"Şərqin qapısı" kəhrəba və göllər diyarında... - Mahir HƏMZƏYEV yazır

Səməd Vurğun poeziyasının Litva dilinə tərcümələri haqqında

 

Yaradıcılığı Azərbaycan-Litva ədəbi əlaqələri tarixində özünəməxsus yer tutan Səməd Vurğunun poeziyası ilə Litva oxucusu doğma dilində ilk dəfə 1946-cı ildə tanış olub. Bu, yazıçı və şair Antanas Ventslovanın (1906-1971) S.Vurğundan tərcümə etdiyi məşhur "Azərbaycan" şeirinin həmin ildə Litva Yazıçılar İttifaqının "Ədəbiyyat və incəsənət" həftəliyində çap edilməsi ilə əlaqədardır.

Bu tanışlıqdan sonra S.Vurğunun şeirlərini digər Litva şairləri - Aleksis Xurginas (1912-1997), Albinas Jukauskas (1912-1987), Yudita Vayçyunayte (1937-2001), Sigitas Geda (1943-2008) tərcümə edərək müxtəlif illərdə ədəbi dərgilərdə və dövri mətbuatda dərc etdiriblər. Şairin "Fərhad və Şirin", "Xanlar" dramları 1946-1947-ci illərdə Litva teatr səhnələrində oynanılıb.

Buna baxmayaraq S.Vurğunun əsərləri 1980-ci ilə kimi Litva dilində ayrıca kitab şəklində çap olunmamışdı. Məhz həmin ildə ilk dəfə şairin "Rytu vartai" ("Şərqin qapısı") adlı seçilmiş lirik şeirlər toplusu poeziya, kəhrəba və göllər diyarı kimi tanınmış Litvada geniş oxucu dairələrinə təqdim olunub.

Yeri gəlmişkən qeyd edək ki, bu şeirlər toplusu əsası 1974-cü ildə Vilnüsün "Vaga" ("Şırım") nəşriyyatında qoyulmuş "Zvaigzdynas" ("Bürc") poetik seriyasından buraxılıb. "Şərqin qapısı"nın çapına qədər bu seriyadan Aleksandr Tvardovskinin (1910-1971), Avetik İsahakyanın (1875-1957), Oyars Vatsietisin (1933), Debora Vaarandinin (1916-2007), Yevgeni Vinokurovun (1925-1993) və digər tanınmış poetik söz ustalarının tərcümə kitabları çap edilib.

"Şərqin qapısı" kitabına S.Vurğunun 1976-cı ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuş seçilmiş əsərlərinin birinci cildindən götürülmüş 52 şeiri salınıb. Şeirləri Litva dilinə tanınmış şair və istedadlı mütərcim Yonas Yakştas (1931) çevirib.

Öncədən qeyd edək ki, Y.Yakştas tərcümə zamanı orijinala maksimum səviyyədə sadiq qalıb və əsas qayəni saxlaya bilib. Zənnimizcə, bu cür dəqiq poetik çevirmələr həm də şeirlərin Litva dilində orijinaldan uğurla hazırlanmış sətri tərcümələr əsasında tərcümə olunması ilə bağlıdır. Sətri tərcümələri Azərbaycan və digər türk xalqları ədəbiyyatlarının Litva dilinə gözəl tərcüməçisi kimi tanınmış karaim əsilli ədəbiyyatşünas alim Halina Kobetskayte (1939) hazırlayıb. Kitabın ön sözünün - "Azərbaycan nəğməkarı Səməd Vurğun" adlı məqalənin müəllifi filologiya elmləri doktoru, professor Vaqif Arzumanlıdır (1947-2014).

Kitab S.Vurğunun çoxvektorlu zəngin lirik yaradıcılığının başlıca motivlərini ehtiva etmək baxımından uğurla tərtib olunub. Topludakı şeirlər Litva oxucusuna xalq şairimizin lirik əsərlərinin yüksək səviyyəsi ilə tanış olmağa, geniş poetik üfüqlərinə ətraflı nəzər salmağa, sənətkarın doğma Vətənə, onun tarixinə və təbiətinə sonsuz məhəbbətini, insana və insanlığa yüksək sayğısını, dərin inam hisslərini yaxından duymağa imkan verir. Topluya S.Vurğun lirikasının bir sıra səciyyəvi xüsusiyyətlərini özündə daşıyan xrestomatik əsərlər - "Yadıma düşdü", "Dağlar", "Kür çayı", "Mən tələsmirəm", "Hərəkət", "Həyat fəlsəfəsi", "Rəssamın son əsəri", "Körpünün həsrəti", "Qafqaz", "Nizami", "Dünya", "Bənövşə" və digər bu qəbildən olan şeirlər daxil edilərək litvalı oxuculara şairin poetik sözlə yaratdığı lirik lövhələrin fərqli və parlaq rənglərini əks etdirən gözəl örnəklər kimi təqdim olunub.

