Məmməd Cəfər teatr tənqidi haqqında - İsrafil İsrafilov

 

Azərbaycan milli teatr sənəti XIX əsrdən başlayıb, bu günümüzə qədər keçdiyi mürəkkəb tarixi mərhələlərdə cəmiyyət həyatının qaynar fikir və mənəviyyat meydanı olmuşdur. Yaşanan illər teatr tariximizdə gah yüksəliş, gah da uğursuzluq faktları ilə diqqəti cəlb edir. Amma burada digər az əhəmiyyətli olmayan mətləblər də vardır. Və bu, tamamilə təbii görünür. Yəni həvəskar truppaların sonralar peşəkar teatr kollektivlərinə çevrilməsi, peşəkar aktyor qüvvələrinin, elə buradaca, az bir zaman içərisində peşəkar rejissor fərdiyyətlərinin meydana çıxması, bu sənətlərin milli dramaturgiyanın inkişafını şərtləndirən yaradıcılıq əməkdaşlığı fövqəladə əhəmiyyət kəsb edən tarixi həqiqətlərdir. Amma o da həqiqətdir ki, peşəkar Azərbaycan teatrı dramaturq-aktyor-rejissor üçlüyü ilə uzun illər boyu irəlilədikcə, həmin dəstəyə teatr sənəti mövcudluğunu mənalandıran digər komponentlərin daşıyıcıları, o cümlədən teatr rəssamları, bəstəkarları, teatr tənqidi və s. qoşulmuşdur.

Ötən dövrlər ərzində, dialektik anlamda qəbul etsək, teatr sənəti çox dəyişmişdir. Və dəyişən dünyamızın dəyirmanında üyüdülən dəyərlər az olmasa da, milli mədəniyyətimizin öz təbiəti etibarilə çevik sahəsi olan teatr sənətimiz zamanın dəyirmanından diri çıxmışdır. Bu diriliyi şərtləndirən səbəblər, təbiidir ki, az deyil, amma onların içərisində tənqidin rolunu xüsusi qeyd etməyə haqqımız vardır.

Teatr tənqidimizin tarixi üzərində dayanmaq ehtiyacı duymasaq da, onu qeyd etmək olar ki, tənqidimiz milli teatr sənətimizlə yaşıddır və bir zamanlar yanaşı addımlamış, biri digəri üçün zəruri yanaşma ahəngini təmin etmişdir.

Milli teatrın yenilik axtarışları ilə mənalanan müxtəlif mərhələləri tənqidçilərin diqqət mərkəzində olmuşdur. Bunlar ədəbiyyatşünaslıq elmimizdə, eləcə də ədəbiyyatımızda kifayət qədər tanınmış M.İbrahimov, M.Arif, Mir Cəlal, Ə.Şərif, M.Rəfili, M.Cəfər, C.Cəfərov, A.Zamanov kimi şəxsiyyətlər idi. Elə şəxsiyyətlər ki, hər birinin fikri və mövqeyi ilə teatr ictimaiyyəti hesablaşır, ictimai rəy formalaşırdı. Burada onu da qeyd etmək vacibdir ki, ədəbi, eləcə də elmi-nəzəri fikrin görkəmli yaradıcıları olan bu insanlar milli təəssübkeşlik mövqeyi ilə nailiyyətlərə hədsiz sevinib, uğursuzluqlara dərin təəssüflə yanaşmaqla bərabər, ədəbiyyatımızın tutduğu yolu tənzim etdikləri kimi, milli teatrımızın da bədii-estetik istiqaməti qayğısına qala bilirdilər. Bu dövrdə istər mətbuatda, istərsə də ayrı-ayrı müzakirələrdə səslənən mülahizələr, bir küll halında, elmi-nəzəri fikrin, teatr prosesinin poetik-fəlsəfi mündəricəsini zənginləşdirirdi.

Azərbaycan ədəbiyyatşünaslığında cəfakeş əməyi sayəsində silinməz izlər qoyan, ədəbi tənqidin metodoloji əsaslarını zənginləşdirən, ədəbi prosesin tənqidi sahəsində əsl ağsaqqallıq səlahiyyəti qazanan Məmməd Cəfər teatr tənqidində xüsusi münasibətilə seçilir. Yəni o, bir tərəfdən teatr tənqidinin mühüm elmi sahə kimi ümummilli mədəni prosesdə tutmalı olduğu yeri yüksək qiymətləndirir, digər tərəfdən, teatr mühitini, bəzi hallarda peşəkarlıq baxımdan səriştəsiz münasibətinə görə teatr tənqidinin özünü əsl tənqid atəşinə tutur, onu açıq-aşkar və özünəməxsus obyektivliklə ittiham edir. Onu da qeyd etməyə ehtiyac vardır ki, bütün hallarda Məmməd Cəfər eyni dərəcədə səmimi və barışmaz mövqe bildirir.

