Status: Dünyamız gözəl dünyadı - Sevda Ayazqızı

 

VaqifinVidadiyə söylədiyi bu sətirlər dilimin ucunda dolaşırdı:

Ey Vidadi! Gərdişi-dövrani kəcrəftarə bax!

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Əhli zülmü necə bərbad eylədi bir ləhzədə.

Hökmü adil padişahi-qadirü qəhharə bax.

Azərbaycan Beynəlxalq Radiosunun efiri üçün işlədiyim materialda vücudumu saran bu ovqat hakim idi. Bu arada bacım Sevinc mənə telefon açdı. Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyi ilə əlaqədar hazırladığı materialla bağlı kiçik məsləhətləşmələr istəyirdi. Cənubi Azərbaycana yönəlikli işimlə bağlı Şəhriyarın yaradıcılığı da, həyatı da mənə o qədər yaxın idi ki... Bu barədə az qala birnəfəsə danışırdım. Bu arada onun "Yalan dünya"sına taxılıb qaldım:

Sənin bəhrən yeyən kimdi?

Kiminkisən, yiyən kimdi?

Sənə doğru deyən kimdi?

Yalan dünya, yalan dünya...

 

Ocaq ikən sönəymişsən,

Çanaq ikən çönəymişsən.

Nə pis qarı nənəymişsən,

Nağıl, yalan-palan dünya...

Bu barədə, şübhəsiz ki, əsas fikri atamdan alacaqdıq. Materiala göz gəzdirib qeydlərini diqqətimizə çatdıran Ayaz müəllim qəfildən, bütün varlığı ilə "yalan dünya" fəlsəfəsinə qarşı çıxdı: - "Yox, ay bala! Dünyamız yalan deyil. Dünyamız gözəl dünyadı!".

Onun səsinin ahəngində insanı uçurumun dibindən qaldırıb göyə ucalda biləcək bir enerji duydum. Bəli, atam məni yenidən silkələdi. Göylərə qaldırdı.

Əlli ildən artıq Azərbaycan ədəbiyyatının bel sütUnu olan "Ədəbiyyat qəzeti"ində bütün materialları cümlə-cümlə, söz-söz arıdlayan Ayaz Vəfalı qanında, canında olan milli dəyərlərimizi mühafizə etmək heysiyyəti ilə, sözün əsl mənasında ədəbiyyatın, ədəbiyyatımızın keşiyində durmaq vəzifəsini icra etdi. Onun, redaksiyadakı materialları redaktəsi ilə bizim yazılarımızın redaktəsi arasında müəyyən özəlliklər olub həmişə. Atam cümlələrimizdə də ləyaqəti önə çəkib daima. Xırda bir qeydlə materiallarımızda dəyişiklik edibsə də, o, mənim on beş illik təhsilimdən çox-çox fərqli, heç vaxt yadımdan çıxmayacaq sənət dərsim olub. Özünə məxsus tərbiyə metodları ilə də seçilib:

Qızsan, ucuz olma, qədrini bil.

Hər surətə əks kimi baxma!

Hər gördüyünə su kimi axma

- deyən atam, bizi Füzulinin kəlamlarıyla, müdriklərdən gətirdiyi məsəllərlə, misallarla həyata yönəldib. O, namusu, qeyrəti, ləyaqəti  o  qədər uca tutub ki, biz, bəlkə də, həyatımızı daha çox onun görmək istədiyi kimi, lazım bildiyi kimi qurmuşuq.

Vaxt var idi məktəbdə təhsil aldığım illərdə ədəbi-bədii tədbirlərdə təqdim etmək üçün o dövrün nəbzini tutan şeirləri onun kitablarında da tapmaq istəyirdim. O isə o hay-küyün içində  "yonca"nı axtarırdı. Oxucularına milli-mənəvi dəyərlərimizdən danışırdı. Bu, onun daxilindəki öz səsi idi. O səsi içində boğub, yabançı pafosa qurban vermirdi. O, təmkinlə, daxilindəki nostalji hissləri qələmə alır, ürəyinə yatmayan təbliğata imza atmırdı:

Kəndimizin sol döşüylə

Balaca bir çay axır;

Fəsillərin gərdişiylə

Gah quruyur, gah axır.

 

Yaz gələndə tüğyan edir,

İnanmırsan durula;

Təngnəfəs  axıb gedir

O, burula-burula.

Çox demişəm: xəbər alın,

Hara gedir, ay aman,

Oynamışam ayaqyalın

Sahilində bir zaman.

