Yeni roman təfəkküründə dünən və bu gün... - Bədirxan Əhmədli yazır

 

Şair, publisist, yazıçı Elbəyi Cəlaloğlunun yaradıcılığını yaxından izləmək fürsətim olmamışdı. Ara-sıra şeirlərini oxumuşdum. Bir şair kimi çağdaş poeziyamızda özünəməxsusluğu ilə seçilir. Ən əsası milli formada yazdığı şeirlər ənənəyə söykənməklə yanaşı, yenilikçiliyi ilə yadda qalır. Ənənəvi formada hər şair heç də həmişə özünü təsdiq edə bilmir. Son zamanlarda isə onun "9-cu meydan" povesti çap olundu.  Deyim ki, bu əsər özünün forması, müəllif ideyası baxımından çağdaş nəsrimizi zənginləşdirən əsərlərdəndir. Müəllif yaxın tariximizdə başına gələn hadisələrə yeni prizmadan baxır. 80-ci illərin sonlarında Sovetlərdə gedən proseslərin təzahürü hərbi xidmət müşahidələri əsasında qələmə alınır. Bu dövrün hələ bədii düşüncə dövriyyəsinə az daxil olduğunu nəzərə almış olsaq, yazıçının yeni bir problematikaya münasibətinin şahidi olmuş olarıq. Məlumdur ki, 80-ci illərin sonlarından ictimai-siyasi həyatımızda yeni bir mərhələ başlayır. Bu mərhələnin gələcək üçün tarixləşməsi həm də yazıçılarımızdan asılıdır. Yazıçı təsvir etdiyi hadisələrə yalnız tarixilik deyil, həm də mənəvi-psixoloji, fəlsəfi mövqedən yanaşır. Bu xüsusiyyət yazıçının üstünlüklərindən biri kimi, həm də onun fərdi üslubunu müəyyənləşdirir.

E.Cəlaloğlunun "Təzadlar" və "Türküstan" qəzetlərində hissə-hissə çap olunan "Yasəmən ətri" romanı da məhz bu kontekstdə yazılmışdır. Mövzu və problematika baxımından "9-cu meydan" əsəri ilə səsləşir. Lakin əgər "9-cu meydan" povestində hadisələr daha geniş arealda cərəyan edirsə, "Yasəmən ətri"ndə Borçalıda baş verən mənəvi-əxlaqi proseslərə nəzər salınır. Hər iki əsəri birləşdirən cəhət yazıçının hadisələri fəlsəfi, mənəvi-əxlaqi müstəvidə təsvir etməsidir. Özü də bu təsvirlər baş verən hadisələrin özündən, onun mahiyyətindən doğur.  Yazıçı bunu elə edir ki, heç bir yamaq və sünilik hiss olunmur. Çağdaş oxucu ötən yüzilliyin 70-80-ci illərində keçmiş sovetlər ittifaqı və Gürcüstanda baş verən ictimai-siyasi proseslər kontekstində Süleyman bəyin həyat yolunu izləmək imkanı qazanır. Doğrusu, ədəbi prosesdəki roman bumunda yaşadığımız hadisələrə bu kontekstdən yanaşmalar çox az olmuşdur. Olsun ki, bəzi əsərlərdə Azərbaycanda gedən proseslər bu və ya digər şəkildə təsvirə cəlb edilmişdir. Ancaq Borçalıda gedən fərqli situasiyalar mövcud olmuşdur ki, müəllif də məhz bunu əks etdirməyə çalışır. Müəllifin Borçalıda yaşaması, hadisələrə fərqli mövqelərdən yanaşması, dünyada gedən ictimai-siyasi, iqtisadi proseslərə yer verməsi məsələyə kompleks baxışı özündə ehtiva edir.

Ayrı-ayrı fəsillərdən ibarət romanda bədiiliklə publisistikaçılıq qovuşuq şəkildə verilir. Bu üslub romanın toxunduğu problemlərdən irəli gəlir. Yazıçı bəzən süjet xəttinin tələblərindən irəli gələrək hadisəçiliyi, qəhrəmanın həyat və mübarizə yolunu təsvir edir, bəzən isə həyat, dünya haqqında ictimai-siyasi, mənəvi-əxlaqi ricətlərə yol verir. Bu cür ricətlər qəhrəmanın dünyagörüşü, hadisələrə, insanlara münasibətinin nəzəri və praktik rakursunu tamamlayır. Bəzən də yazıçı qəhrəmanın əhval-ruhiyyəsinə uyğun olaraq təbiət təsvirlərinə yol verir. Bədii dillə publisistik dil qovuşuq şəkildə baş verir. Bu cür təsvirlər romanın emosionallığını artırır. Roman boyu Borçalının təkrarsız təbiətinin təsviri bu yerlərin obrazını yaratmış olur. Bu cür təsvirlər vətənin bir parçası olan bu doğma yerin təbiət mənzərəsini yurddaşa sevdirir, onun beynində Vətən obrazını yaradır: "Yağlıca dağlarının saçlarını qarışdıraraq ara-sıra buralara tələsən, toz-dumanı bir-birinə qatan ağ yellər, bəzən də cənubda Babakər tərəfdən qopan qara yellər, cənub-qərb tərəfdə başı qarlı Ləlvər dağlarından əsən küləklər ağacların yaxasından tutub silkələyərək, üzünü sillələyərək, "bəsdi yatdınız, oyanın, artıq bahar fəslidir", - deyib onları çoxdan oyatmışdılar. Div yuxusuna getmiş ağacların başına ildırımlar çırtma vurub, yağışlar üzünə, boynuna su səpib ayıltmışdılar. Dünya görmüş ağsaqqallar, ağbirçəklər bu küləklərin, yellərin hərəsinin öz vaxtı, öz adı olduğunu deyirdilər: xıdırnəbi, camışqıran, qaranquş yeli, qarının borcu və s.". Burada Yağlıca, Babakər, Ləlvər, eləcə də xıdırnəbi, camışqıran, qaranquş yeli, qarının borcu və s. oxucu beynində obrazlaşır. "Bəsdi yatdınız, oyanın, artıq bahar fəslidir", - mesajı isə bu cür təbiətə malik yurddaşın gələcək taleyini bəlirləyən öngörümdür. Demək lazımdır ki, roman boyu yazıçının bu cür mətnaltı və semantik məna yükü daşıyan ictimai-siyasi mesajları çoxdur.

