Adil Mirseyidin güzgüsü, yaxud "... köksün altı sarı bülbül" - Cavanşir YUSİFLİ yazır

Gördüyün, təmasda olduğun, hər gün rastlaşa biləcəyin adam haqqında danışmaq elə görünə bilər ki, asandır, çünki onu hər gün öyrənirsən. Ancaq bu, məncə, çətindir. Elə şeylər var ki, öyrəndikcə qapanır, boşluqlar dolduqca ilk anlar aldığın informasiya sənə çox şeyləri tanıdır, bilmirsən, hiss etmirsən ki, bu boşluqların dolması onun dərinliyindəki mənanı birdəfəlik gizlətməyə xidmət edə bilər. Bu mənada zaman keçməlidir. O boşluqlar səni unutmalıdır. Gələcəkdə səni tanımadığı adam kimi qəbul etməlidir.
Söhbət şairdən gedirsə, bu daha da çətinləşir.
Adil Mirseyid. Onun böyük poeziyaya gəlişi təkanlarla oldu, Adil sanki özünə qədər yol gələn sözlərə sahib çıxdı. Sehrli sözlərə. Hamının dilinə  gətirmədiyi sözlər ilk baxışdan cazibəli görünsə də, şeir mətnində o zaman "görünür" ki, şairin ürəyini, ordan fırtına, qasırğa kimi keçən duyğuları özünə çəkə bilsin. Bax, bu məqamda "şair taleyi" deyilən nəsnə dünyaya gəlir. Ziddiyyətli və amansız məqam. Səndən nəyisə alır, verəcəyini vermir, aldadır və beləcə şair bu xoş, şirin, həm də ölüm qədər əziz aldanışın yaratdığı boşluqlarda yaşamağa məhkum olur. Bir hissi, duyğunu necə deyərlər, "ölümdən o yana" yaşayırsan, beləcə yazdığın mətnlərdə qatlar, səviyyələr yaranır. Şair zamana, dövrana qarşı "üzür", bu kəsişmə anı onun taleyini bəlləyir. Bu anda sən, elə Adilin dediyi kimi, ölümdən o yana baxmaq istəyəcəksən.
Bu məqamdan doğulan təbəddülatları kiməsə danışmalısan, xəyali bir kimsəyə, ota, gülə, qarışqaya, güzgüyə...Güzgüdə gördüyün "sən"i başqa bir adama çevirib danışırsan.

Dərin-dərin dəryada batan nakam insanın
Min bəlayla aldığı son nəfəs tək əzizsən.
Əli Kərim           

Burda başqa bir məqam da var. Adilin şair taleyini mənalandırmaq anlamında səciyyəvidir. Adilin yaşıdı Aydın Əfəndinin şeiri.

Budda".

Şair şairə
Min illər boyunca
Dolaşan vəsiyyətini pıçıldayır:
Kahin olsan da, alışıb yanma,
Çox təmtəraqlı yaşama,
Özünə bir ada qur,
Orda tənhalıqda yaşa.  

Bir də:

Biz hələ ayrılmağa fürsət tapmamış
Aramızda ayrılıq, ayrılıq yaşardı.
Əllərimiz qopmamışkən
Darıxmağın caynaqları canımıza batmışdı.
Heç doğulmamışdan
Ölüm bizə gülürdü...

Bu parçaların yerinə şübhəsiz ki, Adilin öz mətnlərindən misallar gətirə bilərdik. Ancaq şair nəfəsi əmanət kimi aldığı üçün onun içindəki sirr başqa birinin taleyinin güzgüsündə daha aydın görünür və iki şairin mətnlərinin kəsişdiyi yerdə məna çayları axır. Bu səsi, uğultunu eşitsən də, su damcılarının səsini tuta bilmirsən. Bəstələr yaranır.

Yaşıl yosunlu dəniz,
Yosunu ovsunlu dəniz, -
Mənim bəxtim ol.

Nar ağacı, nar ağacı,
Ömür şirin tale acı,
Mənim bəxtim ol.

Köksün altı sarı bülbül,
Ömür oldu yarı bülbül, -
Mənim bəxtim ol...

