2018-ci il: ədəbi tənqid refleksləri... - Müxbir üzvün qeydləri - Tehran ƏLİŞANOĞLU yazır

 

Çox hörmətli xalq yazıçısı və tənqidçi Elçin 27 fevral 2019-cu il tarixində AYB-nin Natəvan zalında ədəbi tənqidə dair "Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?" vurğusu altda məruzə ilə çıxış etdi. Məruzə üç məqalə şəklində "525-ci qəzet" və "Ədəbiyyat qəzeti"ndə (2, 8, 16 mart 2019) çap olundu və rəsmi ədəbi dairə və instansiyaları həmişəki təki bir yel olub silkədi. Bugünlərdə məruzə kitab şəklində də (Bakı, "Təhsil", 2019) çıxdı. Zira Elçinin zaman-zaman "tənqidi tənqid" çıxışlarının başlıca önəmi də bu: hər vaxt bizi "ol uyqudan bidar" etmədə... Elçin bu dəfə də tənqidçiləri ətalətdə qınayırdı və Sözə, Ədəbiyyata münasibətdə ədalətə çağırırdı. Zira məsuliyyətimizi janrın boynuna atmayaq!

Əslində, heç atmaq imkanımız da yox… Əgərçi bir az metafizikasına dalsaq, Elçinin özünün də daim "bidar" bu qəbil çıxışları daxil olmaqla, belə görünür ki: bizdə "tənqiddən şikayət" bir növ onun (janrın) yaşama və hərəkət düsturuna çevrilmiş. Məsələn, "Tənqid.net"in 2016-2017-ci illəri əhatə edən 2018-ci ildə çapdan çıxmış 12-ci sayından belə bir passaj: "Belə. Onlar tənqidə yox dedi. Amma biz vardıq: v.yusifli, c.yusifli, bir də mən... Onlar tənqidə yox dedi. Biz bir az da çoxaldıq: v.yusifli, c.yusifli, ə.cahangir... bir də mən. Onlar tənqidə yox dedi. Biz yenə də vardıq: v.yusifli, c.yusifli, ə.cahangir, b.əlibəyli, nər.cabbarlı... və mən. Onlar tənqidə yenə yox deyir... R.kamal: "Azərbaycanda şairlər nə qədər desən, tənqidçi istedadı isə tək-təkdir..." v.yusifli, c.yusifli, e.akimova, nər. cabbarlı, i.musayeva... bir də mən".

Etiraf edim: Elçinin ədəbi tənqidimizin son 30 illik mənzərəsinə "bir nəzər" yetirən məruzəsində (ikinci adı belədir: "Tənqidimiz və ədəbi prosesimiz ətrafında bir neçə söz") müəyyən qədər kədər notları da duydum; nədən ki, nədən biz hələ də, hələ də ədəbi-tənqidi gəlişmədə sosrealizmin alternativini yarada bilməmişik, deyək ki, Vissarion Belinskidən Rolan Barta adlayammamışıq... (Məruzədən: "...bu gün Belinski kimi yazmaq olmaz - fikri zaman faktorunun vacibliyindən, hətta mən deyərdim ki, mütləqliyindən doğur və bu, elə həqiqətdir ki, mübahisəyə yer yoxdur...") Amma insafən, oxucuların diqqətinə çatdırmağa hazırlaşdığım, haman o 30 ilin lap son - 2018-ci il ədəbi yekunlarına dair məqaləmdə mən həmin bu kədər ovqatını heç vəch bölüşə bilməyəcəm; açığı, müstəqillik havasının ağzına alıb gen-bol gətirdiyi hər növ "tənqid refleksləri" bu fürsəti mənə vermir...

Aydındır ki, məruzədə Elçinin tam obyektiv "qınağı" (və kədəri!) məhz bu "gen-bolluq" stixiyası içərisində Ön mövqenin, ədəbi tənqidin Öncül platformasının görünməməsi, bilinməməsi, sərgilənməməsi səbəbinədir. Necə ki, bir zamanlar 60-cıların estetik platforması Ön mövqedən sosrealizmi yenirdi, 70-80-ci illərin modernist müstəviləri hər gün bir yeni Ön mövqe nümayiş etdirirdi... Ön mövqe narahatlığı 1990-cı illərin olduqca nigaran "müstəqilliyə keçid" əhvali-ruhiyyəsində də qorunub- saxlanırdı (təkcə elə Elçinin "Ədəbi proses: olum və ya ölüm" silsiləsini yada gətirmək bəsdir) və hətta 2000-ci illərin əvvəllərinin təklif etdiyi kəskin mövqe savaşlarında da təslim olmaq istəmirdi (bircə elə Elçinin "ədəbiyyatda lümpenləşmə"yə qarşı "Vaysman xəstəliyi" silsiləsini anmaq kifayətdir)...

Sual olunur. Bu gün kimdir öz tənqidçi imicini, "tənqid platforması"nı məhz ədəbi prosesin (oxu: Ədəbiyyatın!) Ön cəbhəsi, Ön mövqeləri, Ön manifestləri, Ön tələbləri iddiası-sevdası-həvəsi... cidd-cəhdi ilə quran, yeridən, ardıcıl gəlişdirən?

Bəlkə bir az bunu "Ədəbiyyat qəzeti"nin baş tənqid yazarı Elnarə Akimova haqqında söyləmək olar. Ötən il ərzində moderatorluğu ilə ədəbiyyatın müxtəlif problemlərinə dair "dəyirmi masa"ların təşkili ("Repressiya: gizlin və gerçəkləri ilə" - 20, 27 yanvar 2018; "Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə" 17, 24 fevral 2018 və s.), diskursiv hekayə axtarıcılığı, uğurlu nəsr və poeziya nümunələrini ardıcıl təfsir və təhlili, müxtəlif gündəm mövzularını aktuallaşdırması və günün təklif etdiyi ən müxtəlif müsabiqələrdə irəli çəkilmiş ekspert mövqeyi...  Doğrudur, bəzən Elnarə xanımın intensiv tənqid fəaliyyətində gündəlik qəzetçilikdən gələn bir "peşə avtomatizmi", normativ ritual notları da yox deyildir, amma tənqidçinin ədəbiyyatımızın son yarım əsrlik estetik təcrübəsindən çıxış edərək, ədəbi prosesi ardıcıl gəlişdirmək əzmi də danılmazdır... Bu belə.

Bir az da bu mövqeni bəlkə tənqidçi Nərgiz Cabbarlının "Azərbaycan" jurnalında dürüst, səliqəli, gündəm vurğuları yerli-yerində ədəbi müsahibələri ("Ölkədə kitabları ən çox satılan üç yazıçıdan biri - yazıçı Varislə", "Azərbaycan", № 9, 2018; "Çalışmaq və irəliyə ümidlə baxmaq - akademik İsa Həbibbəyli ilə", "Azərbaycan", № 10, 2018 və s.) və roman əndişələrində ("Müasir roman: həqiqətdən simvolikaya", "Azərbaycan", № 6, 2018) görə bilərik. Nərgiz Cabbarlı tənqidində məxsusi fərqli mövqe iddiasında olmasa da, son onillər ədəbi prosesinin sorumlusu, sıra "Yeni nəsil ədəbiyyatı" kitablarının müəllifi kimi, şəksiz ki, göz qabağında, üzərinə düşən məsuliyyət və borc duyğusu ilə daim Ön sıralarda səriştə nümayiş etdirir... Bu da belə. 

