Azərbaycan şeiri – 2018 - Vaqif YUSİFLİ yazır

Bəzi qeydlər

 

2018-ci ilin poeziyası haqqında qətiyyən bədbin olmağa dəyməz, Azərbaycan şeiri poeziyamızın yaşarı ənənələrinə bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Əlbəttə, bir ilin şeirləri haqqında danışmaq, icmal səciyyəli bir yazıda şeirlə bağlı bütün problemlərdən söz açmaq çətindir, gərək şeirimizin bir ildə hansı uğurlara nail olmasından danışaq, ayrı-ayrı mövzulara toxunaq, şeirimizin sənətkarlıq, dil-üslub məsələləri ilə bağlı məqamlara diqqət yetirək, müxtəlif nəsilləri təmsil edən ayrı-ayrı şairlərin şeirlərindən misallar gətirək, şeirimizdə bizi razı salmayan, nəzmkarlığa, şeirbazlığa, qrafomaniyaya aid qüsurları da etiraf edək, hələ üstəlik, bütün bu məsələlərə elmi-nəzəri prizmadan da yanaşaq.

1. Müasir Azərbaycan poeziyasının ən yaşlı nəsli keçən əsrin otuzuncu illərində dünyaya gələn, əllinci illərdə ilk şeirləri və ilk şeir kitabları nəşr olunan, altmış-yetmişinci illərdə ədəbiyyat aləmində etiraf olunan, sonrakı onilliklərdə isə poeziyada öncüllər sırasında olan şairlər nəslini xatırlayaq. Doğrudur, indi onların əksəriyyəti dünyalarını dəyişiblər, ancaq o nəsildən Nəriman Həsənzadə, Fikrət Qoca, Yusif Həsənbəy, Eyvaz Borçalı, Musa Yaqub, Məmməd İsmayıl - bir sözlə, yaşı səksəni keçən və ya səksənin astanasında olan şairlərimiz yenə eyni şövq ilə yazıb-yaradırlar. Fikrət Qoca bəlkə hər gün şeir yazır, poeziya onun vərdişinə deyil, söz demək ehtiyacına çevrilib. Nəriman Həsənzadənin şeirlərində isə ötən illərdə yazdığı ən yaxşı şeirlərin rahiyəsi duyulur. "Sinəm-stolüstü qalın kitabdı, Hər gün varaqlayıb oxuyuram mən" - bu qalın kitabı biz də varaqlayırıq və 88 yaşlı bir şairin poetik enerjisinə heyrət edirik. O, həyatda, cəmiyyətdə, təbiətdə, insan münasibətlərində baş verən heç bir hadisəyə biganə qalmır, Cocuq Mərcanlı şagirdlərinə üz tutur, Aprel döyüşlərində həlak olanlardan da söz açır, sevgi şeirləri də yazır, 37-ci ilin repressiya qurbanlarını da yad edir, doğulduğu Poylunu da unutmur. Məmməd İsmayıl Vətəndə yaşamasa da, Vətən havalı şeirləri ilə mətbuatda sözünü deyir: "Qəribi qürbətin qadını sevməz, Sevsə, olsa-olsa, torpağı sevər". Nəriman Həsənzadə kimi Məmməd İsmayıl da yaşa dolduqca içindəki poetik enerjini sönməyə qoymur.. Son illərdə də o şedevrlərin sırasına yeniləri qatılır. Xüsusilə, "Qürbət haradı bilsən", "Qapı", "Niyə beləsən, Vətən" şeirləri... Musa Yaqubun son şeirlərində isə şair ömrü ilə bağlı bəzi etiraflar səslənməkdədir ki, bu etirafları həmin nəslin dilinə gətirmədikləri, amma ürəklərində o hissləri, o duyğuları yaşatdıqları qənaətindəyik:

Bir yorğun torpağam, dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam, içi oyulmuş,

Bir də körpülənib keçilməyim yox...

...Hanı bu dünyanın sevgi tərəfi?

İnsanın insana ərki tərəfi?

Hanı dan üzünün ağ tərəfləri,

Dövrünün qızılı çağ tərəfləri?

