Şairlər doğulur bu yaz günündə... - Vaqif YUSİFLİ yazır

Bu Qulu Ağsəsdir - əlli yaşına gəlib çatdı...

Doğrusu, heç inanmağım gəlmir ki, Qulu Ağsəs oğlu Zeynalov əlli yaşına gəlib çatdı. Zamanın Qulu Ağsəsə zərrə qədər təsiri olmayıb desəm, inanın mənə. Zahirində heç bir plastik əməliyyat aparmayıb, eynəyi həmişə gözündədir, hərəkətləri, rahi-rəvişi (yolu, üsulu) eynən cavanlığındakı kimidir. Onu ilk gördüyüm 1992-ci ildən bəri həmin Quludur ki, var. Onda Qulu iyirmi üç yaşındaydı, "168 saat" qəzetində müxbir işləyirdi, indi isə Qulu Ağsəs "Ulduz" jurnalının baş redaktorudur. Aradan keçən illərdə Qulu müxtəlif qəzetlərdə müxbir, məsul katib, baş redaktor, Teleradio şirkətində redaktor və başqa işlərdə çalışıb ki, özünü jurnalistika aləmində sübut eləsin və eləyib də. O balaca cüssəsi ilə Qulu bir gün belə qələmdən, kağızdan ayrılmayıb.

Qulu Ağsəs düz əlli il bundan qabaq - 20 apreldə dünyaya gəlib. Məsələ bundadır ki, mən də 20 apreldə doğulmuşam, amma Quludan 21 il əvvəl. 20 apreldə isə doğulanlar təkcə Qulu və mən deyilik. Dünyaya qan udduran Hitler də o gündə dünyaya gəlib.. Məmməd Rahim, Nəsibə Zeynalova, Rza Təhmasib, Çingiz Hüseynov - bu böyük sənətkarların doğum günü də 20 aprelə düşür. Hələ bizimlə bir dövrdə yaşayan iyirmidən çox elm, sənət adamlarını demirəm və Qulu Ağsəs "20 aprelçilərin" ən cavanıdır.

İnsan öz ad günündə zənnimcə, ən böyük sevincini yaşayır və şəxsən mən həmin gün lap xəstə olanda belə, dirçəlirəm, yaşamağa şövqüm artır. Amma Qulu Ağsəs görün öz ad günü haqqında nə yazıb:

Anama "sevin", - dedilər,

"Bu oğlun, evin", - dedilər.

Mən doğulan gün dedilər

Aprelin 20-nə.

Bu boş ömrümə tüpürdüm,

Doğulan günə tüpürdüm,

Tüpürdüm, yenə tüpürdüm

Aprelin 20-nə.

İstədim öləm, qoymadı,

Lap nahaq yerə qoymadı.

Tanrım bir daşı qoymadı

Aprelin 20-nə...

Qulu Ağsəs bu şeiri haçan yazıb, ovqatının hansı vaxtında qələmə alıb, həmin gün Qulu Ağsəs hansı çıxılmazlığa tuş gəlib, hansı bədbəxt hadisə ilə üzləşib, deyə bilmərəm. Bu şeirinə görə 20 aprelçi olduğum üçün Quluya haqq qazandırmıram, amma onu qınamıram da. Çünki hər bir insanın - illah ki, şairin - ömrün ötüb-keçən illərinə bir inkarçı baxışı da ola bilər.

Amma...Qulu Ağsəs doğulduğu günə tüpürüb eləsə də, mən onu bu dünyanın ən xoşbəxt bir insanı-şairi hesab edirəm. Qulu Ağsəs müasir Azərbaycan ziyalıları içərisində sayılan-seçilən bir şəxsdir, ədəbi mövqeyi sabitdir - düzü düz, əyrini əyri göstərən məramı, qayəsi, düşüncəsi formalaşıb.

Qulu şairdir, özü də müasir şair. Azərbaycan şeirinin yaxşı mənada son durumunu ifadə edən şairlərdən biridir. Qulunun şeirlərində klassik-milli örnəklərə bağlılıq güclüdür, amma Qulunu həm də modern şair hesab edirəm. Amma bu təyinatlarsız da keçinmək olar. Böyük türk şairi Nazim Hikmət təxminən belə bir fikir söyləyib: "İstər qışqır, istər pıçılda, istərsə də fəryad çək. İstər qırıq-qırıq yaz, istər hamar yaz... Nədən yazırsan-yaz, təki yazacağın şeir olsun". Qulu məncə, anadan şair doğulub. Amma söhbət şairdən gedirsə, o, təkcə şeir yazmır, içindəki, ruhundakı duyğuları bizimkiləşdirir.