Tənqidçi İradə Musayevanın bir zaman əvvəl mentor ədası ilə bütünlükdə çağdaş ədəbiyyatımıza dərs vermək həvavü həvəsi ötən il xeyli səngidisə də (görünür ki, Elçinin "525-ci" və "Ədəbiyyat qəzeti"ndə "Söz azadlığı tənqidimizə nə verib?" silsilə tənqidi təsir və təpkisini göstərmiş- bax: Tənqid.net, № 12, 2016/2017), tənqidçinin "böyük ədəbiyyat" cəfakeşliyi ilə Ön cəbhə açmaq ehtirasları, şəksiz ki, nəzərdən qaçmadı. İradə Musayeva "böyük pərişanlıq"dan sonrakı (yada gətirək Elçinə cavab məktubunu) depression enerjisini, əvvəlki gücdə olmasa da, ötən il daha çox ədəbiyyatın sosial şəbəkə "qara sevdalıları" ilə bölüşdü, paylaşdı...

Və bir də Elçinin, məruzəsində əvvəldən-axıra polemika etdiyi Əsəd Cahangirin "alilər xaki-məzəllətdə...", ədəbiyyatda durmadan "böyük hadisələr" araçılığını yapan başdan-başa "polemik cığallıqlar" tənqidi... Gərək ki, vəssalam.

Bütün bu cidd-cəhdləri, tənqidçi Elçinin özünün də janrın məsuliyyətinə çağıran usanmaz çabaları daxil, alqışlamalıyıq, əlbəttə. Amma bir daha, bir daha Elçin "kədəri"nə hali olaraq ki, hazırda ədəbi prosesdə Ön dəyər axtarışları (Belinski mövqeyi) çox da səmərə vermir...

Yeri gəlmişkən, bu sıradan Vaqif Yusifli tənqidinin "Belinski statusu" barədə polemikada mən də Elçinin tərəfindəyəm ki: tənqidçinin məhsuldar fəaliyyətində "Belinskinin ədəbiyyat təəssübkeşliyi, Belinski səriştəsi, Belinski zövqü və intuisiyası dəyişməzdir" bəlkə də; ötən il 70 yaşını bayram etmiş Vaqif Yusifli həmişə olduğu kimi, yenə də "Belinski kimi öz ədəbiyyatına xidmət etmək, onu qaldırmaq" səylərini qətiyyən səngitmir (təkcə elə il ərzində "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə, "Ədalət"də, "Azərbaycan" və "Ulduz" jurnallarında tənqidin gündəlik Sizif əzabını çəkməsini göstərmək bəs edir). Amma deməzdim ki, bir zamanlar 1970-1980-ci illərdə və hətta 1990-2000-ci illərdə olduğu təki tənqidçinin "belinskiçilik" şövqü, ədəbi tənqiddə Ön mövqe iddiası və israrları eynən dəyişməz qalır; əksinə, indi prosesdə "belinskiçilik" iştahında olanlar daha çox onu bu "mərəz"də suçlayanlardır. Vaqif Yusifli tənqidçi ömrünün müdrik çağlarını yaşayır və o işləri görür, o yazıları yazır ki, ədəbiyyatımızda ondan özgəsi, istəsə də indən belə o əlçatmaz yerlərə gedib çatammayasıdır. Vaqif Yusiflinin son illərdə qələmə aldığı "Ədəbi əyalət" sırasından yazılar və ayrıca kitabları ("Bölgələrdə ədəbi həyat", Bakı, 2017; "Şabranda ədəbi həyat", Bakı, 2019); məxsusən ötən il "Köhnə kişilər" silsiləsindən Əkrəm Cəfər, Qulam Məmmədli, İmamverdi Əbilov, Məmməd Cəfər, Qılman İlkin, Ənvər Məmmədxanlı, Əli Səbri və s. "uzaqlar"a işıq salan portret-oçerkləri təkrarsız mətnlərdir. Bu ki, Vaqif Yusifli özü də indi tənqidimizdə "köhnə kişilər"dən sayılır...   

"Tənqid.net"in 12-ci sayından daha bir passaj yerinə düşür: "Belə. Tənqiddə hər aşiqin öz dövranı. Son sovet, milli varlığın restavrasiyası dövrü  - n.cəfərov; müstəqilliyə keçid dövrü - t.mustafayi; əsrin əvvəlləri qarışıqlıq dövrü - ə.cahangir; sonrakı diletantizm dövrü - c.yusifli... Bütün dövrlər - v.yusifli. Və Azər-turançılıq - R.kamal və "qadın tənqidi". Perpetium-mobile..." Bəzi həmkarlarımın yanlış yozumlarına rəğmən, hədəfimdə zəmanənin sürəkli dəyişkənliyidir. Belə ki, Belinski statusunda, ya Rolan Bart tərzində tənqidin ədəbi prosesdə klassik yeri, funksiyası: seçmə-ayırma, mühakimə yolu ilə ədəbi faktları, hadisələri, əsərləri, ümumən ədəbiyyatı dəyərləndirmə missiyası dəyişmir; intəhası həssas olarsaq, müstəqilliyimizin otuz ili ərzində ədəbi prosesin özünün strukturu, necə deyərlər, poetikası dəyişmiş. Ədəbiyyatda, ədəbi prosesdə olduğu kimi, tənqiddə də Öndən Mərkəzə doğru bir sürüşmə baş vermiş; ədəbi tənqid missiyasını Ön dəyər axtarıcılığından (haradasa oralarda, "olmadığımız yerlər"də) daha çox Mətnin (Ədəbiyyatın) dərinliklərinə - "sirr axtarıcılığı"na yönəltmiş...

***

Biz də (yerimizi) dəyişək. Ötən ilin "ədəbi proses və tənqid" müstəvisini ən çox işğal edən imzalardan Kamal Abdullanın, Nizami Cəfərovun, Cavanşir Yusiflinin, Rüstəm Kamalın, Məti Osmanoğlunun, Azər Turanın baxış bucaqlarını sürəkli gördük, izlədik, ədəbiyyatımıza təsir imkanlarının şahidi olduq...

Bir zamanlar Asif Əfəndiyev tənqidinin küncə sıxışdırıldığından bəri bizdə esselər sanki əlahiddə, ədəbi-tənqidi prosesə "əlavə", "haşiyə" olaraq alt-yaddaşa ötürülmüşdü; amma Kamal Abdullanın otuz il ərzində, habelə 2018-də bir daha intensivləşmiş "Əvvəl-axır yazılanlar"ının, bir anlıq düşünsək, ədəbiyyatımıza baxış tərzi və oxucu zövqünü nə qədər dəyişdiyinin fərqindəyikmi?! Qərb dəyərlərinə mükəmməl bələd olan ədib, amma "tənqid məxrəci"ni XVIII əsrdən, şərqli Hacı Mir Həsən Ağanın "sirrlər kitabı"ndan quraraq, ədəbiyyatımızı uğurla modern üfüqlərə daşımaqda... "Hacı Mir Həsən ağa Səyyah. Sirlərin sərgüzəşti. Hicri 1056. V risalə. Payız fəsli... Bu yazı tərzi Hacı Mir Həsən ağaya xas cəhətdir. Digər əsərlərində də o, bu tərzdən yer-yer istifadə edib. Müəllif, sanki müxtəlif dəyişmələr vasitəsilə mahiyyəti daha dərindən görmək istəyir və beyninin bütün qırışlarını işə salır. Amma nəyə nail olur - bilinmir. Mahiyyət yenə də və əbədiyyən dəyişməz qalır..." ("Ədəbiyyat qəzeti", 8 mart 2019-cu il)    

