Şeirimiz ən yeni, mükəmməl mərhələsinə qədəm qoymalıdır - Eminquey yazır

 

Dünyada texnologiya ilə ədəbiyyat arasında amansız bir döyüş gedir.

Bu döyüşdə nə qədər yazıçı, şair şəhid olub.

Və bu vurhavurda Azərbaycan ədəbiyyatının da böyük payı var.

Sizə deyim ki, Nazim Hikməti çıxmaq şərtilə Türk şeiri də bu döyüşdə o qədər güclü deyil.

O səbəbdən ki, bəsit, alt qatı dərin olmayan, hissdən ibarət şeirlərlə doludur türk ədəbiyyatı. İntonasiyası yox, bənzətməsi yox... Kim kimdir, anlaşılmır.

2000-ci illərə baxdıqda isə ümumiyyətlə, türk şeirinin zəif duruma düşdüyünü görmək olur. Əksərən özünü alçaltma, bədbinlik, bənzətmələrdən, süjetdən, fikirdən uzaq şeirlərdir.

Və nə təəssüf ki, Azərbaycanın müasir dövr "şeir yazan"ları da bu burulğana qarışıb oxucuları ədəbiyyatdan uzaqlaşdırmaqda.

Texnologiyanın hər şeyi bu qədər əlçatan etməsi bu tip mənasız şair və şeir yığınını gözə soxmaqla da bu döyüşdə bizə ən böyük zərbəni vurmuş olur.

Heç vaxt qızıl ortanı tapa bilməyən insanlar gah "sənət sənət üçündür", gah da "sənət xalq üçündür" şüarı ilə meydan sulamaqda.

Müasir dövrün "sintez anlayışı" onlara yaddır.

Muğamla cazın, replə meyxananın, popla rokun və digər bu kimi sintezlərin olduğu bir dövrdə nə üçün şeirdə bu cür sintezlər olmasın?

Nə vaxtacan Azərbaycan şeirində ağlaşma məclisi davam edəcək?

Nə vaxtacan əzilmiş, uduzmuş adamları qabardıb ona ağı deyəcək?

Nə vaxtacan şeir hiss axınından ibarət olacaq?

Zaman gedir, xanımlar və cənablar!

Bu ağlaşma bizi mağmınlaşdırır!

Bu sintez dövründə şeiri nəsrlə sintez etməyin vaxtıdır!

Janrın özü var, adı var: "Poem on proz". Yəni nəsrdə şeir.

"Nəsrdə şeir"lə sərbəst şeiri qarışdırmayın. Sərbəst şeirin özünün də bəlli ölçüsü, heca sayı var. Amma nəsrdə şeir bundan tamamilə uzaqdır. Bu janrda həmqafiyə sözlər ən axırıncı plandadır. Əsas məqsəd şeirin hansı mesajı verməsidir. Ümumiyyətlə, mən süjetsiz şeiri qəbul etmirəm. Bu şeir janrında qafiyələnmələr şeirin mövzusu, mənası fonunda kölgədə qalsa da, qafiyələnmə imkanı çox genişdir.

Şeirə süjeti, ideologiyanı, hadisəni, qəhrəmanı gətirməyin vaxtıdır. Bizə güclü qəhrəmanlar lazımdır, bizə sürpriz dolu şeirlər lazımdır. Daha mərsiyə dövrü deyil.

Şeirin texnologiyanı üstələməyi üçün onun verdiyi imkanları üstələməyi lazımdı. Texnologiya bizə bir toxunuşla teatrı, musiqini, rəsmi əlçatan edə bildiyi kimi, şeir də bizə bir oxunuşda bütün bunları verə bilməlidir. O zaman itirilmiş oxucuları qazana bilərik.

Bu, həm də kitab bazarında romanların meydan suladığı bir dövrdə nəsri üstələməyin yeganə yoludur!

Deyərsiniz ki, yaxşı, bizim şairlərdən kim bu janrda şeir yazır?

