İlyas Əfəndiyevi xatırlayarkən... - Vaqif YUSİFLİ yazır

"Köhnə kişilər" silsiləsindən

Bizim ədəbi nəsil - ədəbiyyata yetmişinci illərdə gələnlər - özünü xoşbəxt saya bilər ki, XX əsrin bir çox ədəbi şəxsiyyətləri ilə görüşmək, söhbət etmək, ünsiyyətdə olmaq şərəfinə nail olub. Şəxsən mənim tərcümeyi-halıma yazılası cizgilərdir ki, ömrümün müxtəlif anlarında Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Qulam Məmmədli, Əkrəm Cəfər, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi kimi sənət fədailəri ilə üzbəüz oturub söhbət etmişəm, onlarla müsahibə aparmışam, hər birinin fərdi, bənzərsiz dünyasına baş vurmağa çalışmışam, yazılar yazmışam. Ancaq adlarını çəkdiyim bu sənətkarlar arasında İlyas Əfəndiyevə xüsusi rəğbətim vardı. Mənim ədəbiyyata uşaq yaşlarından meyil eləməyimin tarixi İlyas müəllimin "Söyüdlü arx" romanından başlayır. Orta məktəbin beşinci sinfində oxuyurdum. Kəndimizdə üç-dörd kitabxana var idi ki, yalan olmasın, o kitabxanalarda oxumadığım bədii əsər qalmamışdı. Günlərin bir günü - 1959-cu ilin oktyabrında - İlyas müəllimin göy cildli "Söyüdlü arx" kitabı əlimə keçdi. Bir neçə gün ərzində o romanı oxuyub başa çatdırdım. Təbii ki, "Söyüdlü arx"da mənim o zamankı yaşımla, həyata münasibətimlə uyuşmayan məqamlar az deyildi. Ancaq o əsərdə məni valeh edən kəndin və kənd adamlarının koloritli təsviriydi. Heç kimə bildirmədən götürüb "İlyas Əfəndiyevə məktub" adlı bir yazı yazdım, göndərdim Azərbaycan Yazıçılar İttifaqına. O məktubda beşinci sinif şagirdinin ürək sözləri həkk olunmuşdu, yazmışdım ki, İlyas müəllim, mən sizin əsərinizi oxudum, sanki öz kəndimi gördüm. İki həftədən sonra ədəbiyyat həvəskarı əmim Fərman "Ədəbiyyat və incəsənət" qəzetində mənim o balaca məktubumun çap olunduğunu söylədi, qəzeti mənə bağışladı. Bu yazı bütün orta məktəbdə səs saldı. Tam səmimi deyirəm, o gündən məndə ədəbiyyata həvəs o qədər gücləndi ki, elə onda qərara aldım bu, mənim yolumdur. Əlbəttə, bu yol "Söyüdlü arx"dan başlandı. İlyas Əfəndiyevin sonrakı illərdə çap olunan bütün kitabları mənim üçün "Azərbaycan ədəbiyyatı" dərsliklərindən birinə çevrildi.

İllər keçdi. BDU-nun Filologiya fakültəsində təhsil aldım. Həmişə Yazıçılar İttifaqının Natəvan klubunda keçirilən tədbirlərindən xəbər tutar, gedib arxa cərgələrin birində əyləşər, əsərlərini sevə-sevə oxuduğum, amma rastlaşmadığım, çıxışlarını eşitmədiyim korifeyləri dinləyirdim. Təbii ki, onların hər biri ilə tanış olmaq istəyi ilə yaşayırdım, amma yaxınlaşa bilmirdim. 1979-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunda İlyas müəllimin "Sarıköynəklə Valehin nağılı" romanı müzakirə olunurdu, mən də o müzakirədə gənc aspirant kimi çıxış elədim. İlyas müəllim müzakirədən sonra məni yanına çağırdı, əlini çiynimə vurdu: "Sağ ol, oğlum" - dedi.

