“Dəli Kür”: dəyişən dəyərlər və roman texnologiyası kontekstində - Elnarə AKİMOVA yazır

Elnarə AKİMOVA

 

İsmayıl Şıxlının "Dəli Kür" romanı ilk növbədə sovet romançılığında ikili estetika daşıyıcısı kimi maraq doğurur. "Dəli Kür" yeni nəsrə keçidi hazırlayan əsərdir. Romanın yazılma tarixi kimi müəllif 1957-1967-ci illəri göstərir. On illik dönəmi həm 20-50-ci illər sovet romançılığında "itirilmiş zaman" amilinin sona varması, həm də İsmayıl Şıxlının bətnində hələ də sosrealizm elementlərinin olduğu "Ayrılan yollar" əsərindən sonra ciddi nəsr hadisəsi meydana qoymaq üçün gərəkli bildiyi zaman kəsimi hesab etmək olar. Bu zaman kəsimində İsmayıl Şıxlı qələmi daha da cilalanır, təbəddülat yaşayır, tarix və insan məqamlarının dərinlərinə enmək üçün fürsət qazanır.

"Dəli Kür" romanı çöküş əhval-ruhiyyəsini ehtiva edən əsərdir. Bəyliyin çöküşünü, patriarxal dəyərlərin iflasını, ölən dünyaların təzahürlərini verən, bunu təmkinli mövqedən müşahidə edən və dərin qatda işləyən mətndir. Müəllif Cahandar ağanın timsalında patriarxal dünyanın çöküşünü ifadə etməyə çalışır. Amma İsmayıl Şıxlı məsələni necə qoyur əsərdə? Bəyliyin daha çox daxili-mənəvi hisslərinin qabardılması, periferiyadan mərkəzə gətirilməsi ilə. İnsan obrazını bütün tərəflərdən təhlilə çəkməklə. Maarifçi ədəbiyyatın önə çəkdiyi "meşşan" tipindən, sosrealist ədəbiyyatın tənə, istehza predmetinə çevirdiyi personajdan sonra bəy obrazı ilk dəfə bu əsərdə yeni kontekstdən təcəssüm predmetinə çevrilir: həm insan kimi hərtərəfli səciyyəsi, həm də feodal-patriarxal dəyərlərin daşıyıcısı qismində.

Roman özlüyündə düşündürür, necə ola bilər axı, Cahandar ağa kimi ailəsinə, namus məsələsinə, bəylik kriteriyalarına bu qədər həssas yanaşan adam başqasının xanımını qaçırmaqla belə bir xətaya yol verir? "Dəli Kür"ü illərlə gündəmdən düşməyə qoymayan başlıca amil bu sualın açıq qalmasıdır həm də. İsmayıl Şıxlı əsərdə, ilk növbədə, dəyərlərin antitezasını yaradır. Bunu movizm də adlandırmaq mümkündür. Modernizmin movizm metodu dəyərlərin bilərəkdən korlanması hesabına aparılır. Əsər bir çox başqa məqamları - əsas və törəmə süjetləri içinə alsa da, birbaşa Cahandar ağanın namus fəlsəfəsinin iflası üzərində qərarlaşır. O şeyi ki, Cahandar ağa namusu hesab edir - arvad, at və papaq, - hər birinin tədricən deqradasiyaya uğrama səbəbləri təsvir edilir. Birinciyə münasibətdə Cahandar ağanın özü xətaya yol verir. Digər proseslər də "cinayətin cəzası" üzərində qurulur. Baş qəhrəmanın içindəki "son problematikası"nı yetişdirən amilə çevrilir. Qaçırdığı qadının əri Allahyar onun sevimli atı Qəmərin yalını qırxır və quyruğunu kəsir. Molla Sadıq qisas almaq üçün bacısı Şahnigarı meyxana məclisinə sürükləyir. Namus məsələsində sorğu-suala lüzum bilməyən Cahandar ağa həm bacısı Şahnigarı, həm də atının ölümünü öz əli ilə gerçəkləşdirir. Bu, onun daxilən çöküşünü stimullaşdıran əsas səbəblərdir. Hər ölümlə Cahandar ağa bir az da qürub edir. Bacısı ilə birgə daxili müvazinəti, atı ilə birgə varlığı, qüruru sonluğa yön alır.