Nizami Cəfərov çox yazır, çox şeydən yazır; dildən, dindən, türkologiyadan, milli şüurdan, aristokratiyadan, etnoqrafiyadan, o cümlədən yeri düşdükcə günün ədəbiyyatından; ötən il akademikin həm də əzəlki illər tənqidini ehtiva edən "Ədəbiyyat söhbətləri" (Bakı, "Elm və təhsil", 2018) çap olundu. Nizami Cəfərovun tənqidinin "məxrəc"i ədəbiyyatın içində(n) deyil ki, daha geniş məcrada türk, islam, Şərq, Qərb dəyərlərini həzm etmiş, özündə qapsamış milli mədəniyyətin, ideologiyanın, Azərbaycançılıq məfkurəsinin bətnində(n) qurulmuş, otuz ildir usanmadan, habelə ötən ilin yazılarında ədəbiyyatı da bu çətir altına daşıyır, geniş oxucu auditoriyalarının malı edir. "... yox, tamamilə başqa Tanrı - Türk Tanrısıdır ki, onun ən azı I minilliyin ortalarından (ən çoxu isə e. ə. III minillikdən) gələn konkret etnoqrafik tarixi var. Və bununla belə, türklərin dünyanın müxtəlif dinlərinə (və İnsanın Tanrı axtarışlarına) ehtiramının təzahürüdür ki, həm Azərbaycan dilində, həm də Azərbaycan poeziyasının dilində Tanrı tək deyil, Tanrı-Təla var, Allah var, İlahi var, Haqq var, Xuda var, Pərvərdigar var, Yaradan var... Yaradana etiqad var, yaradılana hörmət var..." ("Şairin Tanrı sevdaları" məqaləsindən, "Ədəbiyyat qəzeti", 28 aprel 2018)

Cavanşir Yusiflinin ötən il 60 yaşı tamam oldu; "Ədəbiyyat qəzeti"ndə Elnarə Akimovanın layiqi yubiley yazısından bir passajı sitat gətirmək istəyirəm: "90-cı illərin dəyişən tarix və zaman keçidində dəyərlərin qorunmasında, ədəbi tənqidin formalaşmasında, onun yeni düşüncə vüsəti ilə dolğunluq qazanmasında Cavanşir Yusiflinin xidməti böyükdür. O zaman sovet xərabələri altından dikələn yeni dövr tənqidi üçün bu təhlillər qeyri-standart, klişelərdən arınmış səciyyə kəsb edirdi. Günün tənqidi içindən baxanda onlar qəribə, özgə və yad idi, amma bu çağımızdan baxanda aktuallığı və orijinallığı göz önündədir. Avropa elmi-nəzəri düşüncəsinin hərəkət trayektoriyasının, estetik müəyyənliyinin yeni dövr tənqidimizin idrak və təhlil müstəvisinə gətirilməsində Cavanşir Yusifli mətnləri miqyaslı missiya daşıyıcısıdır..." ("Ədəbiyyat qəzeti", 29 sentyabr 2018) Belə ki, hazırda Cavanşir Yusifli ədəbiyyata xidmət və tənqidçi ömrünün zirvəsini yaşayır; ötən il təkcə elə "Ədəbiyyat qəzeti"nin az qala hər sayında yazıları getmiş. Məxsusən, "Formanın müqəddəs sirri" nəzəri-tənqidi silsiləsi, əslində, elə tənqidçinin digər yazılarını da içinə alır. Yazılarında "tənqid məxrəci"ni Cavanşir Yusifli oxucuya özü, aşkar təklif edir; bu, hər bir mətnin içində gizlənən hər hansı nəzəri başlanğıcdır, həmin mətnyaradıcı "nəzəriyyə nöqtəsi"ndən predmeti "sökə-sökə" tənqidçi bacardıqca oxucuya, oxucu içinə açılmağa yönəlir; zira nəzəriyyəsiz oxucu ilə təmas qayətdə bietibar olar. Cavanşir Yusiflinin söykəndiyi, şəksiz, modern Qərb nəzəri fikridir, amma ustalıqla həmin arsenalı milli ədəbiyyatın təhlili metodologiyasına çevirə bilir. Bu baxımdan ədəbiyyat tariximizdə Qasım bəy Zakirin yerinə işıq salan "Formanın müqəddəs sirri: ayrılan yollar" ("Ədəbiyyat qəzeti", 15 dekabr 2018), yaxud Məmməd Araz şeirinin poetikasını açan "Şeirdə şahmat oyunu"  ("Ədəbiyyat qəzeti", 13 oktyabr 2018) məqalələri, mənimcə, tənqid klassikamıza yozulası yazılardır. C.Yusifli haqlıdır: "Kəskin çevrilmə anında ədəbiyyatın "özünüqoruma refleksi" işə düşür. Çevrilmə anında yaddaş itmir, əksinə, daha dərinləri fəhm etmək naminə mötərizə arasına alınır, dövrün, zəmanənin aparıcı ideyasını, daxili refleksiyasını fərqli biçimlərdə ifadə edir. Bu istiqamətin tam şəkildə aparıcılığını təmin etmək üçün qopub ayrıldığı ənənəyə münasibətdə "düşmənçilik işarəsi" boy atıb cücərir..."

Tənqidçi qələmini XX yüzilin modern nəzəriyyələrinə kökləyən imza sahiblərindən biri də Məti Osmanoğludur. 2018-də Məti Osmanoğlunun da 60 yaşı tamam oldu və ədəbiyyatşünas-tənqidçi yubiley yaşını çox gözəl, gərəkli kitablarla - Platondan Yaşar Qarayevəcən seçmə mətnlər çevirdiyi və təqdim etdiyi "Ədəbiyyat nəzəriyyəsi. Müntəxabat" (Bakı, "Kitab klubu", 2018), "ədəbi fraqmentlər"dən ibarət "Sözün o üzündə" məqalələr toplusu (Bakı, "Kitab klubu", 2018) və lap bugünlərdə çıxmış S.Vurğun, Y.Səmədoğlu və V.Səmədoğluya həsr olunmuş "Ocaq yeri" kitabları ilə qutladı. Nəzəriyyə kitabları barəsində xoş sözləri mütəxəssislərə tapşırıb, deməliyəm ki, həmin platformalar tənqidçiyə ilk növbədə günün ədəbiyyatına gözlənilməz baxış bucaqları gətirmək şansı vermişdir. Bunu Məti Osmanoğlunun il boyu "Ədəbiyyat qəzeti"ndə dərc olunan tənqid məqalələrində ("An və əbədiyyət", "Sözün zamanla dialoqu: deyilənlər və deyilməyənlər", "Ölüm xoşbəxtlikdirmi?" və s.) görürük; məxsusən də Mixail Baxtin nəzəriyyəsi ilə silahlanıb "Komsomol poeması"nı çağdaş oxucu üçün yenidən-kəşfi ("Təhkiyə, müəllif və oxucu" // "Ocaq yeri", Bakı, 2019, s.3-38) buna bariz nümunə ola bilər.

