Yusif Həsənbəyin bir şeiri haqqında... - Allahverdi EMİNOV

Bizim nəslin doğum payına düşür,  hansı ki, "Vətən müharibəsi" illərində K.Simonovun "Gözlə məni" şeiri yazıldı. Həqiqətən, bomba kimi partladı. Nəydi bu "bomba"nın gücü? Nə bir əsgərin taleyindən, nə bir zabitin qəhrəmanlığından, nə də bir generalın uzaqgörənliyindən danışırdı. Bu "üçlük" sosial-siyasi məsələ idi və qələbə üçün gərəkli amildi. Vətən xilas edilməlidir: əsgər, zabit və generalın şücaətilə. Amma bu övladlar o zaman, o anda qələbə çalar, düşməni məhv edər - arxada qoyduğu həyat yoldaşları - övladlarının anaları ərlərinin namusunun keşiyini çəkməyi bacarsın və buna iradələri çatsın! Ona görə ki, bu qadınların vücudunda: hisslərində və qəlblərində məhəbbət vardı. Bu munis anlamda, məfhumda qeyri-adi güc-qüvvət yoxsa… o ərin, o əsgərin, zabitin və generalın atdığı güllə boşa gedəcək, hədəfdən yayınacaqdır. Belə bir psixoloji-fəlsəfi dəyəri otuz yaşı belə olmamış rus şairi, milli poeziyamızı dərindən sevən Konstantin Simonov "Gözlə məni" şeirində əbədiləşdirdi.

Bu ekskursiyanı əbəs xatırlatmadım: Kim və hansı imicin sahibi olursan - yalnız ülvi məhəbbətin-namuslu qadının önündə diz çökərsən!

Mühacirət həyatını yaşamış azəri-türk yazıçısı Baninin sözlərini xatırlatmaq kifayət edər: "Məhəbbət - qızmış filin gecə vaxtı uşaq beşiyi başında çəkdiyi nərə kimi dəhşətli və əzəmətlidir". Üç nöqtə. Və təxminən 70 ildən sonra məhəbbətin nəyə qadir olduğunu: kişi idrakında necə şırımlar açdığını, bütün qadın nailolmalara baxmayaraq gözü qaldığını və son anlarında - həyatla vidalaşanda belə xatırlandığına heyrətlənməyə bilmirsən. Bu hissləri gözəl şairimiz Yusif Həsənbəyin yazdığı "Qayıda bilmərəm, gözləmə məni" ("Ədalət" qəzeti, 14.11.2014) şedevr şeirində yaşadıq. Oxucu düşünə bilər ki, bu mövzuda bu gün də yazılır, tamamilə doğrudur. Lakin məhəbbətdən yazılan poetik nümunəyə bəzi rakurslardan yanaşmaq lazımdır. Bəs məhəbbətdə hansı mübhəmmi,  açarmı (?) qüdrət var ki, şairi bu şeiri qələmə almağa vadar edib - ixiyar yaşında Yusif Həsənbəyin bu şeirinin təkrarsızlığına bir səbəbini burada axtarmalıyıq. Bəlkə, erosdur - qədim yununların ifadəsidir. Bəlkə, iztirabdır? Bəlkə, erotomiyadır - ağılsız məhəbbətdir?

Hər üçü! Məhəbbətin ölməzliyi onun sosiallaşmasında deyil, mənəvi iztirablığındadır, bir şərtlə, fiziki  tamlıq potensialını qorusun. Bir də sakit "filia" anlaması var ki, söz fel şəklində "fileo", yəni "mən sevirəm" ifadə edir. Belə məhəbbətin əsas spektri mənadır, nəinki eros. Demək, məhəbbətin mütləq anlaması alınmır. Filosof R.Dekart etiraf etmiş ki, birinci, məhəbbət istəklə bağlıdır, sevimli qadına münasibətdir (K.Simonovda olduğu kimi), digəri məhəbbət yox, iztirabdan adamın yanmasıdır, əlbəttə, sevgiylə bağlı. Müdrik filosof Platon (Sokratın şagirdi) məhəbbəti İlahi qüvvə sanmış və göstərmişdir ki, qeyri-adi hissdir ki, insanı ömrü boyu əxlaqa və gözəlliyə çağırmışdır. Və bu məhəbbəti anlamaqla, düşünməklə insan həyatını fizioloji instinktdən fərqləndirmişdir. Qayıdırıq iztirab, əzab, özünüfəda hisslərinin mövcudluğuna - şair bəlkə də, məhəbbətini nikbin əhvalla, görüş ümidilə xatırlamış, yaxud haradasa sevdiyi o qadını görmüş, üzbəüz tənha oturmaq ürəyindən keçmişdir. Amma şair məhəbbətinə xəyanət etmək istəməmişdir:

Bahar da qayıdar, qış da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

Uçqun yuvasına quş da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

Proqnozumda zərif bir ümid işığı sezilməyə bilməz, söhbət aşiqlə məşuqun o günlərə qayıtmasından gedir. Ehtimalmı?

"Bilmərəm", "gözləmə" demək asandır.

Dil söylər, nə var ki, dil pəhləvandır.

Ancaq, ay əzizim,

Ay iki gözüm!

Qayıda bilməyən, dözə bilməyən

Kamansız bir oxdur, simsiz kamandır.

Qayıda bilmərəm, nəfəssiz candır.

Səsləmə, çağırma məni, amandır,

Qayıtmaq yollarım çəndir, dumandır,

Qayıda bilmərəm, gözləmə məni...

Şair niyə imtina edir? İllərin həsrətindən sonra məhəbbətinə qovuşmaq səadət deyilmi? Yox, şair məhəbbət simvolunun qədimliyinə, keçmişinə və indisinə xəyanət etmiş olardı. Ona görə ki, bu məfhum təkcə sözdə ifadəsini tapmır, onda iztirab, həvəs, instinkt və nəhayət, düşünülmüş hiss mövcuddur.

Bəs qayıdaq necə?

Yusifə Züleyxa qoynu zindandır,

Kərəm Əslisinin eşqiylə yandı,

- deməklə çox incə mətləbləri: göz yaşını, solan gülləri, parçalanan daşları və sairi  xatırladır; bunları o özü yaşamışdır. Belə çıxır o, yenidən əzabları yaşasın? Yox, Yusif Həsənbəy məhəbbətinin bakirəliyini qoruyur:

Axan göz yaşımdan yollar islanar,

Sənə qucaq açan qollar islanar!

Saçına düzdüyüm güllər islanar.

Daşlar parçalanar, qumlar tozlanar,

Sənsiz bir köləyəm, şahımdan kənar,

Quru bir tənəyəm salxımdan kənar.

Bir dəli Məcnunam ağlımdan kənar,

Bülbüləm gülümdən, bağımdan kənar!

Yer Göyə qarışar, fəryad çəkərsəm,

Sönmüş ulduzalr da ahımdan yanar.

Qayıda bilmərəm, necə qayıdım?

Qayıtsam ürəyim sevincdən sınar,

Qayıda bilmərəm, gözləmə məni.

Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə, poeziyanın ən kövrək və kontrast imkanlarını gerçəkləşdirmişdir. Epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini işıqlandırır. Nüanslara da işarələr yox deyil: Məcnunam ağıldan kənar (təhtəlşüur), sönmüş ulduzların ahdan yanması (libido-enerji), daşların parçalanması (Fərhad gücü) və sonuncu münasibət: ürəyin sevincdən sınması - qayıdarsa - mümkünsüz etiraf. Bir də… Mütəfəkkir Avreli Avqustin məhəbbətin formasından yazarkən müəyyənləşdirmişdir ki, birincisi və mühümü Allaha məhəbbətdir; yəni insanın məlum yolla Allaha can atmasıdır, ona düşünmək, qərara gəlmək imkanı vermişdir. O, Allaha istək yolundan başlayır, hərçənd, məhəbbətin predmeti haqqında aydınlıq yoxdur. Ona görə də ilkini məhəbbətin həqiqi predmetini və ona yolu tapmaqdır. Hansı ki, ürəyə həm dinclik, həm də sakitlik vermir. Və sual qoyur: İnsan axtarışında, onun mənəvi ruhunda düzgün yolu tapılmalıdır, Allahaməhəbbət çağırışını, çün məhəbbətin özü Allahı sevir. Yusif Həsənbəy başına gələ bilən hadisələri keçici hesab etmir, "andını" pozarsa, hər şeyə nöqtə qoymuş olar; bu etirafı söyləməyə haqqı çatdığını deyir:

Sevgilim, üzməsin kədər,

Sənsiz günəşə də baxmaz bu gözlər.

Səhraya çevrilən laləli düzlər

Quruyar könlümdə daşan dənizlər.

Sənsiz vətənsizəm -

Ruhum da, qəlbim də hey səni səslər...

Bu misralarla şair sevgilisini reallaşdırdı oxuculara. Artıq məhəbbətin ikinci mərhələsi sevgidir ki, şair varlığını, mənəvi mövqeyini onda tapmışdır. Sevgisi onun (şairin) instinktiv davranışı olaraq, onda özünü reallaşdırmaq istəyir. Nə üçün Yusif Həsənbəy bu qədər etiraf edir, inandırmağa çalışır? Məhəbbət - sevgi  zirvəsinə qalxmayanda fikir ayrılığı yarana bilər, şairsə müxtəlif nəzərlərin xarakterini, cinsi meyildən asılılığını sadalamır - lüzum görmür.

Eşitsən kiməsə bəndəm, inanma!

Kiməsə şəkərəm, qəndəm - inanma!

Məni hərcayilər həmdəmi sanma!

Səndən özgə heç kəs yatmaz canıma,

Nazı sığal çəkməz həyəcanıma.

Qarışmaz, uyuşmaz qanı qanıma.

Bu misralar - şairin söyləmələri hələ təsəllivericidir, aşiq adətən, bütün ifadələrə əl atır, səsləndirir, oxucu şairin sevgisinə ləyaqətlə yanaşmasına inanır. Amerikan pasixoloqu Martin Breqman da bu yanaşmanı bəyənmişdir: Bir incəlik də var ki, məşuqun "barışmaq" istəyinə gəlirsən - doğru qənaətdirmi?

Çəpərlər ardından baxıb boylanma,

Səni and verirəm ata-anama,

Yolunda sadağa gedərəm, amma

Qayıda bilmərəm, gözləmə məni.

Deməli, şair ləyaqətini - həm sevgilisinin, həm özünün, həm də məhəbbətin ləyaqətini gözləmişdir  və bu səsi ömrü boyu eşidəcəkdir.

Yusif Həsənbəy məhəbbətin fəlsəfəsini yalnız özünün fərdi yaşantıları ilə reallaşdırmaqla unikal şeirini təqdim etmişdir və nəyi xatırlatmışdır  qeyri-maddi baxımdan nəticə çıxarırsan: Məhəbbətdirsə - sevirsən; Məhəbbətdirsə - ayrıcadır; Məhəbbətdirsə - sevgiyə özünü fəda verirsən. Məhəbbət ehtiras, coşqunluq, həvəs, kövrəklik kimi çəkisi maddiyyatla ölçülməyən hisslərsiz real deyil, - desək yanılmarıq. Onda bakirəlik müqəddəsliyi var ki, nə görür, nə eşidir, nə də başqasının nəsihətini qəbul edir. Onun üçün yeganə varlıqdır ki, fərdiliyi yaşayır: O və mən!

