Çexovun dəli etdiyi adamlar - Cavanşir YUSİFLİ yazır

Əli Babazadənin "Gecikmiş dəlilik" hekayəsi. Mətn düşüncə axarı üzərində qurulub, personajların özləri də çəkilib-görünən, yox olan və havaya sovrulan düşüncə dumanları - nöqtələridir. Daha doğrusu, bu nöqtələrdə vizuallaşan, qızarıb-közərən işartılardır. Onlar hekayəyə qəfildən təşrif gətiriblər. Bu personajların reallığı onlardan hansınınsa düşdüyü, ruhunu dalayan hisslərin çökəyində qıvrılmasından asılıdır. Yazıçı dərin bir metamorfoza girdabındadır, gecələr, yazı prosesində sevə-sevə yazdığı mətnlərin, uydurduğu əhvalatların sehri gündüz onun cəhənnəminə çevrilir, çünki həmin o duman kimi bu sehr də çəkilib gedir. Bütün hekayələrini yazıb qurtarmış yazıçının gözündə hər şey saxtadır, onun qələmə aldığı hər bir əhvalat, əslində, qarışıb itməli olduğu həyatdan onu uzaqlaşdırmaq üçünmüş.

Bu hal (mənzərə) Əlinin başqa bir hekayəsindəki ("Bir payız noktürnü") təsvirlə tamamlanır: "Gözüm kitab şkafına sataşdı: səliqə ilə üst-üstə yığılmış köhnə riyaziyyat kitabları, akvarellər, boya tübikləri, fırçalar, soyulmaqdan gödəlmiş karandaş, qalaq-qalaq kağız-kuğuz... Qalın karton üzlü Çexov noutbukun böyrünə kip sıxılmışdı; gözlükləri noutbukun, bir qulpu Çexovun üzərində olan eynəyin o biri qulpunun qurtaracaq əyri hissəsi kitabın kənarından sürüşüb boşluğa düşmüşdü; eynək əyri durmuşdu, meh toxunduqca arabir yerində laxlayırdı, canını dişinə tutub birtəhər dözürdü; boşluğa zillənmiş gözlükləri sarımtıl koloriti sevən şizofren bir rəssamın natürmortuna poza verirdi. Heç bir şey haqqında düşünmədən uzun müddət donuq nəzərlərimi eynəkdən ayıra bilmədim. Baxa-baxa fikir apardı...". Boşluğa zillənmiş gözlüklər... Noutbukun böyrünə sığınmış Çexov...

"Gecikmiş dəlilik" hekayəsində üç nəfər təsvir edilir, Alyoşa, dostu Teymur və ona qoşulub gələn şəxs - ruhi xəstə. Zaman-zaman insanın qəlbində istəklər cücərir, bəzən bu istəklərdən hansısa ən ümdə bir nəsnəyə çevrilir. Keçmişdə - uşaqlıqda duyduğu həyat dolu məhəbbəti yaşının başqa bir dayanacağında eşitməz olursan, ancaq bu sənə əl toxunan məsafədə olur, olur... nə illah eləsən də reallaşmır. Bu heç cürə gerçəkləşməyən şiddətli istək hər şeyi sənin gözündən salır. Alyoşa bütün əsərlərini yazıb qurtarmış, hər şeyə son nöqtəni qoymuşdur, bu son nöqtə onda qarabasmaya bənzər halət yaradıb, bayaq yazdığımız kimi gecələr sehrinə bürünüb heyrətləndiyi hekayələrdəki əhvalatlar gündüzlər ona adi görünür və bu hal onu dəli edir, yəni bütün dinamika Çexovun "6-cı palata"sına doğru gedir, sehrləndiyi əhvalatlarda həqiqət varmı, yoxmu? Bunu müəllifin özü kəsdirə bilmir, dünyada ən uca, ən ali hesab elədiyi yazı tərzi (Çexov) onun axırına çıxır, çünki yazı prosesində hər şeyi düzüb-qoşa bilsə də, ən əsas şey - hava çatmır, çəkdiyi otun havasından hövllənən şair, yazıçı və dəli üçlüyü həyata, gerçəkliyə qarşı nəsə yarada bilməyiblər. Başqa dəruni səbəblər də var, o səbəblər ki, bu gənc deyilən yazı adamlarının birbaşa ürəklərinə ox kimi batıb; vaxtilə kitablarına səcdə etdikləri yazıçılar bu murdar gerçəkliyi necə söyürdülərsə, sonralar, mükafat, orden, medal dalınca qaçdıqlarından özləri də həmin o çirkin cəmiyyət kimi əclaflaşıblar.

