Akifdən qabaqkı Ulucay Akif... - Avdı Qoşqar yazır

 

Ulucay Akifin şeirlərini oxuyanda ("Ədəbiyyat qəzeti"nin 22 iyun nömrəsi) üzü üzlər görmüş sifətimə "müdrik" bir təbəssüm qondu. Fikir ver - Ulu Yaradan, uzundu dünyanın kəndiri - dedim. Gör örkən harda gəlib doğanaqdan keçdi. Şükür sənə, Ulu Tanrı. Nələri təkrarlayırsan ey çərxi gərdiş? Doğrudan, söz oğlundan söz doğulur. Adı qoyulan Ulucay vaxt sarıdan atasını - Akif Səmədi qabaqladı. Şeiri, sözü adının gəldiyi zamana - Dədə Qorqud əyyamına dartıb apardı. Atası Akif Səməd xeyli bəri döndərmişdi sözün ağzını... XVI, XVII yüzilliklərə tərəf. Sözün qoşma, gəraylı çiçəkləyən çağlarına. Başı Qurbaniyə gedirdi, ayağı Ələsgərdə, Molla Cumada bitirdi... Akif təhtəlşüur ilə vermişdi bu ismi, adı ona... Ulucay onu tarix baxımdan doğrultdu. Aparıb çıxardı Dədə Qorqud dövrünə, ondan əzəlki çağlara...

Bu səhər məhlənizdən

keçəndə fikir verdim,

boya ilə adını

yazdığım divarı da

söküblər... çox üzüldüm.

Eynən "Dədə Qorqud"dakı "Evdən çıxıb yüyürəndə sərvi boylum" intonasiyasıdır. Bu ifadə tərzində Ulucay Akif Səmədin davamı kimi yox, sələfi kimi görünür... Fikrin, ruhun sərbəstliyinə və azadlığına görə...

O zaman cəsarətin

ən böyüyü idi bu, -

hayqırmaq məhəbbəti -

məktəbdə partalara,

küçədə divarlara.

XXI əsrin hayqırtısı nə qılıncdı, nə beşatılan. Elə məhəbbətdi ki, bunu məktəbdə partalara, küçədə divarlara hayqırasan. Gərəkdir - ola ki, hayqırasan. Və ruhdu onu hayqırdan. İndiki yazılarda çatışmayan bu hayqırtıdı elə...

Bu da atası, - ustadı Akif Səmədin söykəndiyi söz ocağının - heca şeirinin azmanı Hüseyn Arifin

Qaçardım mən də dərsdən -

Sən dərsə gəlməyəndə - səmimiyyəti.

Belə götürəndə Ulucay Akifin ruhu özündə həm dünəni yaşadır, həm də bugünü - atasından sonranı. Dumduru bir söhbətdi, özü də o mərhələni keçib qurtaran adamın səmimiyyətlə elədiyi etiraf. Bu mənada götürəndə Ulucay Akif Səmədin həm dünənidi, həm də sabahı... Ruhlu övlad həm dünənə vara bilir, həm də sabaha yolçuluq eləyə bilir.

Ulucay Akif gəncdir. Sinif otaqlarından, auditoriyalardan təzəcə ayrılıb. Sözün istisi, münasibətin həlimliyi hələ üzündən, gözündən çəkilməyib. Kitabda yazılanlara tam inanan vaxtıdır. Ancaq bu nöqtədə də sözün, fikrin mayası olan şübhə yaxşı mənada ona rahatlıq vermir. Yüz illərlə qulağımıza üfürülən "günəş bizdən çox uzaqdır" - fikrinə şair yanaşması çox orijinaldır. O qədər təzə və deyilməli olduğu kimidir ki, adam təəccüb eləyir bu "bədii həqiqəti" indiyə qədər eşitmədiyinə... 

Elm yanılır,

Ya da məsafələr...

isidə bilirsə əgər

deməli, o qədər də uzaqda deyil günəş,

deməli, o qədər də güclü deyil uzaqlar,

deməli, kimsə uzaqlardan qayıda bilər...

Bəlkə də bunu oxuyan, heca vurğunu bir qazaxlı şair - lap elə İbrahim İlyaslı bu intonasiyalı şeirə ağız büzəcək, Akifin yolunu, üslubunu davam etdirməməkdə Ulucayı qınayacaq. Əslində, Akif də elə belə deyirdi -

Üzə dayanıb durmaqdan

getməkdi mərd iş - dur gedək...

