Davud Nəsibi heç vaxt unutmaram... - Mina Rəşid

 

Şair Davud Nəsibi heç vaxt unutmaram. Çünki onu tanıyanda hələ çox gənc idim və yaxından gördüyüm ən dəyərli şairlərdən biri idi. Odur ki, onu könül oxşayan şeirləri ilə bu gün bir daha xatırladım. Davud Nəsibi düşünərkən o vaxt, 1993-94-cü illərdə o çətin, kədərli anlarım da yadıma düşdü. Onun bizə göstərdiyi qayğını, sanki indi daha yaxşı anlamağa başladım. Qəlbi təmiz, xeyirxah bir insan idi. O qədər istiqanlıydı ki, adamın elə bil, ürəyini oxuyurdu. Vətən, yurd aşiqiydi və onun övladlarını doğma balası kimi çox sevirdi... Onun nəsihətini də dinləmişəm, xeyir-duasını da eşitmişəm. Gənclərə əlindən gələn köməyi göstərməyə hazır idi və bunu edirdi. Hətta dostu şair Tahir Taisoğluna tapşırmışdı ki, məni işə götürsün... İllər keçdi, onun haqqında yazılar da yazdım... Müsahibələri də maraqlı olurdu. Çünki boğazdan yuxarı heç nə danışmırdı. Oğlu əsgər getmişdi onda və yadımdadır ki, buna çox sevinirdi. Onun Vətənə sevgisi də səmimi idi.

Ürəyində Vətən varsa

Güc olacaq qollarında.

Hara getsən, hara varsan

Şam yanacaq yollarında.

 

Nə hikmətdir, bu nə sirdir? -

Bir nemətdir Vətən eşqi.

Qanımız da Vətən deyir,

Canımız da Vətən deyir.

Bir vaxtlar çalışdığı "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olmuş şair Nəriman Həsənzadə, iş yoldaşı hörmətli Nizami Cəfərovun da müsahibələrində, xatirələrində onun səmimiyyətindən, istedadlı insanlara necə ürəklə yanaşmasından danışdıqlarının şahidi oldum... N.Cəfərov söyləyir ki, illərlə redaksiyaların qapısını döyən şairin istedadla qələmə aldığı bir şeirini işıq üzünə çıxaranda düz bir ay kef eləyirdi, kimisə sevindirəndə özü də çox sevinərdi, qəlbi bununla rahat olardı... Mənim tanıdığım Davud Nəsib də belə idi... O həm də, başqaları üçün yaşayırdı. Buna görə də vəfalı bir insandı. N.Həsənzadənin dediyi kimi, haqqı sonadak müdafiə edirdi.

...Bir şeir istəyirəm,

Ümman ürəkdə üzsün.

Mürəkkəbsiz, vərəqsiz

Bütün aləmi gəzsin.

Bağlanan qapılara,

Bağlanılan qollara,

Hasarlanan yollara,

Düyünlü alınlara

Bir şeir istəyirəm,

Bir şair istəyirəm...

D.Nəsib hələ lap uşaq ikən Böyük Vətən müharibəsində atasını itirib. Və bi itki ömrünün sonuna kimi onun qəlbini sızladıb, ürək dağına çevrilib. Adətən, analar "layla" deyər övladına və bu, şair qələmində həzin nəğmə kimi səslənər. O isə ata laylasını arzulayıb, ata sevgisinin həsrətini çəkib həmişə...

Bu dərddən Davud xəstə,

Eşitsin, bilsin hamı.

Mən ölsəm, qəbrim üstə 

Salın yada laylamı:

Çalın mənim mahnımı

Çalın, ata laylamı.

O, bu nisgil, bu məhəbbətlə qələmə aldığı şeirləri ilə poeziyamıza ata mövzusunu gətirib.  

Onun şeirlərinin nəğməli dili onlara bir çox mahnı bəstələnməsinə gətirib çıxarıb. "Ay sevənlər, tez gəlin!" adlı şeirə bəstələnmiş mahnını dinləməkdən doymursan. Mahnı xalq artisti İslam Rzayevin şirin avazında elə gözəl səslənir ki, insanın ruhunu oxşayır...

...Ay sevənlər, tez gəlin,

Qoymayın güllər solsun.

Ən gözəl hədiyyədir -

Arada güllər olsun...

Onun sevgi şeirləri də elə gözəldi ki, bu incə misralarda hər kəs özünü tapa bilər...

Saçların çiçək kimi...

Yel vurub qönçələnib.

Saçlarına, elə bil,

Çiçək ətri ələnib.

 

Demirəm sənə gözəl,

Hər adətin yaraşır.

Sənə hər şeydən əvvəl

Məhəbbətin yaraşır.

"Gəl, əzizim", "Gözüm səni axtarır", "Məhəbbətin olaram", "Anaların etibarı" və başqa mahnılar da D.Nəsibin sözlərinə bəstələnib.     

Yazını hazırlayanda bir də ona sevindim ki, D.Nəsib demə, uşaqlar üçün də şeirlər yazıb. "Sevincin kuklası","Dər, gətir", "Xəyalın dərmanı" və s. belə nümunələrdəndir.  

...Belə insanlar xoşbəxt insanlardı. Onlar həyata rəng qatırlar həmişə... Onun gözü yox idi bu fani dünyada. Onun üçün ürək, sevgi, insanlıq və gözəllik vardı...

Doğum günün mübarək, ruhu şad olsun unudulmaz şairimizin...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!