Bizim bugün nəzəriyyə sahəsində effektiv çalışan Qorxmaz Quliyev, Asif Hacılı, Ülviyyə Rəhimova kimi ədəbiyyatşünaslarımız var, Qərb nəzəriyyələrini ədəbi prosesin ixtiyarına verən çalışmaları ədəbi tənqid haqqında xətti təsəvvürləri də (ədəbiyyatşünalığın üç ölçüsü və üç tərkib hissəsi) alt-üst etməyə kömək edir. Ötən il Qorxmaz Quliyevin "Ədəbi cərəyanlar və istiqamətlər" (Bakı, AU, 2018) və Asif Hacılının "XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar)" (Bakı, AU, 2018) kitabları bu zəmini daha da möhkəmlətdi; bu məqamı da buraxaq nəzəriyyəçilərin ixtiyarına. Bununla yanaşı, önəmlidir ki, Qorxmaz Quliyev son illərdə nəzəriyyə arsenalından passajları milli ədəbiyyat üzərinə düşüncələrlə geniş feysbuk şəbəkəsinə gətirir, müntəzəm paylaşır və modern ədəbi təsəvvürlərin demokratikləşməsinə böyük təkan verir...

Elçinin "Tənqidimiz və ədəbi prosesimiz ətrafında bir neçə söz"ündə ədəbi tənqiddən umduğu daha bir iş klassik irsin (o sıradan sovet dövrü əsərlərinin) varislər tərəfindən yenidən yozumu və günün ədəbi prosesinin mühakiməsinə verilməsidir. Hər bir tənqidçinin çalışmalarında az və ya çox qədər mövcud bu məqam məxsusən Rüstəm Kamal tənqidinin "məxrəci"ni təşkil edir. Tənqidçi bir müddət əvvəl "Güzgü günü" kitabına (Bakı, "Çaşıoğlu", 2017) topladığı esse yaradıcılığını 2018-ci ildə də davam etdirir; əsasən "Ədəbiyyat qəzeti"ndə ardıcıl dərc olunan: "Əbdürrəhim bəyin qəstinləri", "Bağlarımızın poeziyası, poeziyamızın bağları", "Mir Cəfərin qara maşını", "Mirzə Cəlilin tanatoqrafiyası", "Əbdürrəhim bəy və pasport", "Oyunçu", "Şeytanbazar: itirilmiş yaddaş yeri", "Alo, Müşfiq", "Xoşbəxtlər" və s. yazılarında Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq, M.Müşfiq, S.Vurğun, S.Rüstəm, M.Hüseyn, S.Rəhman, R.Rza, X.R.Ulutürk, V.Səmədoğlu, Elçin kimi klassiklərin irsini bir böyük Mətnin - milli ədəbiyyatın məhz bugünə açılan mənzərələri kimi oxumağa çalışır və bu zaman yazıçı şəxsiyyəti, bioqrafiyası, yanaşma və üslubunun izləri Rüstəm Kamalın iti və səhih müşahidələrindən mətnin (və böyük Mətnin) görünməmiş tərəfləri və effektlərini üzə çıxarır. Tənqidin "Belinski ölçüləri"ndən yorulub "Rolan Bart tərzi" axtaranların nəzərinə məgər Rüstəm Kamal cidd-cəhdləri misal ola bilməzmi?!

***

Gəlirik ədəbi proses və tənqidimizdə Azər Turan faktoru və onun "Ədəbiyyat qəzeti" üzərinə. Günün ədəbiyyat mənzərəsində Tənqidin sözünü deməyə cəhd edən ədəbi proses subyektləri çoxdur, amma bu məramda-mənzilədə, şəksiz ki, "Ədəbiyyat qəzeti"nin tayı-bərabəri yoxdur. Az əvvəl qeyd etdiyim kimi, hazırda ədəbi həyatımızda gəlişməni düzxətli (Ön - Mərkəz - periferiya) təsəvvür etmək olmur; ədəbi proses ayrı-ayrı dairələrə, çevrələrə bölünmüş, çox-köklü, çox-mərkəzli olmaqla, hər birisi də günün ədəbiyyatını təmsil etmək iddiasındadır... "Tənqid.net"in 2018-ci ildə çıxmış 12-ci sayında ədəbi-tənqidi prosesi cəmiyyət(d)ə yeridən "mərkəzləri" akademik ölçülər səviyyəsindən tanıtmağa cəhd etdik: "AYB və ədəbi 525", "Yaradıcılıq Fondu və Simsim.az", "AYB və Ədəbiyyat qəzeti", "Kulis.az", "Kaspi və artkaspi.az" və s. Bu instansiyaların hər birisi günün ədəbiyyatını fərqli oxuyur və dəyərləndirir. Məsələn, "525-ci qəzet"də ədəbiyyata və AYB-yə sədaqət əsas ölçü vahididir; təbii, burda otuz ilin ədəbiyyat stixiyasını izləyən, saf-çürük edən, nəzarətə götürə bilən Rəşad Məcid kimi AYB katibinin dəst-xətti görünür... Simsim.az-da ədəbi tənqid bölməsinə heç ayrıca yer ayrılmamışdır; amma Kamal Abdullanın, Qismətin, Rəşad İlyasovun, Mehman Qaraxanoğlunun və digərlərinin tənqid-mətnləri ümumən modern fon yaradır və ədəbi prosesi də məhz bu kontekstdə qəbul və həzm edir... Kulis.az başdan-başa ədəbiyyat stixiyası içərisindədir; və tənqid refleksiyası da pozitivi-neqativi ilə, həmin stixiyanı qəti cilovlamadan, görükdürməyə yönəlmiş... Artkaspi.az-da tənqidi prosesi intensivləşdirən maraqlı layihələr, müsahibələr yer alır; məxsusən Fərid Hüseynin "Sevdiyim əsər" layihəsi əksərən klassik mətnlərin yenidən oxunuşuna, gündəmə gəlməsinə səbəb olur.

"Ulduz" jurnalının bircə ədəbi tənqid layihəsi var; amma ki, uğurludur, il boyu peşəkar tənqidçilər, ədəbiyyatşünaslar, yazıçılar jurnalın əvvəlki sayının materiallarını tənqidi süzgəcdən keçirir, "yaxşı nədir, pis nədir" qaydasında prosesə qatır. 2018-ci ildə "Ulduz"un lokal ədəbi prosesi elə buradaca, tanınmışlar: Nizami Tağısoy, Natiq Məmmədli, Vaqif Yusifli, Pərvin, Rahid Ulusel, Nərgiz Cabbarlı, Şəfa Vəli, Abid Tahirli, Rüstəm Kamal, Ələmdar Cabarlı, Buludxan Xəlilov, Məti Osmanoğlu tərəfindən izlənmiş, birmənalı olaraq bəyənilmişdir. Jurnalda ardıcıl yer tutan daha bir layihə - "Özüylə söhbəti və yazısı (şeirləri, hekayəsi)" müxtəlif imzaları mətnlərində(n) tanıtmaqla yanaşı, ədəbiyyatı və "ədəbiyyatda özü"nü dəyərləndirmə notları da daşıyır, fərqli baxışlara diqqət cəlb edir...      

"Azərbaycan" jurnalında ədəbi tənqidin mövqeyi həmişə dar olub, ədəbiyyatşünaslıqdan sonra gəlir; Vaqif Yusiflinin ardıcıl tənqid və Qəşəm Nəcəfzadənin poeziya yazıları, Südabə Ağabalayevanın ara-sıra ədəbi esseləri də bütövlükdə jurnalın kifayət qədər zəngin 2018-ci il "tənqid materialları"nı ədəbiyyatşünaslığın kölgəsindən çıxara bilmədi. Neçə il əvvəl Əsəd Cahangirin müavin statusunda jurnala gətirdiyi polemik əhval-ruhiyyəni hesaba almasaq, "Azərbaycan" sanki daima sakit-salim, kənarda, məhz "öz ədəbi prosesi"nə üstünlük verir...

