Sərhədsiz düşüncə sahibi... - Nizaməddin ŞƏMSİZADƏ

 

Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı və milləti üçün etdiyi xidmətlərlə ölçülür. Millətinə və dövlətinə böyük istedadla, təmənnasız xidmət edən belə şəxsiyyətlərdən biri akademik Nizami Cəfərovdur. O, mənim kiçik qardaşım, böyük dostumdur. Hər yerdə qürurla məni öz müəllimi adlandırır. Bununla həm məni, həm də özünü ucaltmış olur.

Nizami öz varlığında və yaradıcılığında tarixlə müasirliyi birləşdirən alim və şəxsiyyətdir. Mən onun ilahi vergisi olan parlaq istedadına, kamil şəxsiyyətinə dərin hörmət bəsləyirəm. O, bəlkə də, müasir dövrün yeganə alimi, ziyalısı və şəxsiyyətidir ki, mən ondan ürəklə danışa bilirəm.

Nizami Cəfərov görkəmli dilçi-türkoloq, ədəbiyyat tarixçisi, nəzəriyyəçi və peşəkar tənqidçidir. Belə çoxnövçülük onun sərhədsiz təfəkkürünün təbiətindən irəli gəlir. Nizaminin yaradıcılığında dar ixtisaslaşma yoxdur, o, sözün həqiqi mənasında klassik filologiya mütəxəssisidir. Nizamini bu baxımdan yalnız dünyanın böyük dilçilərindən biri, professor Bəkir Çobanzadə ilə müqayisə etmək olar. Ona ədəbi-tarixi mühitdə nüfuz qazandıran ilk əsər, məncə, "Füzulidən Vaqifə qədər" kitabı oldu. Bu kitabda o, mümkün olmayanların mümkünlüyünü sübut etdi. Mən dönə-dönə bu kitabı oxuyuram, burada Azərbaycan ədəbiyyatı təkcə ədəbi-tarixi faktların sistemi kimi yox, həm də Azərbaycan idealı kontekstində təqdim olunur. Kitabda Nizaminin çox gənc bir şəkli də var və o kitabdakı siqlətlə, intellekt ağırlığı ilə bu şəkil heç cür düz gəlmir. Əgər o şəkil olmasaydı, elə bilərdim ki, bu kitabı azı 50 yaşlı bir alim yazıb. O, elmdə yaşından çox-çox qabağa getməyi bacarıb - bax, Nizami fenomeninin sirri də elə bundadır.

Bundan sonra onun "Türk dünyası: xaos və kosmos", "Eposdan kitaba", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Azərbaycanşünaslıq", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı", "Türkologiyanın müasir problemləri", "Ədəbiyyatın müstəqilliyindən, müstəqilliyin ədəbiyyatına", "Molla Pənah Vaqif", "Etnoloji etüdlər", "Keçən günlərin dastanı" əsərləri meydana gəldi. Bu kitabların hər biri mərhələvi xarakter daşıyır, dövrün, zamanın, milli taleyimizin ehtiyaclarına elmi-nəzəri cavab olaraq yazılıb.

Alimin şərəfli 60 yaşının tamamında niyə bunları bu tərzdə qeyd edirəm?! Nizaminin filoloji fikrimizin tarixində və taleyində həll etdiyi qlobal elmi problemlər var:

1. O, dilin ədəbiyyata, ədəbiyyatın dilə genoloji qarşılıqlı təsiri problemini qoyub həll etdi. Yox, o, təkcə dilçi-tənqidçi olmaqla kifayətlənmədi. Dil tarixinin (geniş planda türk dillərinin) ədəbiyyat tariximizin yaradılışında oynadığı rolun əsas parametrlərini təyin etməyə nail oldu.

2. "Azərbaycanşünaslıq", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı", "Etnoloji etüdlər" kitablarında Azərbaycanşünaslığın nəzəri-metodoloji fundamentini yaratmağa nail oldu. "Şahnamə", "İskəndərnamə" kimi dahiyanə əsərlərə yeni bir "Namə" - "Azərbaycannamə"ni də Nizami Cəfərov əlavə etdi.