Şeirin təəssüratında, qəlbin gizlinlərində nəyi yozuruq, iki nəsnəni: "İstəyirəm mənə yaxşı olsun", "İstəyirəm sənə yaxşı olsun". Məhz buradan münasibətlərin harmoniyası doğur. Yusif Həsənbəyin hünəri ondadır. Məhəbbətinə, sevgisinə qayıda bilməməsi sual oyadır oxucuda: - "Bizə yaxşı olsun". Səmimidir və müəllifin fəlsəfəsinə italyan şairi F.Petrarkanın ağrıyla yazdığını xatırladım:   "Əgər bu, məhəbbət deyilsə, bəs hansı xəstəlikdir məni narahat buraxmır? Əgər məhəbbətdirsə, bəs məhəbbət nədir? Xeyr? Lakin bu işgəncələr, ilahi, qəzəbli alovdurmu? Bu işgəncələrin şirinliyi isə!" Nə yaxşı ki, Petrarka son nöqtəni qoymamışdır. Yoxsa məhəbbətin bakirəliyi itərdi.

Nöqtəni şair Yusif Həsənbəy də yazmağa cəsarət göstərmir. Çünki dediyini misralarda obrazlaşdırmışdı və son pıçıltısını gizlətmədi, yaşının tərsinə getmədi. Məhəbbətin yaşının olmadığını necə də təkrarsız demişdir:

Ah, necə təşnəyəm çılğın busəyə,

Könlümə od salan çılğın busəyə.

Həsrətəm busəmlə könlümə axıb

Yanğıma su verən o buz kuzəyə.

Qayıda bilmərəm, dönə bilmərəm!

İnanma, bu söhbət şərdi, yalandır!

Sevdanın hər anı bir imtahandır!..

Eşqimiz əbədi yaşasın deyə -

Qayıda bilmərəm, gözləmə məni!

Y.Həsənbəy poetik məharətiylə "üç nöqtə"nin yerini saxlayır və riskə yol vermir, çün, özü təmənnasız bu məhəbbəti elektrik cərəyanı kimi içərisində saxlamışdır - yalnız möcüzə!

Y.Həsənbəy bu günün mürəkkəb psixoloji-sosial tarazlığın pozulduğu şəraitdə məhəbbətin ölmədiyi həqiqətini birincisi özündə - varlığında tapmışdır. Sonra proseslərin gələcək daşıyıcıları olan gənc nəslin stereotipsiz böyüməsini istəmişdir. İstəməmişdir ki, məhəbbətə ötüb-keçən, unudulması mümkün, küsüb-barışmağı olan bir hiss kimi yanaşılmasın. Məhəbbətin müqəddəsliyi ondadır, sirrini özü də bilmir, suallar ortaya atır, cavabında acizləşir. Böyük alman filosofu Hegel necə də səmimi yazmışdır: "Məhəbbətin həqiqi mahiyyəti ondadır ki, özün-özündən imtina edə biləsən, özünü başqasının "mənliyində" unudasan. Lakin nəsə bu yoxluqda və unutmada yenidən özünü tapasan, özünə yiyələnəsən".

Bu iqtibasın sonuna "üç nöqtə" qoymaqda haqlı olarıqmı?!

Mən məşhur "Gözlə məni" şeiri barədə təəssüratımla başlamışdım, o illərin ruhunu yaşamaq istədimsə, mümkünsüz cəhd oldu və başqa cür ola da bilməzdi. Döyüş - ölüm-dirim günlərində əsgər, zabit və general üçün topdan, avtomatdan və tankdan da güclü qüvvə arxada ərsiz qalmış qadınlara ölməz ruh bağışlamaq, namusla oturub ərlərini gözləmək idi və bunu böyük rus şairi bacardı, dahiyanə şeiri qələmə aldı, döyüş səngərlərində papiros kağızı qurtaranda, ümid qəzet parçasına yazılmış o şeirə qalanda belə - papiros bükülməmiş qaldı!..

Müqayisə aparmaq fikrində deyiləm. XXI əsrdə azərbaycanlı şair Yusif Həsənbəy "Qayıda bilmərəm, gözləmə məni" fenomen şeiriylə məhəbbətin ölməzliyini sevənin cismində isti qəlpə kimi közərdiyini, yandırdığını poetik hünərlə sübuta yetirdi!

Mən sonuncu cümləni əllərimin titrəyişində yazdım: ...Qayıda bilərəmmi o günlərə mən?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!