Habelə, bu və ya digər məqamlarda "Ustad" və "Sənət.az", "Axar.az", "Avanqard.net", "Yazı", "Manera.az", "Modern.az" və s. kimi dərgi və saytların ədəbi-tənqidi prosesə düz və çarpaz qatılmalarını da xatırlatmaq olar. Amma bütün bunlarla belə, "Ədəbiyyat qəzeti"nə qayıdaq; günün ədəbiyyatını bütövlükdə oxumağa çalışan və bizim də oxuduğumuz baş "ədəbi proses kitabı", təkrar edirəm: şəksiz ki, "Ədəbiyyat qəzeti"dir. Qətiyyətlə demək olar, bugün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun akademik ədəbiyyatşünaslıq pilləsində gördüyü işin müqabilini "Ədəbiyyat qəzeti" ədəbi-tənqidi proses səviyyəsində həyata keçirir...

"Fb düşüncələrim"dən daha bir sitat: "Belə. Azər-turançılıq... Anar-izm hərəkatı, Ayo-çuluqdan sonra ədəbi prosesdə gəlib-gəlişən növbəti ciddi dalğa..." (Tənqid.net, 12, 2016/2017) Bəzən yanlış yozulan həmin mülahizədə son otuz ilin ədəbi-tənqidi prosesində köklü fikir və mövqe gəlişmələrini qeydə almışam. Azər Turan günün ədəbiyyatında missiya daşıyıcılığını öhdəsinə götürmüş şəxsdir; bunu onun bir zaman əvvəl çapdan çıxmış kitabı da  göstərmişdi: "XX əsr - Fəryadın metafizikası" (Bakı, "Elm və təhsil", 2017). Azər Turan tənqidinin "məxrəc"i hələ 110 il öncədən, Əlibəy Hüseynzadənin mədəni turançılıq hərəkatından gəlir; esselərində tənqidçi böyük mütəfəkkirin gördüyü və görmək istədiyi modern gəlişmələri çağdaş Azərbaycan üfüqlərində arayır, təsbit edir, göstərir. Eyni zamanda, təqribən iyirmi il əvvəl "Yeni Azərbaycan" qəzetində başlatdığı həmin istiqaməti baş mühərriri olduğu "Ədəbiyyat qəzeti"ndə hərəkata çevirməyə cəhd edir... Bütünlükdə Qərb parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır və heç də paralel, çarpaz, ya alternativ digər mövqeləri inkar etmir... Şəxsən mənimcə, bütün ifratlarına baxmayaraq AYO-nun əsrin əvvəllərində irəliyə doğru qəfil sıçrayışlı post-modern manifestasiyaları yanında bu dalğa geriyə-çəkilmədir... Amma belə görünür ki, zəruri addımdır... 

Neyləyəcəyiz?; olanı söyləyəcəyiz, əlbəttə. Hardadır bugün AYO-nun simasında "geriçi dünya"da irəliyə tələsən geniş solçu mövqe və ideyalar? "Alatoran"ın 18 sayı və beş o qədər də "Alatoran yayınları"... - bir zamanlar "yox" yerdən böyük rezonans qoparıb, "azad yazarlar" platforması yaradanlar yeraltı (andeqraund) küncə sığınıb bugün bir kərə yüksəltdikləri bayrağın hesabını və hesabatını çözməyə məşğul... Az qala otuz il öncə Azad Yaşarın və Rasim Qaracanın bir əyalət şəhərində başlatdığı "sərbəst düşüncə estetikası" bir az Həmid Herisçidə, Murad Köhnəqalada bulaşıb, bir az Şərif Ağayarda, Qan Turalıda, Mirmehdi Ağaoğlu və s.-ində dolaşıb, Zahir Əzəmətin Kult.az-ında, Qan Turalının Kulis-ində, Qismətin Simsim.az-ında müəyyən kanonlaşma cəhdi edib, hazırda heç cür təmərküz nöqtəsi tapa bilmir, daha da çox "sərbəst düşüncələr ölkəsi" - sosial şəbəkələrdə adiləşir, kütləviləşir, utilitarlaşır... Bəlkə bircə Nərmin Kamalın Azərbaycan - dünya arası gəzişən iki-Dilli yazılarında o Sərbəstliyi hələ yenə də görə bilirik... Bu əsnada Rasim Qaracanın ötən il işıq üzü görmüş "Zülmətdə bir Alatoran" avtobioqrafik romanı (Bakı, "Alatoran", 2018), Seymur Baycanın "Mənim mübarizəm" publisist kitablar silsiləsi və Azad Qaradərəlinin "Renessans həsrəti" sırasından ikinci kitabı (Bakı, "Alatoran", 2018) böyük maraq kəsb edir; ən müxtəlif epizod, hadisə, esselər və "yazıçı tənqidi"ndə ədəbi proses gerçəkləri ilə üz-üzə gələn ideya mücahidlərinin barışmaz obrazı özlüyündə həm də bir xiffət notlarını qapsayır...

***

Azər Turan "Ədəbiyyat qəzeti"ndə başlatdığı (davam bulduğu) estetik hərəkatı, hər hansı sərbəstlikdən yox, toplumun harda(n)sa sıxılmış modern yaddaşından qurdu. Əslində, belə demək olar: bugün "Ədəbiyyat qəzeti" 60-cılar hərəkatından start götürən modern estetikasını bütün genişliyi ilə sərgiləməyə, bu zəmində milli ədəbiyyatın fakt və gerçəklərini dünya ədəbi prosesinin ötüb-keçmiş kontekstinə yerləşdirməyə məşğuldur; qapalı mühitin uzun sürən, hər növ mənasız, xırdaçı təzyiq və qadağalarından ən nəhayət qurtulub, modern yanaşmalar qəzetin səhifələrində, necə deyərlər, məlum "yetmiş il"in acığına müstəqilliyin dadını çıxarır...

Milli ədəbiyyatda modernin total qələbəsinə nail olmaq üçün Azər Turan yüngülünə-ağırına baxmayıb, bir çox layihələrə eyni zamanda meydan vermiş. Bir yandan, kütləvi janrda maarifləndirici yazılar il ərzində dünya modernizm ədəbiyyatı klassiklərini yada salırsa (bu istiqamətdə: Murad Köhnəqala, Kənan Hacı, Əyyub Qiyas, Azər Qismət, Xuraman Hüseynzadə, Günel Eyvazlı, Mirmehdi Ağaoğlu, Mətləb Ağa,  Sərdar Amin, Bəsirə Əzizəli, Nərmin Cahangirova, Günay Rzalı və s. imzaların prosesə aktiv cəlb olunduğunu görürük), eyni zamanda qəzet modern sənət kontekstini də gözləməyə çalışır (Azər Turanın sənət esseləri, İlham Rəhimlinin teatr tarixi, Niyazi Mehdinin fəlsəfə, Ziyadxan Əliyevin rəssamlıq, Əlisəfdər Hüseynovun kino sahəsində ardıcıl yazıları, Sevda Sultanovanın "Ekranlaşdırılmış bədii əsərlər", Samirə Əşrəfin "Dördüncü divar" layihələri və s.); bu növ işlər daha da professional səviyyədə bizdə hələ 1970-ci illərin "Qobustan"ında(n) başlamışdır. Həmin zəmində bəs çağdaş ədəbiyyatımız necə görünür: Hədiyyə Şəfaqətin "Əsərini danışdır" layihəsində, Nuranə Nurun çağdaş ədiblərlə ardıcıl yaradıcılıq söhbətlərində, Samirə Əşrəfin "Kürsü"sündə müsahibələr yolu ilə son illər ədəbiyyatına nəzər salınır və "Ədəbiyyat qəzeti"nin səyi ilə müstəqillik illərinin şair və yazıçıları danışır, çağdaş ədəbiyyatımızı, öz ədəbi mövqeyini təqdim edir, dəyərləndirirlər (Əlabbas, Seyran Səxavət, Məmməd Oruc, Orxan Aras, Əlizadə Nuri, Salam, Qurban Yaquboğlu, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Fəxri Uğurlu, Həmid Piriyev və b.-ları)

