Əhməd Bədi Rəcəb oğlu Triniç - Lütviyyə Əsgərzadə yazır

 

Mətbuat səhifələrində, Azərbaycan teatrı ilə bağlı, xüsusən 1920-30-cu illərə aid sənədlərdə, adına tez-tez rast gəldiyim Əhməd Bədi Triniçin adını ilk dəfə 2000-ci ildə Azərbaycanın filosof şair-dramaturqu Hüseyn Cavid əfəndini araşdırarkən duymuşdum. O zamankı ölkə başçısı Mir Cəfər Bağırov Kommunist Partiyasının XIII qurultayındakı illik hesabatında Triniçin adını Cavidlə, Cavadla, Müşfiq və başqaları ilə birlikdə çəkirdi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşib. Hazırda ifşa olunmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç kimiləri...

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, M.C.Bağırovun "hazırda ifşa olunmuş" dediyi bu şəxslərin hamısı az sonra repressiyaya məruz qalmış, bəziləri yerindəcə güllələnmiş və ya Sibirə sürgün edilmişdi. Ancaq bu adların içərisində diqqətimi ən çox çəkən Üsküpdən Bakıya qədər uzun bir yol - Türkiyə - Suriya - Bitlis - Tbilisi - Kostromanı - qət etmiş Əhməd Bədi Rəcəb oğlu Triniç idi. Niyə məhz Triniç? - Birinci səbəb, Triniç soyadına görə idi, çünki soyadı onun qeyri-millətdən olmasının xəbərçisi idi. İkinci səbəb isə, adının XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, xüsusən də Hüseyn Cavid əfəndi ilə yanaşı çəkilməsinə görə. Bu səbəbdən Triniçin kimliyi, Azərbaycanda məskunlaşma səbəbi, buradakı fəaliyyəti və digər bir çox səbəblər məni bir xeyli düşündürmüşdü.

Maraqlıdır ki, adı Türkcü, Turancı Cavid əfəndi və digər "ifşa edilmişlər"lə birlikdə çəkilməsinə baxmayaraq, Əhməd Triniç Azərbaycan Yazarlar Birliyinin müxtəlif vaxtlarda keçirdiyi qurultay, plenum və iclaslarında iştirak və çıxışlar edib, hər dəfə yazıçı və şairlər haqqında sərt, kobud fikirlər söyləyib tənqid edib. Hətta barışmaz, "sərt", "kobud" danışıq tərzi ilə diqqətçəkən Triniç həmin danışıqlarından birində daha da coşaraq o qədər kobud ifadələrlə Hüseyn Cavid Əfəndini tənqid edib ki... Onun dedikləri tənqiddən cox təhqirə bənzəyir. Təbii olaraq xalqın sevilən sənətkarına - Cavid əfəndiyə bu qədər kobud sözlərlə hücum edən bir şəxsə qarşı fikir və düşüncəm o qədər də müsbət ola bilməzdi və hər zaman bu "sərt", "kobud" sözlərin müəllifi Triniç kimdir, - deyə arayışda idim. (Amma unutmamaq lazımdır ki, o dövrün ab-havası bir çoxlarını bu çür çıxışlar etməyə məcbur buraxmışdı). 2010-cu ildə cəfakeş tədqiqatçı-alim, Cavidlər ocağının mənəvi varisi A.Turanın "Cavidnamə" və 2011-ci ildə fədakar tədqiqatçı, arxiv bilicisi Aslan Kənanın böyük axtarışlar və zəhməti sayəsində yazıb oxucuya təqdim etdiyi - "XX əsrdə repressiyaya məruz qalanlar" kitabını oxuyana qədər. XX əsrdə repressiyaya məruz qalmış məğrur insanların faciəli, faciəli olduğu qədər də şərəfli taleyindən bəhs olunan bu iki kitabı oxuduqdan sonra Triniç haqqında ətraflı məlumat aldığımı düşünmüşdüm. "XX əsrdə repressiyaya məruz qalanlar" kitabında Aslan Kənan "Əhməd Triniç xalq düşmənidirmi?" - başlıqlı yazısını bu sözlərlə başlayırdı: "Milli Təhlükəsizlik Nazirliyinin arxivində araşdırma apardığımız zaman Əhməd Bədi Triniç Rəcəb oğlu haqqında tərtib olunmuş qovluq diqqətimi cəlb etdi. Bu soyada mən Azərbaycan Yazıçılar İttifaqının ayrı-ayrı vaxtlarda keçirdiyi qurultaylarında, plenumlarında, iclaslarındakı stenoqramlarda rast gəlirdim. O, hər dəfə yazıçı və şairlər haqqında etdiyi nitqlərində sərt, kobud, barışmaz bir çıxışı ilə fərqlənirdi. Həmin çıxışlarının birində Hüseyn Cavidi öz qaba sözləri ilə tənqid (əgər bu çıxışa tənqid demək mümkünsə) edəndə o zaman həmin müşavirəyə rəhbərlik edənlər Ə.Triniçə nitqindəki kobud ifadələrə görə irad tutmaq əvəzinə, ona haqq qazandırır və çıxışını davam etdirməyə şərait yaradırdılar. Hüseyn Cavidə qarşı edilən bu haqsız çıxışa görə Əhməd Tiriniç mənim hafizəmdə kobud bir şəxs kimi qalmışdı". Triniç haqqındakı düşüncələrimiz demək olar ki, A.Kənanla üst-üstə düşürdü. Qeyd etmək lazımdır ki, Ə.B.Triniçin adı eyni duyğularla Hüseyn Cavid tədqiqatçılarının əksəriyyətinin: akademik R.Hüseynov, fədakar tədqiqatçı A.Turanın və sonralar tədqiqatçı alim Adıgözəl Məmmədovun əsərlərində çəkilmışdır.

