Allah tərəfindən sevilən bəndə... - Səyyad Aran

 

1991-ci ilin yayı idi. EA-nın binasına yenicə daxil olmuşdum ki, dərnək yoldaşım Lətif Mustafaoğlu qarşıma yeriyib: - "Səndəmi müdafiəyə gəlibsən?" - deyib qoluma girdi, ağzımı açmağa macal verməyib məni II mərtəbəyə apardı. Dəhlizdə adam çox idi. Nəfəs dərməyə imkan verməyən Lətif təmiz türk ağzı və ləhcəsi ilə danışaraq heyranlığını bildirməkdən usanmayaraq dil boğaza qoymurdu. - Gör indi nə tufan qopacaq? Bu mövzuda belə səviyyəli dissertasiya yazılmayıb. İndi görərsən!

Məlum oldu ki, gənc alim Nizami Cəfərov doktorluq dissertasiyasını təqdim edəcək və 3-4 dəqiqədən sonra iclas başlayır.

Nizami ağ, qısaqol köynəkdə foyedə adamlardan bir az aralı var-gəl edir, hərdən əllərini sıx, qara saçlarına çəkir, elə bil nəyinsə intizarını çəkirdi. Yox, qətiyyən həyəcan, gərginlik, narahatlıq duyulmurdu. Sanki adam qatarın nə vaxt yola düşəcəyini gözləyirdi. Arxayın, özünəinamlı, təkcə zamanın ləngiməsindən narazı. Bircə başlasaydı!

Lətif söylədiyi "tufan"ı elmi rəhbər, opponentlər, salondan fikir bildirən tanınmış dilçilər danışanda gördüm. Hamı gənc alimin (onda Nizaminin 31 yaşı vardı) yüksək səviyyəsindən, intellektindən, dərin analitik qabiliyyətindən, mövzunun olduqca mühümlüyündən və vacibliyindən danışırdı.

İllər keçdi... O da bütün istedadlı  adamlar kimi ilbəil inkişaf edirdi, hər il kitabları çıxırdı. Professor (1994), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017) və s. uca zirvələrin yiyəsi oldu. Məhz yiyəsi oldu, çünki özü qazandı!

Amma təvazökarlığından, sadəliyindən, səmimiliyindən "bircə sətir də" (Ə.Kərim) artıq boy göstərmədi. Böyük ürəyi və insanlığı ilə daim ucaldı, könüllərdə özünə böyük taxt-tac qurdu.

Məclislər yaraşığıdı. Təmkinli, ağayana davranışı, lətifələri, bəzən həmin lətifələrə özünün də əlavələrini edərək o qədər məzmunlu, duzlu, uyğun şeylər, hadisələr quraşdırır ki, bəzən həmin şəxslər məclisdə olsalar da, ürəkdən uğunub gedirlər və Nizami müəllimin fantaziyasına səmimi-qəlbdən heyranlıqlarını bildirirlər.

O, müasir ədəbi-tənqidimizin ən məhsuldar nümayəndələrindən biri olmaqla yanaşı, həmişə ədalətlidir, obyektivdir, xeyirxahdır. Tənqidi fikirlərini də elə ustaca söyləyir ki, qətiyyən narazı qalmırsan, düşünürsən ki, kaş həmin səhvləri etməyəydim.

O boyda elmi adların (qəsdən yazmıram, vikipediyaya girin, oxuyun, çünki çoxdur) titulların,  vəzifələrin sahibi olaraq böyük ürəyə sahibdir. Mən əminəm ki, o, heç vaxt kiminsə paxıllığını çəkməyib, nə iləsə bağlı kiminsə qəlbinə dəyməyib,  ürəyinə qısqanclığın, qərəzin, həsədin yol tapmasına imkan verməyib. Bütün istedadlı adamlar kimi, o da məğrur, vüqarlı, özünə güvənlidir. Mövcud olduğu ədəbi meydanda kimdən və nədən çəkinəsidir ki! Ona görə də niyə paxıl olmalıdır ki.

Heç 60 yaşlıya oxşamır, maşallah! Dedim axı, içi təmizdir. Bir insan kimi də, bir alim kimi də hər şeyə nail olub. Böyük ürəyin sahibi kimi. Allah tərəfindən sevilənlərə uca Yaradanın lütfü böyükdür!

Uca Yaradan öz bəndələrini hamıdan yaxşı tanıyır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!