Günün ədəbiyyatını başqa necə necə dəyərləndirmək olar ki; 2018-ci il ərzində Anarın, Elçinin, Kamal Abdullanın, Mövlud Süleymanlının, Musa Yaqubun, Vaqif Səmədoğlunun, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin, Çingiz Əlioğlunun, Çingiz Abdullayevin, Vaqif Nəsib Sarıoğlunun, Vaqif Bayatlı Odərin, Əjdər Olun, Səfər Alışarlının, Əlabbasın, Ramiz Qusarçaylının, Ağacəfər Həsənlinin, Avdı Qoşqarın, Dəyanət Osmanlının, Zahid Sarıtorpağın, Kamran Nəzirlinin, Meyxoş Abdullayevin, Orxan Fkrətoğlunun, Natəvan Dəmirçioğlunun və b. yazıçı və şairlərin yaradıcılığı, yaradıcılıq portreti, əsərləri ən müxtəlif ədəbi tənqid janrlarında "Ədəbiyyat qəzeti"nin təhlil süzgəcindən keçir, görünür, şərh olunur.

Anarın 80 illiyinə (10 mart 2018), Elçinin 75 illiyinə (5 may 2018) həsr olunmuş qəzetin "Xüsusi buraxılış"ları çağdaş ədəbiyyatımızın iki aparıcı sənətkarının yaradıcılıq portretinə, ümumiləşmiş şəkildə "60-cılar" ədəbiyyatına geniş baxış və çoxtərəfli dəyərləndirmə aktı olmaqla yanaşı, çağdaş ədəbi tənqidimizin də gücünü, səriştəsini, səviyyəsini ortaya qoydu. Eyni sözü qəzetin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə (9 noyabr 2018) və İnstitutda sürəklil davam edən "ədəbi proses hərəkatı"nın son beş ilinə (2 iyun 2018) həsr olunmuş "Xüsusi buraxılış"lar barəsində də söyləmək olar...

Yazıçı sözünə qəzetdə böyük dəyər verilir və bu özünü "yazıçı tənqidi"nin daha da intişarında göstərir. Ölkənin baş yazarı Anarın, yazıçı Elçinin, şair-publisist Sabir Rüstəmxanlının, şair Məmməd İsmayılın il boyu doğma qəzetdə məqalələr dərc etdirməsi, AYB-nin katibi İlqar Fəhminin ardıcıl yer alan publisist traktatları (məsələn, "Şərq arxetipləri kitabından" - 13 yanvar; 3, 17, 31 mart; 21 iyul 2018; "Qızılbaş mistikası, Səfəvi metafizikası kitabından" - 17 fevral 2018; "Fəna - "mən"sizlik": incəsənət və ədəbiyyat müstəvisində", 7 iyul 2018; "Milli ənənələr, kütləvi mərasimlər. Dünəndən bu günə və bu gündən sabaha atılan körpü" silsiləsi, 27 oktyabr, 3 noyabr 2018) ruhunu qaldırmaqla yanaşı, modern Qərb dəyərlərini "çırtlayan" qəzetin milli-türk-Şərq - Azərbaycan kontekstini daha da gücləndirir. Anarın "Türkçülüyün banisi" (3 mart 2018), "Dilimizi yaşadanlar" (31 mart 2018), "Koroğlu - Goroğlu" (14 aprel 2018), "Özbəkistan görüşləri" (18 avqust 2018), "Tahir Salahovla söhbət" (8 dekabr 2018); Elçinin "Koroğlu ölməzliyi" (8 sentyabr 2018), "Maarifçiliyin klassiki Henri Fildinq haqqında bir neçə söz" (1 dekabr 2018), Məmməd İsmayılın "Qürbətin bircə adı var, o da qürbətdir" (31 mart 2018), "Yatağını dəyişən çay kimisə həyatın" (28 aprel, 2018), Sabir Rüstəmxanlının "Tanıdığımız və tanımadığımız Dağıstan" (13 oktyabr 2018), "Sabir Əhmədlinin evi" (15 dekabr 2018) və s. məqalələr bu qəbildəndir...

"Ədəbiyyat qəzeti"ndə "ədəbiyyatşünas tənqidi" ənənəvi olaraq geniş yer tutur, ədəbi-tənqidi prosesin professional qatını gücləndirir. 2018-ci ildə akademik İsa Həbibbəylinin, akademik Muxtar Kazımoğlunun, professor Nizaməddin Şəmsizadənin qəzetdə mütəmadi çıxışları milli epos, folklor, ədəbiyyat tarixi mətnlərini müasir elmi təfəkkürün fərqli zirvə məqamlarından görməyə imkan verdiyi kimi, çağdaş ədəbi proses materiallarını da həmin elmi müstəvilərin tələbkar kontekstində dərk etməyə stimul yaradır. İl ərzində qəzetdə adı çəkilən tənqidçi və ədəbiyyatşünaslardan başqa, habelə Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Şirindil Alışanlı, Məmməd Əliyev, Bədirxan Əhmədli, Hüseyn Həşimli, İslam Qəribli, Asif Rüstəmli, Rahid Ulusel, Abid Tahirli, Nizami Tağısoy, Baba Babayev, Rafiq Yusifoğlu, Himalay Qasımov, Təyyar Salamoğlu, Əlizadə Əsgərli, Tofiq Məlikli, Mahirə Quliyeva, Tahirə Məmməd, Səadət Şıxiyeva, Pərvanə Məmmədli, Salidə Şərifova, Mərziyyə Nəcəfova, Səyyad Aran, İsmixan Osmanlı, Safurə Quliyeva, Sərxan Xavəri, Mətanət Vahid və b.-ları çağdaş ədəbiyyatın hadisələri, faktlarına dair çoxsaylı məqalələr dərc etdirmiş, ölkənin "ədəbiyyat gücü"nü nümayiş etdirmişlər. XX əsr ədəbiyyatının Mir Cəlal, Rəsul Rza, Nigar Rəfibəyli, Əlağa Kürçaylı, Mirzağa Quluzadə, Çingiz Aytmatov, Qabil, Samət Əlizadə, Nahid Hacızadə, Teymur Bünyadov, Teymur Əhmədov, Ağalar Mirzə, Xaliq Koroğlu, Arif Əmrahoğlu, Əşrəf Veysəlli, Məmməd Kazım, Yusif Həsənbəy və b. simaları haqqında yazılar prosesdə milli ədəbiyyatın ənənə ruhunu hiss etməyə kömək etmişdir.

