Ərəbşünaslıq məktəbinin örnək alimi... - Ülkər Zakirqızı yazır

 

Ərəbşünas professor Məmmədhəsən Qəmbərli fəaliyyətilə gənclərə örnək göstəriləcək alimlərimizdəndir.

Məmmədhəsən müəllimin elmi fəaliyyəti qədim ərəb poeziyasının bəzi problemlərini, XX əsr ərəb ədəbi mühitinin inqilab ruhlu fikirlərini, ərəb qaynaqlarında türkçülüklə bağlı məsələləri, mənəvi dünyamıza işıq salan hikmət xəzinəsini özündə ehtiva edən geniş bir sahəni əhatə edir. Alimin yaradıcılığını qiymətləndirərkən aktual sayılan bu sahələrdə aparılmış tədqiqatlar barədə ayrı-ayrılıqda ətraflı danışmaq mümkündür. 

Məmmədhəsən müəllimin 2018-ci ildə çap edilmiş "Elmi axtarışlar, araşdırmalar, təhlillər (əsərlər, məqalələr)" (I kitab) əsəri  kamil bir insanın ömrünə bərabər əlli ildən artıq elmi xidmətinin kiçik bir hissəsini əks etdirir. Müəllif özü toplunun əvvəlində "Bir neçə söz"də bildirirdi ki, "keçən yüzilin 70-ci illərindən bəri yazdığımız müxtəlif mövzu və məzmunlu məqalələri toplum halında tərtib edib iki kitab şəklində hörmətli oxucuların ixtiyarına vermək qərarına gəldik... Kitab özündə irihəcmli əsər və məqaləni, habelə bu kitabın müəllifi və onun elmi yaradıcılığı haqqında müxtəlif mətbuat orqanlarında dərc olunmuş bir neçə məqaləni əhatə edir". Geniş elmi araşdırmanın yığcam şəkildə təqdimindən də Məmmədhəsən müəllimin zəhmətkeş, işinə məsuliyyətlə yanaşan tədqiqatçı olması aydın görünür.

Alimin bu topluda cəmlədiyi nümunələrdə araşdırmanın əsas istiqaməti kimi qədim dövrlərdən başlayaraq türk və ərəb münasibətlərinin inkişafıdır. Uzun illərin gərgin əməyinin bəhrəsi olan bu nəticələr orijinallığı, ilkinliyilə diqqət çəkir.

Müəllif özü kitabı mövzuya görə iki hissəyə ayırmışdır. Birinci hissə "Axtarışlar, araşdırmalar" adlandırılmışdır. Buraya onun kitablarından parçalar və məqalələr daxil olunmuşdur.

Məmmədhəsən müəllim 2013-cü ildə çap olunmuş "Həzrət Məhəmmədin etnik kimliyi" adlandırdığı monoqrafiyasının üzərində yenidən işlənmiş şəkildə topluya daxil etmişdir. Burada mənbələrə əsaslanaraq peyğəmbərimizin ata-babaları ilə bağlı çox maraqlı fikirlər əksini tapmışdır. Tədqiqatçı yazmışdır: "Bütün dini və tarixi qaynaqlarda hz. Məhəmmədin "müstərəb" və ya "əcəm", yəni xalis ərəb deyil, ərəbləşmiş kimsə deyə qələmə verilən İsmayıl peyğəmbərin soyundan olduğu bildirilir". Burada müxtəlif mənbələrə əsaslanaraq hz. İbrahimin İraq torpağında anadan olduğu, xeyli əvvəllər burada Orta Asiya türklərindən olan şumerlərin məskunlaşdığını, "Quran"da da onun yəhudi və xristian olmamasının göstərildiyi bildirilmişdir. Ümumiyyətlə, bu mövzunun araşdırılması prosesində müxtəlif müəlliflərin "Quran" tərcümələrinə, peyğəmbərin həyatından bəhs edən mötəbər mənbələrə və sanballı tədqiqat işlərinə müraciət olunmuşdur.

Bu monoqrafiyanın maraqlı cəhətlərindən biri də türkçülüklə bağlı məsələnin Azərbaycan ədəbiyyatından gətirilmiş nümunələrlə əlaqələndirilməsidir. Müəllif Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərindən gətirilmiş nümunələrində peyğəmbərin, Nəsiminin "Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm", "Çün Nəsimi sirri İbrahimi Haşimidir bu gün" misralarını yada salaraq onların türk sayıldığını vurğulamışdır. Bu kimi nümunələr tədqiqatçının mövzu üzərində uzun müddət işlədiyini göstərir.

