Həmişə müasir şair... - Vaqif YUSİFLİ yazır

Poeziyanın qəribə, yazılmamış bir qanunu var: o şairlər ki, müəyyən müddət ərzində dəbdə olan mövzularla oxucu kütləsinin rəğbətini əldə edib geniş auditoriya marağını qazanır, hətta dövlət səviyyəsində təqdir olunur - onlar yalnız həmin müddətin, qısa bir zaman kəsiyinin şairi olurlar. Təəssüf ki, bu gün də belə şairlər var. Amma o şairlər ki, "İdrakın zirvəsindən, hissin yanğınlarından keçir", şeirinin yolu "əsrin ahəngi-vəzni"dir, ən böyük mükafatını alqışlardan, gül dəstəsindən deyil, şeirlərinin özündən alır - onların şair tərcümeyi-halı bitib-tükənmir. Əli Kərim bu ikincilərdəndir.

Yaşasaydı - bu il Əli Kərimin 88 yaşı olacaqdı və çox qəribədir ki, mən bu yaşda Əli Kərim adlı qoca bir şair təsəvvür eləmirəm..

Yaşasaydı - bu yaşda Əli Kərim üz-gözü qırışmış, saç-saqqalı ağarmış, yenə utanan, sıxılan, tərifdən qızaran bir şəxs olacaqdı və mən bu şəkildə Əli Kərimi görmək istəməzdim.

Deyə bilmərəm, bu yaşda Əli Kərim yenə gözəl şeirlər yazacaqdımı, poeziyada möcüzələr yaradacaqdımı? Yenə laqeydliyin, biganəliyin, yaşaya-yaşaya unudulmağın pəncəsində sıxılacaqdımı? Təsəvvür eləmirəm...

Görəsən, bu yaşda da Əli Kərim yenə görünməməyə can atacaq, iclaslarda axırıncı cərgədə oturacaqdımı?.. Və güman ki, heç vaxt xalq şairi olmayacaqdı.

Amma bir şey bilirəm ki, Allahın ona bəxş etdiyi bənzərsiz istedadı və Əli Kərim statusunu o, heç vaxt qeyb etməyəcəkdi.

Yaşasaydı əgər... Amma Əli Kərim kimi şairlər bu qədər çox yaşamırlar. Necə ki, Puşkin, Lermontov, Müşfiq kimi şairlər ...

Ölümdən - xəyanət pis,

Ölümdən - rəzalət pis.

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!

Bəli, ölüm Əli Kərimlə zaman, Əli Kərimlə dünya, Əli Kərimlə bizim aramızda bir çox sədləri vurub uçurdu. Zaman Əli Kərimi elə 38 yaşındaca saxladı (Puşkin də bu yaşda dueldə öldürüldü), qocalmağa qoymadı. Dünya Əli Kərimin ölümünə qıydısa, şairin ölməzliyini etiraf etdi. Çünki Əli Kərim O Dünya-Bu Dünya arasındakı mənzilin zamanca sonsuzluğunu isbat edən şairlərdən biridir. Biz isə bu qəfil ölümdən ayıldıq. Və başladıq ondan böyük şair kimi danışmağa. Halbuki, ölümündən neçə il qabaq Əli Kərim cavan yaşda dünyadan getməyin böyük faciə olmadığını etiraf etmişdi:

Bəzən haqq qazanır insan öləndə,

Hətta unudulur ağır günahı.

Hamıya dərd olur "cavan getməyi",

"Olduqca az görüb, az yaşamağı".

Deyirlər: "Bilsəydik, ayıq olardıq,

Onu qoyardıqmı heç gözdən iraq?

Hər bir dərdinə də çarə qılardıq,

Nə bilək, o belə az yaşayacaq?".

Eh, bu gün nə qədər xəyala daldım,

Eh, qəlbim nə qədər alışdı, dindi.

Sən mənim qədrimi biləsən deyə,

Bu cavan yaşımda ölümmü indi?!

