Anima... - XIX əsr Azərbaycan ədəbiyyatında qadın ruhu - Rüstəm KAMAL yazır

Rüstəm Kamal

 

XIX əsr Azərbaycan ədəbiyyatında qadın ekspansiyasının səbəbini necə izah etmək olar? Bu dövrdə cəmiyyətdə qadın-kişi bərabərliyindən söhbət gedə bilməzdi. Bəs bu "feminit" üstünlük hardandır? Sadəcə, adlarının sadalanması (XIX əsr ingilis kişi klubunun siyahısını xatırladır) kifayətdir ki, bu qeyri-adi hadisəni təsəvvür edəsən: Xan qızı Xurşidbanu Natəvan, Aşıq Pəri, Fatma xanım Kəminə, Heyran xanım, Gövhər xanım, Məşədi xanım Leyli, Qönçəbəyim, Ağabəyim Ağa...

Hələ nə qədər qadın adlarını cünglərin, təzkirələrin səhifəsində toz basıb, neçəsini etibarsız yaddaşımız tamam unudub. XIX əsr Azərbaycan ədəbiyyatında qadın müəlliflərin zəngin tərkibi gender araşdırmaçıları üçün, psixoanalitiklər üçün də geniş material verir.

Cəsarətlə deyərdim ki, qadın şairlərin yaradıcılığı Mirzə Fətəlidən və H.B.Zərdabidən sonra XIX əsr Azərbaycan ədəbiyyatına şöhrət gətirən ikinci böyük ədəbi mədəni hadisədir.

Əlbəttə, XIX əsrdə Azərbaycan mədəni-iqtisadi baxımdan Fransadan, hətta Rusiyadan geri qalırdı. "Qafqaz qitəsinin Şirazi mənziləsində" (F.Köçərli) olan Şuşada xanım Rambuye zövqündə XVIII  əsrin fransız ədəbi salonları yox idi. Azərbaycanın qadın şairləri Jerminal de Stal, Avrora Düpen (kişi təxəllüsü - Jorj Sand) qədər hüquqlara, söz-davranış azadlığına malik deyildi.

XIX əsrdə "Azərbaycan qadını heç yerdə çoxəsrlik dini ehkamlar və xurafat üzərində Şuşadakı kimi parlaq qələbə qazanmamışdı, onun səsi heç yerdə Şuşadakı kimi gur və əzəmətli səslənməmişdi" (V.Quliyev).

Xan qızı Natəvan bu şərəfli siyahıda öndə gəlir. 

Bu qeyri-adi istedadlı qadının acı taleyi, sevgisi, poeziyası maraqlı tarixi romanın süjeti ola bilər,

Tiflisdə keçirilən kənd təsərrüfatı sərgisində əl işləri münsiflər heyətinin tərifnaməsini alıb. Tiflisdə Düma ilə görüşüb. Şuşaya su çəkdirib.

Bir səhifəsində miniatür şəkil çəkilmiş, o biri səhifəsində rəsmin mövzusuna uyğun şeir yazılmış "Gül dəftəri" adlı albomu Əlyazmalar İnstitutunda saxlanılır.

Firidun bəy Köçərli Fatma xanım Kəminəni Aşıq Pəri və Natəvandan sonra "Qarabağın üçüncü şaireyi-möhtərəməsi" adlandırırdı.

İskəndər bəy Rüstəmbəyov "Piyazüla-aşıqın" adlı təzkirəsində onu "Bir vaxt Kəminə təxəllüsü ilə məşhur alicənab ay niqablı Mirzə Fatimə" - deyə şərəfləndirir. Savadına, istedadına görə kişilərdən qətiyyən geri qalmayan şairəni Şuşada "Mirzə Fatimə", "Şahin" təxəllüsü ilə şeirlər yazan oğlu Mirzə Əbdülü isə "Fatı oğlu Şahin" kimi çağırırlar.