"Dəli Kür" romanı yazıldığı vaxtdan hər zaman ədəbi tənqidin diqqətində olmuşdur. Əsərlə bağlı müxtəlif fikir haçalanmaları meydana çıxsa da əsas mübahisə Cahandar ağa obrazına münasibətdə yaranmışdır. Bununla belə əsərdəki bədii-estetik keyfiyyət, canlı və dinamik təsvirlər, kolorit onu bütün dövrlərin oxunaqlı əsəri sırasına çıxarmışdır. Bura adekvat olaraq hər dövrün öz baxışını, yeni təfsirə gələn məqamları əlavə etsək deyə bilərik ki, "Dəli Kür" bütün dəyişən dəyərlər və zaman kontekstində qiymətləndirilmiş əsərdir. Bu yaxınlarda kinoşünas Sevda Sultanova "Ədəbiyyat qəzeti"nin "Ekranlaşdırılmış ədəbi əsərlər" layihəsində "Dəli Kür"lə bağlı təhlillərində onun bütün dövrlər üçün dəyərli sənət nümunəsi olması faktının konkret detallarına varır: "Dəli Kür" monumental, çoxşaxəli əsərdir: mənəvi dəyərlər, qadın-kişi münasibətləri, ata-oğul, yeniliklə köhnəliyin, cəhalətlə mütərəqqi ideyaların konflikti, Çar Rusiyasının işğalçı siyasətinin, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bunun Cahandar ağanın taleyinə təsiri... İsmayıl Şıxlı qələmə aldığı dövrü təfərrüatıyla araşdırıb, çevik ədəbi dili və manerasıyla çoxsaylı motivi dramaturgiyada məharətlə nizamlayıb. Epizodlar bir-birini əsaslandırır və çeşidli mövzular zəncirvarı, riyazi dəqiqliklə sıralanır".

"Dəli Kür" həm də qadın romanıdır. Bu əsərə qədər qadının iç dünyasının açıldığı, meydana qoyulduğu əsərlər az olmamışdı nəsrimizdə. Amma qadın dünyasının kişi nəzərlərindən bu dərinlikdə açımı nəsrimiz üçün atipik hadisə idi. Əsərdə bunu realizə edən çoxlu səhnələr var: Zərnigar-Mələk-Şahnigar obrazlarının təcəssümündə. İsmayıl Şıxlının yazıçı kimi gücü məhz, qadın yaşantılarını, psixoloji təbəddülat məqamlarını dərin təcəssümündə verə bilməsindədir.

Romanda Rus Əhməd-Kipiani-Əşrəf xətti ilə maarifçi dalğanın qabarıqlığı hiss olunsa da, ümumən sosrealizm ünsürlərinin varlığı, Əşrəf-Pakizə, Molla Sadıq-Cahandar ağa dialoqlarında belletrizm çaları, şüarçılıq rudimentlərinin olması da danılmazdır.

Müstəqllik dönəmində yazılan əsərlərdə "Dəli Kür" romanının hansı təzahürlərini sezmək mümkündür? Zənnimcə, müqayisə oxşarlıqdan daha çox fərqliliyə rəvac verən faktlara yol açır. Çünki bu dönəmin nəsri artıq fərqli hadisədir. Burada mövzu dəyişimindən tutmuş roman strukturunda, yanaşmasında olan bütün təbəddülatlardan danışmaq mümkündür. Bu gün ənənəvi roman janrında həcm etibarilə kiçilmə, struktur etibarilə sadələşmə gedir, bir-biri ilə əlaqəsi olmayan süjet xətlərinin təqdimi, zamanlararası keçidlər, simvolların qabarıqlığı, arxetiplər bolluğu, dil qatında sadəliyə, ifadə bəsitliyinə meyil, obraz fərqliliyinin olmaması nəzərəçarpacaq xüsusiyyətlərdir və əksər romanların  əsasını təşkil edir.