Bununla bərabər, bizi maraqlandıran əsas məsələ toplunun necə tərcümə edilməsidir. Yəni tərcümənin keyfiyyəti oxuculara S.Vurğun yaradıcılığının yüksək sənətkarlıq səviyyəsi ilə tanış olmağa nə dərəcədə imkan verir?

Bu sualı "Şərqin qapısı" kitabı haqqında bir sıra litvalı müəlliflərin ölkənin ədəbi nəşrlərində çap etdirdikləri resenziya və icmallarda ehtiva olunmuş ədəbi-tənqidi fikirlərin yığcam xülasəsini vermək və həmin fikirlərə münasibətimizi bildirmək yolu ilə cavablandırmaq istərdik.

Həmin məqalələrdən birinin müəllifi ünlü şair və tərcüməçi Sigitas Gedadır. Yeri gəlmişkən qeyd edək ki, S.Geda Azərbaycan ədəbiyyatını yaxından tanıyan və Litvada sevə-sevə tanıtdıran yazarlardan biri olub. O, "Kitabi-Dədə Qorqud"dan başqa, S.Vurğunun, R.Rzanın, A.Şaiqin və başqa Azərbaycan söz ustalarının əsərlərini müxtəlif illərdə öz tərcüməsində Litva oxucusuna təqdim edib. Şair, həmçinin, gürcü, yapon, yunan, yəhudi, hind və Çin ədəbiyyatından çoxsaylı tərcümələrin müəllifi kimi də tanınıb. Onun ən mühüm yaradıcılıq işlərindən biri "Quran"ın Litva dilinə tərcüməsidir. Bu tərcümələr ədibə Şərq şeirinin texnikası, ruhu və rəngarəngliyi ilə yaxından tanış olmaq, istedadını daha da cilalamaq imkanı yaradıb. Odur ki, S.Gedanın "Şərqin qapısı" kitabı haqqında yazdığı "Prometeyi necə qoparmalı?!" adlı məqaləni Litva poeziyasının görkəmli təmsilçilərindən birinin və eyni zamanda çox yüksək səviyyəli peşəkar və nüfuzlu mütərcimin mülahizələri kimi qəbul etmək lazımdır. Müəllif 1980-cı ildə Litva dilində buraxılmış poeziya kitablarının illik xülasəsində yazır:

"...Keçən il çapdan çıxmış poeziya tərcümələri arasında Azərbaycan şairi S.Vurğunun "Şərqin qapısı" adlı şeirlər toplusu zəif səslənir. ...Həm də, əgər şair haqqında əsas bioqrafik faktlar və mücərrəd xarakterli bir neçə qeyd nəzərə alınmazsa, bu toplu həddən artıq ümumiləşdirilib unifikasiya edilmiş kitab təəssüratını bağışlayır.

Daha sonra S.Geda qeyd edir: "Yonas Yakştas birinci dəfə deyil ki, tərcümə edir. Ancaq Azərbaycan poeziyasını Litvada təmsil edən bu ilk topludakı əsərlərin bir çox bəndləri ruhsuz və miskin şəkildə səslənir".

S.Vurğunun Litva dilinə belə zəif tərcümələri haqqında digər tanınmış litvalı mütəxəssis, ədəbiyyatşünas və tərcüməçi Arvidas Valyonisin (1945) tənqidi fikirləri də mövcuddur.

Bununla yanaşı, bir sıra müəlliflər "Şərqin qapısı" toplusunun tərcüməsini uğurlu sayaraq onu mütərcimin müvəffəqiyyətli işlərindən biri kimi qiymətləndiriblər. Onlardan biri, şair və tərcüməçi Vitautas Skripkanın (1943-2013) kitab haqqında yazdığı və 1981-ci ildə Litva Yazıçılar İttifaqının "Pergale" ədəbi jurnalında dərc etdirdiyi "Xalqı üçün yaradıb" adlı resenziyasını göstərmək olar.

