Miqrantı azdıran yollar - Nicat Həşimzadə yazır

Yaşar Bünyadın kitabı haqqında

 

Hər il neçə gənc doğma elini, obasını, ata ocağını, böyüyüb boya-başa çatdığı kəndi atıb iş dalınca balaca şəhərin böyük sıxlığına - Bakıya can atır. Hər il neçə gənc ata nəfəsini, ana qoynunu yar busəsinə dəyişmək üçün böyük sıxlığın balaca adamlarına tərəf qaçır. Hər il neçə ana, neçə ata övlad yolu gözləyir. Neçə qadın "Qaytar, ana borcunu" şeirini əzbərləyir?

Bu həqiqət çox üzücüdür. Bir qadın dostum mənə tez-tez dərdini danışır, şikayət edirdi. Deyirdi ki, ərimə nökərçilik etməkdən bezmişəm. Qadının ərini bir neçə dəfə görmüşdüm. Çox mədəni, zəhmətkeş insana bənzəyirdi. Həftənin şənbə, bazar günləri də çalışırdı ki, ailəsi, uşağı kiməsə möhtac olmasın. Qadınsa gündə bir dəfə yemək bişirməyi, həftədə bir-iki dəfə paltar yumağı nökərçilik hesab edirdi. Sonra boşandılar. İndi qadın bir kafedə xidmətçi işləyir. Hər gün ən azı 20-30 kişiyə nökərçilik edir. Bu kişilərin də əksəriyyəti kafeyə spirtli içki içməyə görə gəlirlər, bir az içəndən sonra azacıq ağıllarını da itirirlər və həmin qadına sataşırlar, alçaldıcı sözlər deyirlər. Görəsən, bu qadın heç düşünürmü ki, əsl nökərçiliyi indi edir?

Yaşar Bünyadın "Miqrant" hekayəsini oxuyarkən, nədənsə, bu hadisələri xatırladım. Rusiyanın soyuğunu, şaxtasını görməyən adamlar elə bilir ki, Rusiya bazarında işləmək çox asandır. Ancaq "Miqrant" hekayəsini oxuyarkən bizim üçün bir çox məsələlər aydınlaşır.

1. Bazarda etnik qarşıdurmalar var, çox zaman da "qara millət" saydıqları qafqazlılara bəslənən nifrət dava-qırğına səbəb olur.

2. Pul vətən həsrətinə əlac tapa bilmir. Vətəndən, doğmalardan uzaqda sadəcə pul üçün yaşadığını anlamaq və bunu anlayaraq çalışmağa, yaşamağa davam etmək çox çətindir.

3. Ölkə xaricinə gedərkən sonrakı taleyindən əmin olmamaq, orada sənə qəyyumluq edəcək insanın olub-olmadığını bilmədən vətəni tərk etmək və s.

Nə qədər insan həyat şəraitini təmin etmək və yaxşılaşdırmaq üçün Rusiya bazarlarına üz tutub. Nə qədər adam əli pulla oynasa da, xoşbəxtlik tapa bilməyib. Daha çox pul qazandıqca daha böyük boşluğa yuvarlanıb. Ancaq məişət zəkası ilə yaşayan adamı pul xoşbəxt edə bilər. "Miqrant" hekayəsini oxuduqca anlayırsan ki, hekayədə avtobioqrafik məqamlar var. Onu da başa düşürsən ki, miqrant niyə xoşbəxt ola bilmir?

...Komandir anamın atamdan başqa heç kimin toxunmağa haqqı çatmayacağı yeri söydü.  ("Miqrant " hekayəsindən).

Çox dərin, dəhşətli təsvirdir. Bircə cümlə ilə diqqətli oxucuya hər şey aydın olur. Sovet illərinin hərbi xidmət qaydaları gözlərinin qarşısında canlanır. Müəllif o dövrün hadisələri və mahiyyəti ilə bizi, əsasən də gənc nəsli tanış edir.

"Hürməyən küçüyün ariyası" və "General" hekayələrində çox həssas məqamlar var. Qaba xarakterinə görə heç kimlə ünsiyyət qura bilməyən Kərimin yeganə təsəllisi General adı verdiyi itin hürməsi olur. İtsə tərsliyinə salıb hürmür ki hürmür. Kərim elə zənn edir ki, yəqin it laldır. Son məqamda görürük ki, Kərimə qalan elə azdırmaq istədiyi, nifrət bəslədiyi, bəzənsə yazığı gəldiyi it olur. İt Kərimin ölüm anında hürür. Sanki hayqırır, sahibinin ölümünə etiraz edir. Müəllif növbəti hekayədə itin dilindən elə təsvirlər verir, elə məqamlara toxunur ki, dəhşətə gəlirsən. Yaşar Bünyadın hekayələrində xüsusi təhkiyə, dilin alt qatına enmə, özünəməxsus təsvir imkanları və zəngin həyat təcrübəsi var. Həyat təcrübəsi və yazdığın dili mükəmməl bilmək yazıçı üçün ən vacib amildir. Yaşar Bünyadın hekayələrini oxuyanda əmin olursan ki, müəllif hər iki üstünlüyündən mükəmməl istifadə edir.

"Hürməyən küçüyün ariyası" və "General" hekayələrini oxuyan zaman məni bir sual maraqlandırırdı. Görəsən, hansı daha çox bədbəxtdir, ümidini ancaq bir itə bağlayan Kərim, yoxsa zamanında hürmədiyinə görə Kərimin ümidlərini məhv edən General. Adı General olsa da, bu it ancaq Kərimin can verdiyi anda cəsarət tapıb hürür. Kərim, əslində, mənfi obrazdır. Tüfeyli günlər keçirərək həyatını məhv edib, ömrü boyu təkliyə məhkum olunub. Bu məqamda mən Bulqakovun məşhur sözlərini xatırlayır və xatırladıram: "Pis insan yoxdur, bədbəxt insan var".

Görəsən, hansımız daha çox bədbəxtik? Kəndimizə səssizcə ölməyi dəb salan Cabbar kişi ("Quşlar qayıtdısa" hekayəsi), tüfeyli həyata meyil edib özünü məhv edən Kərim, hürməyə cəsarəti çatmayan General adlı it, bu qədər kədərli obrazların faciəsini öz içində daşıyan Yaşar Bünyad, yoxsa bu hekayələri oxuyub dəhşətə gələn, müəllifin istedadına qibtə edən Nicat Həşimzadə?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!