Çağdaş romançılığımızda "Dəli Kür"dəki hansı dəyərlərin qorunması, prosesə ötürülməsi faktı ilə üzləşirik? Son dövrün nəsr nümunələrinə dayaqlansaq, bizdə öz yaşam qanunları ilə seçilən milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri də milli yaddaş daşıyıcıları kimi, sanki tarixə dönmüş, öz funksionallıqlarını dondurmuşlar. Adətən bu mövzu o zaman təsvirə çəkilir ki, cəmiyyətdə xaos nizamı, disharmoniya harmoniyanı əvəz edir. O zaman nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin, ünsürlərin qovuşmasına etiraz edir. İsmayıl Şıxlının "Ölən dünyam" əsərində belə bir epizod var. "Troyka"nın sadiq qulu olan Fətullayev qolçomaqların kökünü kəsmək üçün bir dəstə hazırlayır və Qeybalı kişiyə tapşırır ki, kəndə gələn hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu zaman Qeybalı kişi acı-acı gülümsünür və deyir: "- Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana çıxsın? Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi". Ədəbiyyatımızda keçəl obrazının hansı neqativ məzmun ehtiva etdiyini nəzərə alsaq, müəllifin priyomundakı ironik çaların məğzini tutmaq çətin olmur. Əgər bu zamanın kişisi, "Cahandar" ağası, vurub-tutanı Keçəl Xondulu idisə, deməli, cılızlığın igidliyə meydan oxuduğu zəmanə gəlirdi.

Yeni cəmiyyətdə milli insanın mövqeyi necə görünür, o, yenədəmi cəmiyyət üçün "artıq adam"dır, yoxsa ictimai və mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu qarşısında güzəşt edir, onun ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına çaba göstərir. Bəs əvəzində nə təklif edir? Günbəgün dəyişən və milli keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri, zəmanə qəhrəmanı kimdir, necə olmalıdır? Baş qəhrəmanının adının əsərin öz adını əvəzlədiyi, onunla bir sırada dayandığı neçə roman saya bilərik, məsələn?

Daha "Dəli Kür"də olan çoxcəhətlilik, süjet mürəkkəbliyi və əhatəlilik bütün romanlarımız üçün səciyyəvi hal deyil. Əvəzində nəsrimiz daha dərinlərə varmaq şövqü ilə qələm işlətməkdədir. Mifdən başlamaq, kosmik, mifik və ilahi elementlərin məkanı olmaq, tarixin yeni kontekstdən oxunuşu baxımından Kamal Abdullanın, Zahid Sarıtorpağın, İlqar Fəhminin romanları bədii təfəkkürün tematikasına əlavələr qatır. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, dünya fəlsəfi-estetik düşüncəsindən iqtibas olunan məqamlarla sintez, universal məzmunlu dəyərlərə canatım, həyat və ölüm, gerçəklik və yuxu, illüziya və reallıq arasında sərhədsiz keçidlər, retrospektiv düşünmək - bu yazıçıların əsərlərində təsadüfi xarakter daşımır, həm də yalnız bədii deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirlər.

Bu gün tarixi roman janrına diqqət ön plandadır. Yalnız tarixi roman janrında deyil, çağdaş romanlarda belə, əsas istiqamətverici fonu tarix təşkil edir, hətta bir neçə zamanı bədii təcəssüm predmetinə çevirmək meyli əsəri roman içində roman kimi təqdim edir oxucuya.

