"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsində - Hədiyyə Şəfaqətin "Çöl" şeri

 

Çöl

 

Bir dəstə çobanyastığı aldı adam

Küçə çiçəkçisindən...

Qoxladı,

Heyrətləndi:

"Qəribədir,

Bunlardan uzaq çöllərin ətri gəlir".

Gülümsədi çiçəkçi-

"Onları bağçamdan topladım"...

"Bağçanda günəş doğur?"

"Əlbəttə!"...

"Gecə yağış da yağıbmış"...

"Hə"...

Adam barmaqlarının ucunu

Ləçəklərdə qalan su damcılarına toxundurdu-

"Gözəldir"...

...Üzünü dənizə tutdu adam;

Qağayılar sakit,

Səma tər-təmizdi.

Titrək əlləriylə

Çobanyastığı çiçəklərini bir-bir

                        ayırdı dəstəsindən

Sulara atdı; -

"Qadınım!"-söylədi astaca,

"Sənə çöl, gətirdim"...

Cahan Seyidzadə

Danışan şeir

XX əsrin əvvəllərində, ümumilikdə, dünya ədəbiyyatında sənətin sona çatması ilə bağlı çoxlu düşüncələr və bu düşüncələrin təzahürü olaraq müxtəlif mövzularda  əsərlər yaranmaqdaydı. Bunlardan biri də məşhur amerikalı tənqidçi, filosof Artur Dantonun daha çox Hegel fəlsəfəsinə əsaslanan "Sənətin sonu" məqaləsi idi. Danto "sənətin sonu" ifadəsini açıqlamaqla izah etməyə çalışırdı ki, bu mərhələdə yazan yazıçının, şairin heç bir "istiqaməti" olmur. Lakin "sənətin ölməsi və ya sona çatması" artıq rəssamın rəsm çəkməməsi, şairin şeir yazmaması kimi də başa düşülməməlidir. Sənətin ölməsi  hər hansı yaradıcılıq nümunəsinin fəlsəfi yükdən xilas olması, xüsusi məqsəd daşımaqdan qurtulması demək idi. Yəni, artıq hər şey sənət ola bilərdi. Hər şey sənətin - şerin, rəsmin, musiqinin, kinemotoqrafiyanın və s. mövzu obyekti ola bilərdi. Son dövrlər Azərbaycan ədəbiyyatına nəzər saldıqda təxminən eyni mənzərəylə qarşılaşmış oluruq. Mövzu müxtəlifliyi, zəngin məna çalarlığı, rəngarəng bədii təsvir və ifadə vasitələrilə əks olunan istənilən məfhum, hadisə və duyğular silsiləsi hər şeyin sənət olabiləcəyini bir daha təsdiqləyir. Lakin bu ədəbi mənzərədə yer alan bəzi yaradıcı "iştirakçı"ların bir-birinə bəslədikləri "Solyeri heyranlığı" prosesin sürətlənməsini və dünya arenasına çıxmasını əngəlləyir. Belə bir mərhələdə şairə Hədiyyə Şəfaqətin şeirlərində müşahidə olunan orijinallıq və texnika axtarışları, həmçinin  duyğuların sadə məfhumlar və  nağılvari dil vasitəsilə ifadəsi onun özünəməxsus yaradıcılıq yolunun olmasını göstərir. Öncəliklə qeyd etmək istərdim ki, şairənin mövzu müxtəlifliyi və zənginliyi arasında heç vaxt "dəb"dən düşməyən "çobanyastığı" motivi, "çöl" obrazı var. Bədii dildə desək, onun bəzi şeirlərindən "yaz otu"nun, "çobanyastığının", "uzaq çöllər"in doğma ətrini duymaq olar. Hədiyyə Şəfaqət təbiət ünsürlərini ustalıqla sənətə çevirməyi bacarır. Bu da təsadüfi deyil, hər zaman saf sevginin və təmiz hisslərin rəmzi hesab olunan çobanyastığı çiçəyinə müraciət, əslində şairənin ən ülvi duyğuların tərənnümü üçün "çətinə" qaçmaması və oxucunu qarışıq, "çeynənmiş" ifadələrlə yormamağa çalışması cəhdləridir. Şeri başdan-başa rəmzlər şeri də adlandırmaq olar. Sonsuzluğun rəmzi səma, saf sevginin rəmzi çobanyastığı çiçəkləri, sadiqliyin rəmzi qağayılar və həsrətin rəmzi qadın... Bu baxımdan təbiət ünsürlərinin insani duyğularla uyğunlaşdırılması insan-təbiət vəhdətinin daimiliyini əks etdirmiş olur. Təbiətdən gələn insan sonda onun bir parçasına çevrilir, torpağına qarışır, suyuna qərq olur, göyünə çəkilir. Şeirdə uğurla işlənmiş "həsrət" motivi var ki, bu da çobanyastığı çiçəkləri vasitəsilə sona çatır. Belə ki, qadınına sevgi və sədaqət rəmzi olaraq çobanyastığı çiçəkləri gətirən qəhrəman yaradılışdan bəri bir-birinə həsrət olan dəniz və çölü də birləşdirmiş olur. Əslində, yer və göy, dəniz və çöl həsrətin daimiliyinin ilahi izahıdır. Müəllif şerində qadın həsrəti timsalında "dənizə" çevrilmiş qadın və "çölə" çevrilmiş çobanyastığı çiçəkləri vasitəsilə bu ilahi həsrəti də "bitirmiş" olur.