Naxçıvanda "Qönçeyi-ülfət" məclisinin üzvü olan Qönçəbəyim Ehsan xan Kəngərlinin qızı idi. Ş.Nəzirli yazır ki, o zaman Naxçıvanda "mahal rəisi yanında məmur" işləyən gürcü şairi Nikoloz Barataşvili dayısı qızına yazdığı bir məktubda Qönçəbəyimdən bəhs edib: "İndi Naxçıvanda yeni bir şeir var. Bu, 18 yaşlı Qönçəbəyimin şeirləridir. Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var. Təsəvvür edin, gözəllikdə lap Orlovun arvadına oxşayır. Ərindən çox yanıqlıdır. İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın 12 yaşı olanda zorla ərə veriblər. Bunların əhvalatı bir romandır". (Ş.Nəzirli. "General Kalbalı xan Naxçıvanski". "Azərbaycan" qəz., 1999, 24 mart).

İbrahim Xəlil xanın qızı Gövhər xanım da şairə idi, səxavəti, xeyirxahlığı ilə mahalda şöhrət qazanmışdı. Qasım bəy Zakir, Əsəd bəy Cavanşir Vafi, Mirzə Haqverdi Səfa onu şeirlərində tərif edib. Qasım bəy Zakir bir müstəzadında Gövhər xanımın nəcib əməllərini vəsf edir.

Ey Gövhər - pakizeyi-dəryayi-lətafət,

Vey kani-həqayiq,

Övsatü sifatin məni-məddaliə nə hacət,

Aləm sənə aşiq.

A.Bakıxanovun qızının da şair olduğu bildirilir: "Bilmək gərəkdir, mərhum Abbasqulu ağanın qızı Tuğra xanım dəxi şairə imiş" (Firidun bəy Köçərli. "Azərbaycan ədəbiyyatı", I c.).

Hər halda M.F.Axundzadə, A.A.Bakıxanov, İ.Qutqaşınlı, Q.Zakir, S.Ə.Şirvani kimi şairlərin yer aldığı məkanda Heyran xanımı, Aşıq Pərini, Fatimə Kəminəni, Xurşidbanu Natəvanı eyni statusda və situasiyada  təsəvvür etməliyik. Qadın şairlər kişilərin tamam məskən saldığı və ya çoxdan zəbt etdiyi məkana gəlir.

Kişi zövqünün və kişi şovinizminin, kişi davranışının total hökm sürdüyü ədəbi məkana onların cəsarətlə daxil olmaları, kişi poetik texnologiyalarını mükəmməl mənimsəmələri, doğrudan da, heyrət və qürur doğurur.

Qadın şairlərin sosial, poetik fəallığı kommunikativ - epistolyar münasibətlərə fərqli məzmun gətirir. XVIII əsrdə kişi şairlərin adresatı qadındırsa, XIX əsrdə qadın şairlərin ünvanı kişilərdir. Şeirləşmələr, nəzirələr, bənzətmələr bu kommunikativ modelin mahiyyətidir.

Qadın şairlərin eşq məzmunlu şeirlərinə kişilərin xüsusi canfəşanlıqla nəzirə və bənzətmələr yazırdılar. İnsafən onlar da cavabsız qoymurdular, cəsarətlə şeirləşirdilər. "Bəzən bu cür şeirləşmələr şairə qadınlara aşiq olan bir sıra şairlərin qarşılıqlı münaşiqəsinin nəticəsi kimi yaranır və dildən-dilə düşürdü". (Ə.Qədimov. "XIX əsr Ordubad ədəbi mühiti").

Hər münaqişənin nəticəsi intim duyğuların bəyan edilməsinə, şayiələrin yayılmasına rəvac verirdi.

"Məclisi-üns"ün üzvlərindən Mirzə Rəhim Fəna Xan qızına sevgisini "Ağlaram" rədifli şeirində bildirən kimi, Natəvan "Ağlasın" rədifli şeiri ilə həmən cavab verir:

Ey əhli-dil, Fənanı qoyun barı ağlasın.

Əğyarə çünki yar olub yarı, ağlasın.

Məhəmməd bəy Aşiq Cavanşirin Aşıq Pəri ilə aşiqanə ruhlu şeirləşmələri də Qarabağda söz-söhbətə səbəb olurdu. "Məclisi-üns"ün üzvü Məmo bəy Məmainin "Məclisi-fəramuşan"ın üzvü Fatma xanım Kəminənin

Saqiya, mey ver ki,

mən meyxanədə küllənmişəm,

Qəm hücumundan qaçıb,

bir guşədə gizlənmişəm

- beyti ilə bağlayan qəzəlinə iqtibas olaraq yazdığı nəzirəni göndərir.