Hər ikisində eyni intonasiyadır. Sadəcə, heca fərqi var - Akif gəraylıda deyirdi, Ulucay müxəmməs üstə pıçıldayır şeirini. Gəraylı bir az yüyrəkdi, müxəmməs isə bir az əhatəli, dərin həqiqətlərə nüfuz eləyən formadı. Ustad Vaqif Səmədoğlu Azərbaycan şeirinin sultanı Səməd Vurğunun təsirindən qopub öz üslubunu yarada bildi. Onlarla şair ustadın kölgəsində küllənir hələ də... Əslində, Səməd Vurğun da, Vaqif Səmədoğlu da eyni şeyi deyirdi. Sadəcə, intonasiya fərqi ilə seçilirdi deyimlər. Vətənlə bağlı heca vəznində nəyi tərənnüm eləsən "Azərbaycan" şeirindən zəif olacaq. Ancaq Ulucay Akif "Vətən" şeirində yazır ki:

Mənimçün

sevdiklərimin qucağıdır Vətən,

bir şəhərlik yerin varsa əgər,

bərk-bərk qucaqla məni,

qucaqla ki,

vətəndaşlıq dilənim səndən...

Bundan özünə yaxın, bundan doğma necə üz tutmaq olar Vətənə. Necə onunla dərdləşib baş-başa, ürək-ürəyə qalmaq olar.

Vətəni bir ruh kimi canından, qanından keçirir Ulucay Akif. "Bədəninin paytaxtı olan qəlbində özünə bir saray qurmağı və sonsuzadək yaşamağı" ərklə, oğulluq məsuliyyəti ilə umur. Umur ki, mənə oğlun kimi bax. Onda ürəyimin bir parçasına çevriləcəksən. Bu ögey münasibəti Vətənlə doğmalaşdırmaqdır. Kimə sirdir ki, dağını, daşını tutiya kimi ürəyimizin başında gəzdirməli olduğumuz Vətənin bütövlüyünü qoruya bilmədik.

Əllərimdən başlayır bu ölkənin sərhədi,

ayaqlarımda bitir,

sən də ayaqyalın gəz üstündə -

sinəmdə min bir gül bitir.

Bədii sözün gizlinləri oyadan çalarından, yaşının imkan verdiyi duyumundan çox yararlanıb Ulucay Akif. O, yaşından çox böyükdü. Akif Səmədin qısa ömürlüyündə yığıb-yığışdırdığı intellektual və bədii bazanın üstündən kəmənd atıb sözün bədii imkanlarına. Üstəgəl, öz düşürdükləri... Bir baş ağıllıdı, müdrikdi, uzaqgörəndi, ikisi saydıqlarımdan iki qat artıq.

Elə asan görünür ki,

qalın kəndir, kiçik bir stul.

hər şey sıfra qayıdır, yenə artıq!

- budur düstur.

Bu yetkin bir başın qənaətidir, özü də hər başın yox, bədii həqiqətləri həyat-ölüm səviyyəsinə qaldıra bilən, obrazlı düşüncəni adi həyat həqiqətinə çevirə bilən başın... Bir çox həqiqətlərə hali olan idraklı düşüncə özündə cəsarət tapır deməyə ki: "Elm yanılır.., ya da ki, məsafələr", "hər şey sıfra qayıdır - budur düstur"... Bu düşüncələr həyat haqqında ötkəm hökmlər verən filosofların, idrak sahiblərinin düşüncələrinə meydan oxuyacaq bədii həqiqətlərdir.

Bir tətiyin ucundaca

Boylanır üzünə həyat.

Sən əyrilərdən qaçdıqca -

Gülər hər düzünə həyat. 

Oturuşmuş, səksən yaşlı bir müdrikin gələ biləcəyi ağıllı qənaətdir. Gənc yaşda bu keşməkeşlərdən baş tapa bilmək, düzün, əyrinin başlanğıc və yerdəyişmə məqamlarını saf-çürük eləmək, bu bölgüdə həyatın hansına rəvac verdiyini təyin eləmək "qabiliyyəti" rəğbət yaradır. Özü də bədii təyinat, üslub, ifadə baxımdan yerli-yerində. Əyriləri də həyatı xəlq eləyən yaradıb, düzləri də. Bəlkə də ulu dərgahın xanəsində əyrinin yeri düzdən ucadır. Bu da yaranışın sirli xislətindən biridir. Burda rəğbət oyadan cəhət odur ki, əlində bir ovuc qan gəzdirən gənc bunu saf-çürük eləyib doğru nəticə çıxara bilir. Bu "doğru" dediyimiz də şübhəlidir. Kim dəqiq bilir - doğruyla yalanın sərhədini? Bütün aşkar, gizli həqiqətlərin kökündə, mayasında şübhə dayanır. Şübhənin böyüklüyüylə ölçülür kamilliyin yaşı... Şübhəsiylə böyükdür Ulucay Akif. Akif Səməd mövzuya gördüyü həqiqətin gözüylə yanaşırdısa;

Dərd ha deyil düşmür çiçək

badamdan Akif Səmədə...

Hamlet şübhəsilə təkcə səhnəni yox, yeri-göyü şübhə toxumuyla sulayan Ulucay Akifin bədii həqiqəti çox vaxt gümana söykənir, ehtimal dağları ucaldır oxucu qarşısında.

Güzgüdəki əksinlə də,

gələ bilmirsən göz-gözə...

deyəsən, orucsan yenə,

dilin dəymir bircə sözə...