Adil Mirseyid şeirinin poetikasında önəmli cizgilərdən biri anjambmandan istifadədir, bu komponent şeir mətnində ekspressiv və təsviri funksiya daşıyır. Bəzən olur ki, çay öz yatağından ayrılıb daşdığı kimi, şeirdə də sintaksis mətnin sərhədlərindən kənara çıxır (Bu fikir A.S.Puşkinin tədqiqatçısı  M.İ.Şapirə məxsusdur). Mətnin sərhədlərindən kənara çıxan söz, fikir, duyğu ... mətnlə ən müxtəlif münasibətlərə girir, hissin, duyğunun keçmişi ilə indisinin qarışıb ayrıldığı məqam mətnə qəribə ovqat bağışlayır, həm çərçivədə, həm də ondan kənarda yaşamaq sözlərin təşkil edildiyi səslərin rənglərini pardaqlayır, onların içindəki işıq və qaranlıq, hərəkət və sükunət... özünü büruzə verir; səsin bu özəllikləri sözün gizlinlərini  qoyur ortaya: sözün doğuluş və ölümü məhz səslərin bu özəllikləri ilə bağlanır. Aşağıdakı şeirin birinci misrasına diqqət yetirin, - payız sınıb tökülür ağacların budaqlarından - səs eşidilir, qırov, sınan buz şülüzlərinin səsi. Sonrakı misralarda bu səs rəngdən-rəngə çalan quş lələyinə çevrilir, hər an dəyişir. Adilin şeirində metafora dəyişə-dəyişə, rəngdən-rəngə düşərək formalaşır və şeir özü metaforaya çevrilir.    

Payız sınıb tökülür ağacların budaqlarından
əfsanəvi bir quş lələyi kimi
rəngdən-rəngə düşür hər an
rəngdən-rəngə düşür hər an
dənizdən əsən külək
yarpaq qızılı dəniz mavisi Ay işığı bərq vurur
qəfil yağan yağışın büllur damarlarında
şüşə koleydoskopudu Bakıda payız
mən bu şüşə koleydoskopun içində.

Ritmə ifadəlilik aşılayan forma (anjambman) kontentin (məzmunun) strukturunu çeşidləyir, mənanın bu dolanbaclardan keçib genişlənməsinə səbəb olur.

...Ölümündən sonra Adil Mirseyid haqqında yazmaq onun şeirlərinin dilini açmaq qədər çətindir. Bəli, "dilini açmaq". Hər bir şeir, mənim zənnimcə, "dili bağlı" doğulur, həmişə onu yaradanın diliylə danışır, onun istədiklərini deyir və bundan əsla kənara çıxmır. Ancaq bir gün şairin qapısına ölüm təşrif gətirir və beləcə şeir bir müddət yerlə göy arasında dilsiz qalır, bu çıxılmaz hadisə məhz ona görə baş verir ki, şeirin içindəki enerji düzənini tapsın, nəhayətdə onun demək, pıçıldamaq istədikıərinə uyar bir dili yaransın və beləcə, şeir əsl libasında doğulur. Bütün həyatı boyu iki dili olan şeirin ruhundakı "ikilik" heç zaman yaddan çıxmır. Ölüb getmiş adamın göynərtili xatirsəi yeni dilin lisanına, leksikonuna qarışır, onun intonasiya və ritmində xəfif dəyişiklik yaradır. Ölüm ayağında nitqini itirmiş adamın geri qayıtmaq ümidi kimi.

Adil Mirseyidin şeirlərində hər şey "paralel baxışla" ölçülür, o mənada ki, bu mətnlərdə dünyanın gərdişinə, gerçəklikdəki nəsnələrə etibar eləmək hissi zəifdir, hər şey anidən tutulur və əldən çıxır. Adilin hər bir şeirində həyat, ömür, dünya... bir an kimi usta şəkildə tutulur və qəfil əldən çıxan şar kimi buludların arasında yox olur. Bu, onun üslubunun, Adil Mirseyid üslubunu formalaşdıran fəlsəfənin diktə elədiyi bir həqiqətdir. Bu fəlsəfənin əsas qayəsi, zənnimizcə, ondan ibarətdir ki, "sözlər bir şeyə yaramır", - onları yan-yana düzüb qırıq olsa belə, bir nəfəs yaratmaq mümkün deyildir. Sözləri baş-başa gətirib, onları bəzi şairlər kimi "toqquşdurub" nəsə əldə eləməyə ümid bağlamaq bihudə işdir, çünki sözlə dünyanı fəth eləmək olmaz, çünki sözün içində belə bir imkan yoxdur. Hər bir şairin mətnlərini incələyərkən bu əsas amili nəzərə almaq, tuta bilmək fikrimizcə əsas işlərdən biri olmalıdır. Diqqət yetirin:

Divardan asılmış xalçanın naxışları
dəyişir göz önündəcə
butalar quşa çevrilib uçur qədim xalçadan
buta quşlar uçur kiçik otaqda
sən saçlarını darayırsan güzgü qabağında
və görmürsən otaqda uçan buta quşları
sonra yenidən butaya çevrilir quşlar
sən güzgü qabağından durub keçincə
qonşu otağa
amma əksin hələ də gülümsəyir güzgüdən.

