Ağ dərvişdə Həllac Mənsuru görə bilənlərin kitabı

Görkəmli yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı bu dəfə rumın dilində

 

Mənzil başına az, lap az qaldığı yerdən başlayır bu hekayət. Və ən azından, dünyagörmüş Karvanbaşı bunu heç nədən olmasa da, sazaqdan bərkimiş torpağın yavaş-yavaş dəyişən tanış, olduqca doğma rəngindən hiss edib, duyur...

Bir az da keçəcəkdi, gözətçilər onu tanıyıb-tanımadıqlarını büruzə vermədən rəsmi qaydada ondan gecənin adını soruşacaqdılar. O da ürəyində "bilməsəm nə edəcəksiniz?" - deyə düşünsə də, dili ilə "Qıpqırmızı üfüq" cavabı verəcəkdi. Gözətçilər ötüb-keçəcək, qaranlıqda əriyəcəkdilər...

Ancaq o unudulmaz başlanğıc upuzun vaxt-zaman məsafəsi boyunca onu eşidib-dinləyənlərin yadından heç vəchlə çıxmayacaqdı. O doğma, tanış rəng heç vəchlə unudulmayacaqdı. Hər gecənin sirli-sehrli bir ad daşıdığından agah olanlar bu aləmdə kənar, yad bəndə hesab edilməyəcəkdilər.

Necə ki, görkəmli yazıçı Kamal Abdullanın dünyanın bir çox dillərinə tərcümə edilmiş "Sehrbazlar dərəsi" romanını rumın dilinə çevirən, Rumıniyanın "Al və Kuza" Yas Universitetinin dosenti Lyudmila Bejenaru (və onun tələbəsi İrina Milsa) artıq ədəbiyyatımızın təəssübkeşi, yaxın dostu kimi indi doğmamıza çevrilib, bax elə, o cür... Bilinən odur ki, hər iki tərcüməçi xanım bu maraqlı  əsərin, sanki tül pərdə arxasından özünü büruzə verən dünyasının heyranlığını heç də bizlərdən az yaşamayıb. "Sehrbazlar dərəsi"nin iç dünyasından yansıyanlar, hər kəs kimi, onlara da olmazın zövqünü yaşadıb. Hər kəs kimi onlar da  fərqinə varıblar ki, hər cür sirdən, sehrdən agah olanların dərəsidi bu dərə. Təkcə onun möcüzkar köməyinə iman gətirənlərin yox, təkcə sirli sehrbazların həyat mənbəyinə döndüyünə görə yox, təkcə bu məkanda bulunanların birinin qazancından hamıya pay düşdüyünə görə yox, həm də (və ən başlıcası), dünya çapının, çeşidli nəşr evlərinin diqqətində olduğuna görə xüsusi maraq doğurur "Sehrbazlar dərəsi".

Ağ dərvişdə Həllac Mənsuru görə bilənlərin kitabıdı "Sehrbazlar dərəsi". Bu maraqlı əsərdə tül pərdə arxasındadı, sanki hər şey almanın sirri Həvvanı cəzm etdiyi kimi çəkir oxucu marağını. Dünya naşirlərinin, çoxsaylı tərcüməçilərin "Sehrbazlar dərəsi"nə olan hədsiz marağı da bu üzdəndi. Türkiyədə, Rusiyada, Litvada, Qazaxıstanda, Fransada, Amerika Birləşmiş Ştatlarında, Yaponiyada nəşr edildiyi hər kəsə məlum...

Hər kəsə məlum ki, mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşını görüşdürən, Sufi dərvişlərin həyatından bəhs edən bu mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib. Müxtəlif dillərdə çap olunan "Sehrbazlar dərəsi" romanı Orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Elə mayın 6-da Bakı Kitab Mərkəzində "Sehrbazlar dərəsi"nin rumın dilindəki nəşrinin təqdimatı mərasimində də bu barədə danışıldı.

Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Azərbaycan Dillər Universitetində keçirilən "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" adlı II Beynəlxalq elmi konfransın qonaqları, universitetin professor-müəllim və tələbə heyəti, ziyalılar iştirak edirdilər. Sözügedən Mərkəzin rəhbəri Günel Anarqızının açılış nitqindən sonra görkəmli yazıçı Kamal Abdulla təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışaraq, onun işini yüksək qiymətləndirdi. Rumıniya mədəniyyətinin qədim tarixə malik olduğunu deyən yazıçı müəllifi olduğu kitabın bu mədəniyyətin nümayəndəsi - tanınmış ədəbiyyatşünas alim və tərcüməçi Lyudmila Bejenaru tərəfindən tərc\ümə olunmasından məmnunluq duyduğunu bildirdi.

