Nizamişünaslığa qiymətli hədiyyə... - Ataəmi MİRZƏYEV

 

Şərq, o cümlədən Azərbaycan ədəbiyyatşünaslığında şərhçilik ənənəsinin qədim bir tarixi vardır. "Qurani-Kərim"ə yazılan sonsuz sayda şərhlər kimi, ayrı-ayrı müəlliflərin əsərlərinə yazılmış şərhlər də Şərq ədəbiyyatında xüsusi yer tutur. Azərbaycan ədəbiyyatşünaslığında da bu ənənə mövcud olmuş, bir sıra müəlliflər ədəbiyyat tariximizdə məhz öz şərhləri ilə tanınmış və yadda qalmışlar. Belə müəlliflərdən ən tanınmışı Xətib Təbrizi (1030-1109) olmuşdur. 1067-ci ildə Bağdadda açılan "Nizamiyyə" mədrəsəsində müəllim işləyən Xətib Təbrizi "Həmasənin şərhi", "Əbu Təmmam divanının şərhi", "Səqt əz-zəndin şərhi", "Əlmufəddəliyyatın şərhi" kimi əsərləri ilə ədəbiyyatımızda yeni bir istiqamətin əsasını qoymuş, ərəbdilli ədəbiyyatımızı yeni-yeni şərhlərlə zənginləşdirmişdir.

Ədəbiyyatımızın inkişaf tarixinə nəzər saldıqda məlum olur ki, tarixən yazılan əsərlərin bir qismi ya ərəb və fars dillərində qələmə alınmış, ya da bu dillərin təsiri ilə bir çox ədəbi örnəklərimizdə ərəb-fars mənşəli sözlər işlək olmuşdur. Odur ki, zaman-zaman bu qəbildən olan əsərlərin daha dərindən başa düşülməsi, mənimsənilməsi və geniş oxucu kütləsinə çatdırılması üçün tərcümə, izah və şərhlərə ehtiyac olmuşdur.

XII əsr Azərbaycan ədəbiyyatı tarixi ilə tanışlıqdan məlumdur ki, Azərbaycan poeziyasının şeyxi sayılan Nizami Gəncəvi dövrün tələbi ilə əsərlərini fars dilində yazmalı olmuşdur. Şair əsərlərini fars dilində yazsa da, onlarda türk ruhu, türk etnoqrafiyası, türk epik ənənəsi özünü vahid bir sistem kimi qoruyub saxlamışdır. Ancaq bununla belə, həmişə Nizami irsinin fars dilini bilməyən türklər tərəfindən asan başa düşülməsi sahəsində müəyyən işlər görülmüş, şairin əsərləri hələ Orta dövr müəllifləri tərəfindən həm nəzm, həm də nəslə türk dilinə tərcümə olunmuş, onlara bir sıra şərhlər yazılmışdır.