Hələ 1946-cı ildə dramaturgiya məsələlərinə həsr edilmiş konfransda M.Cəfərin söylədiyi fikirlər bu gün, yəni üstündən yetmiş il keçməsinə baxmayaraq, aktuallığını itirməmişdir. Əlbəttə, bu faktın özü ikili münasibət oyadır. Birincisinə, təbii olaraq, sevinmək olar. Sevinmək olar ki, alim fitri istedadı, fəhmi, uzaqgörənliyi ilə teatr tənqidinin mövcud olan və ola biləcək problemlərini görə bilmiş, səriştəli elmi-nəzəri baxışlarını diqqətə çatdırmışdır. Amma elə buradaca təəssüflənməmək də olmur, çünki həmin fikirlərin öz aktuallığını çağdaş dövrümüzdə də itirməməsi teatr prosesinin mövcud vəziyyətini xüsusi şərh etməyə və qürrələnməyə əsas vermir.

Söz yox ki, yuxarıda qeyd edilən mülahizələrdə bu günümüz üçün mübahisəli, az qala, təfərrüatlarına qədər məlum olan, yaxud problemi bir daha nəzərdən keçirmək ehtiyacı yaradan məqamlar da az deyil.

Məsələn, teatr tənqidinin çox çətin və mürəkkəb bir elm olduğunu xüsusi qeyd edən müəllif, onun təkcə teatrla deyil, eyni zamanda dramaturgiya ilə məşğul olduğunu bildirir. Ehtimal etmək olar ki, burada söhbət ənənəvi bölgüdən gedir. Yəni şərti olaraq, "oxucu üçün", yaxud "tamaşaçı üçün" bölgüsü ilə nişanlanan pyeslərin tənqidi nəzərdə tutulur, çünki birincilər, əsas etibarilə, ədəbiyyatşünaslığın tədqiqat obyekti olduğu halda, ikincilər daha çox teatrşünasların maraq dairəsinə düşür.

Amma burada uzun illər müşahidə edilən belə bir faktı da xatırlamaq yerinə düşər ki, milli teatr prosesinin ayrı-ayrı mərhələlərində praktik teatrın estetik problemlərinin araşdırılması və həlli qayğılarını teatrşünaslardan daha çox ədəbiyyatşünaslar çəkmişdir. Əslində, işlərin bu sayaq gedişini, teatr prosesində ədəbiyyatşünasların ön cəbhədə görünməsini şərtləndirən amillər az olmamışdır. Hər şeydən əvvəl, yəqin, onu göstərmək lazımdır ki, teatrşünaslıq müstəqil elm sahəsi kimi fəaliyyət göstərənə qədər teatr sənəti ədəbiyyatşünaslığın himayəsi və nəzarəti altında olmuşdur. Digər, az əhəmiyyətli olmayan və diqqətçəkən səbəblərdən biri də budur ki, özünün uzun illik inkişaf tarixi boyu Azərbaycan milli teatrı aktyor və rejissor qüvvələri sarıdan korluq çəkmədiyi halda, sağlam tənqid sarıdan, dramaturgiya kasadlığından sıxıntı çəkmiş, repertuar seçkisində ideya-bədii tələbləri hər dəfə ödəyə bilməmişdir. Odur ki, teatr işinin ilkin şərti, dramaturgiya bolluğu məsələsi ədəbiyyatşünaslığın da əsas qayğısına çevrilmiş, teatrın narahatlığına həmrəylik nümayiş etdirmişdir.

