Mirzə Fətəli və Rəşid bəy Axundzadələr: müharibə obraz kimi

Rüstəm KAMAL

XIX əsrin müharibələri (rus-İran, 1854-1856, 1877-78-ci illərdə rus-türk müharibələri) o dövrün Azərbaycan yazıçılarını nə qədər maraqlandırıb?

Yoxsa müharibə onların estetik düşüncəsinə dəxli olmayan, anlamadıqları hadisədir? Həyatları bilavasitə və ya dolayısı ilə müharibələrlə bağlı olan yazıçılarımızın (Q.Zakir, İ.Qutqaşınlı, A.Bakıxanov, Ö.Şirvani…) davranışı tədqiq olunası məsələlərdən biridir. Məsələn, "yaranal (general) Ömər paşanın taleyi bu mənada təqdirəlayiqdir. Rus ordusunun polkovniki olan Ömər paşa Şirvani (şeir də yazırmış) Qars döyüşü zamanı türklərə qarşı vuruşmaqdan imtina etmiş, türk ordusunun tərəfinə keçmişdir. S.Ə.Şirvani "Təzkirəsi"ndə yazır ki, "Dövləti-Rum bəy məzkuru həman-həman öz mənsəbi və nişanı ilə qəbul edib və məvacib qərar qılıb, özlərinə sərəsgər etmişdir. Əlan məmaliki - Rum da "Yaranal Ömər paşa" ismiylə məşhurdur".

Müharibə tarixi hadisə (fəlakət), yaxud psixoloji fenomen kimi Rəşid bəy Axundovun epistolyar irsində aparıcı motiv kimi keçir. Mirzə Fətəli Axundzadə və oğlu Rəşid bəyin müharibəyə münasibəti maraq doğurur.

Mirzə Fətəli müharibəyə tarixçi kimi yanaşır. İran tarixçisi Rzaquluxan Hidayətin "Rövzət-üs-səfa" adlı əsərinə yazdığı tənqidi məqalədə ("Risaleyi-irad") müharibə mövzusunun təsvirində müsəlman tarixçilərindən "hərbi təfərrüatın verilməsini istəyir ("Qardaş, mən ki, şeir divanı oxumuram. Mən tarix oxuyuram. Qoy görüm nə etdilər"). Hətta "Kəmalüddövlə məktubları"nda tarixçilərdən müharibəni konkret faktlarla və obyektiv olaraq göstərilməsini özünəməxsus ehtirasla tələb edir: "İnsafsız tarixçi heç olmazsa yazmır ki, bu müharibədə Nadirin nə qədər qoşunu var idi, piyadaları nə qədər, artilleriyaları nə qədər idi. Neçə topu, neçə zənburəsi var idi. Topları nə cür toplar idi. Müharibə meydanının şəraiti necə idi. Atlılar necə düzülmüş və piyadalar necə yerləşdirilmişdilər. Nadirin özü və onun məşhur sərkərdələri harada dayanmışdılar. Hər sərkərdəyə nə kimi tapşırıqlar verilmişdi. Müharibənin qızğın zamanında Nadirin özü nə vəziyyətdə idi və sərkərdələri nə edirdilər. Qələbə üçün hansı əməliyyat əsas amil olmuşdur. Sərkərdələrdən hansı tapşırıqları daha düzgün yerinə yetirmişdir. Vuruşma neçə saat davam etmişdi və s. və i.a. "

Göründüyü kimi, Mirzə Fətəli əsl batalist-yazıçı kimi düşünür. Onun üçün müharibə özü  mükəmməl bir dramaturji süjetdir. Və bu süjetin bütün iştirakçıları (sərkərdə, əsgər, silah, landşaft) arasında məntiqi əlaqə olmalıdır. O, müharibənin dramaturgiyasını qura bilirdi. Müharibə səhnəsini hər kəsin rolunu və funksiyasını dəqiqliklə qururdu - bunu 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunan "Qafqaz" qəzetində dərc olunmuş, "1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti haqqında" məqaləsindən də  görmək olar. I Şah Abbasın "incə fənd" ilə vəziyyətdən və vaxtdan istifadə etməsi, Hafiz paşanın məğlubiyyəti, Osmanlı əsgərlərinin qaçması onun tarixi emosiyasını coşduran hadisələrdir. "Mirzə Fətəli, ümumiyyətlə, türklərin döyüş tarixi, apardığı müharibələrlə maraqlanmağa başlayaraq, bununla bağlı bir sıra tarixi sənədlər və kitabları araşdırırdı. Görünür, başlanan müharibə onda belə bir marağın meydana çıxmasına səbəb olmuşdu" (N.Cabbarlı. "Axundzadə səxsiyyəti").

Qasım bəy Zakirə ünvanladığı şeirdə də həmin emosional yaddaşın və ritorik obrazları əksini tapır. Bu şeir Qafqaz canişinin dəftərxanasında çalışan bir insanın siyasi düşüncəsinin cizgilərini, müharibə ilə bağlı tarixi, məntiqi qənaətlərini ifadə edir.