Altmışıncı illər hələ başa çatmamış Əli Kərim dünyasını dəyişdi. Onun qeyri-adi poetik istedadını ilk dəfə böyük şairimiz Rəsul Rza duymuşdu. Əli Kərim sağ ikən o, ədəbi gəncliyin axtarışları ilə bağlı bir sıra məqalələrində onun şeirlərindən söz açmış, bu şeirləri haqsız yerə tənqid edən həmkarlarına və tənqidçilərə tutarlı cavablar vermişdi. R.Rza Əli Kərimin ölümündən sonra da ona məqalələr həsr etdi və o məqalələrin birində yazmışdı: "Mən Əli Kərim haqqında danışanda keçmiş zaman formasına müraciət eləmək istəmirəm. Çünki o, canlı şair kimi, insan kimi bu gün də yaşayır. Əgər şairin yaşamağı, varlığı onun sənəti ilə, onun əsərləri ilə ölçülürsə, onunla müəyyən olunursa, deməli, Əli vəfat eləməmişdir. Əli sağdır. Əli bu gün də bizim sıramızdadır".

"Deyə bildiklərinin, demək istədiklərinin az-çox az bir hissəsini" (R.Rza) deyə bilən Əli Kərim öz qısa yaradıcılığı ilə poeziya tarixində mənalı bir səhifə açdı. Bu səhifədə orijinal, intellektual bir şairin poetik dünyası əks olunmuşdur. Vəfatından keçən 50 il ərzində Əli Kərim poeziyasından çox söz açıblar, hətta sağlığında az qala onu ittiham edənlər də Əli Kərimin böyük şair olduğunu etiraf ediblər.

Dahi Belinski məqalələrinin birində yazırdı ki: "Hər bir poetik əsər şairin bütün varlığına hakim kəsilən qüdrətli fikrin məhsuludur. Əgər biz belə hesab etsəydik ki, bu fikir şairin ancaq əqli fəaliyyətinin nəticəsidir, bununla biz təkcə incəsənəti deyil, həmçinin incəsənətin mövcud ola bilməsi imkanını da məhv etmiş olardıq. Təbiətinə görə şair olmayan adamın uydurduğu fikir dərin, həqiqi, hətta müqəddəs də olsa, fərqi yoxdur, onun əsəri yenə də cüzi yalan, saxta, eybəcər və cansız çıxacaq, heç kəsi inandırmayacaq, ifadə etdiyi fikrin bütün düzgünlüyünə baxmayaraq, hər kəsi məyus edəcəkdir!".

Əli Kərimi də bir şair kimi səjiyyələndirən məhz poetik fikir idi. O, heç bir şeirində zorla fikir quraşdırmamış, həmişə fikrin özü onu səfərbər etmişdir. Bir zamanlar "intellektual poeziya" anlayışı ədəbi mübahisələrdə tez-tez işlədilirdi və bəzən bunu ancaq şeirdə dərin fikir söyləmək dərəcəsinə qədər məhdudlaşdırırdılar, yəni belə çıxırdı ki, şeir ancaq fikir naminə yazılmalıdır. Ancaq şeirdəki fikrin mahiyyəti məsələsinə gəldikdə burada bir həqiqət unudulurdu-mücərrəd ideya ilə poetik ideya tamam başqa-başqa şeylərdir. Belinski demişkən, birincisi ağlın məhsuludur, ikincisi isə məhəbbətin, ehtirasın, ürəyin. Yəni ağlın gücü, qüvvəsi ilə nəsə bir fikir quraşdıra bilirsən, lakin bu fikir ehtirasla, məhəbbətlə aşılanmalıdır. Fikrin poetikliyi də, obrazlılığı da belə yaranır:

Baxdım,

bulağa baxdım.

O, yox idi elə bil.

Görünmürdü havatək.

(Bəlkə elə su deyil!).

O, duruydu,

O, safdı.

Ən ülvi bir arzutək.

Özü görünmürdü ki,

Dibindəki,

            rəngarəng

                        əfsanəni tez görək.

Bu şeir müəyyən mənada Əli Kərim poeziyasını səciyyələndirə bilər. Doğrudan da, onun poeziyası duru, saf bir bulaqdı ki, dibi də, görə bilmədiyimiz dərinliyi də poetik bir nağıldı, əfsanədi.