Tərcüməçi Lyudmila Bejenaru 2013-cü ildə Bakı Slavyan Universitetində Yanus layihəsində 10 ay iştirakçı olduğundan və həmin müddət ərzində Kamal Abdullanın yaradıcılığı ilə tanış olmasından söz açdı. O, bildirdi ki, "Sehrbazlar dərəsi" romanı noyabr ayında Buxarestdə beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı ilə təqdim olunacaq. Tərcümə prosesindən danışan tərcüməçi Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırdı. O, "Sehrbazlar dərəsi"nin Kamal Abdullanın yaradıcılığında mühüm rol oynayan əsərlərdən olduğunu qeyd etdi. Tərcümə prosesindən danışan ədəbiyyatşünas fərqli mədəniyyətə malik olduqlarına görə tərcümənin asan olmadığını diqqətə çatdırdı.

Ədəbiyyatşünas alim L.Bejenaru yazıçı Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra onun haqqında 2014-cü ildə "Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi" adlı fundamental monoqrafiya yazdığını da vurğuladı. Bildirdi ki, rumın dilinə tərcümə olunan "Sehrbazlar dərəsi" romanı ötən ay Moldovanın paytaxtı Kişinyovda XXIII beynəlxalq Kitab Sərgisi çərçivəsində də təqdim edilib. 

Tədbir boyunca Kamal Abdulla daha çox "Nəyə görə məhz bu roman?" sualı ətrafında düşüncələrini bölüşdü, "Məqsəd nə idi?" prizmasından fikirlərini açıqladı, öz yozumunda (və məlum bədii mətnin fonunda) nəyə görə bilinənlərin əksini qabartdığının səbəblərini incələdi. "Sirlərin sərgüzəşti"nə vardıqca "Sirr burdadı ki, niyə bu əsərdə Beyrək yox, ilkin mətndə deyilənlərin əksinə olaraq Banu Çiçək qalib gəlir?" yozumuna aydınlıq gətirirdi. Və dərin səmimiyyətlə "Sirlərin sərgüzəştləri"nə öz səhifələrində geniş yer ayıran "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın uğurlu fəaliyyətini də təqdir etməyi unutmurdu...

"Sadəcə bir not, sorğu yox, sual yox, sadəcə bir not bəs edir ki, bütün ömrün boyu taleyindən keçənlərin bitib-tükənməyən ilməsini çəkəsən" duyğusallığı öndəydi "Sehrbazlar dərəsi"nin rumınca nəşrinin təqdimatı boyunca. Hər məqamda bu maraqlı romanın unudulmaz səhnələri gəlib yenidən göz önündə dayanırdı. Elə bil Karvanbaşı irəlidə, Xacə İbrahim ağa onun arxasınca çadırdan yenicə çıxırdılar. Mehtərlər Karvanbaşının bədöy atını irəli çəkirdilər. Və belə bir söhbət başlayırdı:

- Getdik, Qara...

- Hansı yolla düşək?

- Görünməz Təpənin altından gedən yoldan sal karvanı.

- Sehrbazlar dərəsindən?

- Bəli, ordan:

...O yerdən ki, oradan baxanda bütün dünya Karvanbaşının gözündə ağ bir kəfən kimi görünürdü.

Təkcə Ağ dərviş inanırdı ki, həqiqətən, bircə andı hər şey... "Hər şey bu bircə anın içindədi - keçmiş də, gələcək də".

Seyid Sarı deyilən birisi "O an mənim üçün yoxdur, çünki o anın hələ adı yoxdur" - deyib durmuşdu.

Ağ dərvişsə israrlıydı: "O anın adı var - yox, dəxli yoxdu, mən onu ürəyimin içində görürəm...".

Şeyx Manuçöhr uzun, ağ saqqalını tumarlaya-tumarlaya gülümsəməyindədi ki, "var artıq adı! Onun adı dolğun andır! Hər şeyi - keçmişi də, gələcəyi də içinə yığan dolğun an...".

Bəlkə elə həmin dolğun anın sehrindən, bərəkətindəndi ki, oxucu cəllad, zalım Məmmədqulunun tər qönçə kimi açılmış bir gözəlin ahu baxışı altında bircə göz qırpımında dönüb dünyanın ən məsum, insaflı adamına çevrilməsinə qəlbən inanır? Cəllad Məmmədqulu da həmin o dolğun anın hüzurundaca o günə qədər bombalanboş qəlbinə gəlib coşqun bir eşqin (deməli, insanlığın) dolmasını Allahın inayəti kimi qəbul edir...

Bəlkə elə "Sehrbazlar dərəsi"nin bütün naşirlərini, fərqli tərcüməçilərini də öz cazibəsində saxlayan həmin o dolğun anın alt qatından yansıyan həyat həqiqətləridi? Ya elə görkəmli yazıçının bənzərsiz üslubu, bənzərsiz təhkiyəsi, doyulmaz təsvirlərinin nostalji əsintiləri?!

Təqdimat boyunca həmin o dolğun anın gizlinlərinə, sirli aləminə yetərincə qayıdıldı, suallar verildi, cavablar alındı... Dolğun bir an yaşandı...

Sərvaz