Hekayənin analiz edib, belə yox, didik-didik eləyib axtardığı cəmiyyət necə deyərlər, yerində tapılmır, onların bir az sevib, bir az da iyrəndikləri cəmiyyət yağış damcısı kimi buxarlanıb, onun yerində insana qənim nələrsə dikəlib, bunları görməmək üçün ot çəkmək də kömək etmir. Ancaq... yeganə salamat qalan qəlbinin o ən titrək yeridir ki, anasının səsini gözləyir, o səs eşidilməsə, dəli olacaq, hər şeydən küsəcək, hər şey gözündən düşəcək, hər şey onda şübhə yaradacaqdır.

Əslində, bu əhvalat necə yaranmışdı? "Təzə-təzə yazmağa başlayanda ona elə gəlirdi ki, hekayələrində günəşli, isti şəhərlər salacaq, bütün idbar adamları şəhərinin prospektlərindən, binalarından qovacaq, sevdiyi personajlar və yazdığı hər bölümdə təbəssümlə parıldayan günəş onu xoşbəxt etməyə kifayət edəcək. Belə-belə içindən yüzlərlə səhifə pozmuşdu. Əvvəl-əvvəl yazıçı təxəyyülünün rəngli nağıllarına gerçəklik kimi çılğıncasına sarılmağı ruhuna tükənməz sevinc bəxş etmişdi...". İçindən yüzlərlə, minlərlə səhifələri pozub həyatın, elə yazıçılığın da ən qəliz döngəsinə gəlib çıxmışdı. Proses səhv getmişdi. Həyat klassik qəzəllərdəki kuzə deyildi ki, şərabla dolub-boşalsın və ən qəliz məqamlarda, susuzluqdan dodaqlar cadar-cadar olduqda belə, onun boş olmağı gözə dəyməsin. İçindən pozduğu səhifələrin arasında pozmalı olmadığı nəsnələr qalmışdı, çıxıb getmiş, həqiqəti yazmağın və ümumən yazmağın damarı qaçmışdı. Hekayələrində, düzüb-qoşduğu hekayələrdə hamını xoşbəxt eləyəndən sonra Alyoşa hiss elədi ki, yaratdığı şəhərdə, bu göyün, bu günəşin altında ona ehtiyac yoxdu. "Əvvəllər darıxanda kitab oxuyardı, indi bilmirdi neyləsin. Yazıçı olandan sonra romanların necə uydurulduğunu bilirdi və bundan sonra sehr pozulmuşdu, bütün kitablar müqəddəsliyini itirmişdi. Öz yazdıqları belə, ona cızma-qara, yalan-palan, cəfəngiyyat kimi görünürdü. Hərdən köks ötürərək fikirləşirdi ki, həyatın özünə qarışıb yaşamalı idi, gör bir ömründə nə qədər boşluq olub ki, bu qədər şeyi yazmağa vaxt tapılıb. O, heç başa düşmürdü ki, adamlar onun yazdığını niyə oxuyurlar?

Məhz bu ərəfələrdə ot çəkməyə aludə oldu...".