Mən Füzulini çox sevirəm. Neçə illərdir ha istəyirəm bu sevgimi bir yazıda ifadə edim. Bacarmıram. Böyük poeziya qarşısında sən ancaq heyrət etməli və susmalısan. "Heyrət ey büt, surətin gördükdə lal eylər məni" - Füzuli. Eyni hissi mən Əli Kərimin poeziyası qarşısında da keçirirəm. Əli Kərim poeziyası da Füzuli poeziyası kimi möcüzələrlə doludur. Əli Kərim də sözü mərtəbəyə mindirməkdə, ona dirilik bəxş eləməkdə dahi Füzulinin ən layiqli şagirdlərindən biri idi.

Həsrətin araya atdı dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt, bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun!

 

Qayıt, yerinə qoy Ayı, Günəşi-

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı!

Əli Kərimin "Qayıt" şeirini bütün zamanlar üçün ən gözəl sevgi şeirlərindən biri hesab etmək olar. İnsan istəyini, sevginin müqəddəs hiss olduğunu bu qədər poetik, bu qədər şairanə ifadə eləmək... möcüzə deyilmi?

Füzuli haqqında şeirin birinci misrası:

Dünya səni qocaltdı, yaşıdın olsun deyə.

Nə qədər obrazlı deyim. Füzuli öz müdrikliyi, əbədiliyi ilə dünyadan da qocaymış. Bunu ancaq böyük söz ustası Əli Kərim deyə bilərdi...

Fikrimcə, Əli Kərim şeiri XX əsr Azərbaycan poeziyasında sözün dirilməsi, ehya olunması, sözün roeziyaya çevrilməsi kimi böyük bir missiyanı həyata keçirdi. Sovet poeziyası Sözün gizlinlərdə qalan potensialının tam qüvvətlə üzə çıxmasına böyük maneə yaradırdı. Səməd Vurğunun və digər ustad şairlərimizin poetik hünəri sayəsində şeir lisanımız xəlqiləşdi, amma etiraf edək ki, dilimizin bədii təsvir arsenalı, obrazlar, metaforalar, məcazlar qatı tam açılmadı. "Bu dildə varlığın hər sədası var" - bu Əli Kərimin misrasıdır və həmin misra - dərk olunmuş zərurət tam reallığı ilə ilk dəfə Əli Kərim poeziyasında öz bəhrəsini verdi.

O zaman -

deyəsən, vaxt qovuşanda

Şeirlə musiqi bir ucalırdı.

Bütün könüllərin sifarişilə

Damcılı bulaqda Habil çalırdı.

 

Elə bil köksündən çəkib çıxarır

Titrək kəmanəni bir xəncər kimi.

Qanı, kəlamı

Töküb titrədirdi hər gümüş simi.

Sözlü ürəyinə əyib başını,

Hər bir adiliyə yumub gözünü

Çalır,

yırğalanır səs dəryasında.

O çalmır elə bil...

Unutmuş bizi,

Dərin bir yuxuya yuvarlanıbdır.

Hansı əsrdəsə ilişib qalıb,

Neçə əsrdir ki, xumarlanıbdır.

Mahir kaman ustası Habil Əliyevə həsr olunmuş bu şeir sözlərin, söz birləşmələrinin, misraların necə ahəngdar bir şəkildə birləşib poetik vəhdət yaratmasının əyani sübutudur. Hələlik şeirin yalnız ilk üç bəndini təqdim elədik, amma bu üç bənddə elə buradaca bitə, sona vara biləcək bir tamlıq var. Şair həm Habilin zahiri görünüşündə üzə çıxan daxili dünyasını əks etdirir, həm də əsrləri dilə gətirir. Habil həm bu dünyanın - bu əsrin adamıdır, həm də ötən əsrlərin. Davam edək:

Əli kəmanədir,

kəmanə-əli.

Çalır kamançanı

Kəmanə özü.

Gözümdə ilk məna dəyişir,

dönür,

Dünya düşəcəkmi sahmana özü?

Elə bil unudub "Segah"ı Habil,

Qırılsa musiqi o neyləyəcək?