Yapalaq osmanlı, bəri bax, kişi,
İstəyir yerisin şahbaz yerişi.
Sınar pərü balı, pozular işi,
Qulluğumuz rusə nümayan gərək.

Osmanlıya yoldaş olubdur firəng,
Bir də özün sanan dəryada nəhəng,
"Edə billik, - derlər, - urus ilə cəng",
Belə işə urus şadıman gərək!

...Kiçik Napolion da görəcək, bilun,
O günü ki, gördü böyük Napolion!
Onun əhvalına ağlayan gərək.

Mirzə Fətəlinin Krım müharibəsində istirakını M.Rəfili də monoqrafiyasında təsdiq edir: "Krım müharibəsinin bütün gedişi ərzində Axundov rus ordusunun Türkiyənin, İngiltərənin və Fransanın birləşmiş qüvvələrinə qarşı mübarizəsini ləyaqətlə izləyirdi". Yazıçının "Xidmət dəftərçəsi"ndən bəlli olur ki, bu müharibədə iştirakına görə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə, Krım müharibəsinin şərəfinə təsis edilmiş lentli "Georgiyevski" bürünc medalı ilə təltif edilib. Mirzə Fətəli bir məktubunda bu sahədə fəaliyyətinin qiymətləndiriləcəyinə ümid bəsləyərək yazır ki, "nəhayət 1855-ci ildə mərhum general adyutant Muravyovun rəhbərliyi altında türklərə qarşı fəaliyyəti nəzərə alınmalıdır".

Rəşid bəy Brüsseldən atasına yazdığı məktubda onun Krım müharibəsində iştirakına toxunur: "Yeri gəlmişkən, ola bilsin, Siz də Krım müharibəsi vaxtında olduğu kimi, döyüş bölgələrinə gedəsiniz. Mənim üçün marqlıdır, bu barədə hökumət hansı tədbirləri görüb? Sizi də göndərəcəklər, ya yox?" (20 aprel 1877, Brüssel).

Xanbaba xan Qacar (Rəşid bəyin yeznəsi) rus ordusunun polkovniki idi. Xanbaba xan 1877-1878-ci illərdə rus-türk müharibəsində döyüşlərdə göstərdiyi sücaətlərə görə 1907-ci ildə polkovnik rütbəsi almışdı. Ona görə də Rəşid bəy bir qohum olaraq onun taleyini düşünürdü. "Xanın barəsində və müharibə haqqında yazın, ruslar yaxşımı döyüşürlər? Burada bu yaxınlarda fars ordusunun pis vəziyyəti və İran hökumətinin ona ögey vəziyyəti haqqında şahzadə Rzaqulunun danışdığı bir lətifəni çap eləmişdilər. Məgər şahzadə indi Qafqazdadır?" (28 avqust 1877, Brüssel).

Rəşid bəy 13 avqust tarixli məktubunda müharibə və Xanbaba xanla bağlı narahatlığını yenə dilə gətirir: "Müharibə haqqında yeni nə var? Ümid edirəm ki, Xanın başına bir hadisə gəlməyib və gəlməyəcək" (13 avqust 1877, Brüssel)

Krım müharibəsi başlayanda Rəşid bəy dünyaya gəlməmişdi. Rusiya müharibəni uduzanda isə təxminən iki yaşı olub. Amma müharibəyə emosional münasibət sanki genetik olaraq atadan oğula keçibdir. Burada siyasi ehtiyatlılıq motivi də ola bilərdimi? Hər halda məktublar Rəşid bəy Axundovun təhtəlşüurunda müharibə arxetipini, eləcə də emosional durumunu təhlil etmək baxımından ibrətli mənbələrdir. Rəşid bəy Axundovun məktubları metafizik mahiyyətinə və gücünə görə Azərbaycan ədəbiyyatında yeni bir janrın - "Ataya məktub"un varlığını şərtləndirib.

Əlbəttə, deyə bilərlər ki, oğul atasına məktub yazar - burada qeyri-adi nə var? Ancaq hər məktub mədəni - ədəbi yaddaş üçün bu qədər maraqlı və gərəkli olmur və mif yaratmır. Rəşid bəy Axundovun atasına məktubları isə mif yaratmaq gücündədir. F.Kafkanın "Atama məktubu" kimi.

