Ruhun intellektə qarşı üsyanı... - Cavidə Məmmədli yazır

 

XX əsr irland ədəbiyyatının görkəmli nümayəndələrindən biri, bəlkə də birincisi olan, 1923-cü ildə Nobel mükafatına layiq görülmüş Uilyam Batler Yeytsin (William Butler Yeats) yaradıcılığı, dərin fəlsəfi mahiyyəti, üslub və forma xüsusiyyətləri baxımından dünya ədəbiyyatında özünəməxsus yer tutmaqla yanaşı, milli ruha, ənənəvi mövzulara bağlılığı ilə daha çox yadda qalır. Görkəmli dramaturq, şair, ictimai xadim, milli teatrın qurucularından biri olan Yeytsin həyat və yaradıcılğı irland xalqının XX əsrin əvvəllərində yaşanan tarixinin bir parçasıdır desək, səhv etmərik. Çünki o, İrlandiyada millət düşüncəsinin formalaşması, milli birlik əzminin möhkəmlənməsi üçün bütün həyatı boyu əlindən gələni etmişdir. Yeytsin dünyagörüşünün, yaradıcılıq qayəsinin istiqamət almasında, milli dəyərlər zəminində bəşəri idealların tərənnümü kimi yüksək yaradıcılıq prinsiplərinə yiyələnməsində İrlandiya milli azadlıq hərəkatının fəallarından biri, inqilabi fəaliyyətinə görə 20 il sürgünlərdə və həbsdə yaşamağa məhkum olmuş Con Olearinin (John O'leary) mühüm təsiri olmuşdur. Belə ki, C.Olearinin məsləhətləri ilə Yeyts irland xalq ədəbiyyatı mövzularının bədii ruhunu, qəhrəmanlarının təbiətini yaradıcılığına gətirir. Janrlarından asılı olmayaraq onun bütün əsərlərində irland həyatının mənəvi mənzərəsi, xalqın təbiəti əks olunmaqdadır.

Oleari ilə söhbətlərindən sonra Yeyts bu qərara gəlir ki, irland xalqının mükəmməl milli ədəbiyyata ehtiyacı var. Yazılarının birində Yeyts etiraf edir: "İlk yazmağa başladığımda oxuduğum əsərlərin təsirinə qapılaraq mövzular üçün ora-bura üz tuturdum və bütün başqa ölkələrə, Arkadiya (Arcadia) və hind eşq romanlarına üstünlük verirdim, amma indi inanıram ki, şeirlərim üçün öz doğma ölkəmdən başqa heç bir ölkədə mənzərə axtarmamalıyam".

Yeyts çoxşaxəli bir yaradıcılığa, mürəkkəb dünyagörüşünə malik çox maraqlı bir şəxsiyyətdir. Onun şəxsiyyəti və yaradıcılığı arasında qırılmaz bir əlaqə var; ədibin yaşadığı müxtəlif məzmunlu hadisələr, insan varlığı və onun sirli tərəfləri ilə bağlı apardığı araşdırmalarından əldə etdiyi nəticələr onun bədii əsərlərindən yan ötməmiş, irland xalqının taleyi, azadlıq hərəkatı mərhələ-mərhələ şairin yaradıcılığında dərin iz buraxmışdır. Bu səbəbdən Yeytsin yaradıcılığı onun həyatının, ruhunun, qəlbinin tərcümanı kimi təzahür etməklə yanaşı, İrlandiyanın tarixi ilə bağlı olduğu üçün tarixi əhəmiyyət də kəsb edir.

Yazarın insan konsepsiyası olduqca maraqlı və özünəməxsusdur. İnsan varlığını daha çox ezoterik düşüncələr istiqamətindən öyrənməyə və şərh etməyə çalışan Yeytsin öz fikirlərini ifadə etmək üsulları və gətirdiyi nümunələr də çox düşündürücüdür. Hələ gənc yaşlarından ezoterizmə dərin maraq göstərən Yeytsin yaradıcılığında bu marağın geniş iz buraxmasında, metafizika ilə bağlı düşüncələrinin dərinləşməsində Corci Hayd Lisin də (Georgie Hyde-Lees) mühüm rolu olduğu söylənir.

