Zərli poqonlar işığında tövbə məqamı - Rüsmət Kamal yazır

(Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Ömər bəy Şirvani...)

Rüstəm KAMAL

 

Rütbə - çin məsələsi XIX əsr Azərbaycan mədəniyyətində "ədəbiyyat-həyat" problemidir. Rütbə nə dərəcədə ədiblərimizin yaşam və yazı üslubunu müəyyənləşdirib? Görəsən, onlara hansı yol sərfəli idi: poqonlu, ordenli-medallı mundirlər geyinmək, yoxsa qələmilə sözə xidmət etmək? Məsələn, M.F.Axundzadə hərbi rütbəsini, məmurluq xidmətini "Təmsilat" müəllifi olmaqdan üstün tuturdu, ya da yazıçılığını, filosofluğunu rəsmi dövlət fəaliyyətinin davamı hesab edirdi? Əlbəttə, zabit rütbəsi onu müəyyən maddi çətinliklərdən, məişət qayğılarından sığortalayırdı. Ona görə də həmişə rütbəcə yüksəlməsinin marağında olmuşdu. Səhnə əsərləri yazması da şəxsi karyerasına kömək etməliydi. Dönə-dönə qeyd edirdi ki, "bu işgüzar və ağıllı amirin (knyaz Vorontsovun - R.K.) iltifatı sayəsində, mənim yazıçılıq qabiliyyətim özünü göstərdi".

Yaxud şairlərimiz və yazıçılarımız rus zabitlik kodeksi ilə sufi-irfan əxlaqını necə birləşdiriblər? Suallar çoxdur...

Çiyinlərində polkovnik və general nişanları gəzdirən Mirzə Fətəli Axundzadənin, İsmayıl bəy Qutqaşınlının, Abbasqulu ağa Bakıxanovun və Ömər bəy Şirvaninin tövbə məqamları bizdə bu maraqdan yarandı...

Heç şübhəsiz, onların içində həmişə bir tövbə gözləntisi olub. Könüllərində, düşüncələrində Mütləq Varlıqla "mənlər"inin görüşünü istəyiblər.

Tövbə insanın Allah qarşısında bir hesabatıdır. Tövbə etməklə insan içindəki təhlükəli, gözlənilməz (sensasiyalı) həqiqətdən qurtulmuş olur.

Lap körpəlikdən rus padşahına "girov" verilmiş, yad dillərin (rus, fransız) mühitində böyümüş, tərbiyə görmüş bir şəxsin əməli heyrət doğurur. İsmayıl bəy ömür-gün yoldaşını da götürüb, qutsal torpaqlara uzun, ağır səfərə çıxır ki, "bəlkə ruhu rahat olub nicat tapa".

Doğrudan, tövbə gizli sirr kimi mənəviyyat hadisəsidir. Necə olub ki, general İsmayıl bəy Qutqaşınlı yaşanılmış ömrün məna bütövlüyünün bərpası üçün saflaşma ehtiyacı duyub? "Yaradanın evinin ziyarətinə, qara üzümüzü onun qapısına sürtməyə, bu qədər kərəminin şükürünü bəyan etməyə" ("Səfərnamə") gedib.

Düşünürəm, bəlkə kapitan rütbəsində Varşavadakı müsəlman suvari alayları üçün Qubadan atlıların toplanması zamanı "insanların hissiyyatının alçaldılması"nda (Ş.Şamiloğlu) iştirakını unuda bilmirdi? Rus-İran müharibəsində "Allahu əkbər" nidasını ucaldan dindaşlarını od ağızlı toplarla susdurduğuna görə peşman idi? Hər halda prof. Ə.Tahirzadə də belə düşünür:

"Taxılan orden və medalların işığında dəliqanlı çılğınlığında gözləri qamaşan, qürur duyan, fərəhlənən bu Rusiya zabitləri yetkinlik yaşına çatanda nələr törətdiklərinin, Rusiyanın əlində necə bir alətə çevrildiklərinin fərqinə vardılar və yaşamlarının sarsıntılı dönəminə girdilər. Onlar həm öz xalqları qarşısında, həm də Allah qarşısında günahlarını yumağa çalışırdılar, bu məqsədlə üzlərini həm xalqa, həm də Tanrıya çevirdilər...

Ömrünün sonlarını dərin iztirab və peşmanlıq içində yaşayan İsmayıl bəy Qutqaşınlı da məhz həccə - Tanrı evinə gedərək günahlarından arınmağa can atırdı" (Ə.Tahirzadə. "H.İ.B.Qutqaşınlı haqqında bilmədiklərimiz").