Sonralar hər iki şəxs: Cavid əfəndi və Əhməd Bədi Triniç, yəni tənqid edən də, tənqid edilən də Stalin repressiyasının qurbanı olmuşdu. Hətta Əhməd Bədi Triniç Cavid əfəndidən əvvəl həbs edilmiş, mühakimə edilmiş və həbsxana kamerasında müəmmalı şəkildə ölmüşdü. 70 illik bir zaman kəsimində kimsə bu şəxslərin adını anmağa cəsarət etməmiş, uzun illər Azərbaycan xalqı öz müstəqilliyini bərpa edənə qədər, KQB arxivləri xalqa bağlı saxlanmışdı.

1991-ci ildə Azərbaycanımız öz müstəqilliyini bərpa etməklə xalqımız dil, din, söz mətbuat azadlığı qazandı. Müstəqilliyin verdiyi fürsətdən istifadə edərək yaxın keçmişdə baş verənləri araşdırmaq üçün KQB arxivlərinin qapısı aralandı. Kim haqlı? Kim haqsız? - suallarının cavabı uzun illər gizli saxlanılan KQB arxivlərində araşdırıldı. İllərlə bizi məşğul edən sualların cavabı tapıldı (hələ də məchullar olsa da). 1937-1939-cu illərdəki repressiyalarda məhv edilmişlərin günahkar olmadığını və milli düşüncə sahiblərinin planlı şəkildə, "təmizləmə" adı ilə məhv edildiyini öyrəndik. Doğrudur, bir çoxları 1956-cı ildə bəraət alaraq günahsız olduqları sübut olundu, lakin uzun illər Üsküplü Əhməd Bədi Rəcəb oğlu Triniçə bu qismət olmadı. Triniç bu ağır yükü çiyinlərində 1991-ci ilə qədər daşıdı. Bəzi qaynaqlarda "Rəcəb Əhməd Bedin", "Əhməd Bedin", "Əhmət əfəndi", bəzilərində "Əhməd Bədi" kimi keçən , milliyyətcə arnavut olan Əhməd Rəcəb oğlu Triniç, əslində kimdir? Məhəmməd Əmin Rəsulzadənin himayədarlıq etdiyi, Nuru Paşanın yavəri olmuş, Türkiyənin Azərbaycandakı səfiri "Məmduh Sevkət, İsmayıl Hikmət, Hüseyn Cavid əfəndi, Cabbar Əfəndizadə" ilə gizli şəkildə görüşən Triniç niyə Türkiyəyə getməyib "Qafqazlı qardaşları"nın yanında - Bakıda qalmışdı? Makedoniyanın Üsküp şəhəri hara, Bakı hara?

