Ay, torpağın itirənlər - Əbülfət MƏDƏTOĞLU

Belə bir söz var. Bilmirəm kim deyib, amma dəqiq bilirəm ki, var. Deyirlər, filan söz məni yaman tutdu,.. yaxud deyirlər, filan söz ox kimi içimi dəlib keçdi,.. yaxud da söyləyirlər ki, filan söz məni havalandırdı, yerimdən, yurdumdan eylədi...

Hə, mənim, deyəsən, "naxışım" gətirib. Ona görə "naxışım gətirib" deyirəm ki, qarşıma məni havalandıran, məni yerimdən, yurdumdan eyləyən, mənim içimi tərpədən sözlər ara-sıra çıxır. Və mən də həmin o sözlərin havasında elə bir hala düşürəm ki, Allah heç kimə göstərməsin. Bunu yaxşı mənada deyirəm, yer də, göy də başıma fırlanır. Özüm də yerin, göyün başına fırlanıram. Elə fırlana-fırlana da durduğum nöqtədən, oturduğum yerdən haralarasa o fırfıra məni aparıb atır, o söz məni gah işığa bələyir, gah da qaranlığa... gah sevincə bükür, gah da kədərə... gah alqışa bələyir, gah da qarğışa... gah dilimi mələyə çağırışa kökləyir, gah da fələyə qarğışa. Yəni yaşamaq da istəyirəm, ölmək də... yaşatmaq da istəyirəm, öldürmək də. Bax, başıma belə bir müsibət gətirib məni yerimdən, yurdumdan edən söz.

Tam səmimi deyim ki, hərdən o məni havalandıran sözün sahibinə irad da tutmaq istəyirəm. Amma gücüm çatmır. Nə deyəcəyimi, necə deyəcəyimi tarazlaya bilmirəm. Ha çalışsam da, dilim o söz sahibinə minnətdarlıqdan başqa heç nəyi söyləmir. Qalıram dilimin məngənəsində... qalıram sözün yükünün altında... qalıram havalandığım yerdə. Bax, indi siz bu yazını oxuduğunuz vaxt mən elə o havalı durumdayam. Çünki 23 fevral gününün nostalji xatirəsiylə stolumun üstündəki bir kitabı götürüb bəxtini sınayan adamlar kimi gözüyumulu açdım. Və niyyət tutdum ki, açılan səhifədəki hər nədisə, onu oxuyacam və onunla razılaşacam... onu günümün köynəyi edəcəm. Elə bu niyyətlə də açdım kitabı. Və...

Həyatda təsadüflərin zərurətdən doğulduğuna bəlkə də hamıdan çox inanmışam, hamıdan çox biət etmişəm. Amma inanın ki, bu dəfə açılan səhifədən oxuduğum şeir mənə həm də yaşadıqlarımı, taleyimi, güzəranımı, hətta içimdən keçən dua və özümə qarğışları başdan-başa üzümə söyləyirdi, gözlərimin içinə deyirdi. Və həmin an mənə elə gəldi ki, dünyada həqiqətən ruha qoşulmalar var. hardasa eyni cür düşünmək, eyni cür yanaşmaq, eyni cür şərh etmək, eyni cür də yaşamaq var. Mən buna başqa bir ad tapıb qoya bilmərəm. Bu şeirdəki bütün məqamlar, misralanmış bütün anlar və mənalar mənim evim yanan gündən, kəndim işğal olan gündən ürəyimə yazdıqlarımdı... ürəyimdə pıçıldadıqlarımdı... yuxularımda gördüklərimdi. Mən onda yazmışdım ki:

Yandı evim, eşiyim,

Yandı divarım, daşım...

İsit, qoyma üşüyüm -

İsit məni, göz yaşım!..

Və onda az qala Tanrıya asi olaraq içimdə fəryad qoparmışdım ki, təqvimləri cırıb atmaq lazımdı. Çünki təqvimlərdə işğal günləri, şəhid günləri, faciə, qətliam günləri sıralanıb gedir. Bax elə indi açıb oxuduğum şeirdə də müəllif həmin o mənim kimi düşünənlərin, mənim günümü yaşayanların ürəyi ilə öz ürəyini eyniləşdirir, birgə döyünən ürəklərin sızıltısını, göynərtisini misralayıb və yazıb:

Hər ayda bir qanlı təqvim,

Hönkürdüm hər an üstünə.

Ölüb, dərdimi göndərəm,

Mənə yananın üstünə.

Hə, bunu mən də arzulamışam, bunu mən də gecələr çadır evimin, sığındığım uşaq bağçasının, yaşadığım özülsüz otağımın bir küncünə çəkilib qaranlığa, özü də büzüşüb oturmuş uşaqlarımın gözlərinə baxmadan içimdə söyləmişəm. Və elə demişəm ki, özüm də inanmışam bu dediyimə. Yəni inanmışam ki, ölüb dərdimi mənə dərd verənin üstünə göndərə biləcəm. O düşməni ölümümlə öldürəcəm və:

Yoxda vardı, varda yoxdu,

Həsrət dərd-qəmlə ovundu.

