Tuğrul Tanyolun pıçıltı ağacları... - Cavanşir YUSİFLİ yazır

 

"Eşq" seriyası ilə Tuğrul Tanyolun şeirlər kitabı çapdan çıxıb. Poetik mətnlər və müsahibədən ibarət olan "Sən əlimdən tutanda" toplusu bizim üçün "şairin ədəbiyyat / xüsusi halda poeziya anlayışı" barədə dolğun informasiya almaq baxımından maraq doğurur. Keçən illərin 80-ci illər ədəbi nəslinə mənsub olan türk şairinin mətnləri kifayət qədər ciddi olmaqla modern türk poeziyası, ədəbi aləmdə gedən proseslər, ədəbi nəslin və ayrı-ayrı imzaların klassikaya və xüsusən gənc ədəbi nəslə münasibətini bilmək baxımından önəmlidir.

Bu şeirləri oxumaq fikrin (hisslərin də) cəmlənməsini, ruhi konsentrasiya tələb edir, əks təqdirdə, hisslərin bir-birindən ayrılmasını, bitişik sözlərin arasından keçən həniri çaş-baş salar, heç nə anlamazsan. Çünki bu mətnlərdə sözlər və demək mənalar arasındakı məsafə son dərcə şərti və ilğımvaridir, görməklə gözdən itirmək, sanki eyni zamanda, çəkdiyin ahın içində baş verib qurtarır. Bunu duysan, günəşi təpələrə qovalayan rüzgarın Tarançının bir misrasına dönüşməsi anını yaşaya bilərsən. Bu məqamda onun da çox sevdiyi, təsirləndiyi Pol Valeridən sitat vermək olar: "Rəssam gördüyü şeyi yox, zühur edəcək nəsnəni çəkməlidir...". Yəni Tuğrul Tanyolun da şeiri təsvir etmir, nəyisə "doğur", yaradır, dünyaya gətirir. Bu şeirlərdə insan haqqında bildiklərimizin tərs üzü var, şeir artıq nəsnələrdən arınmaq sənəti olduğuna görə, ən yığcam təsvirdə anlayış tam və qənirsiz olur. Bu şeirlərdə elə Pol Valeridə, yaxud Artur Remboda olduğu kimi bir-iki ştrixlə fikrin dərinliyini, mənanın yaranma və dəyişmə tezliyini göstərmək ustalığı var.  Belə olduğu üçün də şeirdə məna səni, belə demək mümkünsə qəfildən yaxalayır. Nəsildaşı Adnan Özərə həsr etdiyi şeirə baxın.

Şamlar bir-bir əriyər,

Sonra yavaşca bədənimdə sönər,

Payızın əli dəyəndə

Qızıl misə dönər.

İndi hardasan? Nə çox gözlədim,

Tükəndi yarpaqlarım.

Külək buludların köksündən

                        damlaları oğurladı,

Məni qatdı qabağına,

Pas tutmuş yollardan keçirdi gəncliyimin,

Payız yalnızca bir təsadüfdü,

Ağac bunu nə bilsin?

Tuğrul Tanyolun bütün şeirlərində bir eşq işartısı var, mətləb nədən başlayırsa-başlasın, gəlib bu məfhumun içinə hopur və orada itir. Bu şeirlər deyir ki, kimisə, nəyisə sona qədər, yəni tam olaraq sevmək mümkünsüzdür, çünki eşq öz obyektində hansısa sirri gizlədir... Şeir bu sirrə qədər cığır açır və yarıyolda qırılır, biz bu qırılan izləri görə bilirik. Nəsimidəki "Kövnü-məkandan keçmişəm, məna şərabın içmişəm // Cananın üzün görmüşəm, başdan-ayaq can olmuşam..." anlamı buna əyani nümunə ola bilər.

Həyat Şəmi və Ramil Əhmədin uyğunlaşdırdığı mətnlərdən Tuğrul Tanyol necə görünür? Kitabdakı ilk mətnlər Orxan Vəlini xatırladır, yəni Orxan Vəlidən üzü bu yana ayrılan yolları nişan verir;  o mənada ki, Tuğrul Tanyol, necə deyərlər, obrazla oynamır, onun ətrafa düşə bilən "əkslərini" usta şəkildə incələyir, obrazın mübhəm şəkildə işarə etdiyi istiqamətlərə yetişib poetik təcrübəni (informasiyanı) aldığı məkana geri qayıdır. Onun şeirlərində obraz nəyisə, hansı anlayışısa "yerinə bərkitmək", görükdürüb güclü təəssürat yaratmaq üçün işlədilmir, əksinə, "hər şeyin davamı, uzantısı var və hər şeyin kökü başlandığı məqamda yox, sonsuzluqdadır" ideyasını qabartmaq məqsədini güdür. Tuğrul Tanyol həm də kəsə deyək, keçən əsrin 80-ci illərində dünya və türk poeziyasında gedən proseslərin ifadəçisidir. Həmin illərdə bu proseslər (köhnə şeirin dağılması, yeni dalğaların meydana gəlməsi... bizdə də getdi, amma təəssüf ki, yarımçıq oldu hər şey...).