İlyas Əfəndiyev haqqında ilk məqaləmi isə 1984-cü ildə yazdım (sonralar onun yaradıcılığı ilə bağlı ona qədər məqalə yazdım), onda İlyas müəllimin 70 illiyi qeyd olunurdu. Məqalənin adı belə idi: "Boy çiçəyinin ətri". Yazmışdım ki: "İlyas Əfəndiyev haqqında düşünəndə quruyub xəzəl olsa belə, öz ətrini, rayihəsini itirməyən, elə bil yenicə dərilən boy çiçəyini xatırlayırsan. İnsanlar arasında ən zərif, ən kövrək, ən bakirə hissləri də həmin boy çiçəyinin ətri ilə müqayisə eləmək olar. Bir də ona görə ki, İlyas Əfəndiyevin nəsri və dramaturgiyası bütünlükdə bu incə və zərif hissləri şairanə bir dildə tərənnüm edir. Bir anlığa təsəvvür edək ki, son qırx-əlli ilin nəsr və dramaturgiyasında İlyas Əfəndiyev adlı bir şəxsiyyət olmayıb, o zaman ədəbiyyatımız nələr itirərdi? Heç şübhəsiz, nəsrimizdə və dramaturgiyamızda lirik-psixoloji təmayülün, Cəfər Cabbarlıdan sonra yeni və orijinal bir teatr məktəbinin adı və ünvanı itirilmiş olardı".

Ümumiyyətlə, İlyas Əfəndiyevin keçdiyi ömür yolunu, yaradıcılığını dörd mərhələyə bölmək olar. İyirmi dörd yaşına qədər bəy - "varlı" nəslindən olduğuna görə o, həyatında çox çətinliklərlə üzləşmişdi. Atası səs hüququndan məhrum edilmişdi, vaxtilə tikdirdikləri böyük evlərini əllərindən almışdılar, doqquz baş ailəyə isə onların öz evinin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Ancaq bütün bunlara baxmayaraq, İlyas Əfəndiyev institutda verilən qəpik-quruş təqaüd və talonla, gündə dörd yüz qram çörəklə kifayətlənib böyük bir həvəslə təhsilə girişmişdi. Amma "sən saydığını say, gör fələk nə sayır" - bir müddət keçir, atasının səsi alındığına görə o, institutdan xaric edilir, çovğunlu bir qış günündə isə onların ailəsini sığındıqları o iki otaqdan da çıxarırlar. Amma yenə də o, inadından dönmür, həmin institutun dil-ədəbiyyat fakültəsini deyil, coğrafiya fakültəsini bitirir, gedib kənddə müəllim işləyir böyük bir ailənin yükünü çəkir, çünki bu zaman atası Məhəmməd kişi çəkdiyi əzablara, "yeddi körpə uşağının onunla birlikdə sürülmək qorxusuna, tez-tez gəlib hətta yastıqlarının içini də axtaran inzibati işçilərin təhqiramiz kobudluqlarına dözə bilməyib vəfat etdi".