Xalq həyatına geniş nüfuz, rus imperiyasının işğalçı siyasətini ifadə eləmək baxımından Anarın "Ağ qoç, qara qoç", Elçinin "Baş", Məmməd Orucun "Qara güzgü" romanlarını qeyd eləmək lazımdır. Anarın nağıl mətninin simvolikasına sığınmaqla ictimai-siyasi ab-havaya adaptasiya olunmaq məramının nəticəsi olaraq yaranan "Ağ qoç, qara qoç" əsəri həm ideya-bədii keyfiyyət nöqteyi-nəzərindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki baxımından diqqət çəkir. Xatırlayıram, əsər yazıldığı dönəmlərdə tənqidçi Bəsti Əlibəyli onun haqqında "əsər təkrarlana biləcək yaxın keçmişin səksəkəsi - qorxunun proyeksiyasıdır" - kimi fikir səsləndirmişdir. Hər halda yaddaşın oyaq və ayıq qalmasına xidmət edən bu kimi əsərlər epoxal gerçəklərə nüfuz baxımından gərəklidir.

Eyni geniş səciyyəni Elçinin "Baş" romanı da verir. Bu əsərdə də "atan kazaklardır"! XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları və onun Rusiya tərəfindən istilasının gerçək mənzərəsini yaratmaq baxımından yazıçı tarixin bəlli bir dövrünün estetik ekvivalentini yaradır. Həm də janrın yeni struktur texnologiyalarından yararlanmaqla. Müəllif retrospeksiyanı əsərin strukturuna birbaşa zaman ünsürü kimi daxil edir. Zaman paralelləri, çoxqatlı məkan ölçüləri, biri digərini əvəzləyən surətlər polifoniyası hər biri qəhrəmanın kəsilmiş başının nəzərlərində, oyanan yaddaşında, şəffaf və çəkisiz varlığında, sönməyən beyninin daxili bioloji ritmlərində baş tutur.

Məmməd Orucun "Qara güzgü" əsərində Vedibasarda ruslar tərəfindən xalqın başına gətirilən oyunların izlənilməsi var. Qara güzgü atın gözünə işarədir və bu gözdə müəllif tarixin müəyyən bir dövrünün geniş səciyyəsini verməyə nail olur.

Nəriman Əbdürrəhmanlının böyük dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edən "Taclı", yaxud Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edən "Qurban", Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat yolundan, XIX əsrin tarixi-ədəbi proseslərindən bəhs edən "İşığa gedən yol", Sabir Rüstəmxanlının Məhəmməd Hadinin həyatından bəhs edən "Şair və şər" romanlarında əsasən, bir şəxsin taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə nüfuz edilir. Amma proses tarixi bir dönəmin yenidən inikası səviyyəsində deyil, öz milli kimliyini və müəyyənliyini, tarixi statusunu aydınlatmağa çalışan fərdin düşüncəsinin strukturu şəklində gerçəkləşir.

Tarixi mövzu və dəyərlərin funksionallığı məsələsi öz yerində. Bir də əsərin adında ehtiva olunan simvolik çalar var: Dəli Kür! Bu yaxınlarda oxuduğum Sərdar Aminin "Su sərgisi" romanında müəllif Xəzər dənizini Kür çayı kimi subyektləşdirməyə müvəffəq olmuşdu. Hər iki əsərdə təbiət obrazın daxili hisslərinin leytmotivinə çevrilir. Ölüm və həyat pafosu təbiəti təsvirlə vəhdətlənir. Tutqun hava, əhvaldan və baş verən situasiyadan asılı olaraq Xəzər dənizinin qorxu aşılayan sərt mənzərəsi, atmosferin bədbin estetika ilə yüklənməsi baxımından roman "Dəli Kür"dəki sıradan predmet kimi mənalanmayan su arxetipini yada salır. Su ölümün və həyatın metaforuna çevrilir, obrazların intihar aktının reallaşdıracağı məkan kimi təsvirə çəkilir.

"Dəli Kür" dəyərlərin dəyişdiyi bütün zamanlar üçün yazılmış əsərdir. Əsərin bu gün tarixi missiyasını davam etdirməsi fikrimizin sübutudur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!