3. Nizami Cəfərov min illik tarixi olan Azərbaycan ədəbiyyatşünaslığına linqvo - tarixi arsenal gətirdi. Ana dilimizlə ana sözümüzü bir-birinə doğmalaşdırdı. Onların arasında məhəbbət yaratmağa nail oldu. Ədəbiyyatın dili, dilin ədəbiyyatı necə yaratdığını (və yaxud yaratmalı olduğunu!) müəyyənləşdirdi. Həm bunu təkcə yazılı şəkildə yox, həm də AzTV-də müntəzəm apardığı, dəfələrlə mənim də iştirak etdiyim, çox məzmunlu verilişlərdə şifahi tərzdə icra etdi.

4. Nizami Cəfərov böyük maarifçidir, təbliğatçı yox, tədqiqatçı və təqdimatçıdır. O, öz xalqına hansı milli-mənəvi dəyərlərə sahib olduğunu əsərləri və sabitqədəm fəaliyyəti ilə izah edə bildi. Odur ki, bu gün Azərbaycan cəmiyyətində onun vətəndaş və ziyalı kimi nüfuzu və çox böyük halal hörməti var. Nizami Cəfərov Azərbaycan xalqının fəxri, tarixə daxil olmuş mütəfəkkiri, canlı milli dəyər simvollarımızdan biridir.

5. Nizami Cəfərov öz əsərləri və qlobal ictimai fəaliyyəti ilə möhtəşəm türk dünyasının ideoloqu və lideri olmağı bacardı. O, bu gün ümumtürk təfəkkürünün daşıyıcısı, dünya türkologiya elminə və türkçülük məfkurəsinə inam və istedadla istiqamət verməkdədir. Nizami daxilən də, zahirən də əsl türkdür - daxilən Oğuz türklərinə, zahirən qıpcaq türklərinə bənzəyir.

6. Nizami Cəfərovda şəxsiyyətə və intellektual liderə məxsus bir neçə ali keyfiyyət var: dərin nəzəri-tarixi biliyə və eyni zamanda dərin təvazökarlığa sahibdir, gözəl nitq qabiliyyəti və dəmir kimi məntiqi var, qibtəolunacaq qədər səbrli, təmkinli və sabitqədəm adamdır, şəxsiyyətinin səciyyələndirən prinsipləri qorumağı bacarır, şəxsiyyətinə sadiq monolit bir ziyalıdır. Onunla danışmaq asan və maraqlıdır həyatda (xüsusən süfrə arxasında) olduqca səmimidir, elə zəngindir ki, söhbətlərindən və yerli-yerində söylədiyi zarafatlardan doymursan, ləzzət alırsan. Bir sözlə, Nizami Cəfərov əsl İnsan, əsl Alim və Şəxsiyyətdir! Mən onunla bir epoxoda, Azərbaycanın müstəqilliyi dövründə yaşamağımdan, dostluq və qardaşlıq etməyimdən iftixar duyuram.

7. Nizami isti aurası olan, mühit yaratmağı bacaran ziyalıdır. Harada olursa, arılar çiçəklərə qonan kimi insanlar onun başına toplaşır, onun maraq dairəsinə düşməyə çalışırlar. Çünki Nizamidən nurdan yaranmış qədim türkün - əcdadından gələn bir işıq var, bu işıq insanları cəzb edir, onların qəlbini isidir və onlara nəcib təsir bağışlayır. Şəxsiyyət də günəş kimidir, onun nüvəsində tükənməz enerji var. Mən həmişə demişəm: şəxsiyyəti olmayanın heç nəyi yoxdur… Alim və sənətkar üçün şəxsiyyət amili çox vacibdir.