 

Sularına qarışmışam,

Başımın tükü sanı;

Sularından soruşmuşam

Beşləçəkli yoncanı.

 

O yonca ki, xeyirliydi,

Hər ləçəyi vüsallı;

O yonca ki, sehrliydi

Qızılbalıq misallı.

 

Tapılsaydı gözlərimdə

Qalardımı muradım?

Güc qalmadı dizlərimdə

O yoncanı aradım.

Söz-söz toxuduğu bu şeir gözümün  önündə mənim özümün də uşaqlığımın yaz tətili günlərini canlandırır. Bilmirəm, burula-burula gələn çay seli yaddaşımda öz uşaqlıq illərimin xatirəsidir, yoxsa onun yaratdığı o təbii, canlı lövhənin əksidir...

Dünyanın gərdişini görsə də, içindən gələn haqq səsini boğmaq iqtidarında olmamış heç zaman. Və demiş ki:

Yumruq boyda ürəyimdə dünya var

Dünyanın malına satmayın məni.

Azərbaycana həsr etdiyin şeir cəmi yeddi misradır:

Canım Azərbaycanım.

Sən odsan, qoy oduna

Yanım, Azərbaycanım.

Qoy yanım xırda-xırda,

Amma qoyma sönüm mən.

Yanım, yanım axırda

Bir günəşə dönüm mən.

Bir ovuca yerləşəcək bu yeddi misrada elə yumruq boyda bir ürək döyünür.

Ayaz Vəfalı bir kəlməsini də havayı yerə yazmayıb heç vaxt. Diqqətli oxucu onun poeziyasını mütaliə edəndə mütləq bir fəlsəfənin şahidi olur. "Yağış yağdı"da olduğu kimi:

Yağış yağdı narın-narın,

Bağda ətir duyuldu;

Yağış yağdı... yarpaqların

Toz-torpağı yuyuldu.

 

Yağış yağdı gündüz-gecə;

Çaya sellər yeridi.

Yağış yağdı... neçə-neçə

Köksüz ağac çürüdü.

 

Bağçamızda çəpər boyu

Dəmir məftil pas atdı.

Baxın... baxın... yağış suyu

Nələr üzə çıxartdı...

Bu şeiri köksüz ağacın çürüməyə məhkum olduğuna əminliklə yazıb Ayaz Vəfalı. Özü də soyuna, kökünə dərindən bələdliyi vacib bilib həmişə. Bu maraqla oğul-uşağı başına yığıb Ərdəbilin Şıxlar məqbərəsinə üz tutduğu vaxt da olub. Geri qayıdanda Ərdəbil-Təbriz-Bakı yolu zümrüd rəngli Talış dağlarının ətəyindən qıvrılıb keçəndə, bilmədik, Talış dağlarının havası idimi, yoxsa atamın bulaq kimi içimizdə qaynayan o şeiri idimi bizi məst elədi... Çox yəqin ki, iki avtomobilə ancaq sığışan oğul-uşağının  bir andaca yaranan bu ovqata köklənməsində, həm dağ havasının, həm də təbii bir şeirin sirayəti var idi:

Özgə yer, ey Talış dağı,

Olmadı könlüm oylağı;

Görmüşəm hər səhər çağı

Sinəndə buğlanan çəni -

Mən səni istərəm, səni!

 

O göyə qalxan qayalar

Səsimi səndən yayalar,

Dərələr uğuldayalar,

Deyələr bu xatirəni;

"Mən səni istərəm, səni!..".

Sözümə Şəhriyarın "Yalan dünya"sıyla bağlı misralarla başladım. Amma yaddaşımda Ayaz Vəfalının  "Hamıdan sonraya qalan dünyadır" seiri də var:

Haqq sevər, halalı harama qatmaz.

Mərdin qazancını namərdə satmaz.

Nağdı boşa getməz, nisyəsi batmaz

Verdiyi borcları alan dünyadır.

 

Əzəli-əbədi bir adəti var -

"Mənəm" deyənlərin qəsdinə durar;

Kimisi dağıdar, kimisi qurar -

Abadan dünyadır, talan dünyadır.

 

Vəfadan özünü kəm bilə-bilə,

Hansı Vəfalını salmayır dilə;

Gələni göndərib axır mənzilə -

Hamıdan sonraya qalan dünyadır.

...Ay  ata! Dünyamız gözəl dünyadır!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!