəni yüksəliş platformasına çevrilən "Molla Nəsrəddin" jurnalının materialları ilə daha da möhkəmləndirilmişdir.

İsa Həbibbəyli, eyni zamanda, ədəbi hərəkatın milli mahiyyətini müəyyən edən xüsusiyyətləri müəyyənləşdirmək məqsədilə XIX və XX əsrlərin tarixini, ədəbi proseslərini bütün genişliyi ilə araşdırır. Onun səyləri sayəsində parlaq və orijinal yazıçıların: Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzəli Möcüz və onlarca digər istedadlı yazıçıların ədəbi irsinə yenidən qayıdış baş vermişdir. Əldə edilmiş zəngin materiallar əsasında yalnız tarixi və ədəbi prosesin deyil, həm də bir çox şair və yazıçıların əsərlərini, bu dövrün əsas mətnlərini estetik cəhətdən dəyərləndirmək mümkün olmuşdur.

Onun tədqiqatları və XX əsr Azərbaycan ədəbiyyatı seriyasından nəşrləri nəticəsində müxtəlif ədəbi cərəyanların, ədəbi məktəblərin və üslubi istiqamətlərin bir arada olması üçün estetik cəhətdən əlverişli bir platforma meydana çıxdı. Bu dövrün Azərbaycan ədəbiyyatının salnamələrinin bərpası və "Molla Nəsrəddin" ədəbi məktəbinin Azərbaycan mədəniyyətindəki roluna konseptual qiymət vermək məhz İsa Həbibbəyliyə aiddir. Onun tədqiqatları digər türk xalqları, xüsusən də tatarlarda baş verən tarixi və mədəni proseslərin öyrənilməsinə dair yanaşmalarla səsləşir və bəzi situasiyalarda onları qabaqlayır.

1985-ci ildə alim ədəbiyyat nəzəriyyəsinə dair bir kitab nəşr etdi: "Ədəbiyyat nəzəriyyəsi. (Bakı, 1985) Bununla belə, İsa Həbibbəyli ədəbiyyat tarixi ilə bağlı əsərlərində həmişə ədəbiyyat nəzəriyyəçisi kimi çıxış edərək istiqaməti və cərəyanları, növləri və janrları, Azərbaycan ədəbiyyatının poetikasını nəzəri baxımdan öyrənmişdir. Bu cür araşdırma obyektləri arasında ədəbi proses, ədəbi cərəyanlar, novatorluq, ədəbiyyatda lirizm, ədəbi növlər və janrlar, obrazlar və prototiplər və bir çox başqa aktual məsələlər yer alır. Belə yanaşma alimi yeni kəşflərə aparır. Xüsusilə, satiranı dördüncü növ kimi fərqləndirmək və Azərbaycan ədəbiyyatında iddia olunan bu ədəbi növün bir sıra janrlarını müəyyənləşdirmək konsepsiyası ədəbi növlərin və janrların genezisi və inkişafının sinkretizm dövründən başlayaraq yenidən nəzərdən keçirilməsini tələb edir.

İsa Həbibbəylinin elmi fəaliyyətinin daha bir istiqamətini qeyd etmək istərdim. Bu, postsovet reallıqlarında milli ədəbiyyatın tədqiq edilib öyrənilməsi konsepsiyasının formalaşmasıdır. Həmin elmi yanaşma ədəbiyyatşünaslığın XX-XXI əsrlərin sosioloji yanaşmasından qurtarması, milli ədəbiyyatın bədii və estetik spesifikliyi baxımından özünəməxsus daxili inkişaf qanunlarını nəzərə almaqla öyrənilməsinin əsaslarının axtarışında əksini tapmışdır. Tarixi gedişatın əsas prinsiplərini müəyyənləşdirmək üçün əvvəlcə keçmiş SSRİ-nin rus olmayan xalqlarının milli tarixi və ədəbi prosesini yenidən nəzərdən keçirməyə ehtiyac var idi. İsa Həbibbəyli mənsub olduğu xalqın ədəbiyyatının azərbaycançılıq meyarları ilə araşdırıb qiymətləndirməklə milli ədəbiyyatların bu istiqamətdə öyrənilməsinin yeni formatını müəyyən etmişdir.