Belə bir incə müşahidəmi də bölüşmək istərdim. "Ədəbiyyat qəzeti"nin baş yazarı Azər Turanın və baş tənqid yazarı Elnarə Akimovanın uğurlu fəaliyyət tandemi qəzetin can atdığı geniş ideya üfüqlərini və eyni zamanda praktik proses gerçəklərini üzvi birləşdirməyə imkan verir.  Azər Turan tənqidinin modern ehtiraslar "məxrəci"ndə köklənən esseistik tembrinə bir diqqət edək: "Azərbaycanın gücü" (31 mart 2018), "Və yazarsan adını rəsmin bir köşəsinə" (Jak Preverin bir şeirindən qanadlanan azadlıq essesi - 7 aprel 2018), "Sonuncu Yeni - Şəhriyar del Gerani" (28 aprel 2018), "Caz, sadəcə, musiqi deyildir..." (23 iyun 2018), "Dünyanın Cavad mifi - Azərbaycan modernizmi" (21 iyul 2018), "Ayrılıqların sürreal mənzərəsi" (Ümid Nəccari haqqında esse, 11 avqust 2018), "Ədəbiyyatdan Vətən yaradanlar (Özbəkistan qeydləri)" (24 noyabr 2018)...  Eyni zamanda həmincə saylarda Elnarə Akimovanın analitik "məxrəc"də "Hekayə diskurs kimi" layihəsinə həssas olsaq: "Hekayə diskurs kimi: "Dəli Bəybala" (31 mart 2018), "Hekayə diskurs kimi: "Dəccal" (7 aprel 2018), "Hekayə diskurs kimi: "Qan azlığı, yaxud ölən uşağın xatirələri" (28 aprel 2018), "Hekayə diskurs kimi: Vaqif Nəsib - "Səbri səbri" (23 iyun 2018), "Hekayə diskurs kimi: Şərif Ağayar - "Cəfər əmimin yolları" (21 iyul 2018), "Hekayə diskurs kimi: İlqar Fəhmi -"Qardaş qanı" (11 avqust 2018), "Yaşar Bünyadın hekayələri diskurs kimi" (24 noyabr 2018)... - əksinə, ədəbiyyatın təqdim etdiyi prozaik mənzərələrin şahidi olarıq. Maraqlı burasıdır ki, göylə yerin, romantik nisgillə realist praqmatikanın, analitika ilə esseistikanın yanaşılığı, bəhsləşməsi, gizli və aşkar savaşı, həm Azər Turan - Elnarə Akimova dialoqunda, həm də qəzetin ümumi yaradıcılıq fonunda il boyu davam edərək, özünəxas bir dekadans mühitinə açılır...

Azər Turan redaktor kimi yeni fikrə, gözlənilməz rakurslara, təzə yanaşmalara açıq birisidir. Çəkinmədən ədəbi gəncliyə meydan verir; ötən il də yazılarını oxuduğumuz Sərdar Amin, Günel Eyvazlı, Cahanxanım Seyidzadə, Xatirə Nurgül, Günay Rzalı, Pərviz Seyidli, Təvəkgül Baysunar imzalarının ədəbi-tənqidi publisistikada ayaq açıb yeriməsi məhz "Ədəbiyyat qəzeti"ndən başlanır. Qəzetdə Ülvi Babasoy, Narqis, Nicat Həşimzadə, Şəlalə Göytürk kimi ədəbi-tənqidi fikirdə yeni, aktual və orijinal rakursdan qələm işlədən istedadlı gənclərin ardıcıl görünməsi ədəbi prosesin donuq nöqtələrini tərpədib, günün xeyrinə, abhavanın xeyli dəyişməsinə şans verir. Adətən gənclərin baxışlarında mətnlə birbaşa, xam təmas, özünəqədərki fikirlərdən sərbəstlik sözünü deyir; böyük Mətndən xəbərsizlik - üstünlüyü olduğu kimi, gənclərin həm də zəif yeridir. Bəzən olur ki, hətta təkcə velosipedi yox, təzədən lap helikopterlər də ixtira edirlər, amma məhz böyük Mətnə girəmədiklərindən konkret mətnin ətrafında dolanıb qalırlar...

Ədəbiyyatda olanı "dekonstruksiya" cəhdləri yalnız gənc imzalara xas "zirəklik" sayılmamalıdır... Deyək ki, gənc Nicat Həşimzadə "Coys narahatlığı, Mirzə Cəlil üsyanı" essesində (24 noyabr 2018) Mirzə Cəlili bir kənara qoyub, bir xeyli "Coys və mən" müstəvisində fikir qafalaşması etdikdən sonra bu qərara gəlir ki, hər halda Mirzə Cəlil də "şərəfli və faydalı iş"ə məşğul imiş... Bunu yozuruq Nicatın cavanlıq haqqına; modernizm ehtirasları bəzən yaxını qoyub özünə "uzaq yaxınlar"da dəstək axtarır... Onsuz da bugün ədəbi prosesdə Mirzə Cəlil mövzusu dəbdədir və kimsə irsdən nə bacarırsa, nə qədər bacarırsa onu götürür. Son illər imzası fəal olanlardan Mehman Qaraxanoğlu ötən il "Ədəbiyyat qəzeti"ndə Cəlil Məmmədquluzadə mətnlərinin dekonstruktiv təhlilinə sıra məqalələr həsr etmiş ("Sən kimsən, Novruzəli?" - 17 fevral ; "Alleqoriyadan simvolikaya..."- 3 mart; "Mirzə Cəlilin nigarançılığı"- 13 oktyabr, "Dərədə yatmış idim" - 17 noyabr 2018-ci il). "Dekonstruksiya" məqamını ona görə vurğulayıram ki, müəllif həvəslə, ilk dəfəymiş  kimi, Mirzə Cəlilin hər mətnini təzədən götürüb "sökür" və düşündüyü kimi, təzədən də qurur; təbii ki, zəmanəmizin təqazasına bab... Zəmanəmiz (o cümlədən "Ədəbiyyat qəzeti") indi hər münasibətə, yapışan ya yapışmayan nəzərlərə açıqdır...

Buna bənzər bir "dekonstruksiya"nı son illərdə bir sıra entuziast layihələrə girişmiş Nizaməddin Mustafa (yada salaq, bir zaman əvvəl özünəqədərki Sabirşünaslığı "bir nəzər"lə "pozub" da sıfırdan başlamaq cəhdini) "Daha "...bir nəzər". Səhv nəzərləri sərf-nəzər etmə vaxtı" projesində (17 mart 2018-dən ilin sonunacan) bu dəfə milli poeziya tarixini yenidən yazmağa qərar verir. Təkbaşına, kolossal zəhmət qoyduğu araşdırmasında niyyəti Mətni bir zamanlar büründüyü sosioloji-ideoloji yadlıqdan "soyundurub", doğma islam və türk varlığı ilə təkcənə qoymaqdır... Mirzə Cəlilşünaslıq olsun, ya milli şeirşünaslıq tarixi, həmin "sərf-nəzərlər" ədəbiyyatşünaslığın professional təcrübəsi baxımından bəlkə də sadəlövh, hətta "səhv" də ola bilər, bununla belə, ədəbi prosesi zəngin informasiya enerjisi, nöqteyi-nəzər bolluğu, düşünmək üçün fürsət və imkanlarla təmin edir...   

