"Gec də olsa, güc olan" ədəbi abidə - Safurə Quliyeva

 

İllər öncə ötən yüzilliyin ədəbiyyat tarixlərində oxuduğum andan şüurumu diksindirən, misra-misra yaddaşıma yayılan və yenidən nüvə misilli adında cəmlənmiş mənalar fəzası ilə heyrətləndirən bir şeir var idi: "Həpsi rəngidir". Müəllifini "Səməd Mənsur" yazmışdılar. 1993-cü ildə həmin adla çap olunmuş kitabı vasitəsilə onu yaxından tanıya bildim. Həqiqətdə bu adın bədii-fəlsəfi məna tutumu onun bir şair kimi fərdi üslubunun mənəvi-estetik rənglər qammasını bir göz kimi əks etdirirdi. Təsəvvür edin: kəskin sarkazmlı satirik şeirlər, zərif, kövrək duyğulu lirika, vətən, millət yanğılarını təcəssüm edən şeirlər, ictimai, siyası mühitin problemləri ilə yüklü publisistika, yumşaq yumorlu kiçik pyeslər...

Nəhayət, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Yadigar Əsgərovanın "Səməd Mənsur. Həyatı və yaradıcılığı"(2019) monoqrafiyası ilə XX əsr poetik irsimizdə "Həpsi rəngidir"incisinin çox maraqlı müəllifi - Səməd Mənsurla hərtərəfli tanış olmaq nəsibimiz oldu. Kitabın nəşrinin şairin anadan olmasının 140 illiyinə, "Həpsi rəngidir" şeirinin isə ədəbiyyata vəsiqə almasının 100 illiyinə təsadüf etdiyini xüsusi vurğulamaq istərdim. Gec də olsa, şükürlər...

Y.Əsgərova şairin doğum tarixindən başlayaraq 48 yaşında dünyasını dəyişənədək və bizim günlərə kimi haqqında olan bütün məlumatları elmi məsuliyyətlə diqqətlə öyrənib araşdırmış, bir sıra fərqli tarixlərə (məsələn, doğum ili 1879, 1880, 1885, 1887), məşğulluq və iş yerlərinə, ədəbi-ictimai fəaliyyətinə, gizli imzalarına, səhvən onunku sayılan, yaxud başqasının zənn edilən əsərlərinin müəlliflik haqqına və s. aydınlıq gətirmişdir.

"Səməd Mənsurun həyatı və mühiti" fəslindən məlum olur ki, 1895-ci ildə 16 yaşında Həbib bəy Mahmudovun 4 dərəcəli məktəbini bitirən Səməd Azərbaycan, rus və fars dillərini mükəmməl bilməklə yanaşı, dəqiq fənləri də yaxşı mənimsədiyi üçün neft sayəsində varlanan savadsız sahibkarların kontorunda yazı-pozu, mühasibat işlərini aparır, çox erkən yaşlarından pul qazanırmış. Doğrucul, zəhmətsevən, təbiətən sadiq, sözübütöv adam olduğu üçün ona etimad göstərilirdi. Bundan başqa, gənc yaşlarından musiqiyə həvəsi olduğu üçün xalq mahnılarını məharətlə ifa etməsi, qarmon və tarda çalmağı bacarması, bədii ədəbiyyatla ciddi maraqlanması kimi məlumatlar verilir.

Y.Əsgərova şairin xarakterinin formalaşmasında təsiri ola biləcək bir məqamı da nəzərə çatdırır ki, bu da gənc Səmədin öz yaxın qohumları - atası, qardaşı, yeznəsi tərəfindən dəfələrlə insafsızcasına aldadıldığı üçün qəlbinin insanlardan incik düşməsidir. Müəllif Səmədin şəxsi və ictimai həyatının konkret məqamlarını önə çəkməklə onun mənəviyyat qatlarına, yaradıcı şüuruna təsir edən amilləri nəzərə çatdırır. Fitri istedadının və dünyagörüşünün inkişafı üçün ictimai mühitinin çox münbit bir ab-havası olduğunu da xüsusi vurğulayır: xalqın bütövlükdə mənəviyyat məktəbi olan "Molla Nəsrəddin" jurnalının - C.Məmmədquluzadə və M.Ə.Sabirin yazılarının hər bir kəsə öz dərketmə qabilliyinə görə çatdığı kimi, Səməd Mənsurun da əqidə-məqsəd axtarışına güclü təsiri olduğu göstərilir.