Nizaminin "Xəmsə"sinə daxil olan ilk məsnəvi "Sirlər xəzinəsi" ("Məxzənül-əsrar") özünün mövzu, məzmun, fəlsəfi və əxlaqi tutum dairəsinə görə xüsusi seçilir. Əsərdə daha çox ictimai-fəlsəfi və dini-əxlaqi məsələlərə geniş yer verən şair məqalət və hekayətlərdə də həmin məqamlara ayrıca diqqət yetirmişdir. Təsadüfi deyil ki, Nizaminin "Sirlər xəzinəsi" Yaxın Şərqdə xüsusi bir ədəbi hadisə kimi qarşılanmışdır. "Sirlər xəzinəsi"ndə Sənainin "Hədiqətül-həraiq" məsnəvisinin  müəyyən qədər təsiri görünsə də, əsər özünün dərin məzmun, fəlsəfi və əxlaqi qatına görə ondan xüsusi seçilir. Bu barədə AMEA-nın müxbir üzvü, mərhum ədəbiyyatşünas A.Rüstəmovanın aşağıdakı fikirləri maraq doğurur: "Sirlər xəzinəsi" "Hədiqə"dən ("Hədiqətül-həqaiq"dən - A.M.) sonra yarandı. O, nəzirə deyildi, lakin özündən sonra saysız nəzirə-poemaların meydana çıxmasına səbəb oldu. Bu janrda qələm işlədən yüzlərlə sənətkar Sənainin deyil, Nizaminin ardıcılı oldu". Təsadüfi deyil ki, Nizamidən sonra "Məxzənül-əsrar"a fars və türk dillərində yazılan cavablar xüsusi bir silsilə təşkil edir: "Mətləül-ənvar" (Əmir Xosrov), "Rövzətül-ənvar" (Xacu Kirmani), "Töhfətül-əhrar" (Əbdürrəhman Cami), "Heyrətül-əbrar" (Əlişir Nəvai), "Töhfətül-əbrar" (Cəmali Təbrizi), "Gülşəni-ənvar" (Yəhya bəy) və s. Yazıldığı vaxtdan belə bir şöhrətə malik olan "Sirlər xəzinəsi" məsnəvisi zaman-zaman - hələ Orta yüzilliklərdən türk dilinə tərcümə olunaraq şərh edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Siracəddin Hacının dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" məsnəvisi ilə bağlı yazdığı 10 kitabdan ibarət təfsir-şərh isə şairin məsnəvini yazarkən qarşısına qoyduğu məqsədi tam şəkildə əhatə etmək baxımından bənzərsiz bir əsər kimi Azərbaycan nizamişünaslığının son illərdə əldə etdiyi əvəzsiz bir tədqiqat, nizamişünaslığa qiymətli hədiyyə hesab edilə bilər. O da xüsusi qeyd edilməlidir ki, Nizaminin heç bir əsəri bu vaxta qədər belə bir istiqamətdə, belə bir həcmdə bütün təfsilatı və yönləri ilə araşdırılmamışdır. Haqqında danışılan oncildlik bu sahədə ilk addım olmaqla yanaşı, Nizaminin digər əsərlərinin bu istiqamətdə öyrənilməsi sahəsində yeni bir istiqamətin başlanğıcı, nizamişünaslığın son uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. Biz bu uğuru təkcə nizamişünaslığa deyil, müasir Azərbaycan ədəbiyyatşünaslığının yeni bir istiqamətdə inkişafına da şamil edə bilərik.

 

Əlbəttə, Nizamini şərh etmək, şairin əsərlərində ifadəsini tapan fikir qatlarını üzə çıxarmaq, bədii sözün məna ənginliklərinə baş vurmaq heç də asan məsələ deyildir. "Xəmsə"nin ilk həlqəsi olan "Sirlər xəzinəsi" məsnəvi, həqiqətən də, başdan-başa sirlərlə dolu bir mücrünü xatırladır. Bu xəzinədəki sirləri görmək, duymaq, dərk etmək, onun məna dərinliklərinə varmaq, xüsusilə də onu şərh etmək qeyri-adi bacarıq, fitri istedad, elmi-nəzəri hazırlıq və böyük zəhmət tələb edir. Bu baxımdan Siracəddin Hacı haqqında söhbət gedən oncildlikdə Nizaminin "Sirlər xəzinəsi"nin qapısını açmaq üçün zəruri-mütləq proqramı dərindən mənimsəmiş bir tədqiqatçı - şərhçi kimi özünü göstərir: ərəb, fars, türk, rus və ingilis dillərini bilir; "Qurani-Kərim"ə, hədis elminə, Şərq və Qərb fəlsəfəsinə  dərindən bələddir və s.

Öncə, "Sirlər xəzinəsi"nin şərhinə həsr olunmuş oncildliyin strukturuna nəzər salaq. İki min iki yüz qırx iki beytdən ibarət məsnəvi beyt-beyt şərh olunarkən hər beytə həmin beytlərdən seçilmiş başlıqlar qoyulmuşdur. Şərh üsulunun tələbinə uyğun olaraq, əvvəlcə beytin farsca orijinalı, sonra isə Azərbaycan türkcəsində sətri tərcüməsi verilmişdir.  Müəllif bu hissələrdə bir mətnşünas kimi görünür. Belə ki, orijinal (farsca) beytləri böyük nizamişünas, İran alimi Vəhid Dəstgirdinin nüsxəsindən götürən müəllif müqayisə üçün başqa nüsxələrdən də istifadə etmiş, bir sıra dəqiqləşdirmələr aparmışdır. Beytlərin sətri tərcüməsi nizamişünas alim Rüstəm Əliyevin hazırladığı mətndən götürülsə də,  dəqiqləşdirmələr üçün bədii tərcümə variantlarından da istifadə olunmuş,  orijinalda olub, sətri tərcümədə olmayan (bunun əksi də var) beytlər təsbit edilmiş, yanlış tərcümələr, təhriflər bir-bir göstərilmişdir. Müəllif şərh zamanı öncə beytlərdəki anlayışları ayrı-ayrılıqda izah etmiş, hər birinin lüğəvi, terminoloji və  bədii mənasına aydınlıq gətirmişdir.