U.Eko yazılarından birində hər hansı yaradıcılıq nümunəsini yeni doğulmuş körpəyə bənzədir. Müəllif, əvvəlcə onun qeydinə qalmalı, qayğısını çəkməlidir. Daha sonra o "körpə"  yeriməyə və nəhayət, danışmağa başlayır.  Bu baxımdan Hədiyyə Şəfaqətin şerini "danışan şeir" adlandırmaq olar. Çünki müəllif onu ən səmimi duyğularıyla dünyaya gətirməklə qalmamış, həm də ana qayğısı ilə texnikasına, məzmununa, ümumi intonasiyasına, sözlər və sətirlərarası ahənginə xüsusi diqqətlə yanaşmış və nəhayət, şeri təmiz, aydın, başadüşülən və insan hisslərinə doğma dildə danışdırmağı bacarmışdır. Şeir özü qəhrəmanın hekayəsini  danışır və kövrək notlarla sona çatdırır.

Onu da qeyd etmək lazımdır ki, Hədiyyə Şəfaqət bu şerilə postmodern şairlərin ənənəsinə uyğun olaraq nə üst zümrələrə, nə də sıradan xalqa səslənmir. Şeir konkret oxucu auditoriyasına deyil, onu oxuyan, anlayan, onunla danışa bilən  istənilən şəxsə ünvanlanıb. Yəni topluma yox, fərdlərə...

ti OSMANOĞLU

Yeni mas ttində

Azərbaycan ədəbiyyatı, xüsusilə də poeziyamız özünün dünya ədəbiyyatı ilə təmas məkanında dəyişmə prosesini yaşayır. Bundan 20-30 il əvvələ qədər gənclərin yaradıcılığının dünya ədəbiyyatından bəhrələnməsini rus dili və rus bədii düşüncəsi təmin edirdisə, bu gün həmin kəsişmə və nüfuzetmə prosesi türk dilinin vasitəsilə gedir. Hədiyyə Şəfaqətin şerini oxuyanda nəzərimə çarpan, bu  mətn haqqında təəssüratlarımı istiqamətləndirən ilk məqam bu oldu...

Şeri kiçik bir poetik hekayə kimi oxudum: insanın ruhi vəziyyətinin, içindəki çırpıntılarının yığcam süjetlə əyaniləşdirilmiş sehrli hekayəsi kimi. Hekayənin poetik yükünü daha yaxından hiss etmək üçünsə müəllifin başqa yazılarına da baxmaq lazım gəlir. Hədiyyə Şəfaqətin tanış ola bildiyim şeirlərində ayrı-ayrı motivləri bir-biri ilə əlaqələndirən üzvi bir bütövlük var. Hədiyyənin yazılarında ritm, intonasiya yaxınlığı bütövlükdən gəldiyinə görə yeknəsəqlik təsəvvürü yaratmır. Bu yazılarda bütöv bir hekayənin (bəlkə də roman demək daha uyğun ola bilər) ayrı-ayrı fraqmentləri, insan həyatının duyğularda əks-səda verən yaşantıları şeirləşdirilir, şeir dili ilə görüntülənir.

Küçə çiçəkçisindən aldığı çobanyastığı çiçəklərini bir-bir dəstəsindən ayırıb sulara atan, dənizə astaca "qadınım" - deyən adamın (yəqin ki kişinin) səsi ilə başqa bir şeirdəki "uzaqlardan gələn səslər" eyni olmasa da, çox oxşardır:

Tanrı, öz varlığın eşqinə,

Mənə uzaqlardan gələn səslərə toxunma... 

Yaxud uzaq çöllərin təkcə ətrini deyil, genişliyini gətirən çobanyastığı çiçəyinin havası ilə başqa bir şeirdəki "sarı-sarı çiçəklərin havasındakı azadlıq" bir-birini tamamlayır...

Gül-çiçəyə xüsusi rəğbəti olan Azərbaycan poeziyasına təzə qədəm qoyan çobanyastığını (indiyədək bu sözə, əsasən, biologiya dərsliyində rast gəlirdik) və onun gəldiyi çölü başqa bir yerdə - Ustanın son tablosunda da görürük.

Kəpənək qanadlarının havasında

Buludlar bir azca çölə qarışdı...

Çöl bir az daha yaxına gəldi

Və barmaqlarımın ucu toxundu tabloya...

Çobanyastığı çiçəklərinin

                        tündlüyündəydi... 

Hədiyyənin şeirlərində maraqlı görünən cəhətlərdən biri də poetik baxışın rakurs mütəhərrikliyidir. Hədiyyə bəzən sanki iki müxtəlif kameranın verdiyi görüntünü təqdim edir.

Hardasa bir yarpaq qopur yerindən

Hardasa bir mən ölür...

Müzakirəyə təqdim olunan şeirdə də mənzərə dəyişik kameraların gözü ilə verilir: hekayə boyu küçə çiçəkçisindən bir dəstə çobanyastığı alıb dənizin kənarına gələn adamın görüntüləri və dialoqları canlandırılsa da, hekayə çölün genişliyinə baxan qadının baxışı tamamlanır... 

Azərbaycan ədəbiyyatının təmas xəttinin dəyişməsi müəyyən üstünlük yaradır: şerin və oxucunun vərdiş elədiyi şablonlar aradan qalxır, ritm və intonasiya təzələnir. Ancaq bir həqiqəti də unutmaq olmaz ki, şerin dilinə yeni gələn ifadə tərzinin və ifadələrin vaxtı gözləmədən şablona çevrilməsinin qarşısını alacaq "qızıl zəmanət" yoxdur...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!