Yeyts insanın daxili və xarici aləmləri arasındakı ziddiyyətlərin olması barədə mövzulara ciddi maraq göstərir, məhz bu istiqamətdən araşdırmalar apararaq insanın əsl mahiyyətini öyrənməyə çalışır. Başqa sözlə, Yeytsi real insanla onun öz mənini təqdim etmək üçün seçdiyi iki - daxili və xarici aləmlər arasındakı əlaqələr maraqlandırır. Yeytsə görə, insanın zahiri, əslində, onun gerçək varlığı olmaya bilər; Zahir insanın həqiqi simasını gizlədən bir örtük, yaxud maskadır. Beləcə, Yeyts şəxsiyyətin daxilində ikinci bir simasının olduğunu, bəzən insanların bunu sona qədər nəinki anlamadıqlarını, əsl gerçəklərdən xəbərsiz qaldıqlarını vurğulayır.

Həmin dövrdə insanın etibarsızlığından doğan kədər hissini nəzmə çəkərək, bu pisliklərin haradan və nədən qaynaqlandığına cavab arayan bəzi şairlərə Yeyts özünün "zahir və daxil konsepsiyası" ilə konkret cavab verir. Şairə görə, görünən hər şey hələ həqiqətin özü deyil və aydın olur ki, reallığı yalnız görüntülərdə və təmasda arayan düşüncə tərzi, əslində, yanlışdır. Həyat görünməyən, təması mümkün olmayan gerçəklərlə zəngindir. Bu gerçəkləri dərk edib anlamaq üçün real görünüşə malik, lakin bəzən daha çox saxta xarakter daşıyan zahiri görüntüləri izah etmək qabiliyyəti gərəkdir. Yeyts bu barədə yazır: "Düşünürəm ki, bütün xoşbəxtliklər digər bir həyatın maskası fərz edilən enerjidən, yenidən özü kimi deyil, başqa cür doğulmaqdan asılıdır". Başqa sözlə, U.B.Yeyts insan varlığının ikili təbiətə malik olduğunu, "maska", yaxud örtük altındakı varlığı daha gerçək hesab edir, iç qatdakı əsl gerçəyin təzahürünü də "özü olaraq yox (yəni göründüyü kimi - C.M.), başqa cür doğulmaq" kimi xarakterizə edir.

İnsanla təbiət, kainat, keçmiş arasında bir enerjinin olduğuna inanan şair bu düşüncələrini bütün yaradıcılığında bu və ya digər şəkildə tərənnüm edir. Çox zaman şair xəyal, yuxu (dream) kəlməsindən məhz bu fikirlərini ifadə etmək üçün istifadə edir, real mənada yoxsul olsa da, bu gerçəkləri ifadə edən "yuxularını", "xəyallarını"  əvəzsiz sərvəti hesab edir.

Yeytsin irəli sürdüyü təlim tamamilə yeni bir düşüncə sistemi deyildi, sadəcə, şairin bu ideyalara yanaşma tərzi və baxışı, onu təqdim etmək, səciyyələndirmək,  üsulları və əlavə etdiyi fikirlər sırf özünəməxsus və yeni olduğu üçün son dərəcə maraqlı hadisə kimi qarşılanır. O, ruhun diktəsinə, təlqinlərinə, daha geniş imkanlarına, ruhi aləmdən gələn təsirlərin mövcudluğuna inanır və bütün bunları əsaslandırmağa çalışır. Onun yaradıcılığı xəyal, yaxud xəyalən görmənin (A vision) sirr dolu rəmzləri, "peyğəmbərə xas ruhun ötürdüyü" simvollarla zəngindir.

Yeyts "Sehr" (Magic) adlı yazısında qeyd edir: "Mən bizim sehr adlandırmağa razılaşdığımız təcrübə və fəlsəfəyə inanıram, ruhların çağırılmasına, sirli illüziyaların yaradıcılıq gücünə, gözlər qapalı olanda ağılın dərinliklərindəki həqiqətin təsəvvürlərinə inanıram; mənim fikrimcə, erkən zamanlardan qalmış və bütün sirli (sehrli) təcrübənin təməli olmuş 3 təlimə inanıram. Həmin təlimlər bunlardır:

1. Fikirlərimizin sərhədləri dəyişkəndir, çox fikirlər bir-biri ilə qarışa bilir və bu zaman tək bir ağıl (düşüncə), tək bir enerji yaranır, yaxud ortaya çıxır.