Habil ilan dili çıxarır, nədir,

Arzu qızmarında ilantutantək.

 

Ürəyi çırpınır barmaqlarında,

Onlardan tökülür simlərə nəbzi.

Özü də bilmir ki, çalır

ya çalmır;

Nə dünyanı görür Habil,

nə bizi.

Bu üç bənddə isə Habil kamanının sehri canlandırılır. Habilin kamana, kamanın Habilə çevrilməsi "prosesi" sözlərin yaratdığı çoxçalarlı məcazların bir-birini əvəz etməsində üzə çıxır. Misralar arasından Habil kamanının yanıqlı səsini də eşidirsən.

Əli Kərimin bənzərsiz şair istedadı onun ənənəvi mövzulara münasibətində, daha doğrusu, bu mövzulara orijinal şair deyimlərini qatmasında da nəzərə çarpır. Təsəvvür edin, minillik Azərbaycan poeziyasında Ana mövzusuna müraciət etməyən bir şair tapılmaz. Ancaq Ana haqqında yazılan şeirlərin çox böyük bir hissəsi unudulmuşdur. Əli Kərim isə deyilənləri təkrar etməmiş, poeziyada öz ana obrazını yaratmağa müvəffəq olmuşdur. Budur, onun üç bəndlik "Ana" şeiri:

Demirəm göy kimi ucadır adın,

Yox, yox, alçalmasın söhbətin, sözün.

Sən ki, yaranışdan oxşar olmadın,

Ancaq özün kimi böyükdür özün.

 

Əyilib alnından öpəndə hərdən,

Könül dodağıma bir də öp, - deyir.

Ağarmış saçına əl vuranda mən

Əlim Şah dağının başına dəyir.

Bu şeir 1952-ci ildə qələmə alınıb və əgər həmin ildə ana mövzusunda yazılan əksər şeirləri nəzərdən keçirsək, doğrudan da, Əli Kərimin bu mövzuda bir kimsəyə bənzəmədiyinin şahidi olarıq. Xatırlayaq ki, Əli Kərimin 1954-cü ildə yazdığı "Qaytar ana borcunu" şeiri ənənəvi poeziyada təzə söz demək, oxucuda təzə hiss, duyğu, emosional əhval-ruhiyyə yaratmaq və şeirin böyük auditoriya qazanmaq imkanına malik olması baxımından misilsiz bir nümunə idi. Deyim ki, onun "Atamın xatirəsi" adlı şeiri də Azərbaycan poeziyasında Ataya həsr olunan ən gözəl şeirlərdən biridir.

Əli Kərimdən söz açan əksər tədqiqatçılar onu "assosiativ poetik təfəkkürə" malik şair kimi səciyyələndirmişlər. Assosiativ şeirdə bədii təsvir vasitələri-təşbihlər, istiarələr qəfil və gözlənilməz mahiyyəti, səciyyəsi ilə seçilir. Obrazlılıq, sözün poetik incəliyi assosiativ şeirdə ən önəmli xüsusiyyətdir. Ə.Kərim dünya ədəbiyyatında gedən prosesləri izləyirdi, o, şeirin zamana görə dəyişməsini, yeni mənalar kəsb etməsini çox yaxşı bilirdi və "İntellekt və poeziya" adlı bir yazısında deyirdi: "İndiki mürəkkəb bir dövrdə hər şair, xüsusən, ədəbiyyata mübarək qədəmlər atan şair çox çətin problemlər qarşısında qalır. Bunu lazımınca dərk edənlər, gələcəkdən də o yana bir gələcək görür, arxasındakı zəngin keçmişi də götürüb irəli gedə bilir. Enşteynin bir sözü məni həmişə heyrətləndirir və ruhlandırır. Sual veriləndə ki, bu elmi zirvəyə çatmaq üçün sənə kim daha çox kömək etmişdir, o deyib: Dostoyevski. Qəribədir, alim yox, yazıçı. ..Nisbilik nəzəriyyəsinin kəşfi zamanı alimə təsir eləyən böyük Dostoyevski psixologizmindəki ruhi "zəncir reaksiyası", kompozisiya paralelləri və polifoniya olub. Elm təkcə formulalar cəngəlliyi, şeir-qafiyələr, rədiflər, bəndlər, beytlər yığnağı deyil. Bu cür şeiri əlifbanı bilən hər adam yaza bilər. İztirabdan, narahatlıqdan yoğrulmuş şeir başqa şeydir!". Budur, Nəsiminin ölümünə, daha doğrusu, ölməzliyinə həsr olunmuş "Şəhidliyin zirvəsi" şeiri:

Altı yüz ildir idrak

çırpınır pələng kimi.