1893-cü ildə Albaniyanın (indiki Makedoniya) Üsküp şəhərində, arnavut ailəsində anadan olan Əhməd Bədi Rəcəb oğlu Triniç kiçik yaşda atasını itirib. Əhmədin ikinci dəfə ailə quran anası həyat yoldaşı ilə Serbiyanın İskut şəhərinə köçüb. Əhmədi və kiçik bacısını ata nənə-babası himayəsinə alır. Balkan müharibəsi başladığından (1912) ailə (nənə-baba) İstanbula köçür. İstanbulda Əhməd Balkan köçkünü kimi hökumət təqaüdü alaraq təhsil alır. Birinci Dünya müharibəsində Əhməd Triniç hərbi məktəbə qəbul edilir. Triniçin olduğu hərbi alay Dardaneldən Suriyaya, sonra Bitlisə göndərilir. Burada ruslar tərəfindən əsir alınır (1916-1917). O, əvvəl Tiflisə, sonra isə Kostroma quberniyasının Narıxta şəhərindəki əsir düşərgəsinə göndərilir. Burada Azərbaycan türkləri ilə əlaqələr qurur. Bolşeviklər 1917-ci ilin oktyabrında inqilabi çevrilişlə hakimiyyəti ələ aldıqda Triniç millətcə Laz olan dostu Zyugdi ilə əsir düşərgəsindən Bakıya qaçır. O, Bakıya çatar-çatmaz, qatar vağzalından birbaşa Məhəmməd Əmin Rəsulzadənin baş redaktoru olduğu "Açıq söz" qəzetinin redaksiyasına gəlir. Sonralar, Əhməd Bədi Trinçin 16 yanvar 1936-cı il tarixli soruşdurması zamanı hazırlanan sənəddə yazılır: "1915-ci ilin sonlarında "praporşik" (zabit-gizir) kimi "İldırım" adlı diviziyada qulluq edib. Triniç bir neçə dəfə ruslar tərəfindən əsir alınsa da, sarışın olduğundan onu alman bilib zabitlərdən ayırırlar. Sonradan Triniçin alman olmadığını öyrənirlər. Əhmədi də əsir düşərgəsinə salıb işgəncə verirlər. M.Ə.Rəsulzadənin ricası ilə "Xeyriyyə cəmiyyəti"ndən redaksiyaya gələn bir şəxs A.Triniçi götürüb hamama aparır və ona tatarların paltarlarından geyindirir. Həmin şəxs sonra onu "Təbriz" hotelinə yerləşdirir".

Əslində, Triniçin Bakıya gəlməkdə məqsədi Türkiyəyə dönmək imiş. Bunun üçün M.Ə.Rəsulzadədən kömək istəyir. Rəsulzadə Triniçi o zaman Türk Ordusunun Hərbi naziri sayılan Ruşeni bəyin yanına göndərir. Ancaq Ruşeni bəy, ona icazə vermir. Bu dəfə Bakıda yaşamağa məcbur olan Ə.Triniç, evlərdə türk dili dərsləri verərək çörəkpulu qazanmağa başlayır. Stepan Şaumyanın Bakıda yaratdığı oyuncaq Bakı Komunasının birlikləri 1918-ci ilin mart ayında müsəlmanları soyqırım edən zaman Bakıda olan Triniç İsmailiyyədə keçirilən mitinqdə çıxış edir və müsəlmanları qətl edən ermənilərə qarşı döyüşür və bu səbəbdən ermənilərin təqibinə məruz qalan Triniç, Dağıstana getmək məcburiyyətində qalır. Bir müddətdən sonra, Dağıstandan Yelizavetpol şəhərinə gedərkən Ruşeni bəy tərəfindən həbs olunub, bolşeviklərə casusluqda ittiham olunan Triniç ölümə məhkum edilir. Hökmün qüvvəyə mindiyi zaman birdən Əli Bəy Zizikski irəli çıxır və Ruşeni bəyə deyir: "Əlimizi onun qanına bulaşdırmayaq. Qoy türklər özləri gəlib onun dərsini versin!". Beləliklə, Trinic ölümdən qurtulur. Bu zaman May 1918-ci ildə xilaskarlıq missiyası ilə Gəncəyə gəlmiş Türkiyə Qafqaz Ordusunun Baş komandiri Nuru Paşanın əmri ilə Dağıstanda əsir alınmış bütün Türk əsgərlərinin səfərbəyliyə alınması başlayır. Triniç də Bakıya dönür. Ruşeni bəy isə Nuru Paşa tərəfindən həbs edilir.

