“Gənc şair, gənc yazar” - yeni təhqir növü - Eminquey yazır

 

Gənc yazar, gənc şair adı kimi təhqir yoxdur son illərdə...

Yaxşı, gənc və yaxud da qoca sözü hansı mahiyyəti daşıyır?

Bir gənc şair ortaya çıxır, mətnlərinin bığ yeri hələ təzəcə tərləyib, hələ səsi qalınlaşmayıb, kitab çap etdirir. Təbii ki, imkanı yoxdur. Hansısa qurumun hesabına baş verib bu hadisə. Bu qurum da əvvəlcədən deyib ki, bu kitab filan, bəhmən cür olacaq. Bizim bu gənc yazar da elə həmin qurumda təqdimat keçirir. Oxucusu olmayan məzlum yazarın kitabı beş-on dənə satılır, ya yox. Təqdimatdan sonra satılan beş-on kitabının pulu ilə elə yazar, şair dostlarına qonaqlıq verir. Həmin dostları da bunu qaza gətirir ki, kitabın bərbad idi. Bu, kitab deyil, gündəlikdir, buroşürdür. Bu, sənə qarşı hörmətsizlikdir.

Bizim bu üzünə təzə tük çıxan yazar da çıxır bir saytın efirinə. Ki, bəs, mən bu kitabdan imtina edirəm. Bəs, bu, mənə qarşı hörmətsizlikdir. Mən bu kitabı yandıracam!

Adama deyərlər, bəs, kitabını çap etdirmək istəyəndə sənə deməmişdilər ki, bu cür çıxacaq? Yaxşı, deməmişdilərsə, təqdimat günü görmüşdünsə, niyə elə təqdimat günü bu kitabdan imtina etmirdin? Bu hörmətsizlik hansı marşrutla gəlib çatdı sənə? Təqdimat günü 100 kitabın satılsaydı, görüm, imtina edə biləcəkdinmi? Sən bu kitabı yandırmamışdan əvvəl özünü yandırmısan, əzizim!

"Sənət sənət üçündür" qafasıyla yazıb-yaradırsansa, niyə oxucu qıtlığından şikayətlənirsən? Bu gün texnika dövrüdür. Sənin oxucuya sosial şəbəkədən çatmaqdan başqa imkanın yoxdur. Və əgər sən öz oxucuna çata bilməmisənsə, niyə kitab çıxartdırırsan?

Məlum, Azərbaycanda bir-iki nəşriyyat var, onlar da bizi yaxına buraxmırlar. Başa düşürəm. Amma günah təkcə bu özündənrazı, Azərbaycan yazarına, şairinə yuxarıdan aşağı baxan naşirlərdə deyil axı.

Sən özünə hörmət edirsənmi? Onun-bunun sözüylə hərəkət etmək özünə hörmətdirmi?

Bir gənc kimi birdən-birə oxucu bolluğunamı düşmək istəyirsən? Heç düşünmüsənmi Azərbaycanda nə qədər oxucu var? Və bu oxucular ən çox nəyi oxuyur? Sən onların maraq dairəsindəsənmi? O beş-altı min oxucudan sənə düşən pay 100 nəfər belə deyilsə, problem həm də sənin özündədir. Əzizim, buralarda insanı mətndən qabaq obrazı ilə, şəxsiyyəti ilə tanıyırlar. Biz Müşfiqi alnının gülləsindən, Nəsimini soyulan dərisindən sevən millətik. İndi de görüm, sən kimsən?

Kafe künclərində içkidən içib, beş-üç şair dostunla sayıqlamaq nə vaxtdan yazarlıq, şairlik olub? Bu imiclə niyə o birilərini də uçuruma aparırsınız?

Paradoksa baxın!

Bir adam deyir ki, mən heç bir quruma üzv olmaram, mən azad adamam! Sonra görürsən ki, bu adam o qurumdan başqa bütün adamlara üzv olub. Biri buna danışıq öyrədir, biri buna içki alır, o biri başqa şey.

Heç bir oxucu səni zorlamayıb ki, yaz. Səni oxumayacaq, başqası var. Onların diqqətini qazanmaq sənin borcundur. Yox, əgər belə düşünmürsənsə, oxucu qıtlığından danışma...

Mən heç bir qurumu bəyənmirəm və üzvü olmağı da düşünmürəm. Heç bir müsabiqəyə şeir yollamıram. Düşünürəm ki, heç bir yarış mənim şeirlərimə layiq deyil. O münsiflərin mənim şeirimi dəyərləndirmək gücü yoxdur. Və ən əsası, mən düşüncəmi, hissimi yarışa çıxartmıram. Bu, mənim mövqeyimdir. Bəs, sənin mövqeyin nədir?

Öz ölkəsində baş verən ən adi hadisəyə mövqe qoymayan, amma Zimbabvedə baş verən xırda bir hadisəyə münasibət bildirən yazarı, şairi kim sevər?

Ümumiyyətlə, bundan sonra mənə gənc yazar, gənc şair kimi müraciət edənləri məhkəməyə verəcəm! Mənim şair, yazar olub-olmamağımı yazılarım, şeirlərim özləri sübut etsin. İyrənc adamlarla birgə bir adı daşımaq istəmirəm. Gənc şair, yox bir sütül şair, əl dəyilməmiş Marqarita!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!