İsa Əkbər oğlunun bir çox əsərləri - həm altmışıncıların novatorluğuna həsr olunmuş, həm Səməd Vurğun ədəbi məktəbinin səciyyəvi cəhətlərinə aid, həm də Məmməd Araz, Nəriman Həsənzadə, Anar, Sabir Rüstəmxanlı, Kamal Abdulla və başqalarının yaradıcılığı haqqındakı təhlilləri əsas yeni elmi istiqamətləri müəyyənləşdirməyə yönəldilmişdir. O, XX əsr və XXI əsrin əvvəllərində ədəbiyyatı, onun daxili məntiqini, milli bədii şüurun hərəkət istiqamətlərini və dinamikasını dərindən dərk edərək öyrənməklə, vahid Azərbaycan ədəbiyyatı anlayışının formalaşması müstəvisində ədəbiyyatı araşdırıb qiymətləndirir. Nəticədə milli ədəbiyyatın ümumi tarixinə yeni yanaşmaların müəyyənləşdirilməsi zərurətinə cavab verən "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası və onun inkişaf mərhələləri" monoqrafiyası (Bakı, 2019) işıq üzü görmüşdür.

Əslində, təqdim edilən monoqrafiya təkcə Azərbaycan ədəbiyyatının dövrləşdirmə anlayışının müəyyənləşdirilməsi ilə deyil, həm də üzvi hissəsi kimi dünya xalqları ədəbiyyatı kontekstində parlaq adlarla, əlamətdar əsərlərlə zəngin olan türk xalqları ədəbiyyatının inkişaf mərhələlərinin anlaşılmasında pioner oldu. Monoqrafiyada materialın dərinliyi və genişliyi Azərbaycan ədəbiyyatı tarixini ümumiyyətlə türk xalqlarının mədəniyyət tarixinə çevirən bütövlüklə birləşdirilir. Burada ilk dəfə təqdim olunan tarixi və ədəbi ümumiləşdirmələrin düzgünlüyünə "geri qaytarılmış" ədəbi abidələr və antoloji xarakterli yeni nəşrlərin təhlili vasitəsilə nail olunur.

Belə ki, qədim dövr (ibtidai cəmiyyətdən VII əsrə qədər) və yazılı ədəbiyyatın ortaq ümumtürk başlanğıcı (VII - X əsrlər) ideya-bədii orijinallığı ilə qədim türk sivilizasiyasının bədii təfəkkürü çərçivəsində nəzərdən keçirilir. İntibah dövrünün Azərbaycan ədəbiyyatı nümunəsindən (XI - XII əsrlər) istifadə edərək, Azərbaycan  ədəbiyyatında renessansın səbəbləri yüksək elmi səviyyədə ətraflı təhlil edilir: bu dövr Müsəlman İntibah və Şərq İntibahı ilə ümumtürk folkloru və mifoloji sintezi əsasında müəyyən olunur. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII - XVI əsrlər) ana dilində ədəbiyyatın yaranma dövrü kimi əsaslandırılır.

Xüsusi olaraq qeyd etməliyik ki, İsa Həbibbəyli haqlı olaraq ilk dəfə formalaşan ədəbi cərəyanların dinamikası ilə Azərbaycan ədəbiyyatının daha da inkişaf edərək yeniləşdiyini düşünür. Alimin fikrincə, XVI əsrdə Azərbaycanda Şərq romantik ədəbiyyatı dövrü tamamlanır. Onun qənaətinə görə, növbəti tarixi-ədəbi mərhələnin (XVII - XVIII əsrlərin ədəbiyyatı) bütövlüyü erkən realizmin, XIX əsrdə isə maarifçi realizmin formalaşmasına bağlıdır. Azərbaycan ədəbiyyatı tarixinə, o cümlədən türk xalqları ədəbiyyatına belə dinamik yanaşma ədəbi-tarixi proseslərin daha aydın və konkret şəkildə qurulması üçün çox vacibdir.