İkinci mərhələ "Kənddən məktublar"la başlayır. İlyas Əfəndiyev əsasən Əli Vəliyevə həsr etdiyi "Dostumuzu xatırlayarkən" yazısında onun ədəbiyyata gəlişində, ilk kitabının çap olunmağında və Bakıda işə düzəlməyində ona möhkəm dəstək olan Əbülhəsəni və Əli Vəliyevi hörmətlə xatırlayır. Yazıçılar İttifaqında nəsrə baxan Əbülhəsən onun "Kənddən məktublar" kitabındakı bir povesti və doqquz hekayəni bəyənir, Yazıçılar İttifaqı sədrinin göstərişi ilə Azərnəşrə, çapa göndərilir. Əli Vəliyev isə kənddən şəhərə köçən cavan İlyas Əfəndiyevi "Yeni yol" qəzetində işə düzəldir. "Sonra "Kənddən məktublar" adlı kitabım çıxdı. Tənqidçi Əkbər Ağayev onun haqqında məqalə yazıb təriflədi. Məni Yazıçılar İttifaqına üzv qəbul etdilər. Daha sonra qalmağa yerim olmadığı üçün, o zaman Yazıçılar İttifaqının sədri olan Səməd Vurğun "Yeni Şərq" mehmanxanasında mənə bir otaq düzəltdirdi". Beləliklə, İlyas Əfəndiyev maddi və mənəvi çətinlikləri arxada qoydu, Böyük Vətən müharibəsi illərində isə "Durna", "Qəhrəman ilə bülbülün nağılı", "Tar", "Apardı sellər Saranı", "Qarı dağı", "Yarımçıq qalmış portret haqqında mahnı" və b. gözəl hekayələrini yazdı (sonralar da İlyas müəllim yeri gəldikcə bu gözəl hekayələrin sayını artırdı, xüsusilə, "Qırçı və qırmızı çiçək" hekayəsi bu janrın seçimli bir nümunəsi idi). İlyas Əfəndiyev elə ilk hekayələrində onun bütün sonrakı yaradıcılığı üçün səciyyəvi olan aydın, səlis, poetik dili və üslubu, həyat hadisələrinin koloritli real təsviri, obrazların psixoloji yükü ilə diqqəti cəlb etdi. Nəsrimizdə, daha sonra dramaturgiyamızda lirik-psixoloji üslub ilyas Əfəndiyev imzası ilə etiraf olundu.

Üçüncü mərhələ onun dramaturji yaradıcılığı ilə bağlıdır. Mehdi Hüseynlə şərikli yazdığı "İntizar" pyesindən sonra "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi" meydana gəldi. İlyas Əfəndiyev Cəfər Cabbarlıdan sonra dramaturgiyamızda yeni bir üslub və məktəb yaratdı - bunu bütün tədqiqatçılar etiraf edirlər. Amma onun özü bunu hamıdan tez dərk elədi. Bir məqaləsində yazırdı: "Cəfər Cabbarlının vəfatından keçən bu otuz il müddətində müasir mövzuda xeyli pyes yazılmışdır. Lakin bunların içində müəyyən bədii qiymətə malik dəyərli əsərlər az olmuşdur. Səhnəmiz müasir problemləri həqiqi sənətkarlıqla həll edən, həqiqi həyatla nəfəs alan dərin pyeslər gözləyir. Bəsdir hay-küy! Bəsdir ucuz estetika! Bəsdir yüngül, kövrək hisslər! Bəsdir geridə qalmış obıvatel tamaşaçının nazı ilə oynamaq! Dramaturgiyamızda yenilik meyli, axtarış çox zəifdir. Köhnə üsullar, köhnə yazı tərzi hey təkrar olunur. Qəhrəmanımızın işi ilə duyğuları, düşüncələri, sevgiləri arasında cansıxıcı paralellər əmələ gəlir". Beləliklə, tale İlyas Əfəndiyevi Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının dramaturji ənənələrini yaşadan və həm də bu sahədə yeni məktəb yaradan bir ədəbi missiyanın baniyi-karına çevirdi.

Nəhayət, dördüncü mərhələ - altmışıncı illərdən başlayaraq İlyas Əfəndiyevin yaradıcılığının möhtəşəm zirvəsi ilə qarşılaşırıq. Onun nəsri də, dramaturgiyası da yenilikçi, novatorluq keyfiyyətləri ilə zəngin idi. Azərbaycan teatrı ta ölümünə (1996) qədər İlyas Əfəndiyevin repertuarı ilə nəfəs aldı, hətta ölümündən sonra da bu nəfəs kəsilmədi. Mən bir tamaşaçı kimi Akademik Tearda onun əksər tamaşalarına baxmışam və deyim ki, İlyas Əfəndiyevin pyesləri bu teatrın inkişafının bütün istiqamətlərinə öz təsirini göstərib, böyük rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin pyesləri ilə rejissura sənətində lirik-psixoloji təmayülü təsbit etdi.