***

Bir qədər də yuxarıda yeri gəldikcə informasiyasını bölüşdüyüm "kitab tənqidi" barəsində. Tənqidçi kitabları xronoloji ilin deyil, bütöv bir dövrün ədəbiyyatının mənzərəsini görməyə imkan verir. Ötən il AMEA-nın müxbir üzvü Kamran Əliyevin on cildliyinin beş kitabı (Bakı, "Elm və təhsil", 2018) işıq üzü gördü; cildlər Azərbaycan romantizminin tədqiqatçısı kimi mühüm xidmətləri və bugünə töhfələrini tanıtmaqla yanaşı (I cild - "Romantizm nəzəriyyəsi"; II cild - "Romantizm poetikası"; III cild - "Hüseyn Cavid" monoqrafiyaları), həmin halədə 1980-ci illərdən beləsinə tənqidçi fəaliyyətini də (IV cild - "Klassiklər, müasirlər"; V cild - "Ədəbiyyatşünaslıq, tənqid") ehtiva edir. 2018-ci il milli romantizmin daha bir köklü tədqiqatçısını üzə çıxardı; Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyası (Bakı, "Zərdabi LTD", 2018) və haləsində bir çox - Yaşar Qasımbəylinin, Pərvanə Bəkirqızının, Seyfədddin Rzasoyun və b.-nın "525-ci qəzet", "Ədəbiyyat qəzeti", Artkaspi.az-da yazıları ədəbi-tənqidi prosesin diqqətini bir xeyli  Azərbaycan romantizminin problemləri və dünyada yeri üzərində saxladı. Eyni zamanda Təyyar Salamoğlunun "Azərbaycan tənqidi realizminin estetikası (C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı əsasında)" monoqrafiyası (Bakı, "Orxan NPM", 2018) və ətrafında akademik İsa Həbibbəylinin, professor Himalay Qasımovun problem-məqalələri ədəbi tənqidin marağını yozulmuşların bir daha, yenidən-yozumu məsələlərinə çəkdi; təfsirlə yanaşı sovet dönəmində yazılanların burda müəyyən təftişi məqamları da ortaya çıxdı...

Akademik Nizami Cəfərovun "Mir Cəlalın milli idealları" monoqrafiyası (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) bizi başqa bir ədəbi cərəyanın - sosrealizmin hakim olduğu əyyamlara çəkib aparır və əksinə, yazıçını necə sosrealizm çərçivəsindən çıxarıb milli ideallar işığında oxumağın metodolojisini təqdim edir. Monoqrafiyada Mir Cəlal yaradıcılığının milli ideyalar zəmini dürüst, mətnlərin "danışdırılması" yolu ilə təsbit olunur və  "milli olmağ"ın əlacının heç də dünəni ideoloji təftişdə yox, dərin analitizmdə gizləndiyini üzə çıxarır: "20-ci, 30-cu illərin ziyalı gəncləri heç bir şübhə etmirdilər ki, bütün dünyanı bürümüş inqilablar Azərbaycan xalqını da inqilabi tərəqqi yolu ilə müstəqilliyə aparır. Və belə bir inam üçün ciddi əsaslar vardı. Ən əsası isə o idi ki, Azərbaycan xalqı bu və ya digər dərəcədə müstəqil özünüidarəyə ən azı mənəvi baxımdan tamamilə hazır hesab edirdi..."

Ötən ilin sonunda Mir Cəlal yaradıcılığının bugünə qədər daha çox kölgədə qalan daha iki istiqamətini - "Publisistika"sını (1926-1977) (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) və "Ədəbi tənqid"i (1931-1974) (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) ehtiva edən kitablar çıxdı və yazıçının milli ideallarının əyaniliyini müasir oxuculara bir daha nümayiş etdirdi. Milli kitabxanada təqdimat mərasimi zamanı, ədibin oğlu, ADA-nın rektoru Hafiz Paşayev, onun tövsiyyəsi ilə Mir Cəlalın sovet dövrü yazılarının cəmisinin istisnasız həmin toplulara daxil edildiyini söylədi. Zira ədəbiyyat, ədəbi ənənələr tarixdən qaçmağın yox , hər zaman üstünə getməyin düzgünlüyünü təsdiq etmişdir...

Özlüyündə ədəbiyyatşünaslıq mübahisələri tarixi irsin mənimsənilməsi prosesinə xidmət etdiyi kimi, ədəbi tənqidə də güclü enerji və təkan verir. 2018-ci ilin daha bir sıra nəşrləri: Qəzənfər Paşayevin "Seçilmiş əsərləri"nin 8, 9, 10-cu cildləri (Bakı, "Təhsil", 2018), Məmməd Əliyevin "Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi" (Bakı, "Elm və təhsil", 2018), Baba Babayevin "Ədəbi etüdlər" (Bakı, "Avropa", 2018), Yaşar Qasımbəylinin "Rəsul Rza və ədəbi çağdaşlıq" (Bakı, "Elm və təhsil", 2018), Salidə Şərifovanın "Klassiklər və müasirlər söz müstəvisində" (Bakı, "Elm və təhsil", 2018), Sədaqət Əsgərovanın "Qadın tənqidi realizm güzgüsündə" (Bakı, "Mütərcim", 2018), Lalə Həsənovanın "Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr" (Bakı, "Avropa", 2018) kitabları ən müxtəlif dövrlərin yazıçılarının yaradıcılığına, ədəbi proses və mətnlərinə baş vurmaqla XX yüzilin əvvəllərindən XXI yüzilin əvvəllərinə gəlişən ədəbiyyat mənzərələrini analitik süzgəcdən keçirməyə də imkan verir. Azərbaycanda ədəbiyyat elminin baş analitika mərkəzi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu olaraq qalır. Akademik İsa Həbibbəylinin ötən il təzə "ədəbiyyat tarixçiliyi" konsepsiyasını "525-ci" və "Ədəbiyyat qəzeti"ndə təqdim edən silsilə məqalələri milli ədəbiyyat tarixini bugünün ədəbi proses zirvəsindən nəzərdən keçirdiyi kimi, müstəqillik illərinin ədəbiyyatının inkişaf tendensiyalarını da, xüsusən çoxsəslilik, rəngarənglik, ədəbi cərəyanlaşlaşma prizmasından görür və tanıdır...

Ədəbiyyat İnstitutunda çağdaş ədəbi tənqidin ölçü vahidi olaraq, hər ilin ədəbi yekunlarına həsr edilmiş "Ədəbi proses" tədbirləri hesab olunur. 2017-ci ilin ədəbi yekunlarına dair konfrans 2018-ci ilin 4 iyununda və əvvəlkilərdən daha miqyaslı keçirildi; müstəqillik illərində institutda "Ədəbi proses" toplularının bərpası və nəşrinin beş ili tamam olurdu. Bu münasibətlə İsa Həbibbəyli İnstitutda ədəbi prosesin öyrənilməsi və dəyərləndirilməsini ("Ədəbi proses-2013", "Ədəbi proses-2014", "Ədəbi proses-2015", "Ədəbi proses-2016", "Ədəbi proses-2017") "ədəbi proses hərəkatı" adlandırdı və bütövlükdə bu "hərəkat" eyni zamanda ölkə ədəbi prosesinin ən miqyaslı tənqid refleksi kimi təsbit olundu...

"Ədəbi proses - 2017" toplusu (Bakı, "Hədəf nəşrləri", 2018) çağdaş ədəbiyyatın janrları, problemləri, mövzuları üzrə 19 elmi məqaləni qapsamaqla (poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, ədəbiyyat nəzəriyyəsi, ədəbi-mədəni həyat, roman, hekayə, epik şeir, publisistika, Cənub ədəbiyyatı, rusdilli ədəbiyyat, uşaq ədəbiyyatı, bölgələrdə ədəbiyyat, bədii tərcümə, ədəbi əlaqələr və s.), akademik İsa Həbibbəylinin vurğuladığı təki, əsl "miqyas və əks-səda" doğurmaqdadır. Hər bir iddia imkanlara bab olmalıdır. Ön mövqeyə iddia etməsə də, yanılmarıq desək: bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ədəbi-tənqidi prosesin Mərkəzi sükanını hələ ki əlində saxlayır... Bizim də çevrə(miz) bu qədər, burda qapanır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!