8. Sözün gücü onu deyənin şəxsiyyətindən asılıdır; "salavat gücə bağlıdır". Nizami Cəfərov Söz deyə bilən, sözü məqamında deyən və sözünün dalında durmağı bacaran adamdır. Bir dəfə BDU-nun Dissertasiya Şurasının iclasında dəyərli ziyalımız Qulu Məhərrəmli dedi: "Nizaməddin Şəmsizadə və Nizami Cəfərov hansı yazıçı haqqında yazırsa o dönüb olur böyük yazıçı. Bu, tənqidçi sözünün sanbalı deməkdir. Tənqidçi ədəbiyyatın sahibidir. Yazıçı sözü yaradır, tənqidçi onu yaşadır. Sözü yaşatmaq tarixin tənqidə həvalə etdiyi nəcib (və çətin) missiyadır. Nizami Cəfərov bədii sözün təmini bilən, ruhunu hiss edən sözü urvatdan düşməyə qoymayan, yüksək dil fəhminə malik peşəkar tənqidçidir.

9. Nizami ilə dostluğumuz onun tələbəlik illərindən istedadına və şəxsiyyətinə hörmətdən başlanıb. Çox gənc yaşlarımızda televiziyada "Vətəndaş" verilişində İçərişəhərdə qala divarlarının üstündə Azərbaycançılıq mövzusunda bir dialoq aparmışdı. Böyük mütəfəkkir Yaşar Qarayev bizi görəndə dedi: "Dağın zirvəsində olan iki qartal kimi döş-döşə vermişdiniz". Biz o gündən Yaşar müəllimin bizə ünvanladığı o zirvəni fəth etdiyimiz ucalığı qoruyub saxlayırıq.

Tanışlığımızın və dostluğumuzun bu qırx ili ərzində aramızda kiçik də olsa inciklik olmayıb. Bir-birimizi sözsüz başa düşmüşük. Bu, hər şeydən əvvəl, ona görə belə olub ki, Nizami çox ölçülü-biçili adamdır, sözün, fikrin və əməlin ustasıdır. Onun böyüklüyü sadəliyində, səmimiyyətində və mərhəmətindədir. Fəqət millətin, xalqın, dövlətin taleyi ilə bağlı prinsipial məsələlərdə o, sərt və dönməzdir, mövqeyini inadla müdafiə etməyi bacırır. O eyni sərtliklə də lazım gələndə sözü üzə deyir. Mən dəfələrlə bunun şahidi olmuşam.

10. Nizami Cəfərovun ən yaxşı əsərləri (pisi yoxdur!) idrakla fəhmin vəhdətindən yaranıb. Türkologiyaya dair yazılarını oxuyub görürsən ki, o çox həssas dil duyumuna malikdir. Nizami dili canlı varlıq kimi hiss edir. Sonra dildə analitik təhlil aparır və təkcə linqvistik - filoloji qənaətlər yox, həm də ümummilli nəticələr əldə edir. Dil faktoruna dayaqlaşıb xalqımızın etnogenezi, milli-tarixi təkamül yolu, milli-mənəvi yaddaşımız haqqında tutarlı və məntiqli elmi nəticələrə gəlir. Məhz bu istiqamətdə də o, əsas problemləri və prioritetləri düz fəhm bir ağılla müəyyənləşdirməyə nail olur.

11. Nizami Cəfərov öz ömür yolu, yaradıcılığı, taleyi ilə iki əsrin, iki minilliyin üzərindən canlı mənəviyyat körpüsü salan tarixi şəxsiyyətdir. Mənim əksər tədbirlərimə o, cani-dildən rəhbərlik edib, beş il öncə Dövlət Dram Teatrında təntənəli surətdə keçirilən 60 illik yubileyimi Nizami aparıb, geniş və məzmunlu nitq söyləmişdi. Mən də çox istərdim ki, onun yubileyində həm özümün, həm Nizaminin, həm də canımızdan artıq sevdiyimiz müstəqil Azərbaycan elminin və ziyalılığının adına layiq mənalı bir çıxış edim. Fəqət, təəssüf ki, bunu edə bilməyəcəyəm, bunun üçün fiziki imkandan məhrum olmuşam. Elə bu kiçik qeydlərin yekununda xalqımızın böyük oğlu, fitri istedad sahibi, milli təfəkkürümüzün fəal daşıyıcısı adı ilə fəxr etdiyim dostum, nadir şəxsiyyət, akademik Nizami Cəfərovun 60 illik yubileyini böyük qardaş məhəbbəti ilə təbrik edirəm.

20.04.2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!