"Yasəmən ətri" romanının baş qəhrəmanı Süleyman bəy, hər şeydən əvvəl, sosializm dövrünün övladıdır; bu sistemdə yaşamış, işləmiş və bu sistemin çökməsini müşahidə etmiş adamdır. İndi siyasi sistem dəyişmişdir. Yaxşı haldır ki, yazıçı Süleyman bəyi bu gündə oturub keçmişi təhlil edən kimi göstərmir, onu keçmişə qaytararaq, elə keçmişin özü ilə göstərir. Məlum olur ki, Süleyman bəy bu dövlətdə yaşasa da, öz həyatını yaşamış, onun qoyduğu bəzi qanunlara əməl etməmiş, necə deyərlər, yeni sistemin Cahandar ağası olmuşdur. O, savadı, biliyi, məntiqi, təfəkkürü ilə üfunət qoxuyan siyasi sistemin eybəcərliklərinə göz yummamış, pulpərəstliyə, rüşvətxorluğa, satqınlığa getməmiş (halbuki, yazıçı onlardan bəzilərinin obrazını reallıqla yarada bilmişdir), cəmiyyətdə ədalətli adam imicini qoruyub saxlamışdır. Yazışı bunu əsərdə müəyyən hadisələr və ayrı-ayrı insanlarla münasibətlər müstəvisində təsvir edir. Muxtarovun içində olduğu qaydalara uyğun olaraq onu da rüşvətə cəlb etmək üçün "- Yaxşı, Süleyman, o qazancın bir hissəsini sənə verərəm, bunu bir daha söz eləmə. Qaldı ki, bu oyunun qaydalarını biz qoymamışıq, ona görə də buna tabe olmaqdan başqa çarəmiz yoxdur", - kimi özünə haqq qazandırmalarıyla razılaşmayaraq "oyunun qaydalarına" tabe olmur: "Ömrümdə boğazımdan haram tikə keçməyib, övladlarıma yad çörəyi yedirtməmişəm. Bir də özgə puluyla həyat yoldaşıma alt paltarı almağa adət eləməmişəm, bunu ancaq sənin kimi nankorlar edə bilər. İnsan milli və vətəndaşlıq ləyaqətinin daşıyıcısı olanda mükəmməl görünür, bunların heç biri səndə yoxdur. Şərəfsiz! Ləyaqətsiz!".

Yazıçı baş qəhrəmanını sonadək bu cür göstərir; hər şey onun nəzərində mənəvi-əxlaqi dəyərlərlə qiymətləndirilir. O, şərəfi, namusu hər şeydən uca tutur; ona görə də nəinki kənddə, bütün mahalda ona hörmət edirlər, sevirlər. Hətta qeyri millətlər belə onun bu obyektivliyi qarşısında özlərini itirir, ona tələ qurmağa çalışır, sonda isə düzlüyə, obyektivliyə təslim olurlar. Haqqında nə qədər donoslar yazılır, namərd suçlamalarına məruz qalsa da, bütün imtahanlardan üzüağ çıxır. Ona qarşı donos yazanlar belə, sonradan səhvlərini boynuna alırlar. Süleyman bəy yaşadığı müddətdə üzüağ, alnıaçıq ömür sürür. Təbii ki, bu cür şərəfli ömürdə onun Şota Mağalaşvili, Merab Ququri kimi dostlarının az köməyi olmur. Necə deyərlər, tək əldən səs çıxmaz. Süleyman bəy haqq, ədalət uğrunda özü kimi onu hər şeydən uca tutan insanlarla mübarizə aparırdı.