Nərə çəkir,

ağlayır,

tapa bilmir ki,

bilmir -

o bir sirri-Xudanı.

Sirri-Xuda Tanrıdır, gözəgörünməz İlahidir. Bunu həm adi mənada, həm də daha geniş mənada anladıqda insan idrakının Sirri-Xudaya - onun möcüzələrinə, sirlərinə gücü yetmədiyi, izah edə bilmədiyi anlamı yaranır. Yəni Allah insanı xəlq edir, ancaq hər insanın özü də bir sirdir, möcüzədir. Ancaq Yaradılan onu Yaradana - Sirri-Xudaya oxşayır. Necə ola bilər ki:

Təpədən dırnağadək

soyalar bir adamı;

Necə ola dinməsin,

Böyük əqidəsindən

Bir misralıq enməsin.

Gözündən bir nöqtə yaş

sinəsinə düşməsin.

Qaşları çatılmasın

bir xırda vergül qədər.

Diri-diri soyulsun,

əqidədən keçməsin.

Altı yüz ildir bəşər

ağrılardan inildər.

Altı yüz ildir bəşər

düşünər,

çatmaz yenə

Məşəqqətli ölümün

Nəsimi zirvəsinə.

Əli Kərim modernist şair idimi? Bəli! O, mümkün qədər şeirdə artıq şablonlaşmış ifadə vasitələrindən, çeynənmiş söz biçimlərindən imtina edirdi, amma elə ənənəvi şeirin özündə yeniliklər icad edirdi. Çünki:

XX əsr!

Dağ,

Dağ boyda bir kəlmədir...

Onun yamacına mən

dirsəklənib düşündüm...

Başıma ulduz yağan

qalaktikaya döndüm.

Gördüm ki, azalıbdır

məsafələr minə bir.

Gördüm ki, şeirin vəzni

daha meridian deyil,

Nə də axıcılığı

təyyarə sürətidir.

Bu misralar o zamankı modernist ruhlu gənc Azərbaycan şairlərinin manifesti kimi səslənirdi.

Əli Kərim öz zamanında da müasir şair idi, indi də müasir şair olaraq qalır, gələcəkdə də belə olacaq, çünki şeir hansı dövrdə yazıldığından asılı olmayaraq həmişə öz bədii-estetik təravətini və səviyyəsini, mükəmməlliyini qoruyub saxlamalıdır. Zaman, dövr, mühit dəyişə də bilər, cəmiyyətdə yeni sosial münasibətlər yarana bilər, amma şeir öz yaşarılığını qorumalıdır və bu mənada Əli Kərimi bütün sonrakı zamanlar üçün yaşadan şeirlər çoxdur.

Sevdiyim şairlərdən biri - Ramiz Rövşən deyir ki: "Əli çox böyük istedad idi. Əlinin qədrini mühit də bilmədi. Şair özünü qorumağı bacarmalıdır. Şair gərək həyatını elə qursun ki, hər şey onun sənətinə qulluq eləsin. Əli daxilən çox tənha bir insan idi. Son 50 il ərzində mənə elə gəlir ki, Azərbaycan poeziyasında Əli Kərimdən böyük itki olmayıb".

Amma Əli Kərim öz qısa ömrüylə Azərbaycan poeziyasında bir tarix yazdı, sözün Əli Kərim zirvəsini yaratdı. Böyük şairimiz Bəxtiyar Vahabzadənin bu sözlərilə yazını bitirək: "Əli Kərimin şair ömrü onun ölümündən sonra başlanır, o, həm də gələcək zamanların şairidir".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!