Şeirimizin ikinci bir yaşlı nəsli də var ki, onların ədəbiyyata gəlişi altmışıncı illərin sonlarına-yetmişinci illərin əvvəllərinə təsadüf edir - Firuzə Məmmədli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Vaqif Bayatlı - bu şairlər poeziyada müxtəlif üslubları təmsil edirlər. Sabir Rüstəmxanlı 1967-ci ildə yazdığı məşhur "Vətən" şeirinin intonasiyasına indiyə qədər sadiqdir və əgər müasir Azərbaycan poeziyasında vətənpərvərliyin, azərbaycançılığın, milli birlik ideyasının necə təcəssüm olunduğunu izləsək, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz isimləri ilə yanaşı, Sabir Rüstəmxanlının da adını bu sırada görürük.

Heç inanmağımız gəlmir ki, "böyük şair olmağı bir kimsədə şübhə doğurmayan" (Anar), sözün əsl mənasında bir şair kimi populyarlığını qoruyub saxlayan Ramiz Rövşən artıq yetmiş iki yaşındadır. Amma yaşın şair ömrünə və şeirin ömrünə heç bir dəxli yoxdur. Ramiz Rövşən adi həyat hadisələrini, ən sadə həqiqətləri - həyat, ölüm, sevgi, Allah, Dünya və İnsan haqqında duyğularını poeziya dili ilə, özü də orijinal şəkildə ifadə edir. Amma burada duyğular və hisslərlə yanaşı, bir mühüm məqamı da vurğulamalıyıq. Ramiz Rövşən şeiri həm də bizə məlum adi həqiqətlərin tamam yeni izahıdır...  

2. Şeirimizdə Qarabağ müharibəsi və onun doğurduğu itkilər, sosial və mənəvi bəlalar, itirilmiş torpaq ağrıları haqqında yüzlərlə şeirlər yazılıb, indi də yazılır. Bu şeirlərin hər birinin vətənpərvərlik duyğusundan yarandığına qətiyyən şübhə etmirik. Amma o şeirlərin bir çoxu bədii keyfiyyət baxımından, hətta ortabab şeir səviyyəsindən aşağı olduğunu etiraf etməliyik. Bu şeirlərdə bir-birini təkrar edən motivlər, şablon ifadələr həddini aşır. Əlbəttə, həmişə dərddən yazmaq olar, necə ki, həmişə Vətəndən, dağlardan, dənizdən, payızdan yazmaq... amma ənənəviləşən mövzuya da yenilik gətirmək olar. Təbii ki, bu, şair istedadı ilə bağlıdır. Vaqif Bəhmənli köhnə ifadə ilə desək, "məhsuldar" şairdir, amma Vaqif bəzi istisnaları nəzərə almasaq, həmişə öz poetik səviyyəsini saxlaya bilir. Onun Qarabağ yanğısından doğan "Dərd qoşması" dərdin poeziyasını poeziyanın dərdinə çevirən bir şeir kimi diqqəti cəlb edir:

Yolunca saraldı gözümün kökü,

Qalmadı ürəkdə yağ, Qarabağım!

Başıma haranın külünü töküm,

Qayıtsın əzəli çağ, Qarabağım!

 

Böyürtkən atlanmır barı üstündən...

Sazaqlar çartladır narı üstündə!

Çiçəyi burnunda, barı üstündə,

Çürüyür tarlanda tağ, Qarabağım!

 

Fələk töhmət çöpü təpdi dərimə,

Sən sönük bir çıraq; səməndəri mən...

Cismimi Bakıya tulla, yerimə,

Qeyrətli bir Vaqif doğ, Qarabağım!

Şeirimizdə Qarabağ mövzusu haqqında düşünəndə istər-istəməz keçən əsrin doxsanıncı illərində qələmə alınmış və hər misrasından ümid, inam, qələbəyə çağırış ifadə edən "Ayağa dur, Azərbaycan", "Ayağa dur, məmləkətim", "Qalx ayağa, məmləkətim" (Məmməd Araz, Xəlil Rza, Zəlimxan Yaqub) şeirləri yada düşdü. Xüsusilə, xalq şairi Qabilin o illərin ən haraylı, çağırış şeirindəki həqiqəti xatırladıq. "Ümid sənədir ancaq..." şeiri...