Topluda ərəb və türk münasibətləri üçün maraq kəsb edən mövzulardan biri də "Ərəb əfsanə, rəvayət və deyimlərində türk" oçerkidir. Müəllif onu ilk dəfə "Ərəb ədəbi-bədii qaynaqlarında türk" (1998) monoqrafiyasında dərc etdirmişdir. Alim yazmışdır: "Türkün soykökünün haradan və necə meydana gəlməsi haqqındakı ziddiyyətli əfsanə və rəvayətlərdən tutmuş, onun bəşər, xüsusilə islam tarixində oynadığı misilsiz rolunun yeni ərəb ədəbiyyatındakı inikasına qədər çox geniş bir dövrü izlədikdə türk-ərəb ilişkilərinin meydana gəlmə tarixi və ərəbin türkə olan münasibəti aşkarlanır. Ərəbin türkə olan münasibətinin ikili xarakterini ərəb rəvayət və əfsanələrində, xalq deyimlərində, cahiliyyə dövrü şeirində, hədislərdə, orta çağlar ərəb ədəbiyyatında və nəhayət, yeni ərəb ədəbiyyatında görmək olur".

Məmmədhəsən müəllim türk haqqında ilkin qaynaqlara müraciət edərək, "türk" kəlməsinin millət, dövlət adı kimi ilk dəfə Göytürk imperiyasından başlandığını,  onun etnos adı bildirməmişdən əvvəl "güc-qüdrət" mənasını ifadə etdiyini, V yüzilliyin sonlarından başlayaraq türklərin onu ad kimi seçmələrini əfsanələrə əsaslanan fikirlərlə göstərmişdir. Alim qədim türk qəbilələrini  Məzhiclə əlaqələndirənləri onu ərəbləşdirmək, yaxud da Abbasilər dövründə farsların qərəzli məqsədi hesab edirdi.

Burada məvalilər, qeyri-ərəblərin ərəb aristokratiyasına qarşı yaranmış şuubiyyə hərəkatından da söz açaraq onun görkəmli nümayəndələrində İsmayıl ibn Yəsarı xatırlamışdır. Alim bu bölümdə bir-birindən maraqlı mənbələrə müraciət edərək burada ərəblərin türkə münasibəti, türklərin ərəb fəthləri zamanı digər əsirlərdən məğrurluğuna, mübarizliyinə görə seçildiyini göstərmişdir.

Topluda yer alan məqalələr müxtəlif illərdə yerli jurnal və qəzetlərdə dərc olunmuşdur. Bu məqalələr alimin fəaliyyətinin bütün sahələrini əhatə edir. "Cahiz və onun "Türklərin fəzilətləri və ümumiyyətlə, xilafət ordusu haqqında kitab" risaləsi", ""Kitabi-Dədə Qorqud"dakı türk özəllikləri və onların ərəb qaynaqlarındakı paralelləri", "Türk ərəb ilişkilərinə dair qaynaqlardan gələn soraqlar", "Hədislərdə türk", ""Gənc türklər" hərəkatının ərəb şeirində inikası", "XIX əsrin sonu, XX əsrin əvvəllərində milli azadlıq hərəkatının Misir poeziyasında inikası", "Mütərəqqi Misir yazıçısı Əbdürrəhman əş-Şərqavinin "Bir misirli atadan Amerika prezidentinə məktub" poeması haqqında", "Müasir ərəb ədəbiyyatşünaslığında yeni mərhələ", "Azərbaycan Sovet ədəbiyyatı ərəb dilində" (A.İmanquliyeva ilə birgə), "İslam maarifçiliyinin ümumbəşəriliyi" məqalələri, "Sufilik havasına oynayan "rəqqas" (Firudin Gilara açıq məktub)", "Hz. Məhəmmədin ideya və islahatlarının ümumbəşəriliyi", "XX əsrin birinci yarısında ərəb ədəbi-tənqidi və bədii yaradıcılığın ümumi problemləri" kimi oçerk xarakterli yazıları Məmmədhəsən müəllimin gərgin əməyinin kiçik bir aynasıdır.

Kitabda ikinci hissə "Təhlillər" adlandırılmışdır. Burada alimin yaradıcılığında mühüm istiqamətlərdən biri sayılan onun illərlə topladığı, müqayisələr apardığı Şərqin hikmət xəzinəsindən süzülən deyimlər əksini tapmışdır. Bu mövzuda müəllifin kifayət qədər əhatəli yazıları vardır. Lakin buraya o, "Xaqani yaradıcılığında hikmət", "Elmə baxışın hikmət meyarı", "Dövlət və dövləti məsələlərə baxışın hikmət meyarı", "Əxlaqa... baxışın hikmət meyarı" oçerklərini daxil etmişdir.

Məmmədhəsən müəllim fəaliyyətilə hər zaman elmi ictimaiyyətin diqqət mərkəzində olan alimlərimizdəndir. Onun hər bir yeniliyi mütəxəssislər tərəfindən ciddi qəbul edilmiş, bəzi araşdırmaları haqqında fikirlər və mülahizələr müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur. Topluda bu rəylərin bir qismi öz əksini tapmışdır.

"Elmi axtarışlar, araşdırmalar, təhlillər (əsərlər, məqalələr)" kitabı filologiya elmlər doktoru, professor Məmmədhəsən Qəmbərlinin uzun illərin gərgin elmi fəaliyyətini öyrənmək baxımından olduqca maraqlıdır. Yaradıcılığının kiçik bir zərrəsi sayılan bu toplu mütəxəssislər, tələbələr, ümumiyyətlə, bu sahə ilə maraqlanan hər kəs üçün əvəzsiz mənbədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!