Şeirdə sözün, ifadənin, ümumiyyətlə, dilin duruluğu əsas məsələdir. Bədii əsər elə dil faktorudur - birinci, dil yoxdursa, kələ-kötürdürsə, onu oxumaq, zindan əzabı çəkmək kimi bir şeydir. Məsələn, atadan misal gətirək;

A bəxtəvər, elə bilmə

Yadam mən Akif Səmədə!..

Sadə bir fikrin aydın ifadəsi. Bir də var

- deyəsən, orucsan yenə,

dilin dəymir bircə sözə... 

İfadə sadə və aydındır. Sadəcə, beytdə ifadə olunan fikir ikimərtəbəlidir. İçin ziddiyyətini açmağa yönəlib. Birinci tərəf güman eləyir ki, içi orucdur, ikinci tərəf bu cəhətdən də ehtimal olunur ki, dilin bircə sözə dəyməyib - yəni oruc olduğuna görə şeir yazmamısan. Çox uğurlu tapıntıdır. Orucsan - dilinə bircə söz dəyməyib, yəni orucunu açmamısan, orucu çörəklə, yeməklə açırlar, bu isə sözlə açılan orucdu, yəni şairin, sözün oruc tutmasıdır. Bu boyda fikirləri iki misraya sığışdırmaq, doğrudan da, ustalıq tələb eləyir. Deyəcəklər ki, dil Akif Səmədin üslubundan ağırdı, qəlizdir, çətin başa düşülür. Dil aydındır. İfadə olunan fikrin dərinliyi çox vaxt içi kasıb oxucuya qəliz görünür. Bundan aydın, duru necə ifadə eləmək olar:

Əllərimdən başlayır bu ölkənin sərhədi, -

ayaqlarımda bitir.

Deyəcəklər anlaşılmır. Bu ki, dumdurudur. Türkün xalis ana dilində yazılıb. Sadəcə, ifadə olunan fikir çox çalarlıdır. Adi baş onu qəbul eləyə bilmir. Ad qoyurlar ki, qəliz yazır.

Mərmər döşəməli zallarda,

yüksək səslə,

ya da

yaşıl çəmənliklərdə,

astaca

özündən danışırmış kimi

şeir demək

alqış sədaları altında... 

Şeir deyiləndə təkcə alqış sədaları yada düşməməlidir... Bununla yanaşı, bir az məsuliyyət qatılmalıdır. Oxucu zövqü nəzərə alınmalıdır. Sürünməməlisən aşağı səviyyəli oxucunun ayağına. Oxucunu yetirməlisən. Onu çıxarmağa çalışmalısan boz düşüncə tərzindən. Gərək əvvəl özün yetişəsən ki, sonra kiməsə deməyə bir fikrin, bir sözün ola... İndi elə götürək ki, Ulucay da Akif Səməd kimi yazır. Bu onda olacaq Akif Səmədin kölgəsi... Necə ki, ədəbiyyat doludur kölgələrlə. Nə yaxşı ki, Ulucay Akif öz yolunu, öz üslubunu özü müəyyənləşdirməyə çalışır. Heç kimə bənzəmək istəmir - öz şair atasına belə. Oxucuya özünü tanıtmaq istəyir. Çox rahatlıqla pıçıldayır ki, "bir gün düşərəm yadına, çıxaram beyninin dərinliklərindən...". Bədii sözün beş başı olur - kim hansını götürdü, götürdü. Heç götürməmək də olar. Bu ən rahatıdır. Bir də var müəllifin dediyi sözün dibinin dibinə getmək, ordan əli dolu qayıtmaq. Gəl indi bu ovqatı yaz görüm - dibinə gedə biləcəksənmi?

İndi sən

yazdığım ən gözəl,

yaşadığım ən bərbad şeir kimisən,

gülüşünü itirmisən.

Altı boş olan misralar topuz kimi adamın alnına dəyib yerə düşür. Bunlar isə adama tez yapışır. Ruhlu misraların fikir bolluğunda azmaq, ucsuz yaşıllıqda at çapmaq kimidir. Çətini o çəməni görənə qədərdir. Sonra ondan əl çəkdi yoxdu, nə qədər istəyirsən çap ki çapasan. Ulucay Akif yaşıl ormanın yüyənsiz atlısıdır. Atın başını yığmır, hara gəldi çapır. Buna ilham atı deyirlər.

İndi bu küçələr, bu şəhər, ölkə,

sənin yoxluğunda boz və bomboşdur.

"Sevdiklərimin qucağıdır Vətən" -

dedinsə əgər

deməli, bizimçün edam da xoşdur,

deməli, bizimçün sürgün də xoşdur.

Ən böyük sürgün səhra istisində - şeir havasının sevdalı başa vurmasıdır. Ulucay Akif atası kimi bu sürgündə havalı başı bir addım da ondan qabaqda gəzdirə bilənlərdəndir... Yolundan sonsuzluq, başından sevda əskik olmasın, qardaşoğlu...

Dərin sayğılarla...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!