Deyirəm ki, elə biri Həmid Herisçi. Onun əksər şeirlərində süjet, qəhrəman, hadisə, bənzətmə, detektivlik, mesaj var. Həmidin şeirləri müasir dövrlə ayaqlaşa bilir. Şeir həm də müasir dövrü özündə əks etdirməlidir. Artıq şeirin mövzusu ağac, quş, sevgili yar, ayrılıq yox, nano-texnologiya olmalıdır. Axı, bu texnologiya bizim həyatımızı barmağının ucunda fırlayır. Artıq bir mesajla da ayrılmaq olur. Artıq bir cümlə ilə də görmədən, toxunmadan aşiq olmaq olur.

Mövzu yeniliklərindən əlavə, mütləq təzə sözlər, neologizmlər, söz oyunları yaranmalıdır. Şeirdə təkcə bədii deyil, söz yaradıcılığı da olmalıdır.

Həmid Herisçinin bir şeiri üzərində sizə dediklərimi izah etmək istəyirəm.

Xaker

Kokakolamın

uduşsuz, ulduzsuz qapağına

bir də baxdım, bir də baxdım,

pulumun qalanına, ən halalına

tum da aldım, tum da aldım,

gecənin saqqalına

dən də saldım, qəm də saldım.

Bakımın ən kor dalanında

əvvəl öz qapımı, sonunda ayaqqabımı

axır, şükür, tapdım,

Bütün durğu işarələriylə

                        özümü tamamladım,

Xakerliyə başladım...

Yardım eyyyyy

Donald Trampın Tvitter akkauntunu,

özü də bilmədi necə dəyişdin

miqrant qanununu,

Putinin adından ona məktub yazıb,

qəfil dəyişdin göydəykən

təyyarəsinin marşrutunu...

Yazarlardan Den Braunu

uşaq kimi dolayıb,

oğurladım axır, şükür, Da Vinçinun

qırx düyünlü kodunu.

 

Girdim bu kodla Ərəbistana

söndürdüm uf demədən şeyxlərin

pepsi, arağla dolu

nəhəng soyuducusunu.

Sonra lap cürətlənib

Renaldoya tərgitdim

cəhənnəmdəki futbolunu.

Gördüm, Makron xəstədi...

İlk fürsətdə gedib iyləyir

öz qoltuğunu!!!

Yayır ətrafına öz miskin qoxusunu.

İkiüzlüdü... arvadıyla tək qalanda

danır yəhudilərin Xolokostunu!!!

 

Britaniya şahzadəsinə

hərbi çağırış vərəqəsi göndərdim,

meyitxana cəsədlərinin

seksini, eşqini də görüntülədim...

Kosmosa uçub orda

bir kəfən, bir çətən yadplanetliylə

selfi çəkdirdim.

 

Axır...axır qərara gəldim

oralarda qalım...

Əzizim, gülüm, ey guşidarım!!!

Şeir kədərli bir adamla başlayır, qəhrəman qəfil xakerə çevrilir, bunun fonunda siyasi mesajlar ötürülür. Müasir terminlər işlədilir və texnikanın inkişafı mövzusu hərəkətlərə köçürülür. İroniya var. Şeirdə qəhrəman var, süjet var, şeir oxuyursan, amma qısametrajlı film effekti yaradır. Ən əsası isə şeirin mövzusu müasirdir, yeni dövrlə ayaqlaşır. Ağlaşma yoxdur, amma hissiyyat var.

Bütün bunlar müasir şeirdə olmalıdır. Ayrılığı, sevgini, ananı vəsfdən canını təcili olaraq qurtarmalıdır şeirimiz. Şeirimiz ən yeni, ən mükəmməl mərhələsinə qədəm qoymalıdır. O zaman insanlar müasir şeirlərə ayaq açacaq.

Bu mənada sənət həm sənət üçün, həm də xalq üçün olsa, məsələ həll olunar. Kütlə üçün yox ha, xalq üçün.

Kitab təqdimatlarında hamının bir ağızdan dediyi "bu gün filan kitabın işığına yığışmışıq" ifadəsi, artıq öz həqiqətinə qovuşmalıdır. Bu işıq rusun sözü "levı", yəni ondan-bundan oğurluq olmamalıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!