Ömür bir rəngli yuxudu,

Doğru yalanın üstünə.

Bəli, bu da bir gerçəkdi. Çünki yoxda var olanın varda yox olması, həsrətin dərd-qəmlə ovunması təkcə şair sözünün, fikir adamının ifadəsi, pıçıltısı deyil, bu həm də həmin o varlıqla yoxluğun, o dərd-qəmlə ovunmağın necə birrəngli yuxu olduğunu söyləməkdi, andırmaqdı, xatırlatmaqdı. Özü də gerçək kimi bir yalanın çətiri altında. Və:

Ay oğuzlar, ay ərənlər,

Səbri dözümlə yeyənlər.

Ay torpağın itirənlər,

Gedək Tapanın üstünə.

Necə gözəl bir çağırış... necə yanıqlı bir müraciət... necə səmimi bir etiraf. Özü də canıyananlıqla, hər şeyi göz altına almaqla söylənən etiraf. Axı, dözə-dözə hardan hara gəlib çıxdıq. Bunu heç düşündükmü, bunun heç fərqinə vardıqmı? - Məncə, yox! Ona görə artıq hamımız birlikdə bir şamın işığında, bir su səsinin yaratdığı ovqatda öz-özümüzə, özü də hamının eşidə biləcəyi bir səslə deməliyik ki:

- Ay, torpağını itirənlər, gəlin gedək onu axtaraq. O itkini tapanı, əslində isə o torpağı bizdən alanı cəzalandıraq, o torpağa sahib olaq! Və:

Qara sevda, qara dərddi

Torpaq sevgim, yurd həsrətim.

Ölənin bəxti gətirdi,

Ağlayaq qalanın üstünə.

Bu da bir gerçək, bu da bir olmuşun və olanın poetik ifadəsi, poetik təqdimatı. Məncə, burda həm də yanğının, üsyanın, dərdə dözümsüzlüyün şairanə yox, sadəcə, insanın içini tərpədən bir poetik təqdimatından gedir söhbət. Çünki sevdaların qarası elə torpaq sevgisidi, yurd həsrətidi. Amma bu qara sevdanın ən böyük nəşəsi, ən böyük qazancı, ən böyük mükafatı ölməkdi. Kim bu qara sevdadan ölübsə, onun bəxti gətirib - Şəhidlik zirvəsinə yüksəlib. Həm cismiylə torpağı artırıb, həm ölümüylə torpağı çiyninə qaldırıb. Bizə sadəcə bir iş qalıb. O da şəhid olmayanı diriykən ağlamaq. Burda söhbət göz yaşı tökməkdən getmir, burda söhbət diriləri qazi olmağa hazırlamaqdan, çağırmaqdan gedir. Və:

Əldən yurdu gedən adam,

Səbr edib ölməyən adam.

Bu taleyə asi ollam,

Gedib Yaradan üstünə.

Hə, bir anlıq bu misraların siz də içərisinə daxil olun, alt qatını görün... bu misraların fikir tutumunu siz də çözün. Onda görəcəksiniz ki, bu boyda yurd itirib adam kimi qalmaq, səbr edib təkcə ölməmək yox, həm də arsız-arsız çalıb-oynamaq nə deməkdi?! Axı biz özümüz-özümüzə təsəlli verməklə bu yurd itkisinə asi olmağı arxa plana keçiririk. Əslində isə biz, yəni torpağını itirənlər, ömrü birrəngli yuxu olanlar ölüb bəxtəvər olanların ətrafına yığışmalıyıq, onların yolunu tutmalıyıq, onların izini göyərtməliyik. Çünki bu yol, bu iz Şuşaya gedir... işğal olunmuş torpaqlarımıza gedir... bizim üçün həsrət çəkən, ayaq izlərimizi qoruyub saxlayan, uşaqlığımızı yaddaşında yaşadan ünvanlara gedir. Biz onun ayağına getməliyik, onu çiynimizə qaldırmağa getməliyik və Yaradandan bu gediş üçün ancaq dəstək ummalıyıq. Çünki O bizi yaradanda, xəlq edəndə boynumuza oğul yükü qoyub, oğul missiyası yükləyib. Alnımıza da elə beləcə də yazıb:

Ay torpağın itirənlər,

Ölənin bəxti gətirdi!!!

Məncə, biz bəxtimizin gətirəcəyini gözləməli deyilik. Biz taleyimizə asi olmalıyıq. Və biz, yəni şəxsən mən bu misraların müəllifi dəyərli Sona xanım Vəliyevaya məmləkətin qaçqın bir bəndəsinin vətəndaşının, sadəcə, Əbülfətin taleyini, içini yazdığına görə təşəkkürümü bildirirəm. Xüsusilə, təqvimin ən qara günlərinin birinin ərəfəsində mən bu misraların bütün qatlarını gördüm, bütün laylarına enə bildim.

23 fevral 2019, Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!