Bu tipli şeirlər Adilin kitablarında çoxdur, bəlkə də ard-ardadır. Ancaq məncə, onun üslubunun özəlliyi daha çox bu tipli deyimlərin kənarında, bəlkə də bir hovur nəfəs almaq üçün dizinin üstündə yazdığı şeirlərdədir.  Məsələn,

Burma-burma buludlar
Asılıb göy üzündən
Bir gün mənim göz yaşım
Axar sənin gözündən.

Bunlar heç də gəlişigözəl sözlər və ifadələr deyildir, tam əksinə, bu dünyada Adil adında bir şairin inam və ümidsiziliyini, eşq və yalanını... tam şəkildə açıqlamaq gücündə olan misralardır və mən deyərdim ki, şairin özündən xəbərsiz doğulan sətirlərdir. Onun poeziyasında rastlanan bütün əşya və onların obrazlarını bir yerə cəmləsək və düşünsək ki, bunlardan hansı onun içindəki doğulmağa həsrət, insanın Allahla, kosmosla əlaqələrini daha dürüst təyin edə bilər, - şübhəsiz ki, biz "bulud"un üzərində dayanmalı olardıq. Burma-burma buludlar / asılıb göy üzündən / bir gün mənim göz yaşım / axar sənin gözündən... Bütün etibarsızlıqlara, həyata, gerçəkliyə ümidin puça çıxmasına rəğmən, heç nə bihudə deyil, həmişə "su axıb çuxurunu tapdığı kimi", hər bir əməlin bədəli var, sənə kölgən qədər yaxındır. Adil bəzən nəhəng bir evin - binanın (ədəbiyyatdakı "dünya evi" metaforası) yepyekə, adamı güzgüsündə itirən pəncərəsindən acımasız bir şəhərin mənzərəsinə baxmaqdan vaz keçib, o pəncərənin çölə açılan yerində dən axtaran qaranquşu görürdü. O quşa baxmaq və onu görmək bəs eləyirdi ki, Adil misraları ilə əflaka qədər qalxa bilsin, ancaq .... qaldığı yerlərdən, bildiyi (intuitiv hiss etdiyi) yerlərdən yer üzünə düşmək, elə sözün həqiqi mənasında "düşmək" idi (düşüş, padeniye, la şüt....- müxtəlif dillərdə) və elə buna görə, artıq idrakı, ağılı, ürəyi, ruhu başqalaşmış halda, gözü tükü-tükdən seçə bilmək acısına yiyələndikdən sonra bayaq qeyd etdiyimiz kimi, həyatı bir an kimi usta şəkildə tutduqdan sonra əli, barmaqları yanırmış kimi, onu tez də buraxır və yenidən o səfər etdiyi yerlərə qayıtmaq istəyirdi, ancaq əsl faciə də bundaydı ki, o məkanlara qayıtmaq artıq mümkün deyildi, yuxuda olsa belə... Şairin  həyatı, gerçəkliyi anlaması dəhşətli bir şeydir, həyatın dibini görüb də şeir yazmaq, heç kəsin gözünün görmədiyi inciləri, inci misalı mətləbləri əlində tutub onların saçını, qanadlarını sığallamaq yerinə yarıyumulu əllərinin, yuxuya həsrət yarıyumulu bəbəklərindən ürəyi göylərə uçur, quş kimi.

Ulduzları kəpənək kimi ovlamaq
Və bir çiçək ölümünə ağlamaq
Ölümü şərab kimi son damlasınadək içmək
Və Tanrı sevgisiylə özümüzdən vaz keçmək
Bu dünyada ölümdən çox uzaqlara baxmaq
Kəfən geyəndə belə yaxamıza gül taxmaq
Çiçəkləsin könlümüzdə qan qoxulu bir ümid
Yenidən doğsun bizi bəyaz sevdalı bulud.