Qabilin doxsanıncı illərdə səsləndirdiyi bu çağırış nidasının həqiqət olduğunu 2016-cı ilin Aprel döyüşləri təsdiq etmədimi? Nədənsə, şeirimizdə belə nümunələrin sayı getdikcə azalır, amma Ramiz Duyğunun, Rəşid Faxralının, Əbülfət Mədətoğlunun, Musa Ələkbərlinin, Rəfail Tağızadənin, Əli Rza Xələflinin, Adil Cəmilin, Əli Nəcəfxanlının, Rizvan Nəsiboğlunun bəzi şeirlərində həmin tendensiyanın davam etməsinə yalnız sevinmək olar.

3. Lirik qəhrəman, yəni şair fikrən də, ruhən də azaddır. Şairlər bir vaxtlar, sanki içərilərinə çökmüş dumanı ciyərlərindən çıxarıb azad nəfəs alırlar. Məsələn, Ağacəfər Həsənlinin şeirlərində fikir ahəngi ön plana keçməkdədir. Və onun şeirlərində də yenilik hissi, "eyni havaya oynamamaq", həyata, dünyaya düşüncə çevrəsindən yanaşmaq prinsipi üstünlük təşkil edir.

Ramiz Qusarçaylı bu ədəbi nəslin içərisində xüsusilə seçilir. Onun nisgilli "Toy" şeiri sübut edir ki, Ramiz hər hansı bir hadisəsini poeziya hadisəsinə çevirə bilər.

Daha bir şairdən söz açaq. İnqilab İsaqın şeirləri barədə həmkarımız Rüstəm Kamal acı bir təəssüf hissilə yazır ki: "Ədəbi tənqidin "əyalət" sindromu nəticəsində dəyərli bir şairin obrazının yetərincə təqdim olunmaması təəssüf doğurur". Amma elə Rüstəm Kamal İnqilab İsaqın kitabına yazdığı ön sözdə bu sindromu aradan qaldırır və onun şeirlərini layiq olduğu tərzdə təhlil edir. Yazır ki: "İnqilab İsaqın poeziyasında bəlağətli deklarasiyalar və yüksək nidalar səslənmir, sanki sualtı axın şeirin üstü ilə gedir, sükutu intonasiyanın axarı üzə çıxarır". Doğrudur. Və biz təfərrüata varmadan İnqilab İsaqın "Bir uşaq ağlayır" şeirini misal gətirəcəyik. Bu şeir bir qaçqın ananın dilindən söylənilir. Bu şeirdə hüzn və kədər var, amma ritorikadan uzaq bir kədər. Kədərlənən təkcə ana deyil, qüssəyə qərq olan həm də şeirin özüdür, təşbihlər, metaforalar, xitablar da bu hüznün içindədir.

O uşaq ağlayır, ovutmayın siz,

İtən yurd yerində yuxusu qalıb.

Yüyürüb o cıdır, çəmən boyunca,

İçində bənövşə qoxusu qalıb.

 

O uşaq aldanmır, vallah, şirəyə

Böyüklər çox zaman aldanan kimi.

O uşaq ağlayır hey "Şuşam" deyə,

Odlanır dünyaya boylanan kimi.

 

Tapın o uşağın oyun yerini,

Bənövşə üzdüyü çəməni tapın.

Tapın üç almanı, nağıl yerini,

Tapın, ay böyüklər, Vətəni tapın!

Kiridin uşağı, kiridin görək!

4. 2018-ci ilin Azərbaycan şeirində sənətkarlıq məsələləri ilə bağlı nə demək olar? Əslində, çox şey. Vəzn məsələsindən tutmuş şeirimizin bədii təsvir vasitələrinə qədər, qoşmalı, gəraylılı, çoxbölgülü heca şeirindən sərbəst şeirinə qədər, Avropa şeirindən, türk poeziyasından gələn təsirləri də unutmayaq, klassik poeziya ənənələrinə bağlılığı da...