İlyas Əfəndiyevin yaradıcılığı barədə xeyli monoqrafiyalar, saysız-hesabsız məqalələr yazılıb və indi də yazılır. Onları təkrar etmək niyyətində deyiləm. Lakin iki yazıdan misal gətirmək istəyirəm. İlyas müəllimin varisi Elçin yazır: "İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsil-nəcabətinə bağlı bir adam idi... Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də əksinə idi, o, gələcəklə yaşayan bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət - həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi, amma bir cəhət də həqiqət idi: keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi". Böyük tənqidçi Yaşar Qarayev isə belə deyib: "Əsərlərindən biri - "Geriyə baxma, qoca!" adlansa da, o, həmişə irəlini görmək üçün geriyə baxmağın tərəfdarı olub, gələcəklə keçmiş arasında bir körpünün üzərində dayanaraq həyata və insanlara buradan boylanıb-baxıb". Yaşar müəllim bir məqaləsində də yazırdı: "Azərbaycan tarixi barədə klassik sənədlər - yeddi "Qarabağnamə" var. Bütövlükdə, İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci "Qarabağnamə hesab edirəm". Bəli, bu, həqiqətdir. Və doğrudan da, müvəqqəti itirdiyimiz maddi Qarabağ və itirmədiyimiz mənəvi Qarabağımızı duymaq və sevmək üçün İlyas Əfəndiyevin əsərləri ən etibarlı qaynaqlardı.

İlyas Əfəndiyevlə son görüşümü xatırlamaq istəyirəm. 1991-ci ilin fevral ayında iki qəzetdən - həm "Qarabağ", həm də "Mədəniyyət" qəzetindən mənə tapşırdılar ki, İlyas müəllimlə bir müsahibə hazırlayım. Ürəyimdən oldu bu. Evinə getdim. Düz bir saatdan artıq İlyas müəllimlə söhbət etdim. İndi o qəzetlərdəki müsahibələrə bir də baxıram. Bu böyük sənətkarın fiziki itkisi ilə razılaşsam da, amma qulaqlarımda hələ də onun canlı, diri səsi qalıb. İlahi, mən, hətta qocalığında belə, heç kəsdə bu cür diri, canlı səs görməmiş, eşitməmişdim.

O müsahibələrdə bəzi məqamları xatırlayıram. Sual vermişdim: "İlyas müəllim, bu saat Azərbaycanda uşaqdan tutmuş rəhbər işçiyə qədər hamı birlikdən danışır: "Gəlin, birləşək", "Bir olaq", "Gücümüz birlikdədir". Ancaq o da məlumdur ki, həmin çağırışlar quru söz olaraq qalır. Niyə bu birlik baş tutmur?"

Cavab verdi ki: "Əvvəla, bu şüarları kimlər söyləyir? İlk növbədə, xalqın birliyinə inanmayanlar. Birləşmək istəyən heç vaxt deməz "Gəlin, birləşək!". İkincisi, bu xalq nə vaxt ayrılıb ki, deyə birləşək. Hətta sərhədlər çəkilsə də, tarix öz amansız hökmünü desə də, Azərbaycan vahiddir, o tayı da, bu tayı da bir xalqdır. Xalq həmişə bir olub: dünən də, bu gün də. Qoy yuxarılar birləşsin. Liderlər, müxtəlif partiyaların, təşkilatların rəhbərləridir bir-birindən ayrılanlar.

Sual vermişdim: İlyas müəllim, hal-hazırda ədəbiyyatımız, sanki keçid mərhələsini yaşayır. Bu mərhələnin əsas janrı , mənim fikrimcə, publisistikadır. Məlum məsələdir ki, bir-birini çox sürətlə əvəz edən bu dramatik, faciəli hadisələrə bədii ədəbiyyat dərhal, hadisələrin qızğın izi ilə cavab verə bilməz. Mənim fikrimcə, publisistika bədii ədəbiyyatın səviyyəsində o sözü deyə bilmir.