"Sirlər xəzinəsi" məsnəvisinin anlayışlar (terminlər) sisteminin zəngin olduğunu vurğulayan Siracəddin Hacı "Qurani-Kərim"ə, hədisə, təfsirə, fiqhə (islam hüququ), kəlam elminə, tarixə, mifologiyaya, ayrı-ayrı elm sahələrinə, xüsusilə astronomiyaya, xalq inanclarına, folklora, fərqli dini görüşlərə, ədəbiyyata aid yüzlərlə terminin hər birinin anlamını vermiş, beytlərin mənası onlarla əlaqəli şəkildə təfsir edilmişdir. Eləcə də müəllif şərh zamanı "Sirlər xəzinəsi" məsnəvisinin terminoloji və bədii lüğətini hazırlamış, əsərin anlam xəritəsini də çıxarmışdır.

Məlumdur ki, "Sirlər xəzinəsi" məsnəvisinin əsas mətni iyirmi məqalət və iyirmi hekayətdən ibarətdir. Müəllif şərh zamanı Nizaminin "Qurani-Kərim"in metodundan istifadə etdiyini vurğulayaraq yazır: "Qurani-Kərim iki hissədir, nəzəri (şərti olaraq belə adlandırırıq), burada ilahi buyruqlar yer tutur, bir də praktik, burada qissələr yer tutur". Bu mənada Siracəddin Hacı da "Sirlər xəzinəsi" məsnəvisinin nəzəri hissəsini məqalət, praktik hissəsini isə hekayət adlandırır, onların məqalətlərin ideyasının anlaşılmasına yardım etdiyini vurğulayır. Məsnəvinin şərhində də bu prinsip gözlənilir; öncə, məqalətlər, sonra isə hekayətlər təhlilə cəlb edilir, məqalət və hekayətlərin şərhi zamanı hər bir məqalə və hekayəyə ayrıca giriş və nəticə də verilir.

Öncə qeyd edildiyi kimi, Nizaminin "Sirlər xəzinəsi" nəzirə olmayıb, orijinal məsnəvidir. O da ayrıca vurğulanmalıdır ki, Şərq ədəbiyyatında məsnəvilərin əvvəlində gələn ənənəvi giriş hissəsi Nizamiyə qədər mövcud olsa da, həmin hissələr ilk dəfə onun tərəfindən sistemləşdirilmişdir. Bu özünü "Xəmsə"nin ilk həlqəsi olan "Sirlər xəzinəsi"ndə daha qabarıq şəkildə göstərir. Burada bir məqamı da xüsusi qeyd etmək istərdik. Məlumdur ki, Nizaminin məsnəvilərində ənənəvi girişlər, adətən, başlanğıc, tövhid, minacat, nət, meracnamə və s.-dən ibarətdir. Amma nədənsə "Sirlər xəzinəsi"nin şərhinə həsr edilmiş I kitabda başlanğıc, tövhid və münacat hissələrinin şərhi öz əksini tapmayıb. Müəllif "Sirlər xəzinəsi"nin şərhinə birbaşa Məhəmməd peyğəmbərə həsr olunmuş nətlərlə başlayır. Halbuki istər "Sirlər xəzinəsi"nin Bakıda nəşr olunmuş həm filoloji, həm də bədii tərcümələrində başlanğıc, tövhid və münacatlar əvvəldə gəlir. Onu da qeyd edək ki, şairin digər əsərlərində də bu ardıcıllığa əməl edilmişdir. Haqqında söhbət açdığımız "Sirlər xəzinəsi"nin şərhində isə həmin hissələrin təfsiri sonda - X kitabda verilir. Belə bir yerdəyişmənin nə məqsədlə edilməsi oxucuya qaranlıq qalır və buna aydınlıq gətirilmir. 