Qoşma şeir forması Azərbaycan poeziyasında bəlkə ən davamlı, ən sabit bir ənənənin mövcudluğunu təsdiq edir. Poeziyada hansı meyillər, təmayüllər yaransa da, onların hər biri müəyyən müddət ərzində "populyarlıq" qazansa da, xalq şeirinin milli ruhunu, özəlliyini qoruyan qoşma hər dəfə yeni nümunələrlə öz varlığını qoruyub saxlayır. Xüsusilə, keçən əsrin doxsanıncı illərində, habelə XXI əsrin əvvəllərində qoşmaya meyil nəinki azalmış, əksinə, deyərdik ki, maraq bəlkə də artmışdır. Həm də yeni qoşmalarda müasir poetik təfəkkür, "köhnə havada" təzə söz demək diqqəti cəlb edir. Əlizadə Nurinin bir qoşmasında olduğu kimi:

Haçandı durnalar uçur canımdan,

Haçandı canımda payızmış, Allah.

Məni bu dünyanın yadına salan,

Mənim unutduğum o qızmış, Allah...

 

Şirin xəyallırım acını çəkir,

Ölümdü - kəfənin ucunu çəkir...

...Baxdım ki, bir söyüd içini çəkir, -

O da mənim kimi yalqızmış, Allah.

 

Hər gün dodağıma baş çəkir adın,

Yanım, bir az isin, - üşüyən qadın...

...Çərpələng düzəltdim, o da uçmadı, -

Bu ömür islanmış kağızmış, Allah!

İndi isə 2018-ci ilin sərbəst şeirləri haqqında. "Azərbaycan" və "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə xeyli sərbəst şeirlər çap edilib. Heca vəznli şeirlərdə olduğu kimi, burada uğurlu nümunələr az deyil, şairlərimiz Rəsul Rzadan, Vaqif Səmədoğludan, Əli Kərimdən, Fikrət Qocadan, Ələkbər Salahzadədən, İsa İsmayılzadədən, Camal Yusifzadədən, Çingiz Əlioğludan gələn yaşarı ənənələri davam etdirirlər. Təbii ki, bu sırada böyük şairimiz Rəsul Rza ənənələri mühüm rol oynayır. Kimsə inkar etməz ki, Rəsul Rza Azərbaycan sərbəst şeirinin ən gözəl nümunələrini yaratmışdır. Biz Rəsul Rzadan sonra sərbəst şeiri yeni bir düzümə gətirən Ələkbər Salahzadəni də unutmamalıyıq. Deməli, Azərbaycan poeziyasında sərbəst şeir artıq bir ənənə yaratmışdır. İndi bu ənənəni Tahir Taisoğlu, Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Mahirə Abdulla, Fərid Hüseyn, Bilal Alarlı, Tərlan Əbilov, Dəyanət Osmanlı, Rasim Qaraca, Aqşin Yenisey, Aqşin Evrən, Xuraman Hüseynzadə, Könül Arif, Emin Piri, Ümid Nəccari, Səhər, Ramil Əhməd, Qismət kim sərbəstçilər var. Özü də əksəriyyəti cavanlardır.

Sənə parçalı-buludlu bir hava göndərirəm,

Yağış da yağa bilər;

şimşək də çaxa bilər,

günəş də çıxa bilər.

 

Sənə parçalı-buludlu bir sevda göndərirəm.

Həsrət də ola bilər,

nifrət də ola bilər,

xoşbəxt də edə bilər,

bədbəxt də edə bilər.

 

Mən hərdən çox səs-küylü,

hərdən lal-sükutluyam.

Nə qədər bədbinəmsə,

o qədər ümidliyəm.

Bir az payız kimiyəm;

parçalı-buludluyam.

"Ulduz" jurnalının 2018-ci il noyabr nömrəsindən misal gətirdiyimiz bu şeirin müəllifi Səhər Əhməddir. Bu şeirdə çox böyük bir fikir axtarmayın, adi bir insan münasibətinin təbiət hadisəsi ilə müqayisəsi diqqəti cəlb edir və hər halda, müqayisə tutarlıdı, Cavanların sərbəst şeirlərinin əksəriyyətində qafiyədən əsər-əlamət görmürsən, amma burada qafiyə də var. Şeirin ritmi də yerindədir. Və ona görə də bu, sərbəst şeirdir.

2018-ci ilin şeirləri ilə bağlı bu yazını da beləcə sona çatdırırıq və Azərbaycan şeirinin gələcəyinə daha böyük ümidlərlə boylanırıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!