Cavab verdi ki: "Səninlə mübahisə eləmək və fikrinlə razılaşmamaq olar. Birincisi, "ədəbiyyatımızın keçid dövrü" ifadəsi ilə razılaşmıram. Necə ki, bir vaxt "yeni nəsr" söhbəti oldu, bunlar hamısı ötəridir. Yetmiş ilin ədəbiyyatını istəyirsən neçə mərhələyə ayır, mahiyyət dəyişirmi? Yaxşı əsərlər qalır, zəiflər unudulub gedir. O ki qaldı publisistikaya, onu qətiyyən bədii ədəbiyyata qarşı qoymaq olmaz. O da bədii ədəbiyyatın bir sahəsidir və bugünkü publisistikanın inkişafı göz qabağındadır. Kimsə mənə deyə bilməz İlyas Əfəndiyev niyə bu son hadisələrdən bir roman yazmır? Vaxt gələcək, həmin roman yazılacaq, əlbəttə, o zaman yazmamaq mümkün olmayacaq!

Sual verdim ki: "Azərbaycan dramaturgiyasında fenomen olan Cəfər Cabbarlı sənətinə ədəbiyyatımızda ayrıca bir dramaturji üslub yaradan İlyas Əfəndiyevin münasibəti necədir?"

Cavab verdi ki: "Cəfər Cabbarlı böyük sənətkardır. Biz bunu illər keçdikcə daha aydın dərk edirik. Həyatı dərindən öyrənmək, zamanı qabaqlamaq Cabbarlını bütün müasirlərindən fərqləndirən bir xüsusiyyət idi. Cəfərdən sonra, lap elə onun vaxtında onlarla dramaturq vardı, yazırdılar, əsərləri tamaşaya qoyulurdu, bəzi əsərlər zamanın sınağından çıxdı, amma çoxusu unuduldu. İstedad hər zaman və hər yerdə istedad olaraq qalır. Çexovun dövründə də onlarla dramaturq vardı, amma o dövrdə dramaturq kimi Çexov yaşadı. Hal-hazırda Azərbaycan teatrının vəziyyəti ciddi narahatlıq doğurur. Xüsusilə, rejissor problemi. Stanislavskinin təbirincə desək, rejissor-psixoloq, rejissor-aktyor, rejissor-ədib kimi püxtələşən rejissorlarımız yoxdur. Əlbəttə, bunu deməklə, mən bizim bir sıra istedadlı rejissorlarımızın əməyini yerə vurmaq istəmirəm.

Bir sual da verdim ki: "Teatrımızla bağlı bir problem də narahatlıq doğurur. İstərdim ki, teatr tənqidi barədə mülahizələrinizi öyrənim.

Cavabı bu oldu: "Təkcə teatr tənqidi barədə yox, ümumən ədəbi tənqid haqqında da soruşa bilərsən. Məncə, ədəbi tənqid çox vaxt müstəqil olmayıb. Partiyanın qərarlarını ədəbi aləmə tətbiq etməklə yazıçıdan əsl sənət əsəri yox, siyasi ruhlu əsərlər gözləməklə tənqid özünü gözdən salır. Konyunkturaçılıq tənqidin ən zəif nöqtəsidir. Bir sıra istedadlı cavan tənqidçilərimiz də bu bəladan xilas ola bilmirlər. Vaxtilə Cəfər Cəfərov bir teatr tənqidçisi kimi məşhur idi, o, hətta amansız tənqid və təqiblərə də məruz qalırdı, amma heç vaxt öz yolundan dönmədi. "Azərbaycan teatr tarixi" kitabı kimi möhtəşəm bir əsər yaratdı. Amma mən bədbin deyiləm. İnanıram ki, bütün həıyatını, varlığını teatra həsr edən tənqidçilər, sənətşünaslar yetişəcək.

İlyas Əfəndiyev haqqında, onun yaradıcılığı barədə çox danışa bilərəm. Amma yazımda, sadəcə, bu böyük sənətkar haqqında yalnız ürək sözlərimi ifadə etdim.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!