Dostu Teymur gəlir. Hekayədə onun gəlişi ab-havanı dəyişməsə də, mənzərənin görüntüsünü daha da gücləndirir. Ortaya yeni faktlar tökülür, Teymur yavaş-yavaş öz həyat tarixçəsini danışır, söhbətin fərqli məqamlarında ruhi xəstə əlini yaxasına çəkib qışqırır, nərə çəkir. Onlar - iki dost yaşadıqları reallıqdan o qədər yüksəyə qalxıblar ki, həyatla yazı məkanını səhv salıblar, indi hər ikisində çəkisizlikdə yaşayırlar. Alyoşanın Teymurun danışdığı həyat tarixçəsinə reaksiyası belə olur: Teymurun iztirablarını duymağa istedadı yetmir. Ancaq məsələ istedad məsələsi deyil, duya bilməkdi, duyduğun anda içindəki ehtizazı ifadə elə bilməyin məqamını gözləməkdədi. Adi vəziyyətdə Teymurun şeirinin elə bir neçə misrası onda ikrah hissi oyadır, dinləyə bilmir, Teymur bunu duyduğundan dayanır, deyir ki, yaxşı ot çəkək. Hər şey bir-birinə qarışıb: məlum deyil, bu adamlar boğazdan yuxarı yazılan mətnlərəmi, yoxsa onları öldürən həyatamı bir belə rəncidədirlər. Faciə nədir: Alyoşanın yazıçı olmaq istədikdə bəslədiyi xəyallar, hekayə və romanlarıyla bir şəhər salmaq istəyi, bu şəhəri bütün idbar adamlardan təmizləmək arzusu, bu məqsədlə içindən yüzlərlə səhifəni silib kənara atması... sonda daha ölçüyəgəlməz dəhşətlə nəticələnir: onun yaratdığı bu həyat-şəhər reallığın astar üzünə çevrilir, yaxud əksinə. Çünki dünyada heç nə tək deyil, sən çox yaxşı, gözəl, qənirsiz şeylər yaradarsan və ancaq bu istəklə alışıb-yanarsan, ancaq sənin istəyinə rəğmən həyat onun yanına tələsər, onun antipoduna çevrilər. Alyoşanın anasının qəlbinin ən həssas yerində saxladığı səsi isə gəlmir, eşidilmir... Bu səs gəlsəydi, hər şey düzələcəkdi. Yəni, dəlilik də bir xeyli gecikibmiş...

Hər dəfə quru ot çəkib uçduğu göylərdən geri qayıdanda peşman olurdu. "Səhəri gün Alyoşa gümrah oyandı. Yuyundu, özünə çay süzdü, pəncərədən qara baxdı. O, ayırd etməyə çalışırdı ki, özünə niyə çay süzür, qara niyə baxır? Bütün bunlar adi şeylərdir, yoxsa o, artıq dəli olub? Gecə çıxardığı hoqqaları xatırladı və düşündü ki, dəli olsaydı, yadında heç nə qalmazdı. Dəli olmaqdan qorxurdu və dəli olmaq istəmirdi. Hər ehtimala qarşı hər şeyi yazıb, özlüyündə aydınlaşdırmaq istədi. Birdən bu ona şübhəli göründü və fikirləşdi ki, bəlkə iş-işdən keçib və o, artıq dəli olub; bu yazmaq fikri də dəliliyi dərinləşdirmək üçün hansısa tələdir. Alyoşa nə yaddaşına, nə məntiqinə etibar edə bilmədi.

Günortaya yaxın elektron poçtuna gələn ismarıcları oxuyanda dərgilərin, yazıçı dostlarının verdiyi suallar ona şübhəli göründü. Elə bil, bu əclaflar ondan söz almaq istəyirdilər, əmin olmaq istəyirdilər ki, o doğrudan da dəli olub. Bunu bilən kimi sevincdən qarınlarını tutub, uğunanacan hırıldayacaqdılar. Alyoşanın gözünün qabağında bir topa xaşalqarın hırıldaşır, səsləri kəsilmək bilmirdi...".