Bu məktubların intim xarakteri, yüksək səmimiyyəti onları etiraf və gündəlik kimi oxumağa imkan verir... Oğulun Brüsseldən atasına ünvalandığı məktublarda 1877-78-ci illər rus-türk müharibəsinə toxunur,  mövzu ilə bağlı düşüncələrini və emosiyalarını atası ilə bölüşür. Müharibə mövzusu onun qürbətdəki psixoloji durumundan, düşdüyü maddi-mənəvi böhran zolağından xəbər verir. Cəbhədən gələn zəfər xəbərləri onu psixoloji gərginlikdən çıxarda bilir: "Mən sağ-salamatam. Burada xüsusi maraq doğuran heç nə yoxdur, yalnız ona görə yazıram ki, məndən niğaran qalmayasınız. Mən indi yalnız bir şey haqqında fikirləşirəm: kursları bacardıqca tezliklə qurtarar, çünki bizim qoşunlar zəfərlə döyüşürlər. Türklər hər yerdə darmadağın edilib" (1 noyabr 1877, Brüssel).

Rəşid bəy 7 noyabr 1877-ci il tarixli məktubunda atasına bütün ümidlərini doğruldacağına əminliklə bildirir. Yalnız ortada müharibə "əmması" var: "Bədbəxtçilikdən bu müharibə bizim hamımızı kədərə bürüyüb. Biz hamımız ağır hisslər keçiririk. Onun tezliklə qurtarmasını təmiz qəlbdən təkcə biz arzulamırıq…"

Mirzə Fətəli oğlunun müharibə ilə bağlı suallarına və düşüncələrinə necə cavab verib - təəssüf ki, əlimizdə tutarlı mənbə yoxdur. Mirzə Fətəlinin oğluna məktublarından yalnız ikisi bizə gəlib çatıb. Ata və oğulun "müharibə dialoqunu" yalnız Rəşid bəyin məktubları əsasında bərpa etmək (və təsəvvür etmək!) mümkündür.

Rəşid bəy atasının göndərdiyi pulun haraya, nəyə xərclənməsi, maddi durumu barəsində məlumatlar verərkən belə müharibədən söz salır. Amma bir şeyə təəccüblənir ki, "burada müharibə haqqında heç nə bilmirlər, üstünlüyün Rusiya, yoxsa Türkiyə tərəfində olduğu hələ aydın deyil" (23 may 1877, Brüssel).

Əlbəttə, Avropanın mərkəzində, cəbhə xəttindən uzaqlarda 23 yaşlı bir gəncin müharibə haqqında düşünməsi, cəbhə xəbərlərini izləməsi təəccüb doğurur. Məsələn: "…nə qədər ki, müharibə gedir, ayda 60, 40 və ya 80 frank çox və ya az olmasının mənim üçün böyük əhəmiyyəti var". Qürbətdə anlaşılmaz psixoloji durumunun və maddi sıxıntılarını müharibə ilə əlaqələndirməsi psixoanalitik araşdırma mövzusu da ola bilər.

Rusiya imperiyasının təbəəsi kimi və rus dilinin fəal daşıyıcısı olaraq Rəşid bəyin rus ordusunun qələbələrini sevinclə qarşılaması hardasa başa düşüləndir. Bu müharibənin başqa xalqlara (xüsusən Qafqaz xalqlarına) hansı psixoloji, mənəvi fəsadlar gətirəcəyini də düşünürdü. )  Rəşid bəy Axundov üçün iki ordunun, iki dövlətin toqquşması heç birinə xeyir gətirmir, yəni mənasızdır, hər məğlubiyyətin öz mənəvi, psixoloji fəsadları var. Bir siyasi ekspert, etnopsixoloq kimi müharibənin nəticələrini proqnozlaşdırırdı: "Açığını deyim ki, bu iki dövlət arasında baş verən müharibə, necə nəticələndiyindən asılı olmayaraq təəssüf doğurur, yaxşı, olsun, ancaq digər tərəfdən, Türkiyə üçün böyük həqarət olacaq, bu isə bütün qafqazlılar üçün pisdir. Siyasət haqqında danışmaq istəmirəm, amma bir az fikirləşəndə - siz özünüz də bilirsiniz ki, qafqazlılar üçün bunun axırı yaxşı qurtarmayacaq. Ancaq indiki zəmanəni nəzərə alsaq, hər halda Rusiyanın qalib gəlməsi daha yaxşı olar. Buradakı jurnalların yazdığına görə, bu tayda rusların işi çox da yaxşı getmir. Yazılanlara görə, Qars ətrafında onlar daha çox uğur qazanıblar. Amma indi heç bir qeyri-adi şey yoxdur…" (23 may 1877, Brüssel).

Müharibə ölüm-itim və ağrı deməkdir - bunu Rəşid bəy yaxşı anlayırdı. Bir məktubunda ümidsizlik və pasifist ton bəlkə də burdandır: "Mən təəssüf edirəm ki, Rusiya müharibə aparır. Allah bilir, insanlar nə vaxt vuruşmağı tərgidəcəklər. Bəlkə heç O da bilmir…" (20 aprel 1877, Brüssel).

Müharibə arxetipi Mirzə Fətəlinin və Rəşid bəyin xarakterini açmaq və anlamaq baxımından əhəmiyyət kəsb edir.