Alim maarifçi realizmi - "Azərbaycan ədəbiyyatının lokomotivi" adlandırır və milli ədəbiyyatın inkişafının növbəti mərhələsində (tənqidi realizm və romantizm dövrü) (1890-1920-ci illər) demokratik maarifçilik motivlərini, romantizmi və sentimentalizmi ortaya qoyur. Sovet dövründə bir çox türkdilli xalqların ədəbiyyatında maarifçiliyin yalnız 1905-ci ilə qədər mövcud olduğu düşünülürdü və bu münasibət ədəbi prosesin öyrənilməsində bir çox səhvlərə səbəb olurdu.

Sosialist realizm dövrünün (1920-1960) və müvafiq ədəbi- ideoloji kanonların tədqiqi də nəzəri düşüncə ilə, milli-mədəni şəxsiyyət amillərini, janr, üslub və poetika problemlərini müəyyənləşdirməklə aparılmışdır. Sovet dövründə Azərbaycan ədəbiyyatında ideoloji əsərlərin az olmasını vurğulayan alim, ön planda insan fəlsəfəsinin, milli və ya tarixi problemlərin əks olunduğu bütöv əsərləri ortaya çıxarır. Bu materialın təhlili və ümumiləşdirilməsi tədqiqatçının bu dövrdə Azərbaycan ədəbiyyatında genişmiqyaslı dəyişikliklərin başlaması qənaətinə gəlməsinə əsas verir. Alim doğru olaraq qeyd edir ki, artıq 1950-ci illərdə Azərbaycan ədəbiyyatının altmışıncı illərdə yaşanan avanqard dəyişmələrinin tendensiyaları hiss olunmaqda idi.

Azərbaycan ədəbiyyatı tarixindəki növbəti mərhələni İsa Həbibbəyli "milli-mənəvi özünüdərk və suverenlik idealları, modernizm dövrü" adlandırır (1960-1990). Bu materialda o, avanqard yazıçıların əsərlərinin əsasını təşkil edən yeni hadisələrin bədii və estetik mahiyyətini meydana qoyur. Oxşar meyillər: milli kimliyi müəyyənləşdirmə proseslərinin intensivləşməsi, sosialist realizmini dəyişdirməyin yollarının axtarılması 1960-1980-ci illər tatar ədəbiyyatında da müşahidə olunur. Bu dövrə tatar ədəbiyyatının milli köklərə dönüş dövrü deyirik.

Əlavə olaraq elm adamları XX əsrin əvvəllərindəki milli tarixi və ədəbi proses nəzəriyyəsinin əvvəlki ideoloji və mədəni əlamətlərinin yeniləşdirilməsi, yeni ədəbi mexanizmlərin inkişafı ilə əlaqəli bir keçid dövrünü də qeyd edirlər. Bu dövr özündən sonra İsa Həbibbəylinin nəzəri cəhətdən düzgün adlandırdığı kimi "Müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatı"nı doğurmuşdur. Müəllif müxtəlif bədii sistemlərin: neorealizm, modernizm, postmodernizm, magik realizm elementlərinin birlikdə yaşamasını və onların qarşılıqlı təsirini düşündüyü postsovet dövrü Azərbaycan ədəbiyyatının inkişafının əsas xüsusiyyətləri kimi kifayət qədər dolğun və aydın elmi mənzərəsini təqdim edir.

Beləliklə, "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası İsa Həbibbəylinin indiyə qədər apardığı bütün tədqiqatlarını özündə cəmləşdirmişdir. Nəzəri tədqiqat ona milli ədəbiyyatı öyrənmək üçün xüsusi vasitələr yaratmağa, doğma ədəbiyyat tarixini elmi şəkildə öyrənməyə, onun inkişafının ahəngdar bir sistemini yaratmağa imkan vermişdir. Azərbaycan ədəbiyyatı və bütün türkdilli ədəbiyyatlar monoqrafiyada dünya mədəniyyətinin özünəməxsus üzvi tərkib hissəsi kimi geniş miqyasda dəyərləndirilir. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyası ümumiyyətlə ortaq ədəbi və bədii dəyərləri sistematik şəkildə dərk etmək yolu ilə türk dünyası tarixinin əsas dövrləşdirmə modelini yaratmağa zəmin hazırlayır.