Dövrün görkəmli səhnə xadimlərinin, tanınmış aktyor simalarının yaradıcılıq xüsusiyyətləri, fərdi oyun üslubu barədə bu və ya digər obrazın səhnə təcəssümündə təzahür etdirdikləri sənətkarlıq hünəri M.Cəfərin diqqətini çəkir, nəticənin uğurlu-uğursuz cəhətləri onun qələmi ilə dəyər qazanırdı. Alimin dövrün məşhur aktyorları ilə dostluğa çevrilən təmasları, teatra məhrəm münasibəti onun obyektivliyinə xələl gətirmir, mövcud çətinlikləri, bəzən tamaşaçı üçün gizli qalan irili-xırdalı səhnəarxası mətləbləri nəzərə alsa da, o, "düzü düz, əyrini əyri" (M.Ə.Sabir) şərh etməyi özünə borc bilirdi. Bu baxımdan, M.Cəfərin görkəmli aktyor Sidqi Ruhulla haqqında yazdığı monoqrafiya dediklərimizə bariz örnək ola bilər. Belə ki, essevari üslubda başladığı monoqrafiyada M.Cəfər sənət və yaradıcı şəxsiyyət məsələlərini özünəməxsus sadə dildə, eyni zamanda elə dərindən təhlil edir ki, gətirdiyi misallar, ayrı-ayrı yaradıcılıq faktları dövrün, eləcə də bu qüdrətli aktyorun şəxsiyyətinin və istedadının miqyasını, həmçinin milli teatr tariximizdə tutduğu yeri təsəvvürümüzə həkk edir.

S.Ruhullanın səhnə obrazlarının taleyindən bəhs edəndə də, həmin obrazların yaradıcısı olan aktyorun səhnə davranışını, oyun texnikasını, tərəf-müqabilləri ilə ifa münasibətlərini qeyd edəndə də M.Cəfər bu mətləblərə böyük rus teatr xadimi K.S.Stanislavskinin məşhur "sistem"inin prizmasından dəyər verir. Bu zaman o, qəti mövqeyini bildirir ki, hər hansı obrazı yaradarkən aktyor, hər şeydən əvvəl, müasirlərinin qəlbinə və şüuruna təsir edir. Çünki o, səhnədə "insan ruhunun həyatını" (K.S.Stanislavski) ifadə edir.

Əlamətdardır ki, sənətkarlarımızın son dərəcə mürəkkəb hesab etdiyi səhnə fəaliyyətindən bəhs etdiyi məqamlarda M.Cəfər digər xalqların aktyorlarının yaradıcılıq xüsusiyyətləri ilə uğurlu müqayisələr aparır. Bu zaman alimin bir vətəndaş olaraq, fərəhini gizlətmədiyi əlamətdar olsa da, təəssüf hissi ilə diqqətdən yayınmır.

M.Cəfərin bir zamanlar yazdığı: "... Bizim də səhnəmizdə Kinlər, Moçalovlar çox olmuşdur. Ancaq səhnə sənəti nəzəriyyəsi ilə ayrıca məşğul olan Lesinqlərimiz, Didrolarımız olmamışdır" sözlərində acı təəssüfdən daha çox, mövcud vəziyyəti teatr sənətinin tərəqqisi naminə dəyişmək yanğısı diqqəti cəlb edir. Aydın məsələdir ki, alimin niyyəti bir neçə ilə başa gələn iş deyildir və bunu o özü hər kəsdən daha artıq duya bilirdi. Amma o da aydındır ki, elmi metodologiya teatr tənqidinin əsaslanan fəaliyyəti üçün əlverişli şəraitin yaranması, onun elmi sahələr içərisində öz yerini müəyyənləşdirməsi, eləcə də teatr sənətində gedən bədii-estetik proseslərə fəal müdaxilə etməsi M.Cəfərin mühüm hesab etdiyi və uğrunda çalışdığı məsələlər idi.

Teatrşünaslıq tədricən öz yerini tutduqca, səsi artdıqca, xüsusilə, XX əsrin 60-cı illərindən başlayaraq artıq teatrların daxilində "ssenari dramaturgiyası" meyilləri yarandıqca, get-gedə həmin "dramşünaslıq" dairəsində araşdırmalar aparmağa başladı. Və dünya, o cümlədən Avropa dramşünaslığı ayrıca elm sahəsi kimi diplomatik mənada tanınmalı oldu.

Əlbəttə, bu, çox sonralar olacaqdı. M.Cəfərin nəzərdə tutduğu və fəaliyyətinin bəzi xüsusiyyətləri ilə onu qane etməyən teatr tənqidi milli teatr sənətimizin ən yaddaqalan tarixi mərhələsinin bələdçisi olmaq missiyasını yerinə yetirməli idi. Və bu işdə problemlər az deyildi. Odur ki, M.Cəfər xüsusi həssaslıq, təmkin və tələbkarlıqla gündəliyə çıxardığı məsələləri zaman və milli mədəniyyətimiz kontekstində nəzərdən keçirirdi.