"Yasəmən ətri" romanı həm də keçmiş Sovetlər ölkəsinin həyat yolunu işıqlandırır. Yazıçı bunu xronoloji şəkildə etmir, müəyyən tarixi hadisələrə və insanların, ən çox da Süleyman bəyin həmin hadisələrə münasibəti kontekstində ifadə etməyə çalışır. Bu hadisələr arasında Süleyman bəyin qohumlarından biri Alı bəyin 70-ci illərdə Türkiyədən Borçalıya gəlməsi, qarşılanması və yola salınması mərasimidir. Ona qarşı olacaq hücumlara, ediləcək suçlamalara rəğmən, Süleyman bəy bütün qadağalara baxmayaraq qohumunu-qonağını çəkinmədən qarşılayır və yola salır. Yaxud Süleyman bəyin Novruz bayramı ilə bağlı çıxışlarının birində türk ənənəsindən danışmasının Dövlət Təhlükəsizlik orqanında narahatlıq yaratması və bu narahatlıq üzərində onunla söhbət aparılması əsərin qəhrəmanının ictimai çəkisini müəyyən edir. Süleyman bəy orqan əməkdaşına xalqın tarixinin türk olduğunu və ona öz tarixindən danışmasını və bunu əsaslandırmasının heç zaman mövcud dövlətin əleyhinə olmadığını sübut edir.

Sovet adamlarının yeniliyə münasibəti heç də birmənalı olmurdu. Bu sistemdən qopa bilməyən, yaxud qopmaq istəməyən adamlar bu günümüzdə də var. Yazıçının qəhrəmanı Süleyman bəy isə Gürcüstan və Azərbaycanın müstəqilliyini əldə etməsini təqdir edir. Hətta bu respublikalarda olan işğal faktlarına özünəməxsus münasibəti var. O düşünür ki, bu gün həm Gürcüstanın, həm də Azərbaycanın torpaqlarının bir hissəsinin işğal olunmasının kökündə rus şovinizmi və Rusiyanın siyasi maraqları dayanır: "Rus siyasi kursu bizim Avropa siyasi kursuna meyillənməyimizin qarşısını kəsmək üçün bu üsula əl atıb, başqa xalqları üstümüzə qaldırıb, özü də arxalarında dağ kimi dayanıb. Necə deyərlər, ilanı seyid əliylə tutur, işğalçı olaraq başqa xalq tanınsa da, əslində, işi görən rus şovinizmidir".

"Yasəmən ətri" romanında bədii təxəyyülün məhsulu olan bəzi süjet xətləri əsərin bədii məntiqini gücləndirir. Murazın itməsi hadisəsinin sonadək açıq qalması, anası Şərqiyyənin bu məsələdə Yaqubu suçlaması və nəhayət, Murazın qardaşının ondan intiqam alaraq öldürməsi romanın ən yaxşı səhifələrini təşkil edir.

Romanda Yazıçı, Coğrafiyaçı, Dilçi, Jurnalist və Tarixçinin mübahisələri də əsərin süjet xəttini zənginləşdirir. Bu mübahisə xalqın tarixini, milli kimliyini bəlirləmək baxımından maraqlıdır. Bu cür mübahisə təsadüfi verilmir və müəllif ideyasının açılmasına xidmət edir. Yazıçı bədii təxəyyül, tarixçi tarixi faktlar, dilçi qədim dilimizə, coğrafiyaçı isə yaşam arealımızın zənginliyi və qədimliyini sübut etməyə çalışırlar. Bu cür mübahisələr oxucuya öz keçmişinə qayıtmağı, həqiqi tarixini öyrənməyi sövq edir.

Ümumiyyətlə, indiyədək Borçalıdan yazılan bədii əsərlər əsasən poeziya nümunələrindən ibarət olmuş, daha çox təbiətin tərənnümü xarakteri daşımışdır. Yazılan bədii nəsr nümunələri isə daha çox bədii təxəyyülü əks etdirmişdir. Doğrudur, yazıçı Tahir Hüseynov nəsrində Borçalı həyatı, adət-ənənələri, ekzotik zənginlikləri reallıqla təsvir olunmuşdur. Lakin bütün bunlar xalqın ictimai-siyasi proseslərdəki iştirakını və gücünü olduğu kimi əks etdirmirdi. Bu mənada E.Cəlaloğlu yaradıcılığı yeni bir mərhələ təşkil edir. Onun "Yasəmən ətri" sənədli-bədii romanı ötən yüzilliyin müəyyən bir dövrünün ictimai-siyasi hadisələrini əks etdirir. Yazıçı tamamilə yeni bir yol seçmişdir; indi bədii əsərin strukturunda bir çox mətləblər yer alır. Yeni roman təfəkküründə tarix və bugünün qovuşması əsas şərtlərdən biridir. E.Cəlaloğlu da belə etmişdir. Romanın bu mövzuya həsr olunması xalqın ictimai şüurunun formalaşmasına yönəlmişdir. Romanı oxuyan hər kəs burada baş verən hadisələrdən müəyyən dərs çıxaracaq və özünü bu proseslərin içində görəcəkdir. Bütün hallarda "Yasəmən ətri" romanını Borçalı haqqında yazılmış yeni roman təfəkkürünün ən yaxşı nümunələrindən hesab etmək olar.

24 iyun 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!