Yad şəhər...

Bir yanda

ağlar məhəlləsi:

Tanış balkonu

doğum evinə göndərməyə hazırlaşır

gecə serenadası.

Bir yanda

qaralar məhəlləsi:

Milli Qəhrəmanın

xatirə lövhəsi altında

dilənən qadın duası: -

Yalandı!

Yalandı!

Dünyada ən şirin şey

Vətən deyil,

Dünyada ən şirin şey

İnsandı...

Dünyada ən şirin şey Vətən deyilsə, dünyada ən şirin şey insandısa... Qulu ideal insan modelini yaratmaqdan imtina edir. İnsan aləmi çeşid-çeşiddir. Və Qulu bu mürəkkəb insan aləminin seyrçisi deyil, o, insan hisslərinin, duyğularının sözlə rəsmini çəkməyə can atır. Onun şeirlərinin hamısı bütövlükdə qırıq-qırıq, kəsik-kəsik cizgilərin sərgisidir. Amma hisslərin, duyğuların rəngi də çoxçalarlıdır. Vaqif Bəhmənli dopdoğru yazır ki: "Qulu şeirin çətin yolunu seçərək zamanın monumental obrazını deyil, şeirləri kimi körpə anların obrazını yaradır. Bu, zamanın içindəki insan deyil, əksinə, insanın içindəki darıxan, ağrıyan sevən, inanan aldanıb peşman olan andır".

Qulu Ağsəs az yazır, son illərdə mən onun təzə şeirləri ilə rastlaşmamışam. Səhv etmirəmsə, cəmi iki kitabı çıxıb: "Sənsən hər yer", bir də "Nabran novellası". Amma az yazsa da, Qulunun bu çağacan yazdıqları şeirlər bəs edir ki, onun şairliyi, şeirlərindəki özünəməxsusluq barədə söz açaq. Doğrudan da, bu özünəməxsusluq, fərdi üslubu Qulunu bir şair kimi səciyyələndirməyə yetərlidir. Bu misraların müəllifi Quludur ki, o misralarda fikirlə hissin, ağılla ürəyin ayrılmazlığı dərhal nəzərə çarpır:

Çırtlayıb atdığım sözlər

Ürəyinə dəyər birdən.

Ayaq üstə ölmüşəm ki,

Götürən olmasın yerdən.

Nəfəsim də çatmır barı

Boğulanda qışqıram.

Mən indi yaşamaqla yox,

Ölməməklə məşğulam.

Bax indi ölməyin əsl vaxtıdı,

Dediyin "sevirəm" sözündən ayna.

Və nəhayət, Qulunun şeirləri içərisində ən çox xoşladığım bir şeir var. O şeirlə Qulunun əlli yaşına salam göndərirəm:

Yaşamaq!

- Dünyanın ən zor işi!

Yaşamaq!

- İrəli qovaraq keçmişi!

Fəqət

İstəyirəm əcəl gələndə

Qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

Sevgilim yuxudan oyanmasın...

Bu isə İlham Qəhrəmandır - yaş altmışdır...

Bu il aprelin 24-də isə istedadlı bir şair kimi tanıdığım İlham Qəhrəmanın 60 yaşı tamam oldu. Onun şeirlərini həmişə izləmişəm. İlham hər yeni şeir kitabı çapdan çıxanda məni unutmur. Deyim ki, onun şeirləri həmişə mənə təzə görünüb, çünki İlham Qəhrəman heç bir şeirində öz-özünü təkrar etmir.

İlham Qəhrəman indi bizim həsrətlə yad etdiyimiz Laçında dünyaya gəlib və onun hər kitabında Laçınla bağlı nisgilləri, həsrəti ifadə olunur. Təbii ki, o, içindəki kədəri və artıq qaysaq bağlamış, yaraya çevrilmiş bu dərdi elə ifadə edir ki, bu poetik hisslər təkcə onun dərdinə deyil, bizim dərdimizə də çevrilir. Şairin hünəri də elə bundadır: əvvəl dərdini danışanın dərdini dinləyirsən, sonra özün də o dərdin əsiri olursan.

"Bu gecə evimiz yadıma düşdü" - deyir İlham və biz də onunla bahəm xəyalən Laçının Sus kəndindəki evinə yollanırıq:

Nə vaxtdı sayırıq günləri, ayı,

Nə vaxtdı sağ gözüm Zabux çayıdı,

Nə vaxtdı sol gözüm - Həkəri çayı.