Yeri gəlmişkən, S.Vurğunun Vətən himninə çevrilmiş "Azərbaycan" şeiri Litva dilinə iki dəfə - 1946-cı və 1970-ci illərdə A.Ventslova və A.Jukauskas tərəfindən tərcümə olunub. "Şərqin qapısı"nda getmiş tərcümə artıq üçüncü tərcümə variantı olaraq bəzi müqayisələr aparmaq və təhlillər etmək üçün imkanlar yaradır... Həm də "Azərbaycan"ın tərcüməsi üzərində ona görə bir qədər geniş dayanmaq istərdik ki, bu şeir şairin şah əsərlərindən biridir. S.Vurğun özü bu haqda belə deyib: "Azərbaycan" şeiri (...) mənim bütün həyatımı, bütün həyat proqramımı ifadə edir. Mən nə qədər yaşayıb-yaratsam belə, bu kiçik şeirdə verdiyim motivlərin bir çox başqa əsərlərimdə də ifadə olunduğunu görəcəksiniz...".

"Azərbaycan" şeirinin A.Ventslova tərəfindən edilmiş tərcüməsi şeirin şair Adelina Adalisin (1900-1969) rus dilinə etdiyi tərcüməni xatırladır. A.Ventslova A.Adalis kimi şeiri on iki hecalı sillabik-tonik vəzndə tərcümə edib. Litva şairi də A.Adalis kimi, S.Vurğun yaradıcılığının manifest əhəmiyyətli çağırışlarını ehtiva edən iki bəndi - "Mən bir uşaq, sən bir ana..." və "Fəqət səndən gen düşəndə..." misraları ilə başlanan bəndləri tərcümə zamanı ixtisar edib. A.Jukauskasın tərcüməsində isə həmin bəndlər saxlanılıb və olduqca gözəl tərcümə olunub. A.Jukauskas tərcümə zamanı səkkiz hecalı ölçünü də saxlamış, şeirin ritmini, intonasiya və qafiyə sistemini (aaa, bbb) orijinalın mətninə adekvat olaraq qoruyub. Bu tərcümədə "Azərbaycan" şeirindəki dərin duyğular dünyası, zəngin kolorit və yüksək emosional təsir qüvvəsi çox aydın hiss olunur. Odur ki, A.Jukauskasın tərcüməsi orijinalın ruhuna daha yaxın və daha güclüdür. Bu yerdə xüsusilə vurğulamaq istərdik ki, göstərilən səbəblərə görə "Azərbaycan" şeiri Litvada 1972-ci ildə keçirilən ənənəvi "Poeziya baharı" bayram tədbiri zamanı məhz A.Jukauskasın tərcüməsində Litvanın bir çox mərkəzi və rayon qəzetlərində dərc edilib.

Y.Yakştas da bu şeirin Azərbaycan dilindəki mətninə tam sadiq qalmağa çalışıb, lakin orijinaldan fərqli olaraq on hecalı ölçüyə üstünlük verib. Həm də tərcümədən hiss olunur ki, mütərcim Litva dilində "Azərbaycan"ın milli koloritini və poetik hərarətini qoruyub saxlamaq üçün böyük səylər göstərib. Lakin təəssüf ki, Y.Yakştasın bu səylərinin nəticəsi A.Ventslova və A.Jukauskasın tərcümələri ilə müqayisədə bərabər poetik tonda və rakursda səslənmir.

"Şərqin qapısı" şeirlər kitabının tərcümə səviyyəsi barədə Vilnüsdə 1980-ci ilin noyabr ayında "Ədəbiyyat və incəsənət" həftəliyində dərc edilmiş başqa bir resenziyada - hüquqşünas və şair Gintautas Stankaytisin (1936) "Azərbaycan sazı Litva kanklesinin avazı ilə səslənir" adlı ədəbi məqaləsində də ziddiyyətli fikirlər səslənir, qeyri-adekvat ümumiləşdirmələr və şişirdilmiş təriflər təqdim olunur...

Ümumiyyətlə, Y.Yakştasın bu yaradıcılıq işi A.Jukauskasın və S.Gedanın S.Vurğundan etdiyi tərcümələrlə müqayisədə o qədər də qəlbə yatımlı, cazibəli və axıcı deyil. Düşünürük ki, bu, öz növbəsində, bizə S.Vurğunun lirik şeirlərinin gələcəkdə bir daha Litva dilinə tərcümə edilməsinə zərurətin olması barədə fikir söyləməyə tam əsas verir...

P.S. Məqalə S.Vurğunun "Şərqin qapısı" kitabı barədə müəllifin Bakıda və Vilnüsdə dərc olunmuş ədəbi resenziyaları əsasında yenidən işlənmişdir:

Bakı, "Ədəbiyyat və incəsənət", 12 dekabr 1980-ci il, № 50 (1925).

Vilnüs, "Literatura ir menas", 14 mart 1981-ci il, № 11 (1789).

Vilnüs-Bakı, 1980-2019-cu illər

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!