Abdulla dayının Moskva “ezamiyyət”ləri dövrünün ”Qağayı” şeiri - Fikrət Qoca

 

1959-cu ilin sentyabrının ilk günləri idi. Moskva M.Qorki adına Ədəbiyyat İnstitutunda dərslər yeni başlamışdı. İnstitut Tverskoy bulvarda Gertsenin evində yerləşirdi. Yataqxanamız yeni tikilmiş Ostankino qülləsi yaxınlığında, Lermontov 11-də yeddimərtəbəli bir bina idi. İkimizə bir otaq vermişdilər. Mən ağdaşlı balası idim. Yaxşı yuyulmamış, yonulmamış ağdaşlı balası, Göyüş doktorun ilk oğlu idim. Otaq yoldaşım, yonulmuş, yuyulmuş, ütülənmiş zövqlə geyinmiş Rus Dili İnstitutunun dördüncü kursundan gəlmiş, Şəki mayası ilə Bakıda doğulmuş Azər Mustafazadə idi. Azər Azərbaycan ipəkçilik təsərrüfatının rəhbəri Abdulla dayının yeganə oğlu idi. Sonralar tanıdığım, anam kimi mehriban Mahinur xanımın gözünün ağı-qarası balası Azər idi. Azər məndən dörd yaş kiçik idi. Amma məndən çox şey bilirdi. Qalstuk bağlamaq mənim üçün ən çətin əməliyyat idisə, Azərin əlinin iki hərəkətindən düyün hazır olurdu.

Mütaliəsi də mənimlə müqayisəolunmaz dərəcə yüksək idi. Sonrakı beş il ərzində Azərbaycanda ipəkçilik naziri sayılan Abdulla dayı da Moskvanı Şəki yoluna döndərdi. Çünki Mahinur xala bilirdi Azər dolma xoşlayır. Azəri yuxuda görəndə, Azər könlünə düşəndə dolma bişirib Abdulla dayını Moskvaya "ezamiyyətə" yollayırdı. Dolma qazanda gəlirdi. Tərs kimi Azər də çox vaxt yataqxanada olmurdu. Abdulla dayını sinif yoldaşım Eyvaz Borçalı ilə mən qarşılayırdıq. Bicliyimiz və hövsələmiz çatmırdı, elə kişinin yanındaca qazanın ağzını açıb acgözlüklə yeməyə başlayırdıq. Əslində, Mahinur xalanın bişirdiyi yarpaq dolmasının ətri bizi yeyirdi. Abdulla dayı bizə baxa-baxa qalırdı. Bir dəfə necə oldusa diqqətlə kişinin üzünə baxdım. Kişinin üzündə, bizdən o yana baxan gözlərində göynəyən bir ağrı vardı. Dolma boğazımda ilişdi. Udquna-udquna qaldım. Kişi fikrindən ayrıldı.

- Hə, yeyin bala, yeyin. Utanmayın.

Məni xəcalət təri basdı. Elə indi bu sözləri yazdığım anda da alnıma, boyun-boğazıma xəcalət təri gəldi. Sonra Azər boş qazana heyrətlə baxıb xeyli susandan sonra sakitcə:

- Dolma idi? - Soruşdu.

Mən susdum.

Eyvaz:

- Hə, - dedi.

Araya ağır bir sükut çökdü. Ondansa Azər qışqırsaydı, bağırsaydı daha yaxşı olardı.

Azər, martın 30-da səksən yaşın tamam oldu. Çox şükür, səliqə-sahmanın, yaradıcılıq temnpin, ictimai həyatımızda fəaliyyətin qocalmayıb.

Mən indi də səni hər görəndə içindəki o tələbə dostum Azəri görürəm.

Moskvada ilk yazdığım şeiri yazıb qurtaran kimi gecə saat ikiyə işləmiş səni yuxudan oyatdım. Atom, nüvə silahlarının okeanlarda sınaqlardan çıxarılan vaxtlar idi. "Qağayı" adlı şeir idi. Sənə oxudum. Xoşun gəldi, güldün, bəlkə də, məni başından eliyirdin:

- Yaxşıdı - dedin.

- Onda sətri tərcümə elə - dedim.

- Yaxşı - dedin. - Amma indi yuxuluyam. Sabah eliyərəm.

Elə ilk kitabım da bu şeirin adı ilə çapdan çıxıb. İndi baxıram yeni əlifba ilə bu şeir çap olunmayıb. "Qağayı" şeirimin yeni əlifba ilə ilk çapını sənin səksən illiyinə ithaf edirəm. Dünyada gərginlik azalmayıb, artıb.

Vurulubdur qağayı

Gülər, şən dalğalara;

Dəcəl uşaqlar kimi

Güləşən dalğalara,

Qaçışan dalğalara,

Qovuşan dalğalara,

Sayrışan dalğalara.

Süzür duman içində,

Dənizə baxır, baxır.

Dalğa endikcə enir.

Dalğa qalxdıqca qalxır.

Qağayı mavi gözlü,

Qağayı boz qanadlı

Qağayı qəlbi sözlü,

Həvəsi dəniz boyda,

Sərhəddi qanadları.

O yoruldu, qayıtdı

Yenə sahilə sarı.

O, bir qayaya qondu,

Üzü dənizə durdu.

Sevimli dalğalara

Baxıb boynunu burdu.

Ona tərəf qaçışır

Dalğalar qatar-qatar.

Elə bil gəlib, çatıb

İndicə onu tutar...

Gəlir dəyir qayaya,

Geri dönür, deyinir.

Elə bil qağayıya

"Gəl, gəl oynayaq" - deyir.

Qağayı yorulubdur,

Qağayı vaxt istəyir.

 

Uzaqdan uçdu, keçdi

Polad qanadlı bir quş.

Okeanın qoynuna

Nədirsə atdı o quş.

Okean yaralandı;

Elə bir nərə çəkdi,

Sanki səsindən göylər

Uçub töküləcəkdir.

Okean yaralandı.

Köksü yandı odlara.

Qışqırıb bir əlini,

Atdı boz buludlara

Körpə bir uşaq kimi

Nəhəng okean çaşdı.

Çiyni yanan dalğalar

Min nalə çəkə-çəkə

Sahil tərəfə qaçdı...

 

Qabarır, enir dəniz,

Həzin pıçıltısıyla,

Kədərli dinir dəniz.

Sərilibdir qağayı,

Dalğaların əlində.

Ona ağı deyirlər

Ləpələr öz dilində.

Düşübdür hərəkətsiz

Qanadları sərilmiş.

Yəqin, dəniz yananda

Söndürməyə gəlirmiş.

Çox təəssüf ki, bu şeirim də öz aktuallığını hələ itirməyib.

Cavanlıq və tələbəlik başımızı qatdı. Nə Abdulla dayıdan, nə də Mahinur xanımdan halallıq ala bilmədik. Azər, indi sənin səksən yaşın tamam olan vaxtda bir anlıq o illərə qayıtdım. Bu yaşa gəlib çıxdığımıza şükürlər olsun deyirəm. Atanın, ananın adından mənə halallıq ver. Sənin halallığını sənin doxsan yaşın olanda istəyəcəyəm. Səni təbrik edirəm. Bu üç misranı da indi yazıram:

Heyif o cavanlıq, o illər heyif...

Bizi tanıyanlar, indi görənlər,

Qəmli gülümsünüb, deyirlər: heyif...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!