Gənc Səməd Mənsurun həyatı və mühitini işıqlandırarkən tədqiqatçının qədirbilənliklə şair barədə ən kiçik qəzet yazısından tutmuş, mövcud olan elmi, publisist, tənqidi məqalələrə və xatirələrə, prof. N.Ələkbərlinin, akad. N.Cəfərovun yığcam monoqrafiyalarına, Əlyazmalar İnstitutunda qorunan saxlanclara istinadla gəldiyi qənaətləri tutarlı və inandırıcıdır. Səməd Mənsur gənc ikən artıq dövrün əksər ziyalıları kimi xalqın maariflənməsi və mədəni inkişafı üçün fədakarcasına fəaliyyətdə olmuşdur. Bu məqsədlə "Səfa" maarif cəmiyyətinin yaradılmasında, satirik "Şeypur" jurnalının təsis edilməsində, milli teatrın inkişafında və bir çox xeyriyyə işlərində xidmətlərini müasirləri rəğbətlə xatırlamışlar.

Müəllif Səməd Mənsurun bədii yaradıcılığını üç bölüm üzrə: lirikası, satirası və dram əsərləri istiqamətində araşdırır. O, haqlı olaraq, şairin lirik şeirlərinin klassik ənənələrdən qaynaqlandığını önə çəkir. Bununla yanaşı, xalqın və vətənin qayğıları ilə döyünən bu poeziyanın ideya - məzmunundakı ictimai motivlər onların müasirliyinin göstəricisi idi. Monoqrafiyada oxuyuruq: "...zamanın gerçəkliyinə səmimi münasibəti, heç bir siyasi təzyiqdən qorxmayaraq birbaşa müraciətləri şairin yaradıcılığının aktuallığını indi də azaltmır. Lirik-satirik əsərlərində millətin ictimai bəlaları konkret faktiki materiallarla təsdiqlənir, daha geniş diapazona keçərək humanizm, vətənpərvərlik hisslərini əhatə edir". Şairin "Qan", "Sərvət", "Beynəlmiləl", "Millət rəislərinə" və s. şeirlərinin yaranış mühitlərini araşdırarkən onların ictimai gerçəklikdən nəşət etdiyi diqqətə çəkilir. Xüsusilə Cümhuriyyət dövründə yazdığı "Millət rəislərinə" şeirində şair şəxsi mənafeyi üçün xalqına arxa çevirən dövlət başçılarını sərt ifadələrlə kəskin tənqid edərək yazırdı:

Namusumuzu rütbə üçün satma, həya et,

İnsaf et, ey insafına, vicdanına lənət!

Yenidən Səməd Mənsurun "Həpsi rəngidir" şeirinə qayıdaq. Qəribə addır... Həmişə heyrətləndirir... Lirik ovqatı, lirik "mən"in xarakterini, bədii üslubun nüvəsini özündə ehtiva edən ikinci belə şeir adı xatırlaya bilmirəm. Tədqiqatçı demişkən: "Ümumiləşdirmə və konkretlik, sözün müstəqim mənasında deyilişi, eyni zamanda obrazlı təfəkkür, satirik qrotesk, kəskin sarkazm, istehza Mənsur poetikasının əsas xüsusiyyətlərindəndir". Monoqrafiyada şeirin təhlilinə S.Mənsurun "ən çox sevdiyi, ...arzu etdiyi ideal millət nümayəndəsi" N.Nərimanovla yaradıcılıq əlaqələri ilə başlanır. "Yoldaş Nərimanovun vüruduna təbrik" şeirində onu "nur", "günəş", "sürur" obrazları ilə səciyyələndirdiyini vurğulayaraq yazır: "Çox yaşa, yoldaş, ol əzmdə mənsur" deyərək, şair təxəllüsünün əsl mənası olan "qalib" sözünü Nərimanova aid edir". Böyük mütəfəkkirin 1925-ci ildə oğluna ünvanladığı acı təəssüflərlə dolu məktubundan bir hissəni sitat gətirərək S.Mənsur şeirinin mayasında zamanın bütün vətənpərvər və məslək adamlarının ağrı-acılarının təcəssüm olunduğunu nəzərə çatdırır.