Zülmət şəhərləri səssizcə gəzdim,

İçimdə qavaldaşları gurlarkən ölümün...

Dərdin dərdə, nifrətin nifrətə,

Qaranlığın zülmətə çevrildiyini gördüm,

Bəyaz bir at kimi gözdən itərkən ömrüm...

Sonsuzluq və zülmətin dibində gedən prosesləri duyub yaza bilmək ehtirası mətnin ekspozisiyasına təsir edir, sanki böyük, göz işlədikcə uzanan məkanın (bəlkə də ömrün) hər şeyi içinə büküb gizlədən böyük və sarsıdıcı bir mənanın olduğu kəsik bütün ərazini əvəz edir, yəni adi, bəlkə də təsadüfən deyilmiş, həm də hərəkətin bitkinliyini göstərən misra özündən sonra hiss, həyəcan, duyğu dalğalarının axışına səbəb olur. Yəni bu kiçik mətn dünyanın hansı nöqtəsində dursanız orda, sizin yanınızda olacaq. "Pıçıltı ağacı" şeiri bu baxımdan susuzluqdan dad eləyən bir məmləkətdə gizlində axan sirli suların səsinə bənzədi. Yəni insanlar, əslində, hər zaman möhtac olduqları şeylərin yanında durduqları zaman belə, bundan xəbərsizdirlər.

...Oyandı pıçıltı ağacları. Səs sirlidir, insanın içində bitən ağacın yarpaqları düşdükcə hər gün ölümü görürsən və unudursan...

Tuğrul Tanyolun şeirində iki mühüm cəhət var mənim üçün: birinci cəhət odur ki, bu şeirin intonasiyası özünəməxsusdur, yəni şairin hiss etdiyi havanın, atmosfer, bəlkə də iqlimin məğzi və şah damarıdır, ikincisi isə daha önəmlidir, bu parçalarda keçmiş və gələcək şairin və şeirin indiki zamanında görüşüb insanın ürəyinin dərinliyində, lap elə dilinin altında qalan mətləbləri həmin o orijinal intonasiyanın gücünə ard-arda düzür. Bu məsələni çözmək üçün belə bir sual meydana çıxır: Tuğrul Tanyolun nəzərində şeir nədir? Yəni təkcə onun yazdığı yox, həm də təsirləndiyi, içinə alıb, saxlayıb başqa, kiminsə güzarı düşməyən bir məmləkət kimi üzə çıxan dünyanı bəlləyən şeir. Aydın məsələdir ki, hər bir şairin poeziya, ədəbiyyat anlayışı yazdığı mətnlərdə daha tam və qənirsizdir, bu barədə danışanda iki hadisə baş verə bilir, bir təsadüfdə bu anlayışın yalnız bir qismini ortaya qoya bilərsən, çünki yazı olan şeydən qaçmaqdır, qaçaraq düz olanı bir az da təhrif etməkdir. Digər halda, başqa bir cəhət üzə çıxa bilər, şair yazıyla, esseylə poeziya / ədəbiyyat anlayışını şeirlərində olduğundan fərqli şəkildə ortaya qoya bilər. Ancaq bütün hallarda, elə Tuğrul Tanyolun da dediyi kimi, içindəki şeir havasından  qaçıb ona tənqidçi nəzəriylə baxa bilməz. Bu barədə bir az sonra.

Hər şeir bir az yalanla başlar,

Və hər şeir bir az ölümdür.

Beləcə, bir-bir sürüyürəm daşlarımı

Nə qaldısa cibimdə...

Və ən son əsgərim ölənə qədər

heç bir müharibə uduzulmayıb.