"Sirlər xəzinəsi"nin şərhinə həsr olunmuş oncildliyin birinci kitabı "Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.ə.s)" adlanır. Müəllifin bu kitabın girişində yazdığı dua klassik şairlərin bir əsəri yazmağa başlayarkən böyük məsuliyyət daşıyaraq Allah-taalaya üz tutmasını, ondan başladığı işi qurtarmaq üçün kömək, yardım istəməsini xatırlayır. Örnək olaraq Füzulinin "Hədiqətüs-süəda" əsərini yazarkən "Qurani-Kərim"in "Taha" surəsində Musa peyğəmbərin Fironla danışığa gedərkən Allah-taaladan dilədiklərinin təqdimi ilə başlamasını xatırlatmaq olar. Şair çətin bir işə girişdiyi üçün Musa peyğəmbərin Allah-taaladan dilədiklərini özü üçün də diləyir: "Ey Rəbbim, köksümü açıb genişlət; işimi yüngülləşdir; dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!" ("Taha"/25-28).

Siracəddin Hacı da "Sirlər xəzinəsi"nin şərhinə Allah-taalaya ünvanlanmış belə bir dua ilə başlayır: "...Ey tək olan, şəriki, bənzəri, məkanı və zamanı olmayan Allahım! Sənin mübarək adınla yola çıxıram, mənə yardım et, məni çaşmağa qoyma, məni doğrudan ayırma, məni haqq yoluna yönəlt!".

Birinci kitaba "Dəyər bizim sərhədimizdir" adlı girişlə başlayan müəllif "İmanın əsasları", "Haqq dininin özəllikləri", "İslam dininin əsasları", "Peyğəmbərlik anlayışı", "Peyğəmbərlərin sayı və özəllikləri", "Peyğəmbərlərin vəzifələri", "Peyğəmbərlərin təbliğ metodları", "Həzrət Məhəmmədi (s.ə.s) başqa peyğəmbərlərdən ayıran özəlliklər", "Ərəb, fars və türk ədəbiyyatında nət", "Nətin quruluşu", "Hz. Nizami Gəncəvinin nətinin şərhi", "Həzrət Peyğəmbərə salavat Quran buyuruğudur", "Həzrət Nizami Gəncəviyə görə, Allahdan elm öyrənməyin yolu" adlı başlıqlardan sonra konkret olaraq "Sirlər xəzinəsi"nin şərhinə başlayır. Onu da qeyd edək ki, II, III, IV və V kitabların başlanğıcı da I kitabın girişi kimi, təxminən eyni başlıqlarla başlayır və demək olar ki, biri digərini azacıq fərqlərlə təkrarlayır.

"Sirlər xəzinəsi"nin şərhinə həsr olunmuş oncildliyin ilk üç kitabı Məhəmməd peyğəmbərə (s.ə.s) həsr edilmiş beş nətin təfsirinə, dördüncü kitab meracnamənin tarixi və ideyası, türk ədəbiyyatında, musiqisində, eləcə də miniatürlərdə və xətt sənətində meracnamələrə həsr edilmişdir. Həmin kitabda "Xəmsə"yə daxil olan digər məsnəvilərdə də yer alan meracnamələr haqqında bəhs edilir, "Sirlər xəzinəsi"ndə yer alan meracnamələr beyt-beyt şərhə cəlb olunur.  Beşinci kitabın əsas hissəsi  qəlbin özəllikləri ilə bağlı yazılmış bölmələrin, VI-X kitablar isə iyirmi məqalət və iyirmi hekayətin şərhinə həsr edilmişdir.

Müəllif "Sirlər xəzinəsi"nin şərhinə həsr etdiyi ilk dörd kitabda mövzunun tələbi ilə "Qurani-Kərim"ə və hədislərə daha çox istinad etmişdir. Əslində, bu elə belə də olmalı idi. Çünki Peyğəmbərin nətinə həsr olunmuş hissələrdə məsnəvinin özündə də tez-tez "Quran" və hədislərə istinadlar vardır. Alim öz fikirlərinin izahında və beytlərin şərhində deyilən mənbələrdən istifadə zamanı bir din xadimi kimi deyil, sözün əsl mənasında səriştəli və bacarıqlı bir tədqiqatçı-ədəbiyyatşünas  kimi görünür. Tədqiqatçı Nizaminin epik ənənəsinə xas olan rəsmi hissələrin əhəmiyyətinə və şairin dini baxışlar sisteminə aydınlıq gətirərkən haqlı olaraq, onun dünyagörüşünün qaynağını "Qurani-Kərim" təşkil etdiyi qənaətinə gəlir.

