Duyğular şəhərinin şairi - Elnarə AKİMOVA - Elnarə AKİMOVA

Əlizadə Nurinin poeziyası haqqında düşüncələr

Elnarə AKİMOVA

Qeyri-adi deyim tərzinə, qeyri-adi metaforalara müraciət başlanğıc mərhələ, poeziya məkanına adlamaq üçün gərəklidir. Bəs qalmaq necə? Bax, bu ciddi məsələdi. Şairin ömrü və onun poeziyada çevrələdiyi ərazi burdan başlanır. Bu, həm də şairin nə qədər özü olması, özü olaraq qala bilməsi məsələsini gündəmə gətirir. Qələmin işlək, yaşın müdrik çağında şairin qəribəliyə can atan manevrlərinin yerini sadəlik və onda ifadə olunan monumentallıq tutmursa, poetik sözlə mənəvi-ruhsal irtibat baş tutmamışdır demək... Məsələn, içi mən qarışıq yəqin çoxumuz Əlizadə Nurinin şeirlərində 90-cı illərə qədər artıq poeziya səmasında parlayan şeirlərin təsirini axtarmışıq. İndi düşünürəm ki, buna əsas verən başlıca səbəb həmin dövrdə bütün şeirlərin ruhuna çökən ağrı, hüzn simvolikası olub ki, bu ovqata köklənən əksər şairləri eyni poetik sferada dəyərləndirməyə imkan yaradıb. Bu gün isə tamam başqa qənaətdəyəm və bu qənaəti hasilə gətirən  Ə.Nurinin son zaman ard-arda çap etdirdiyi silsilə şeirlərdir. Onlar Ə.Nurinin bədii-estetik düşüncəsində gedən təbəddülatları, inkişafı daha aydın nümayiş etdirir. Bu, daha çox fikrin, düşüncənin dərinləşməsi hesabına baş tutur əlbəttə. Burada diqqət çəkən Ə.Nurinin yalnız  epik təhkiyəyə meyl etməsi deyil, əksinə, illərlə qələm işlətdiyi lirik şeirlərində həm mövzu genişliyinə, həm də fikrin estetik siqlətinin qorunmasına nail olmasıdır. Daim yenilənən modernistik şeir axtarışları, ekzistensial ovqat, metafizik düşüncə Ə.Nurinin poeziyasında getdikcə daha qabarıq formada ifadəsini tapır.

XX əsrin sonu şeirdə nəsrləşmə prosesinin getdiyi zaman kəsimidi. Bu, poeziyada gedən modernizə axtarışları ilə bağlı deyil, zənnimcə. Həm də yeni nəsr zamanının başlanması ilə əlaqədardır. XX əsrin əvvəllərində də belə bir proses getmişdi. Uzun illər şeir üstündə yol gələn, gəlişən poetik düşüncə tədricən yerini nəsrə vermiş, buna zəmin elə poeziyanın öz içində yetişmişdi. H.Cavidin, M.Hadinin şeirlərindəki kiçik süjetlər yetişən yeni nəsrin çalarlarını daşıyırdı özündə. 90-cı illərdə də şeirdə nəsrləşmə prosesi vüsət aldı. Amma bir qism şairlər oldu ki, onlar sözün poetik ecazını qorumağa nail oldular. Ə.Nuri yeni düşüncəni poetik şeirin imkanları hesabına gətirənlərdən oldu. Və daha əsası, onun  poeziya qanunlarında bütün anlayışlar, bütün dəyərlər yerində, məqamında qaldı. Dövrün irəli çəkdiyi və yenilik adına deqradasiyaya uğratdığı bir çox məfhumlar  - Tanrı, vətən, sevgi, qadın və s. bu poeziyada əzəli ucalığını qorudu. Dəyərlər baqi qaldığına görə ironiya bu poeziyaya yad oldu, metafizik başlanğıc sabitliyini qoruduğuna görə çözümsüz kədər bura yol tapmadı. Əvəzində düşüncə dərinləşdi, səsin düşən amplitudası əvəzində fikrin siqlətini gücləndirdi. Bu gün, Ə.Nuri imzası hüzn simvolikasına bürünmüş sevgi, dünya, Tanrı obrazlarına müraciətin yeni forma və məzmun çalarlarını hasilə gətirməklə çağdaş dövrün narahat üslub axtarışlarında poetik fərdiyyət kimi sabitləşməkdədir.