O vaxtdan boğazım Çayqovuşandı.

Bu da bir gecədi belə yaşandı, -

Bu gecə evimiz yadıma düşdü.

 

Nə yaman uladı yurdda qalan it,

Canavar olajaq sənin balan, it.

Dolan, xəyalımtək yurdda dolan, it,

Bu gejə evimiz yadıma düşdü.

 

Gəzdim dağlarını cığırınacan,

Üzdüm yollarında çarığımacan,

Qara danamızın axurunacan -

Bu gecə evimiz yadıma düşdü...

Bu gecə gözümdən getmədi Laçın.

İlhamın Laçın həsrəti digər şeirlərində də beləcə qəmli-qəmli yol gedir: o, Laçın işğal olunandan ta bugünəcən onu yad etməkdən yorulmur. Deyir ki: "Dağda kənd, kənddə bağ, ağacda yuva, Kənd dağda, quşlar da yuvada qaldı" - bu həsrətin nə ağırlıqda, nə böyüklükdə olduğu başqa şeirlərində də nəzərə çarpır. İnsan üçün evindən, həyətindən, kəndindən, obasından, dağlarından başlanır Vətən və indi İlham Qəhrəman da doğma laçınlılarıtək Vətəndən Vətənə boylanır. İlk laylasının çalındığı o evdən, çəmənində, çölündə gəzdiyi o kəndindən iyirmi ildən artıq bir zaman ayırır onu və illər keçdikcə o həsrət qarşısıalınmaz bir məhəbbətə çevrilir: Əlbəttə, Laçın dağlarını, o kəndi, o həyəti, o bağları həsrətlə yad etmək lazımdır və bu həsrət təbiidir. Amma bu həsrətin bir sonu da olsun gərək... Fransız yazarı G.Apollinerin bir sözü var: "Ruhən işğal olunmaq fiziki işğaldan daha dəhşətlidir". İlham Qəhrəman bir şeirində deyir ki: "Başımı götürüb çıxacam evdən, O əsir dağları deyib gedəcəm. Yoluma yeməyə çörək qoymayın, Yol boyu həsrəti yeyib gedəcəm... Deyin, ovçulara səhv salmasınlar, Canavar dərisi geyib gedəcəm". Bax, həsrətin sonu belə bitəcək. İndi söz kimi deyilir, gün gələcək "Urra, Laçın!" sədasında...

İlham ruhən ənənəvi şeir üstə köklənən şairdir, amma maksimum dərəcədə ənənəvi şeirin şablonlarından qaçır, həmişə çalışır ki, dediyi sözün obrazlı ifadəsinə çalışsın. Deyəndə ki: "Qarabağ alınmadan ölsəm, Başdaşıma həkk edərsiz: Bir səbət gül-tökülü, Ondan üstə Bir ağlar göz şəkili" - bu balaca şeirdə bədii təsvir vasitələrindən heç biri iştirak etməsə də, şeir bir vəsiyyət anlamı kimi öz poetik ifadəsini tapır. İndi köhnədən yazdığı, amma bu kitaba daxil etdiyi "Payıza qoşulub getməyim gəlir" şeirindən bu parçaya diqqət yetirək:

Baş aça bilmədim dünya sirr imiş,

Dünya ağlamağa yaxşı yer imiş;

Ürək Xəzər imiş, dərd də Kür imiş -

İlham Qəhrəmanın sevgi şeirləri haqda da xoş sözlər söyləyə bilərik. Onun son illərdə yazdığı sevgi şeirlərində cavanlıq eşqi ilə kamillik yaşının sevgisi qoşalaşır. Ürəkdə o eşq, o sevda hələ də yaşayır, eyni zamanda, o sevgiyə nurani bir baxış da əlavə olunur. Artıq sevginin baharı ilə payızı arasında məsafə yox olur. Sevgi iztirablarını indi sevgi haqqında düşüncələr əvəz edir:

Tanrı xoş saatında

Məni yadına saldı.

Bundan gözəl yol varmı

Sevgi ürəyə yoldu.

 

Təzələndim - elə bil

Dağlara qar ələndi.

Sevgisiz olan bəndə

Mürəkkəbsiz qələmdi.

İlhama - bu təbi rəvan şairə yaradıcılıq uğurları arzulayıram. Bir gün onun da həsrətində olduğumuz Laçında görüşərik, deyirəm.