Nizaminin "Sirlər xəzinəsi" məsnəvisi formasının gözəlliyi və yeniliyi, ifadə olunan fikirlərin və mövzuların zənginliyi və rəngarəngliyi ilə seçilən bir əsərdir. Araşdırıcı "Sirlər xəzinəsi"nin ehtiva etdiyi mövzuları belə təsnif edir: "tövhid, minacat, nət, mədhiyyə, söz, nəzmin nəsrdən üstünlüyü, qəlbin özəllikləri, xəlvət, yaradılış, ümid, tövbə, bağışlanma, iman, küfr, ədalət, dövlət idarəçiliyinin əsasları, halallıq, əmək, insan, zaman, varlıq, dünya, mərhəmət, qəflət, cəhalət, paxıllıq, düzlük, pərəstiş, təcrid, sirr, susmaq, ikiüzlülük, axirət...". Göründüyü kimi, insanın mənəvi aləmindəki çatışmazlıqları islah etmək, onu hər cür rəzil və çirkin xüsusiyyətlərdən xilas edib gözəl əxlaqa - fəzilətlərə qovuşdurmaq "Sirlər xəzinəsi"ndə qoyulan əsas məsələlərdəndir. Nizaminin ideyaları, təbliğ etdiyi mənəvi dəyərlər bəşəri və həmişəyaşardır, çünki onların qaynağı həyatdan alınıb və həqiqətə dayanır. Şairin ədəbi irsinin bütün dövrlərdə müasir olmasının səbəbi də məhz bundadır. Nizaminin öz əsərini "Sirlər xəzinəsi" adlandırması da bu baxımdan təsadüfi sayılmamalıdır. Əsərin Şərqdə məşhurlaşmasında və ona çoxlu sayda nəzirələrin yazılmasında da həmin amillər əsas rol oynamışdır.

"Sirlər xəzinəsi"ndə şairin öz dövrü haqqındakı söhbətləri ilə müxtəlif həyat hadisələrindən götürülmüş mənzum hekayətlər bir-birini tamamlayır. Bu baxımdan məsnəvidə yer alan məqalətlər özünün mövzu rəngarəngliyi və orijinallığı ilə seçilir. Həmin məqalətlərin mənzərəsini yaratmaq üçün bir qisminin adına nəzər salaq: "Adəmin yaradılması haqqında",  "Ədaləti qorumaq və insafa riayət etmək haqqında", "Dünyanın qəzaları haqqında", "Rəiyyətə hüsn-rəğbət haqqında", "Qocalığın təsviri", "Mövcudata etibar haqqında", "İnsanın başqa canlılardan üstünlüyü haqqında", "Yaranış haqqında", "Dünyanın axırı haqqında", "Dünyanın vəfasızlığı haqqında", "Paxılların məzəmməti haqqında", "İkiüzlüləri məzəmmət haqqında", "Axirəti qarşılamaq haqqında" və s. Məsnəvidə bu məqalətlərdə irəli sürülən fikirlər onlarla bağlı verilən hekayətlərlə əlaqələndirilir, biri digərinin izahı və şərhi kimi diqqəti cəlb edir. Məsnəvidə yer alan bəzi məqalətlərin adlarına diqqət yetirək: "Ümidsiz padşahın bağışlanması dastanı", "Ədaləti qorumaq və insafa riayət haqqında", "Ədalətli Nuşirəvan və vəzirin hekayəsi", "Süleyman və Qoca əkinçinin hekayəsi", "Qarı və Sultan Səncər hekayəsi", "Kərpickəsən qocanın hekayəsi", "Zülmkar padşah və düzdanışan kişinin hekayəsi", "Yaralanmış uşağın hekayəti" və s. Sözü gedən təfsirdə məqalət və hekayətlərin şərhindən sonra "Kitabın sonu", "Məlik Fəxrəddin Bəhram şahın tərifi", "Onun hüzurunda yeröpmə xitabəsi", "Kitabın yazılmasının səbəbi", "Sözün fəziləti haqqında söhbət", "Mənzum sözün mənsur sözdən üstünlüyü", "Sözün başlanğıcı (Tövhid)" və iki "Minacat"ın şərhi gəlir.