Ə.Nuri poeziyaya hansı ovqatda qədəm qoyub, demək çətindi, amma zənn edirəm 80-ci illərin sonlarında ölkədə və dünyada gedən kardinal dəyişikliklər onun da şair duyumuna təsirsiz ötüşməyib. Hər halda şeirləri belə deyir. Bu şeirlərin hər birinin alt qatında sonsuz hüzn boy verir, sevgi üçün  yaşanılan əzabdan, vətən üçün duyulan narahatlıqdan savayı, bir də dünya üçün, ümumən, insanın sabahı, gələcəyi ilə bağlı intəhasız düşünməyin ağrısıdır bu. Təbii ki, müharibə gerçəkləri və keçid dövrünün məşum olayları onu taleyindən keçirən yazarın dünyaduyumunda və həyata baxışında pessimist çalar diktə etməliydi. Ə.Nurinin də şeirlərində şüuraltına dəyən hər cür ictimai-siyasi, sosial, mənəvi-psixoloji və ekzistensial zərbələrin nişanəsi gözə dəyir. Bu şeirlər bir az da zamana qarşıdır əslində. Ona görə zamanın öz ardınca gətirdiyi bütün süni yenilikçi cəhdlər bu poeziyada yalnız forma baxımından deyil, həm də məzmun planında dövriyyəyə qatılmır. Çünki bu poeziyanın öz mövzu-problematika dairəsi, öz dəyərlər sistemi var.  Məsələn, bu şeirlərdə insanın tale, qədərlə söhbətini duyub hiss eləmək var, ona qarşı çıxmaq meyli yoxdur amma. Sevginin, dərdin əlindən yanıb-yaxılmaq var, bu hissə dönüklük yoxdur amma. Burda ağrıların şəklini görmək olar, amma bu ağrı insanı müdrik bir məqama yetirməklə sonuclana bilər yalnız. Dərdin, hüznün əlində əsir-yesir olub çökmək deyil, onun qəlbdə açdığı şırımın cazibəsinə varıb müdrikləşmək...  Yalnız bu məqama yetən insan təbiətlə belə biçimdə danışa bilər:

Bir az yağış götür, gedək, payızım,

Gedək, səhraların son nəfəsidi.…

Ə.Nurinin sevgi şeirlərində platonik sevgi hissləri, meyarları yoxdu. Ona görə yox ki, çağdaş dövrün ultramodern insanı artıq əvvəlki qanadlı romantika ilə sevmək iqtidarında deyil. Ona qalsa Əlizadənin şeirlərdəki sevgi həmin üst meyarlarla, qadın da ilahi bir hüsn-rəğbətlə tərənnüm olunur.

Yağışa bax, misra-misra,

Bəlkə Tanrı şeir yazır?

Bəlkə buludlardı elə

Göy üzünün əlifbası?


Sən də bir eşq yağmurusan,

Yağ könlümə, yağ bu axşam.

Sən göylərdən enən gündən

Yer üzünü unutmuşam.

Sadəcə, Ə.Nuri gerçək sevginin, gerçək duyğunun bədii modelini yaratmağa çalışır. Bu sevgi nə metafizik qatdadır, nə də maddi dünyanın qanunlarına tabedir. Dopdolu yaşanan, ağrısını, sızıltısını çəkməkdən doyulmayan, uğrunda ölümünə belə varacaq duyğunun şəklidir bunlar.

Gəldim şəhərinə, sevindi şəhər,

Gəldin, işıq düşdü küçələrinə.

Oturub şəhəri tumarlayıram, -

Saçını sərmisən gecələrinə.…

 

Mən sənin adına şəhər salmışam,

Heç kəs bu şəhərə çıxmasın şərik.

Ev tikib, yol salıb duyğularımdan

Bir şəhər salmışam - iki nəfərlik.…

Bu yerdə bəzi iradlarımı da qeyd etmək istəyirəm. Sevgi şeirlərində bəzən müraciətlər zəruri anlarda edilmir, şeirin ümumi stixiyasından doğmadığından texniki təsir bağışlayır. Biz bu ruhsal qatı, müəllifin iç gərginliyi və emosiyasını hiss eləmirik, həyəcan ötürülmür, çünki təsvir daha çox kosmetik, dekorativ vəziyyətin canlandırılmasına hesablanır. Bu misralarda olduğu kimi, məsələn:

Sənin ad gününə hesab açmışam, -

Sənin adınadır nə yazıramsa.…

Yaxud:

Yan almaq istədim sənin yanına,

Yenə də ilişdim həyəcanıma.…

Yayın hərarəti köçüb canıma,

Day bundan belə yay sərin keçər.