"Bir payız noktürnü" hekayəsi zahirən lirik tonlar üzərində qələmə alınıb. Çünki əsas məsələ lirika deyil, yuxarıda sitat verdiyimiz mənzərədə noutbukun üzərinə qoyulan eynəyin gözlüklərindən alınan görüntülərdədi. O hissəyə bir də diqqət yetirək: Qalın karton üzlü Çexov noutbukun böyrünə kip sıxılmışdı; gözlükləri noutbukun, bir qulpu Çexovun üzərində olan eynəyin o biri qulpunun qurtaracaq əyri hissəsi kitabın kənarından sürüşüb boşluğa düşmüşdü; eynək əyri durmuşdu, meh toxunduqca arabir yerində laxlayırdı, canını dişinə tutub birtəhər dözürdü; boşluğa zillənmiş gözlükləri sarımtıl koloriti sevən şizofren bir rəssamın natürmortuna poza verirdi. Heç bir şey haqqında düşünmədən uzun müddət donuq nəzərlərimi eynəkdən ayıra bilmədim. Baxa-baxa fikir apardı... Yəni bəzən insan özü də bilmədən harasa, bəlkə lap uzaqlara baxırmış kimi yerindəcə donub qalır, yazıçı müşahidəsi deyir ki, belə hallarda əcdadların cavab tapa bilmədikləri, şüurla düşünüb bir nəticə hasil edə bilmədikləri sualların zaman-zaman başqa insanların ruhunda tərpənməsi, canlanmasıdır. Hekayədə bütün xətlər məhz bu nöqtədə çarpazlaşır. Birinci hekayədə belə bir detal-görüntü vardı: bəzən, deyir, bir hekayənin içində qat-qat əhvalatlar yaradıram, o laylar bir-birinə sarmaşıb sehr yaratsa da, bir məna yaratmağa gücləri çatmır... Hər şey müxtəlif məqamlarda sehr kimi görünə bilər, sehr effekti yarada bilər, ancaq sehr gözləri qamaşdıran adi bir şeydi, əsas olan həyatın həmişə gözümüzdən və əlimizdən qaçan mənasıdır. "Bir payız noktürnü" əhvalatının içindəki hekayə də belə bir axtarışla süslənib.

Hekayədə başqa bir maraqlı detal, həm də qızla oğlanın görüşünü mənalandıran, onun ayrı-ayrı cizgilərini sehr tülünə bürüyən cizgi, akvarel: Günəşli havada durğun göldə yanaşı üzən qoşa qayıq... Birinci hekayədə assosiativ planda olsa da, belə bir ayrıntı var: Çexovun dəli elədiyi yazıçı... "Bir payız noktürnü"ndə dəlilik mərhələsi aşılıb, Çexova başqa iş "tapşırılıb": "...Bir-bir kitabları qaldırıb-qoydum. Çexova əlim gəlmədi, həm də hələ kompozisiyanı tərpədə bilməzdim. Belə çıxır ki, eynək də taxmayacam. Daha yumşaq cildli kitablardan birini götürüb akvareli arasına qoydum. Pencəyimi geyinib evdən çıxdım...".

Yazıçı artıq onu isidən, min bir sual içində boğub təzədən dirildən həyatın yanındadı, öz kitab təqdimatına getməkdənsə, asfaltı deşib böyüyən, ətrini hər tərəfə yayan nərgizgülünün yanında olmağı, onun qoxusunu duymağı üstün sayır. Ancaq nə həyat, nə də sənət bu dərəcədə bəsit və primitiv deyildir, bu, olsa-olsa insan həyatının, ürəyini deşən, köksündə qaysaq bağlayan dərdlərin bir görüntüsüdür... İnsan bəzən hiss edir ki, onu kiminsə hekayəsinin içinə salıblar, nəfəsi darıxır, burdan çıxmaq istəyir, çıxdığını güman edir, amma alınmır ki alınmır... Həmişə olduğu kimi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!