"Sirlər xəzinəsi"nin şərhinə həsr edilmiş on kitabda müəllifin özünəməxsus təhlil üsulu, şərhetmə qabiliyyəti, əldə edilən qənaətlərlə bağlı gəlinən nəticələr bütün kitablarda sistemli şəkildə özünü göstərir. Deyilən cəhətlər VI-X kitablarda - "Sirlər xəzinəsi"nə daxil olan məqalətlərin və hekayətlərin təhlili və şərhində daha çox diqqəti çəkir. Bu hissələrdə artıq filoloji təhlillə şərhçilik üsulu üzvi şəkildə birləşərək vəhdət təşkil edir. Müəllif VI kitabın təxminən 100 səhifəsini "Sirlər xəzinəsi"nin filoloji təhlilinə həsr etmişdir. Burada əsər və onun yazılma tarixi, kimə ithaf edilməsi, yazılma səbəbləri, quruluşu, eləcə də onun quruluşunda məqalələrin yeri haqqında geniş və hərtərəfli təhlillər aparılmışdır. Belə bir girişdən sonra müəllif hər bir məqalə və hekayəni ayrı-ayrılıqda beyt-beyt şərh və təhlil etmişdir. Məqalələrin şərhində alim eyni prinsipi gözləmişdir. Əvvəlcə məqalənin əsas mövzusu haqqında məlumat verilir, sonra isə beyt-beyt şərh edilir. Bu baxımdan birinci məqalənin ("Adəmin yaradılması haqqında") şərhi maraq doğurur. Müəllif şərhə keçməzdən əvvəl "Adəm" sözünün mənası", "Hz. Adəm haqqında Quran ayələri", "Hz. Adəmin yaradıldığı və cənnətə qoyulduğu gün",  "İnsanlıq tarixində ilk salamlaşma", "Hz. Adəmin (s.ə.s) cənnətdən yer üzünə endirilməsi", "Uca Allah (c.c) Hz. Adəmə (s.ə.s) sənət öyrətdi", "Hz. Adəm (s.ə.s) üç şeydən birini seçdi", "Hz. Adəmin (s.ə.s) cənnətdə qaldığı müddət", "Hz. Adəm (s.ə.s) Kəbəni tikdi və təvaf etdi", "Hz. Adəmin (s.ə.s) Həvvanı tapması", "Tövbənin qəbulu", "Hz. Adəmin (s.ə.s) Həvvadan doğulan uşaqları", "Hz. Adəm (s.ə.s) ilk peyğəmbərdir", "Hz. Adəm (s.ə.s) merac gecəsi səmanın birinci qatında Hz. Məhəmmədlə görüşdü", "Hz. Adəmin (s.ə.s) vəfat günü, yaşı, qəbri" və "Hz. Adəmin (s.ə.s) görünüşü". Belə bir giriş-məlumatdan sonra məqalə beyt-beyt şərh edilir və nəticə ilə yekunlaşır. Bundan sonra həmin məqaləyə aid hekayənin ("Ümidsiz padşahın bağışlanmasının dastanı") şərhi gəlir. Məqalədə ifadə olunan  əsas mətləbləri üzə çıxaran müəllif onunla hekayə arasındakı uyğunluğu əlaqəli şəkildə nəzərdən keçirir və hekayənin beyt-beyt şərhini verir. Bütün hekayələr kimi, haqqında bəhs edilən hekayə də "Nəticə" hissəsi ilə tamamlanır. Müəllif hər bir hekayədə verilən əsas fikri - ideyanı şərh edir, gəlinən başlıca elmi qənaətləri sistemli şəkildə ümumiləşdirir. Deyilən təhlil-şərh üsulu 20 məqalə və 20 hekayənin hər birində gözlənilmişdir.

Nizami vurğunu olan Siracəddin Hacının X kitabın sonunda belə bir ümumiləşdirməsi verilir: "Nizami insanlığa dəyərlər yatırımı qoyub getmişdir. Onun üzərimizdə haqqı var. Bu haqqı ödəməyin yolu Nizami irsini doğru öyrənmək və doğru öyrətməkdir".

Həqiqətən də, Nizami irsini öyrənmək və öyrətmək həmişə aktual olmuşdur. Bu sahədə müxtəlif işlər görülsə də, indiyədək fil.ü.f.d., dosent Siracəddin Hacının nizamişünaslıq sahəsində gördüyü səviyyədə bir tədqiqat aparılmamışdır. Alim "Sirlər xəzinəsi"nin təfsir-şərhinə həsr etdiyi on kitabla Nizami irsinin öyrənilməsi sahəsində yeni bir yol açmışdır. Siracəddin Hacı "Sirlər xəzinəsi"ni şərh etməklə Nizamisevərlərin qarşısında böyük bir məsuliyyət də qoymuşdur. Bu da həmin şərhləri oxuyub-öyrənməklə Nizamiyə daha da yaxınlaşmaqdan ibarətdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!