Adilin şeirləri indi həyatda olan şairlərin şeirlərinə bənzəməzdi və fərq baxışda, şeiri görmək, gördüyü kimi də yaratmaq inadında hifz olunurdu. Əşyaları olduğu halında götürüb olmadığı kimi yaratmaq böyük və tükənməz güc tələb eləyir. Sən susursan, əşya danışır, əşyalar susur, sözlər əşyalaşır. Bütün yer üzü, göy üzü, bütün insanlar susur, bir anlığa hamının dili tutulur. Yadımdan çıxıb kimin sözüdü: musiqinin içində elə bir sirr var ki, o açılsa bütün dünya alt-üst olar. Şeir yazmağa, nəğmə oxumağa dəyərmi?

Adilin şeirlərindəki qəribə ovqat onun əşya və nəsnələrə başqa, hamıdan fərqli baxa bilmək, nüfuz etmək imkanı sayəsində yaranırdı. Adilin şeirləri haqqında vaxtında çox yazılar yazıldı, çox araşdırmalar aparıldı, amma... onun üslubu çox fərqli olduğu üçün nə onun haqqında yazanlar, nə də özünü ona bənzədənlər bir uğur qazana bildi. Bu hələ zahiri fondur, əsl səbəb fikrimizcə, bambaşqa səbəblər içində gizlənib. Adil digər şairlər kimi misraları və bütövlükdə mətnləri ilə heç yeri (heç bir hədəfi) nişan almırdı, buna görə də hansısa "həqiqəti " nişan alıb onu bir ovçu sərrastlığı ilə vurmaq onun qələminə büsbütün yad idi. Şeiri, poeziyanı öldürən bu primitiv "ustalıqdan" vaz keçib həyatın sürrealist ovqatınının hənirini dinləmək, həyatın hər bir, hətta adidən-adi nəsnəsinin "qapağını" da bir mücrü kimi açmaq alışqanlığı Adili fərqli sözlər deməyə məcbur edirdi.

Nə günahın sahibiydim belə uzun yaşadım,
Otuz yaş da qocalıqdı mənimçün.
Gicgahımda bir ağrı var,
Qəfil sancır gicgahımda bir damar, -
Güllə yeridi bəlkə....

Bir də, belə bir obraz. Amansız fırtınalarda gəminin batdığı anda nəsə yazıb şüşənin içinə qoymaq, onu sulara təslim etmək ki, bu sözləri kimsə oxuya bilsin. İnansın ki, divin canı şüşədədi...

Adilin bir şeiri var, uzaq doxsanıncı illərdə yazılıb. İtirdiyimiz dünyaya ulaşmır artıq yollar. Küləyin qanadında o dünyadan nəsə var, nəsə qalıb, adam öz qanına susayır.

Al yaşıla yaşıl maviyə,
Mavi sarıya, sarı bəyaza qarışır.
Bir-birinə qarışır al yaşıl mavi sarı,
İtirdiyimiz dünyaya ulaşmır artıq yollar.

Və birdən yuxarıda adını çəkdiyimiz misra gəlir:

Bir şüşənin içinə məktub qoyub atsam şəhərə
Və məktub sənin əlinə keçsə bir gün
Neynərsən bu insan dənizində boğulan şairi
Xilas eyləmək üçün.

Yuxarıda xatırlatdığımız məqam gəlir. O ağır, məşəqqətli an kəsişmə nöqtəsidir. Yəni, bu məqamdan doğulan təbəddülatları kiməsə danışmalısan, xəyali bir kimsəyə, ota, gülə, qarışqaya, güzgüyə... Güzgüdə gördüyün "sən"i başqa bir adama çevirib danışırsan.

Bu şeirdə qəribə, gözlənilməyən mənzərə həmin o təbəddülatdan doğulur. Dostumun evində balaca bir quşcuğaz gözlərimin içinə baxıb oxuyur və dünyanın sonundan xəbər verir.

Həmin illərin məhsulu olan "Ağ at nağılı" da maraqlıdır. Bir qoca, ixtiyar kişi ağ atın önündə diz çöküb. Hər yerə ağır sükut baltası sancılıb. Ağ atın məxməri gözlərində də iki adam var, qoca, ixtiyar...

... Allah çoxdan bağışlamışdı
qocanın bütün günahlarını
o da bağışlamışdı Allahı
sənin də gözlərinə
görünəcək o at bir gün
və o atın önündə
büküləcək sənin də dizin...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!