Tapmadım aləmdə

                      bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə

                        bir niyyət qərəzdən maəda,

Küllən əbnayi bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görürsə hər bəla,

                                         hər macəra,

Məsləkə isnad edir,

                         məslək, dəyanət rəngidir.

Müəllif haqlı olaraq yazır ki, bu şeirin S.Mənsurun ədəbi taleyinə həlledici təsiri oldu. O bu əsərlə tanındı, sevildi, həm də amansızcasına tənqid edildi". Həqiqətən, "Həpsi rəngidir" şeiri sovet dövründən əvvəl yazılmasına baxmayaraq, uzun müddət "mürtəce romantizmin nümunəsi sayılmış, müəllifi "pantürkist "görüşlərinə görə həmişə tənqid hədəfində olmuşdu. Monoqrafiyada bu şeir barədə müxtəlif qələm sahiblərinin: Təyyar Salamoğlu, Arif Abdullazadə, Nizami Cəfərov, Vaqif Yusifli, B.Əhmədov, T.Abbaslının və b. maraqlı mülahizələri, rəyləri verilməklə yanaşı, onun poetik əks-sədasından da ətraflı bəhs olunur: M.Hadinin "Hərarətli şeir və yaxud qızdırmalı halında saçmalarım", C.Cabbarlının "Oqtay Eloğlu" pyesində Oqtayın "Hər şey yapma" monoloqu, Haşım bəy Sadiqin "Həpsi rəngidir" müxəmməsi, M.S.Yusifzadənin mənzum məktubu və s. "Rəngdir" sözünün semantik açılışı, bədii tutumu, bu şeirdəki kəskin sarkazm, məna çaları onun məhz Səməd Mənsur üslubunun məhsulu olduğunu şayan etməklə ümumpoeziyada başqa rəng şeirlərindən fərqlənməsinə dair nümunələr gətirilir.

Sovet dövründə - 1926-cı ildə "Həpsi rəngidir" şeirinə etiraz edən bir gənc şairə cavab olaraq "Gülməlidir" şeirində yazırdı:

Mən dedim "rəng",

                    yenə rəngi-mükərrər deyirəm,

Rəngidir ərzü-səma, bərxəzü-millət deyirəm,

Duraraq cümleyi-afaqa bərabər deyirəm,

Görə bildinmi bu aləmdə sədaqətdən əsər?

Kimdə gördün? Nə zaman?

                            Ver bizə də bari xəbər,

Məni sən gülməliyiz, pirü cavan gülməlidir.

Y.Əsgərova doğru olaraq yazır ki, hətta ədibin həyatından xəbərsiz olanlar onu 1937-ci ildə repressiya qurbanlarından zənn edirlər (şair 1937-ci ildə 48 yaşında ikən vəfat etmişdir).

Azad təbiətli, həqiqətpərəst, əqidəsində səbatlı Səməd Mənsurun "İski"lər "li"ləndilər" şeirində isə ictimai-siyası hadisələrin təsiri ilə min rəngə boyanan, hətta adlarını dəyişən simasız ziyalıların timsalında gah farslaşan, gah ruslaşan, gah da "azərbaycanlaşmaq" zamanı gəldiyində qərarlaşan həmvətənlərini tənqid edirdi.

Ədəbiyyatda əsasən ictimai məzmunlu şeirləri ilə tanınan şairin zərif lirik-romantik ovqatlı "Naz et, mənə naz et " , "Çarşablı qadınlar " , "Sən mənim olsan" və s. kimi şeirlərinin poetik özünəməxsusluğundan danışarkən sufi görüşlərinin təsirini inkar etməsək də, fikrimizcə, "bir azca yumor, baməzəlik qatılmış" bu şeirlərdəki dünyəvi ruh daha çevikdir. Məhz canlı, həyati duyğular, hisslər bu şeirlərə diqqət cəlb etmiş, onlar "sevilən və çox yayılan əsərlərdən" olmuşlar.