Bu şeirdə yalan və ölüm qoşa işlənir, ancaq şeir onların yanındadır. Bunun niyə belə olduğunu anlamaq üçün mətn özü sənə ipucu verir, yəni mətnin qurulma sxemi elədir ki, əşyların (həm də anlayışların-!) bir-birinə çevrilməsi öz-özünə görünsün. Sizə heç baxılmamış güzgülər göstərə bilərəm // alıb özünüzə baxarsınız, çünki həmişə dönükdü üzünüz... Şeirin ünsiyyət, oxucuyla, insanla təmas qurmaq konstruksiyası elədir ki, səni, sanki hansısa sivilizasiyanın gizli saraylarından keçirir. Bu nöqtə çox mühümdür, şeir, poetik mətn (yəni yalanla başlayan nəsnə...) hərəkət məcrasında (intonasiya seqmentlərində) gözlərin qarşısında güzgüyə dönməlidir, o güzgüyə ilk dəfə sən baxırsan və özünün kim olduğunu apaydın görə bilirsən, sonra həmin seqmentlər əvəzləndikcə (dairə boyunca) artıq unudulmuş bir mədəniyyətin bizim üçün gizli saraylarından keçir, təsəvvüründəki dünyanın sınırları genişlənir və tamamlanır. Bu tipli poetik mətnlər intonasiya selində (məcrasında) mahiyyəti oyadan, qədimlərdə, deyək ki, rübai ustası və böyük riyaziyyatçı Ömər Xəyyamın göstərdiyi möcüzələrin bir az adi axışla bizim qəlbimizə dolub bizi gizli mətləblərdən agah etməsinə bənzəyir. Bu mənada Tuğrul Tanyolun şeirlərində intertekustallıq keyfiyyəti önəmli cəhətlərdəndir.

Bu mətnlərin orijinallığı, yəni onları xalis şeir edən başqa bir cəhət isə ənənəvi baxış bucağından qaçmaqdır, ona müxalif olmaqdır.  Məsələn, "Su qəsidəsi":

Suya baxmağın öz yorğunluğu var...

Çünki gözlərinə hopar su.

Yaxud:

Ağacdakı işıq əgər

Təsvir edə bilmirsə günü,

Mən necə izah edim

Sənin gözəlliyini...

Seriyanın rəhbəri və redaktoru Fərid Hüseynə verdiyi müsahibəsində şair deyir: şair dili quran adamdır. Həm də dünyada qüsursuz nə varsa, şeirdir...

Onun poetik taleyi belə başlayır: "...80-ci illərin əvvəllərində bir yazı yazmışdım, qeyd etmişdim ki, şeir axınları və modalarının axırı çatıb, bundan sonra hər kəs istədiyi kimi yazacaq. "Üç çiçek" dərgisi yaradan üç şair - Haydar Ergülen, Adnan Özer və mən üç fərqli şair idik, bizi bir yerə cəm edən poeziya ilə bağlı qayğılar idi. O vaxtlar sosialist, cəmiyyətə ünvanlı şeir dəbdə idi. Nəticədə çoxlu mənasız şeirlər yazılırdı. Biz birdən-birə gözəl şeirin yolunu açdıq. Bizi ənənələrdən qopmuş şair kimi qələmə verirdilər...". Tuğrul Tanyol Avropa və dünya poeziyasını sistemli şəkildə öyrənmiş, klassik türk poeziyasını dərindən bilən və bu nəhəng sistemlərin içində öz yolunu qurub-yaradan bir fiqurdur.  Onun poeziya anlayışında söz dəf edilmək, məna üçün yolu açmaq vasitəsidir. "Şeir həm də artıq sözlərdən arınma sənətidir". Turğul bəy Cemal Süreyadan misal gətirir: şair şeir haqqında yazı yazırsa, əslində, öz şeirlərindən yazır. Tuğrul bəyin şeirlə bağlı mülahizələri tənqid sənəti haqqında müəyyən mülahizələrin yaranmasına imkan verir. Məsələn, belə.  

Tənqidçi nə vaxt qəbul edilə, oxuna bilər? Məsələn, şairdən yox, şeirdən yazsın, bu şeirin gəldiyi yolda hiss etsin özünü, haqqında yazdığı mətnləri hər şeydən təcrid olunaraq özününküləşdirsin, özünün keçirdiyi yaşantını yaşamış kimi yazsın, izahı olmayan şeylərə toxunmasın, onların işarə bakirəliyi necə var elə qalsın və yalnız bütün bunlardan sonra mətnə - bir estetik ərazi kimi hər şeyin fövqündən baxmağa cəhd etsin, bu barışmayan şeylərin təmas qıldığı yerdə ya nəyisə kəşf edərsən, dərinliyi görərsən, ya da o dərinliyin dayaz sularında boğularsan, ona görə tənqidçi minalanmış ərazidə hərəkət edən adi bir əsgərdir...

Mətndəki yaşantını lay-lay görməsən, elə hey izmlərdən danışacaqsan...Başqa çarə yoxdu, çünki sən bədii mətnin ötüb-keçdiyi, arxada buraxdığı gerçəkliyin içindəsən...

Onun istənilən şeiri bir anlıq, sanki mətləbdən "yayınıb" üzünü özünə çevrir, özü haqqında nələrsə deyir:

Əsir gəmiləri çürümüş dənizlər,

Mən öz içimdə dustağam,

Qır pəncərəni!

 

Qaranlıq quyulardan sallanmış

İki gözüm, iki ölüm, iki al qərənfil,

Sınıb pəncəsi susqunluğun,

Qır pəncərəni!

Oyandı pıçıltı ağacı...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!