Aşıq Pərinin şeirləri ilə tanış olan şərqşünas N.İ.Qulak (prof. V.Quliyevə istinad edirəm) onun Mirzəcan Mədətovla şeirləşməsi ilə bağlı heyrətini gizlətmir: "biz avropalılar üçün məsum, xəyalpərvər Aşıq Pəri kobud, hissiyyatlı erməni Mirzəcandan müqayisəyəgəlməz dərəcədə yüksəkdə dayanır. Həqiqətən də, Zaqafqaziya müsəlmanları Aşıq Pəri kimi şair qadınla fəxr edə bilərlər. Həm də Aşıq Pəri Zaqafqaziyanın türk qadınları arasında yeganə təskil etmir" (V.Quliyev. "Tarixdə iz qoyan şəxsiyyətlər").

Qadın şairlər kişi müasirləri söz duelində uduzmasalar da, məişət situasiyasında da məğlub olurdular. Xurafatın, cahilliyin hökm sürdüyü ekstremal şəraitə onlar çətin dözürdülər. Despot ərlərin zülmünə, tənəsinə, kobudluğuna qarşı onların zərif dünyası tab gətirmirdi.

Natəvan da kişi aqressivliyinin qurbanı olur. Seyid Hüseynə ərə getməsi ilə bağlı yayılan dedi-qoduları demirik. Natəvan qızı Xanbikəni polkovnik Aman xan Kəngərliyə verir - Şuşada narazılıq başlayır. Abdulla bəy Asi (Q.Zakirin nəvəsi) tərbiyəsiz həcv yazır. General-mayor Fərəc bəy Ağayev ona ünvanladığı məktubunda Tiflisdə onun əleyhinə dedi-qodular gəzdiyini bildirir və qızı Bəhmən Mirzəyə verməsini məsləhət görür (B.Məmmədov. "Xurşidbanu Natəvan").

Mehdiqulu xanın anasından üz döndərməsi, 17 yaşlı Mir Abbasın ölümü bu incə ruhlu qadın və şair üçün taleyin dəhşətli zərbələri idi.

XIX  əsr rus şairi N.M.Karamzin "Müəllifə nə lazımdır" adlı kiçik yazısında  sənətlə bağlı əsas mənəvi pirinsipini belə bəyan edir: "Sən qələmə sarılıb müəllif olmaq istəyirsən: təklikdə, şahidsiz-filansız özündən səmimi soruş: kiməm mən? Sən öz ruhunun və ürəyinin portretini çəkmək istəyirsən..." (N.M.Karamzin. "Çto nujno avtoru?").

Yəni ədəbiyyat müəllif ruhunun proeksiyasıdır.

Bu, bəlkə də, klassik divan şeiri ilə rus (Avropa) ədəbiyyatı arasında axtaran  yerini müəyyənləşdirməyə çalışan XIX əsr Azərbaycan ədəbiyyatının ilk psixoloji paradokslarından biridir.

XIX əsrdə qadın şairlər məhz "oturuşmuş", kişilərin məskunlaşdığı məkana gəlirdilər. Natəvan, Aşıq Pəri, Kəminə... fenomeni Vaqif-Vidadi, Füzuli dövründə təsəvvür etmək olmazdı.

Azərbaycan ədəbiyyatında elə kritik kütlə yığılmalı  elə "yaşayış yeri" yaranmalıydı ki, söz sənətində qadınlar "təsərrüfat işləri" ilə rahat məşğul ola bilsinlər. Yalnız bu halda "anima"nın (Yunq psixologiyasında arxetiplərdən biri, qadın başlanğıcını bildirir) kişilərin poetik ruh məkanında bərqərar olması mümkün idi.

İndi niyə bunları xatırladım?

XIX əsrdə də oxşar hadisə müşahidə olunur. Bu gün sosial şəbəkələrdə, ədəbi məclislərdə və mətbu orqanlarda qadın yazarların xüsusi fəallığı bir faktdır.

Bəlkə, Azərbaycan ədəbiyyatı yenidən qadın ruhuna malik olur?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!