"S.Mənsurun satiralarında sosial mühitin tənqidi" bölümündə müəllif dövrün aparıcı cərəyanlarından olan mollanəsrəddinçilərin tarixi xidmətini yüksək dəyərləndirərək yazır: "Cəmiyyətin satirik portretini yaradan ədiblərimiz onları ağrıdan, göynədən ictimai qüsurları öz yaradıcılıqlarında həmişə ön plana çəkmiş, cəhaləti, nadanlığı, fanatizmi, acgözlüyü, tamahkarlığı tənqid etmişlər. Millətə müraciətlə yazdıqları bu əsərlərdə insanpərvər, vətəndaş şairlərin ürək yanğısı, dərin məhəbbəti onların yüksək amallarını təsirli çatdırırdı". Səməd Mənsurun yaradıcılığında lirik və satirik üslubun üzvi vəhdətində ictimai eybəcərlikləri, cəmiyyətdəki yaramazlıqları əks etdirən acı gülüşü, kinayə və rişxəndində xalqının halına yanan, ona kömək etmək istəyən təəssübkeş insanın dərin hüznü, kədəri hiss edilir. Şairin "Əlbəttə ki", "Satıram", "İntelligentik, gözəl oğlanlarıq", "İnşaallah", "Ərdəbildəndir", "Satıram", "Sizdə də var, bizdə də var" və s. satirik şeirlərini təhlil edərkən onların müasirliyi ilə yanaşı, hər dövr üçün aktuallığı da vurğulanır. Həqiqətən, gətirilən nümunələr bunu təsdiq etməkdədir:

Dedim, azad olaraq şad olalım,

Qoymadı xəlqi ki, azad olalım.

Ah, noldu o gözəl amalım...

Atıb insanlığını xurdi-kübar,

Nanu ənam arayır mur kimi,

Toplanır şirniyə zənbur kimi.

Yaxud:

Hərə öz nəfinə tapmış yeni yol,

Sosialdır federal sağ ilə sol,

Mən də tapdım bu yolu, pul ola bol,

Pulverən, hər necə ollam, desən ol,

Gəl, gəl, ay müştəri, məslək satıram.

Monoqrafiyada S.Mənsurun satirik şeirlərini çap etdirdiyi gizli imzaların dəqiqləşdirilməsinə də geniş yer verilir. Ən çox "Pompuşalı" imzasına müraciət edən şairin bəzən Molla Pompuşalı, Bülbüləli Pompuşalı, Kənarçı Pompuşalı, Dostun Pompuşalı, Doxtur Pompuşalı imzalarına da müraciət etdiyi qeyd olunur. Əlaqədar tədqiqatlarda başqa müəlliflərə də şamil edilən "Şeypur", "Kəndli", "Mütəşair" imzalarına aydınlıq gətirilir və bu sarıdan bəzi şeirlərin S.Mənsurun olmadığı inandırıcı dəlillərlə sübuta yetirilir.

Güclü sensor nəzarəti mühitində Səməd Mənsur ictimai-sosial problemlərdən bəhs etdiyi məqalə və felyetonlarını da gizli imzalarla çap etdirmişdir. Şairin özünün təsis etdiyi "Şeypur" jurnalının hər nömrəsində dərc olunan "Ziyalılar" silsilə felyetonlarında günün aktual məsələlərindən bəhs edilirdi. Y.Əsgərova göstərir ki, məzmun rəngarəng olduğu kimi, forma da yeknəsəq deyil. "Mükalimə, tənə, şikayət, narazılıq, nağılvarı, atalar sözü, məsəl, şeir parçaları və bu kimi bir çox bədii vasitələrlə başlayıb davam etdirilən hadisələr S.Mənsurun felyetonlarının süjet və kompozisiyasını daha da dolğunlaşdırır". Yazıçı xüsusilə felyetonlarında ölkənin taleyüklü ictimai-siyasi problemlərinə ayıq münasibətini cəsarətlə, kəskin ironiya ilə bildirməkdən çəkinmirdi. Yalançı millət qəhrəmanlarından tutmuş, milli kadrları maddi-mənəvi təzyiqlə sıxışdırıb simasızlaşdıran rus şovinizmini, əqidəsiz ziyalıları anlaşıqlı sadə bir tərzdə gülüş obyektinə çevirir, bu yolla cəmiyyətdəki reallıqların mahiyyətini xalqa çatdırırdı. Məsələn, bir felyetonda: "Bura Qafqazdır. Burada ruslar elə kök salmamış ki, onu qazımaq mümkün olsun" - deyir, başqa birində: "Koqda delo kasayetsya musulman, onda bolşevik də, daşnak da, menşevik hamısı bir olur" - deyə həqiqəti bəyan edirdi.