Onun xüsusi diqqət yetirdiyi və bu günün özündə belə, mühüm olan problemlər hansılardır? Səhnə əsəri haqqında elmi araşdırmalar, milli teatr nəzəriyyəsi məsələsi və onun praktik səhnə fəaliyyəti ilə bağlılığı, səhnədə oyun üslubu və nəzəri hazırlıq məsələləri və s.

M.Cəfərin elmi axtarış yanğısı onun vətəndaşlıq təəssübkeşliyindən bəhrələnmişdir. 1940-cı illərdə dərc etdirdiyi məqalələrinin birində o yazır: "Mən 1935-36-cı illərə qədər olan qəzet və məcmuələrin səhifələrində axtardım ki, görüm hansı məşhur bir aktyorumuzun sənəti haqqında ağıllı bir məqaləyə rast gələrəm. Tapa bilmədim. Aktyorlarımız haqqında bu illər ərzində mətbuatda savadsız yazılar və mənasız quru təriflər istənilən qədər boldur, ancaq elmi bir məqalə yoxdur".

Əlbəttə, ötən onilliklər ərzində Azərbaycan teatrı, onun sədaqətli tərəfdaşı olan teatrşünaslıq elmi mürəkkəb bir yol keçmiş və həmin uğurlu-uğursuz mərhələlərə bölünən yolda keyfiyyət göstəriciləri daha çox müşahidə edilmişdir. Yaşanan dövr ərzində teatr tənqidi sahəsində çalışan neçə-neçə görkəmli alimlər yetişmiş, yüzlərlə elmi məqalə, onlarla monoqrafiya, cild-cild kitablar yazılmışdır. Özünün o qədər də sadə olmayan problemləri ilə əlbəyaxa olduğu bir zamanda belə teatr tənqidi çalışmaqla, teatr prosesinin nəbzini tutmaqla, bir küll halında teatrşünaslığın müxtəlif istiqamətlərində fəaliyyət göstərməklə öz "mən"ini təsdiq etməkdə davam edir.

Məmməd Cəfərin dərin inamına görə, "teatr tənqidi sahəsində ağıllı bir fikir söyləyə bilmək üçün həyatı da gözəl bilmək, zəngin həyat təcrübəsinə malik olmaq lazımdır". Başqa sözlə desək, təkcə teatr sənətinin mühitinin sirlərinə bələd olmaq teatr tənqidinin fəaliyyətinin faydalı iş əmsalı üçün kifayət deyildir.

Alimin fikrincə, "bir var ağıllı, səbirli, təmkinli, təvazökar və hər şeyi anlayan teatr tənqidi ki, bu, ciddi bir elmdir. Belə sağlam və təmkinli teatr tənqidi incəsənətdə olan gözəlliyi duya bilir və gözəlliyi xələldar edən cəhətləri də aydın dərk edib göstərməklə teatra əzəli dərəcədə kömək edə bilir. Belə bir ağıllı və təmkinli teatr tənqidinin olmadığı yerdə teatr sənəti və dramaturgiya irəli gedə bilmir. Bir də var tənqidin adından sui-istifadə edən, teatr tənqidçisi adı ilə alverçilik edən atüstü cızma-qaraçılıq ki, bu, əksinə, teatr və dramaturgiyanın ən qorxulu düşmənidir. Harada bu xırdavatçılıq qüvvətli isə, orada da teatr həmişə hərəkətsiz, şöhrətsiz və qiymətsizdir." Bu sözlərin ifadə etdiyi hikmətə əlavə etmək çətindir. Amma yaşadığımız dövrün teatr prosesi, xüsusən milli teatr sənətimizin 150 ili haqlayan tarixi barədə düşüncələrimiz bəzi mülahizələri ucadan söyləmək ehtiyacı yaradır.

Əgər teatr sənətimizin hazırkı bədii-estetik, istəsəniz, lap ideoloji səviyyəsi bizi qane edirsə, heç şübhə olmasın ki, bunda teatr tənqidinin, səhnədən kənarda fəaliyyət göstərən, amma səhnəyə bilavasitə təsir göstərmək qüdrəti olan bu sahənin əməyi vardır. Buradaca, söylədiyimiz məntiqə əks olan, başqa cür düşünsək, əgər milli teatrın çağdaş vəziyyəti, yumşaq desək, qənaətbəxş deyilsə, bu mənzərənin də yaranmasında teatr tənqidinin gözəgörünməz fəaliyyəti (yaxud fəaliyyətsizliyi) şübhəsizdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!