Bu nöqteyi-nəzərdən İsa Həbibbəyli 11 sentyabr 2019-cu ildə Kazanda "Müasir mərhələdə Milli Ədəbiyyat: Elmi Anlayışlar və Fərziyyələr" adlı dəyirmi masada çıxış etdi. Onun sözləri: "Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi və inkişaf mərhələlərinin müəyyənləşdirilməsi müasir dünyada qurulma və inkişaf üçün perspektivlər açır - daha çox məhsuldar mədəni və ədəbi əlaqələrin çoxəsrlik tarixi və ədəbi ənənələrinə istinad etməklə" Tatarıstan tərəfinin milli araşdırma mövzusunda müzakirə mühitini yaratmaq istəklərinə uyğundur. Regional təyyarədən bölgələrarası (Volqa və Ural bölgələri) və daha sonra - beynəlxalq məkana köçürən ədəbiyyat.

Qeyd etmək lazımdır ki, Azərbaycanın özündə İsa Həbibbəylinin təşəbbüsü ilə postsovet elmi məkanında ən cəlbedici çoxşaxəli tədqiqat sahələrindən biri təşkil olunmuşdur ki, bu da bir tərəfdən humanitar, təbiət və texniki elmlər arasında qarşılıqlı əlaqələrin inkişafına, digər tərəfdən isə müxtəlif ölkələr və xalqların elmi əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu və Birgə Nüvə Tədqiqatları İnstitutu (Dubna) ilə birlikdə 2013-cü ildən hər il keçirilən "Fizika və Lirika: Dünya Təcrübəsi və Birlik ölkələrinin elm və ədəbiyyatı həqiqətləri" adlı beynəlxalq elmi seminardan bəhs edirik. Fənlərarası inteqrasiyanın bu yeni modeli birgə beynəlxalq layihələrin həyata keçirilməsinə təkan verir.

İsa Həbibbəyli türk xalqları ədəbiyyatının öyrənilməsində böyük rol oynayır. Onun Füzuli, Nəvai, Ç.Aytmatov və dünya ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin əsərləri, Mustafa Kamal Atatürkün, Heydər Əliyevin fəaliyyəti ilə əlaqəli tədqiqatları, onun ictimai, mədəni, həm də tarixi baxımdan fikirləri dünyagörüşünün genişliyinə dəlalət edir.

Məqaləmiz bir insanın, alimin, dövlət xadiminin həyat hekayəsi kimi düşünülmüşdü. Onun keçdiyi və bir çoxunu arxasınca apardığı yolun təsviri kimi. Onu məşhur edən yol. Lakin milli humanitar və türk xalqları elminin tarixi səhifələri ortaya çıxdı. Göründüyü kimi, sirr İsa Həbibbəylinin həyatı, fəaliyyəti, elmi kəşfləri və uğurlarının bu mühit ilə bağlı olmasındadır. Xarakterinin, "mən"inin əsasını təşkil edən iti ağlı, düşüncə genişliyi, nəcibliyi, qayğıkeşliyi, həmişə obyektiv olmaq cəhdi, ağıl və sadəliyi həyatında, uğur və nailiyyətində əsas rol oynayır.

İsa Həbibbəyli haqqında çox danışmaq və yazmaq olar... O çox yönlüdür. Qoy Günün qəhrəmanına müraciət həyatında yeni istiqamətlərin müqəddiməsi kimi səslənsin. "Tatarıstanın akademik elmi ictimaiyyəti adından sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs elm naminə məhsuldar və yaradıcı fəaliyyət arzulayıram. Sizin böyük elmə aparan yolunuz işinə həvəsli olan və əlbəttə, öz yolunu açmaq istəyən gənclər üçün bir nümunə, tarixin başlanğıcı olacaqdır".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!