Çox yığcam mətnlərin bədii dili obrazlı ifadələrlə zəngin olmaqla yanaşı, həm də dramaturji elementlər, dialoqlar və monoloqlarla daha incə mətləbləri çatdırırdı. "Böyük Ermənistan" xəyalı ilə xəstə şüurlu erməni millətçilərindən bəhs olunan felyetonda sual-cavab üsulu ilə Adəmlə Həvvanın da erməni olduğunu iddia edib, "Kak vidno, erməni olmasaydı, dünyada heç çeloveçestva da olmazdı" - deyə məsxərəyə qoyur, sarkazmla "bu yerlər bizim babamız Nuhun kupçili yerləridir" - deyib, düşmən qonşuları məsxərəyə qoyur, onların işğalçı niyyətlərini ifşa edirdi.

İyirminci yüzilliyin əvvəlində xalqın mədəni-maarif sahəsində inkişafına kömək məqsədilə ziyalılar yenicə intişar tapan teatr tamaşalarına kütləvi maraqdan istifadə edirdilər. Monoqrafiyada bu ictimai hərəkatda S.Mənsurun çoxcəhətli fəaliyyəti ətraflı işıqlandırılmış, onun "Səfa" cəmiyyətinin təşkil etdiyi tamaşalarda rejissor, artist və s. kimi xidmətlərindən ətraflı bəhs olunur. Həmçinin tamaşalar üçün yazdığı kiçikhəcmli pyeslərin də təhlili verilir. Xalqı mövhumat və cəhalətdən uzaqlaşdırıb maariflənməyə yönəltmək məqsədi daşıyan "Dərviş", "Maarif", "Rəzalət səbəbləri" və s. pyeslərin aktuallığını qeyd etsə də Y.Əsgərova onların sənətkarlıq baxımından kamil olmadığını da nəzərə çatdırır.

Ümumiyyətlə, monoqrafiyadan görünür ki, Y.Əsgərova Səməd Mənsurun şəxsiyyətini, ömür yolunu və yaradıcılığının bütün aspektlərini hərtərəfli öyrənib elmi obyektivliklə araşdırmışdır, şairin əsərlərinin fəlsəfi-estetik siqlətinə nüfuz edən başlıca amilləri elmi meyarla müəyyənləşdirib dürüst dəyərləndirmişdir. Onun böyük məsuliyyət və həssaslıqla yanaşdığı bu maraqlı ədəbi istedadın yaradıcılıq potensialının tam açıla bilməməsi səbəblərinin şərhi də məntiqli və inandırıcıdır. Çox məzmunlu, əhatəli və məsuliyyətlə qələmə aldığı monoqrafiyanın sonunda tədqiqatçı şairin "Milli nəğmə" şeirindən:

Ya Rəbb, öz lütfünü kəsmə millətdən,

Lütf qıl, qurtaraq cəngi-zillətdən!..

misraları ilə başlayan bəndi nümunə gətirir və yazır:"Səməd Mənsurun "Milli nəğmə" əsəri, əslində, bütün ömrünü, gününü, varını, fiziki qüvvəsini tam sədaqətlə xalqının tərəqqisi yolunda paylamış bir İnsanın səmimi duaları və diləkləri idi". Uzun illər əsərlərinin az bir qismi nadir hallarda xatırlanan, şəxsiyyəti barədə cüzi məlumat verilən şairimiz haqqında Yadigar xanımın iyirmi ilə yaxın bir müddətdə hasilə gətirdiyi bu dolğun elmi tədqiqat əsəri "gec olsa da, güc olan" layiqli əbədi ədəbi abidədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!