2. Yaddaşımızın sərhədləri dəyişkən olduğundan yaddaşımız böyük yaddaşın bir hissəsidir, Təbiət yaddaşının özüdür.

3. Bu böyük ağıl və yaddaşı simvollar doğura bilir".

O, həyat yoldaşı ilə bərabər "avtomatik yazı" (automatic writing) adlandırdıqları vəziyyəti tədqiq etməyə çalışmışdır. Belə ki, onlar insan əlini və əldəki qələmi ruhi aləmin məlumat ötürmək üçün vasitə və alətləri hesab edir və bunun şüurla dərk olunmadığını bəyan edirlər. "Avtomatik yazı" adlandırdıqları bu parapsixoloji hadisəni uzunmüddətli təcrübələrlə öyrənməyə çalışan Yeyts mövzu ilə bağlı təxminən 4000 səhifəlik qeydlər aparır. Bundan sonra Yeyts həyat və tarix haqqında məşhur nəzəriyyəsini hazırlayır. O, özünün "gyre" (çevrə, mərkəz) adlandırdığı və ən mühüm mövcudluq hesab etdiyi bu mərkəzin hər iki - şəxsi və tarixi təbiətlərdəki ziddiyyətlərin qarışığını təqdim etdiyini düşünür. O, inanırdı ki, insanın sezə bilmədiyi enerjilərlə əlaqələri var ki, bu enerji əlaqələri həm kosmos, həm də keçmişlə insan arasında mövcuddur. Baş verən hər bir şey, hətta ziddiyyət və əksliklər halında olsa belə, daha əvvəl baş verənlərin davamı kimi təzahür edir. O, tarixi dövriyyələr (historical cycles) kimi, həm də 28 günlük Ay dövretməsini nəzərdən keçirərək iddia edir ki, Ay bütövləşənə qədər fiziki varlıq yetişir, tamlaşır və şair bunu "mükəmməl gözəllik" kimi təsvir edir.

Ay dövriyyəsinin yarısında isə Ay yox olub təzələnənə qədər fiziki varlıq tədricən geriləyir, daha sonra dövretmə yenidən başlayır. Eləcə insan da doğumdan yetkinliyə irəliləməklə, ölümə doğru dönməklə bu dövretməni tamamlamış olur; yoxdan var olan insan ölümə, maddi şəkildə yoxluğa doğru yol gedir. Daha sonra Yeyts insanın keçdiyi ömür mərhələləri ilə bağlı xüsusi qeydlər hazırlamışdır.

Həyatın özündə, varlığın mahiyyətində ziddiyyət görən Yeyts əldə etdiyi bilgilər nəticəsində bu ziddiyyətlərdə bir harmoniya olduğunu düşünür. O hesab edir ki, tarix bir çevrə şəklində hərəkət edir və hər iki min ildənbir özündən əvvəlki tarixə zidd yeni bir dövretmə başlayır. Yeytsə görə, bu iki min ilin ərzində min illik keçid nöqtəsində simvolik anlar baş verir və bu tarazlıq anlarında bir sivilizasiya xüsusi üstünlüyə çata bilir; Miladdan əvvəl Afina mədəniyyəti, Miladdan sonra Bizans, eləcə də italyan renessansı buna nümunə ola bilər.

Yeyts təsəvvüfə ciddi maraq göstərmişdir... 1892-ci ildə dostu Con Oleariyə ünvanladığı məktubunda Yeyts yazır: "Etdiyim, düşündüyüm və yazdığım hər şeyin mərkəzində təsəvvüfi həyat dayanır... Bu (yəni təsəvvüf - C.M.), mənim əsərlərimdə eynilə Qodvin fəlsəfəsi ilə Şelli yaradıcılığında olduğu kimi bir əlaqə daşıyır... Mən hər zaman özümü olmasına inandığım daha böyük bir renessansın - ruhun intellektə qarşı üsyanının - dünyada yeni başlanğıcının səsi hesab etmişəm".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!