XX əsrin əvvəllərində gedən məfkurə mübarizələri milli düşüncənin, milli, mədəni və mənəvi inkişafın parlaq tarixi təzahürü ilə - 1918-ci ilin əvvəllərində Azərbaycanda Cümhuriyyətin qurulması ilə nəticələnir (təəssüf ki, bu, Sovetlərin Azərbaycanı işğalına - "qırmızı qaranlıqlara qədər" davam edir.

1919-cu ildə "İttihad" partiyası"na üzv olan Əhməd Triniç və onu ölümdən qurtaran, yaxın dostu Əli bəy Zizikski Cümhuriyyət dövründə də fəaliyyət göstərirlər. Əli bəy Zizikski Bakı qubernatorunun yardımçısı və Azərbaycan Parlamentinin millət vəkili idi. 18 Fevral 1919-cu ildə Parlamentdə "Təhlükəsizlik qrupunun yaradılması haqqında" qanun qəbul edildikdən sonra 200 nəfərlik təhlükəsizlik qrupunda Triniç də olur və qrupa təlim keçir. Bunun üçün "İttihad" partiyasının üzvü, alban - Əhməd Triniç parlamentə məktubla müraciət edir (qeyd edək ki, məktub Triniçin Azərbaycanda nə ilə məşğul olduğunu öyrənmək üçün dəyərlidir). Məktubda yazılır: "Azərbaycan Parlamentinin sədrinə.

Zati-aliləri, möhtərəm əfəndi! Mən Türk ordusu subaylarından biriyəm. 1333-cü ildə (hicri təqvimi ilə) əsirlikdən qurtularaq Bakıya gəlmişəm. Bakı Milli Şurasının razılığı ilə müsəlman hərb məktəbinə öyrətmən təyin olunmuşam. Məlum Mart qırğınından sonra Xırdalanda döyüşlərə qatılmışam. Qubada könüllülərdən ibarət dəstə yaradaraq, Türk əsgərlərinin Zaqafqaziyaya daxil olmasınadək bolşeviklərə qarşı vuruşmuşam. Türk əsgərləri Azərbaycanda olanda isə rəsmən Quba əsgərlərinə başqan təyin edilmişəm. Quba bolşevikləri tamamən hərbi qüvvələri ilə birlikdə əsir alındıqdan sonra mən vəzifədə irəli çəkilərək Qubada əsgəri təmsilçi və komendant təyin olundum. Batumda digər əsgəri birliklərlə birlikdə bizim birliyimiz də taburçu edildi və mən ordumu döyüşçülərimlə birlikdə tərk etdim. Qafqazlı qardaşlarım tərəfindən səmimiyyətlə qarşılandığım üçün yenidən Bakıya dönməyə qərar verdim. Parlamentin bir təhlükəsizlik dəstəsi yaratması ilə bağlı xəbərləri oxuyuram və mən sizə bu dəstəni təşkil etməyə icazə verməyinizi xahiş edirəm.

Əhməd Bədi, Qubanın köhnə komandiri".

İcazədən sonra milis dəstəsinə yazılan Triniç Azərbaycanda yeni yaradılan milis dəstələrinə hərbi təlim keçir. Məktubdan, Əhməd Triniçin bolşeviklərə və ermənilərə qarşı necə mübarizə etdiyini, Qubanın xilas edilməsində böyük xidmətləri olduğunu öyrənirik. Öyrənirik ki, müsəlmanlara qənim kəsilən ermənilərə də Triniç qənim kəsilib. Özünə Əli bəy Zizikski kimi dost qazanan Triniç, xarici qüvvələrin təzyiqi ilə türk qoşunları Azərbaycanı tərk edəndə Azərbaycandan ayrılmayıb, "Qafqazlı qardaşları" ilə qalıb. Bakıda "İttihad" qəzetində işə başlayıb. 1920-ci il aprelin 28-də "Azərbaycan füqərası" qəzetində işləyən Triniç daha sonra "Kommunist" qəzetinin baş redaktoru olub. Əhməd Bədi Triniç Azərbaycan Dram Teatrı, Azərbaycan Konservatoriyası və Azərbaycan Dövlət Nəşriyyatının direktoru kimi vəzifələrdə çalışıb. Filosof Heydər Hüseynovun qızı Sara xanım xatirələrində "Ə.Triniçin BDU-da atasına dərs dediyindən" bəhs edib, yəni Triniç, həm də pedaqoji fəaliyyətlə də məşğul olub.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!