Tövbə bir əxlaq məsələsidir. Bu o Ömər bəydir ki, Şamaxının nüfuzlu, hörmətli kişilərindən olub, səxavəti və xeyirxahlığı ilə ad qazanmışdı. Şirvan ədəbi mühitində şair kimi də qəbul olunurdu. Dövrünün tanınmış şairləri ilə məktublaşırdı. S.Ə.Şirvani "Təzkirə"sində "Qəzəli - Ömər bəy" başlığı altında qəzəllərindən nümunələr vermişdi. (Ə.Qədimov. "XIX əsr Ordubad ədəbi mühiti").

Rus-türk savaşında, Qars döyüşü zamanı "yaralanan Ömər Paşa"nın tövbə məqamı çatır: "Ləşkəri - rus mülki Karsda olan zamanlar Ömər bəy dövləti - Rusiyyədən rugərdan olub, əsgəri - ruma mülhəqq oldu. Dövləti - Rum məzkuru həman-həman öz mənsəbi və nişanı ilə qəbul edib və məvacib qərar qılıb, özlərinə sərəsgər etmişdir. Əlan məmaliki - Rumda "Yaranal Ömər Paşa" ismiylə məşhurdur". (S.Ə.Şirvani. "Təzkirə").

Bəlkə Ömər bəy Şirvani bir kafir qoşununa general olmağı müsəlman əxlaqına sığışdırmırdı?

Mirzə Fətəlinin son günləri idi. Hamı onun tövbə etməsini, Uca Allahdan günahlarının bağışlanmasını diləyəcəyini gözləyirdi. Özü də dindarların, cahil insanların ona münasibətini yaxşı bilirdi. Bir-birinin ardınca körpələrini əlindən alan Allahına qarşı bir küskünlüyü, bir asiliyi vardı. Dağ da olsa, dözməzdi: "Zalım əcəl də çatmır ki, (Kəbənin Allahına and olsun ki, xilas oldum) deyim... İki yaşında kiçik bir qızım vardır ki, məhəbbətinə sonsuz dərəcədə könül bağlamışdım. Təsadüfən bu günlərdə öldü. İndi onun fərağında ağlayıram, yanıram" (Cəlaləddin Mirzəyə yazdığı məktubdan).

"Həmin günlərdə onun yanında olmuş İsrafil bəy Yedigarov ondan xəbər alır: "Mirzə, siz necə dəfn olunmaq istərdiniz?" Bu birbaşa deyilmiş suala qəti cavab gəldi: "Bilirsiniz ki, heç bir dini qəbul etmirəm. Ölü bədənin yaratdığı narahatlıqdan dirilərin necə can qurtardığının isə mənim üçün heç bir fərqi yoxdur. Necə istəyirsinizsə, elə də dəfn edin".

Mirzə Fətəli artıq heç bir möcüzəyə inanmırdı. "Ona baş çəkməyə gələn axunddan soruşur: "Bilmirəm, sizin Allahınız məndən nə istəyir?" (bax: N.Cabbarlı. "Axundov şəxsiyyəti").

Abbasqulu ağa Bakıxanov rus dövlətinə göstərdiyi hizmətlərə, sədaqətə görə polkovnik rütbəsinə qədər qalxmışdı. Çar Nikolayın ziyafətində iştirak etmişdi, Puşkin ailəsi ilə unudulmaz görüşü baş tutmuşdu. Elə həmin hökumət də bu pak, sufi əxlaqlı, müdrik, möhtərəm insanı şərləyib Quba üsyanını dəstəkləməkdə suçlayır...

O, sevimli Əmsar kəndində ömrünü rahatca başa vurmaq əvəzinə, mübarək ziyarətə çıxır və orda ən mübhəm sirrini dilə gətirir: "Allahım, mən hər iki dövlətin nişanını almışam, indi sənin nişanın qalıbdır onu da sən mənə ver".

Abbasqulu ağanın bu tövbəsi (etirafı) səxsiyyətinin ali məqamı ilə bağlıydı. Səxsiyyət Allahla, Allahda təsdiqlənir. Məkkə ilə Mədinə arasında - Dəşti-Fatimə adlanan vadidə tövbəsi və kəlmeyi-şəhadəti Bakıxanov şəxsiyyətinin qutsal məkanda dəyərinin təsdiqi idi.

İbn Farisin lüğətində "ət-tauta" (bəzi ləhcələrimizdə and içəndə" ət-tövbə" deyirlər) sözü var, leksik mənası "qayıdış" deməkdir.

"Medallı və poqonlu mundirin içində böyük bir ürək gəzdirən" (S.Vurğun) XIX yüzilin bu möhtəşəm insanlarının Allaha qayıdışı yalnız dünyagörüşümüzün deyil, həm də mənəviyyatımızın yüksək işarələridir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!