Digər bir qeydim şairin Tanrı mövzusuna müraciətin səmimiyyəti ilə bağlıdır. Bəri başdan qeyd edim ki, bu, Ə.Nurinin poeziyası üçün daim işlək bir mövzu olmuşdur. Amma mövzuya baxış, onun yeni rakurslardan mətnə gətirilməsi həmişə baş tutmur, yeni düşüncə miqyaslarının göstəricisi olmaq səciyyəsi qazanmır. O halda təzələnir və estetik biçim kəsb edir ki, şeirin bütün misralarını çevrələsin, o məqama doğru misra-misra yol gəlinsin, kompleks yanaşmanın təzahürü kimi doğularaq öz ruhsal qatı ilə ayrı bir ecaz qatsın oxucu dünyasına. Halbuki bəzi şeirlərdə Əlizadə Nuri sonluğu sanki bilərəkdən ilahi qata kökləyir.

Qaçasan bu qaranlıqdan,

Hardasa sabah görünə.

Səni aparan yolların

Sonunda Allah görünə!..

Ə.Nuri lirik şeirlərində sevgi,  epik şeirlərində daha çox ictimai-sosial tematikaya yön alır. Məsələn, şairin "Ağlayan əlləri ovutmaq olmur" şeiri var. Bu şeirdə Ə.Nuri dünyaya etirazını yalnız linqvistik qatda gerçəkləşdirmir, həm də predmetlər vasitəsilə əyaniləşdirir. Şeirin bütün strukturoloji ladında şairin çəkdiyi rəsmin ağrısı görünür:

Kim çəkə bilərsə dərdin rəsmini

O yetim uşağın əlini çəksin.…

O yetim uşağın əlini çəksin, -

Ancaq elə çəksin, əllərindəki

O xırda pulları utandırmasın.

 

Bu uşaq haçandı küncə qısılıb,

Tərs kimi günəş də küncə düşməyir.

Elə ağlayır ki, solğun əlləri -

Qoyulan pula da ovunan deyil.

Bu şeirdə açıq pafos yoxdur. Müəyyən işarələr, iki müxtəlif qütbün qarşılaşdırılması və bu pozulan yaşam arifmetikasına üstüörtülü üsyan var: "Bu uşaq haçandı küncə qısılıb,/Tərs kimi günəş də küncə düşməyir". Ə.Nurinin qarşılaşdırdığı bu təsvir daxili dramatik lada söykənir. Akvarel boyalarla çəkdiyi rəsmi iki antiqütbün dünyasındakı ziddiyyətləri, fərdin topluma üsyanını üzə çıxarır. Bu üzəçıxmada şairin narahat fikir axtarışlarının, səssiz fəryadının izləri boy verir. Müəllifin demək olar ki, əksər şeirlərinə bu keyfiyyət xasdır. Ə.Nurinin daxilən gərgin və təlatümlü ritmdən nəşət tapan duyğularının zahiri ifadəsi ləngərli və təmkinli səs tonunda təcəssüm tapır. Bu həzinlik bəzən pıçıltıya çevriləcək qədər  səs amplitudasında təbəddülat yaradır. Lakin bu səssiz düşüncə axarı şairin iç yaşantılarına daha yaxşı, daha yaxından bələdliyə imkan verir.

Haçansa günah edib,

əzab çəkən əlləri,

Qoymaga yer tapmamaq

Nə böyük sitəm imiş.

Açıb qanadlarımı,

yerə sərmək istədim,-

Sən demə, bu yer üzü

Ocaq-ocaq qəm imiş...

Bu misralar Ə.Nurinin Azər Turana ithaf etdiyi "Dərvişin məktubu" adlanan son şeirlərindəndir. Burada iki anlayış bir obraza - "əl"ə sığdırılaraq insanın günah-savabını bəlirtən poetik detal olaraq mənalanır. Misradan-misraya fikrin ifadə tutumu ekpressiv rəng alır, vəzni və çəkisi dolğunlaşır. Varlığın dərki ilə yola çıxan müəllif sonrakı misralarla dünyanın mənəviyyat orbitini çox simvolik ifadə edir. Eyni uğurlu bədii təsvir üsulu, məna və ideya vüsəti şairin "Bir cüt əlin şeiri"ndə də sərgilənir.

Minib bir gəmiyə çıxıb gedəsən,

O da əllərini arxanca ata...

Görəsən: - gözlərin islanıb bir az,-

Sənin yaylığın da o qızda qalıb...

Dənizin üzündən öpəsən hərdən,

Hərdən danışasan balıqlar ilə...

... Çatasan dünyanın son limanına,

Səni qarşılaya "O"nun əlləri.

Görəsən: - əllər var, o, özü yoxdu,-

Bu necə sahildi, dənizi yoxdu?!.

Qaçıb o əlləri qucaqlayasan,

Xatirə danışa sənə o əllər...

Sonra o əllərin sahibinə də,

Bir məktub yazasan öz əlləriylə...

Sonra düşünəsən:-bəs bu əlləri,

O qızın canından kim dərib sənə?

Kimsə dodağına pıçıldaya ki:

"Təkcə öpmək üçün deyil o əllər,

Tanrı uçmaq üçün göndərib sənə..."

Şeirin dili sətiraltı semantika ilə səciyyələnib. Xüsusilə, sonluq məcazi qata vurğusu ilə heyrət doğurmaya bilmir. Söz müstəqim mənanı yarıb məcazi ifadə qatına keçir və semantik polifoniya əmələ gətirir. İmpressionist ovqat yaradır. Şeirdə "əl" bədii obraz kimi özündə ruhsal qatı daşımaqla fərqli poetik mənalar çözələmiş olur. Biz o əlin sahibini görmürük, buna ehtiyac da duyulmur heç. Amma o, fon olaraq şeirdədir. Arzu, pərvəriş, uçuş, romantika… hər biri "əllər"in nümunəsində əyaniləşir. Ümumiyyətlə, "əl" poetik detal olaraq Ə.Nurinin şeirlərində çox  və müxtəlif rakursdan işlənir. Tanrının uçmaq üçün göndərdiyi əllər -  şair həm də poeziyanın daşlaşmış, min il işlənməklə göz, qulaq yoran obrazlarını yeni biçimdə işlədir, onlara özgə hava qatır, daha dərin düşüncənin qanadında poetik dövriyyəyə gətirir.  Əslində poeziyada təsvir edilən, seçilən heç bir nəsnənin müəllifin özünəməxsus mənalanmasından keçmədən bədii obraza çevrilməsi mümkün deyil. Bu mənada, Ə.Nuri poeziyamızda dəfələrlə işlədilən obrazları, bədii bənzətmələri şeirə gətirib onları yeni estetik biçimdə təqdim etməyə nail olur. Məsələn, göy üzü, bulud, yağış, payız, göz yaşı, dua… Poeziyanın özü qədər yaşı olan bu obrazlar Ə.Nurinin saldığı duyğular şəhərində, onun təxəyyül və fikir meydanında daha sərbəst görünürlər. Bu çalar şairin minimalist biçimli şeirlərində belə özünü göstərir.  Onların arasında tək "göy üzü" obrazı ilə bağlı bizi heyrətləndirən çeşidli mətləb kəşflərinə rast gəlirik:

Bəlkə də haçansa nəhəng

Bir dəniz imiş.

Çəkilib göylərə

Göy üzü olub.…

 

Çiçəklər - baharın, bahar- təbiətin,

Ulduzlar - göy üzünün,

Göy üzü - Allahın təbəssümüdü.

Ə.Nurinin yazdığı bütün şeirlərə qərib, qəribə bir hüzn aşılanıb. Lap uzaqlardan gələn səs, çəkilən həsrət, ağrıdan nisgil kimi misraların arasından sızaraq oxucunun varlığına hopur. O, bütün şeirlərini sanki bir ünvana, bir şəxsə aidləyib yazır. Bu obrazdan yol alaraq özünün Tanrı, vətən, qadın, təbiət sevgisini meydana qoyur. Munis bir eşq havasında, mövlanəlik ruhunda olsa da: "Ey dünya sultanı, ey böyük Paşam,/Bu gecə yuxuma girmisən, xoşam!", -  onlarda heç bir mistika, ezoterik aludəlik yoxdur. Ümid və inam doludu bu şeirlər. Bu da hər şeydən öncə şeirlərin metafizik qata bağlılığı ilə əlaqədardı. Şair qaranlıqdan, ağrıdan, kədərdən yazır, amma oxucu bu kədərin içində üstünə sel kimi axıb gələn işığı da görür. Şair-oxucu tandeminin bu forması, iki fərqli duyumun bir nöqtədə kəsişməsi nadir hallarda rast gəlinən hadisədi:

Kədərə heykəl qoyulur,

Kədər dünyaya padşahdı.

Dün üzünün qızartısı,

Bəlkə, candan qopan ahdı?

Payızı kim qorxutmuşdu,

Heyva-heyva saralmışdı?

Gələcəyə məktub yazdım,

Çapar keçmişdə qalmışdı…

Taleyin qış fəsli gəlib,

Qar da gəlir birəm-birəm.

Ümid közərəcək deyə,

Haçandı ki, üfürürəm.…

Mənə elə gəlir, Ə.Nurinin şeirlərinin estetik cazibəsi də elə bununla bağlıdır.  İnamı ölməyə, işığı keçməyə qoymamasındadır. Oxucu inanır ki, üz tutduğu bu duyğular şəhərindən ümidlə geri dönəcək...   Hətta ən dar məqamda belə mütləq ümid közərəcək!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!